3-Əbdüllah ibni Bədilin Şam ordusunun sol cinahIna hücumu
Peyğəmbər (s)-in yaxın səhabələrindən olan Əbdüllah ibni Bədil Xəzai Imam (ə)-ın ordusunda adlı-sanlı sərkərdələrdən idi. O, nəfsin saflığında, inqilabi ruhiyyədə və şücaətdə (Malik Əştərdən sonra) dillər əzbəri idi. Sağ cinahın rəhbərliyi ona, sol cinahınkı isə Əbdüllah Ibni Abbasa tapşırılmışdı. Iraqlı qarilər Əmmar Yasirin, Qeys ibni Sədin və Əbdüllah ibni Bədilin ətrafına toplaşmışdı.141
Əbdüllah hücuma keçməzdən qabaq öz silahdaşlarına dedi:–Müaviyə özünün layiq olmadığı bir məqamı iddia edir; o həmin məqamın həqiqi sahibləri ilə mübarizəyə qalxmış, batil bir məntiqlə haqla döyüşə gəlmişdir. O, çöl ərəbləri və müxtəlif hizblərlə (dəstələrlə) birlikdə hücuma keçmiş, azğınlıq və zəlaləti onlar üçün gözəl cilvələndirmişdir. Allaha and olsun! Siz Allah tərəfindən olan bir nurun və aydın dəlilin sayəsindəsiniz. Tüğyançılar və zülmkarlarla mübarizə edin, onlardan qorxmayın. Sizin əlinizdə Allah tərəfindən olan bir Kitab ola-ola onlardan necə qorxa bilərsiniz?! Halbuki (bu Kitab) aydın və qəbul edilmiş bir Kitabdır. Siz Peyğəmbərlə birlikdə olanda da onlarla vuruşmusunuz. Allaha and olsun, onlar indi də elə o vaxtkı kimidirlər. Ayağa qalxın və Allah düşmənləri və öz düşmənlərinizlə döyüşmək üçün hərəkət edin!142
O, sol cinahın rəhbərliyini öhdəsinə alaraq, iki zirehli paltar geydi, hər əlinə bir qılınc götürdü və hücuma başladı. Elə ilk hücumda Müaviyənin qoşununu yolun üstündən qovub çıxartdı və Şam ordusunun sol cinahının sərkərdəsi olan Həbib ibni Məsləməni məğlub etdi. O çalışırdı ki, özünü Müaviyənin çadırına yetirsin və fəsadın kökünü kəssin. Müaviyə ilə, ölüncəyə qədər onu müdafiə etmək barədə əhd-peyman bağlayan keşikçilər "beş divar" şəklində onu əhatə etmişdilər. Bu da Əbdüllahın irəliləməsinə mane olurdu. Lakin bu "divarlar" çox da çətinlik törətmədən bir-birinin ardınca süqut etdilər. Əbdüllah güclü hücuma keçməsinə baxmayaraq Müaviyənin xeyməsinə çatmamış vurulub şəhid edildi. Təbəri öz tarixində bu hadisəni Ibni Müzahimin "Vəqətü-Siffeyn" kitabında143 yazdığına nisbətən daha aşkar şəkildə yazmışdır. O, belə yazır:
Əbdüllah düşmən ordusunun sol cinahına, Malik Əştər də sağ cinahına hücum edirdi. Malik zirehli paltarda itmişdi. Əlindəki Yəmən qılıncını endirəndə, sanki ondan su tökülür, qaldıranda da parıltısı gözləri qamaşdırırdı. O, sağ cinahı darma-dağın etdi və Əbdüllah ibni Bədilin sayı üç yüz nəfərdən çox olmayan Quran hafizləri ilə çatdığı bir nöqtəyə çatdı, düşməni onların ətrafından qovdu. Onlar Maliki gördükdə sevindilər, dərhal Imam (ə)-ın vəziyyətini soruşdular. O həzrətin salamat olduğunu və ordunun sol cinahında vuruşduğunu eşitdikdə, Allaha şükür etdilər. Bu zaman Əbdüllah özünün azsaylı qoşunu ilə irəliləmək və Müaviyənin keşikçilərini öldürəndən sonra onun özünü tutmaq üçün israr edirdi. Lakin Malik ona xəbər göndərdi ki, irəli getməsin, elə olduğu yerdə dayanıb, özünü müdafiə etsin.144
Əbdüllah ildırım sürətli bir hücumla keşikçiləri darmadağın edib Müaviyəyə çata biləcəyini təsəvvür edirdi. Buna görə də hər iki əlində qılınc olan halda öz köməkçiləri ilə hücuma başladı. Qarşısına çıxan hər kəsi bir zərbə ilə yerə sərirdi. Nəhayət o qədər irəlilədi ki, Müaviyə öz yerini dəyişməyə məcbur oldu. Əbdüllahın bu hücumdakı maraqlı işlərindən biri hücum edəndə "Ya ləsarati Osman" deyərək Osmanın intiqamını almaq barədə şüar verməsi idi. Məqsədi də öz qardaşı Osman idi ki, elə bu döyüşdə öldürülmüşdü. Lakin düşmənlər başqa cür başa düşür və heyrətdə donub qalmışdılar: Əbdüllahın camaatı xəlifə Osmanın intiqamını almağa çağırması necə mümkün ola bilərdi?!
Nəhayət, Müaviyə öz canına ciddi şəkildə təhlükə hiss etdi və sağ cinahın sərkərdəsi Həbib ibni Məsləməyə bir neçə dəfə xəbər göndərdi ki, onun köməyinə çatsın. Lakin Həbibin səyləri heç bir nəticə vermədi: o, Əbdüllahı geri qaytara bilmədi. Onunla Müaviyənin xeyməsi arasında çox məsafə yox idi. Müaviyə çarəsiz qalıb keşikçilərə əmr verdi ki, daş atmaqla onunla döyüşə girişsinlər. Onlar Əbdüllahın azsaylı qoşununa daş atmaqla hücum etdilər. Əbdüllah yaralandı və torpağa düşdü.145
Müaviyə qəti bir təhlükədən xilas olduğu üçün çox sevindi, onun cəsədinin üstünə gəldi. Müaviyənin yaxın adamlarından olan Əbdüllah ibni Amir öz əmmaməsini Əbdüllahın üzünə sərdi və ona rəhmət göndərdi. Müaviyə onun üzünü açmağa israr edirdi, lakin Əbdüllah ibni Amir bu işdən imtina edirdi, çünki aralarında qədimdən dostluq var idi. Müaviyə onun burun-qulağını kəsməyəcəyinə dair söz verdikdən sonra, Imam (ə)-ın şücaətli sərkərdəsinin üzünü görə bildi. Gözü Əbdüllaha sataşanda dedi:–Allaha and olsun ki, bu onların böyüyüdür! Ilahi, məni qalan iki qəhrəmana–Əştər Nəxəi və Əşəs Kindiyə–qalib et!"146
Sonra Əbdüllah kimi misilsiz qəhrəmanın şücaət və qəhrəmanlığı barəsində Ədi ibni Hatəmin şerini oxudu. O şerin ilk beyti belədir:
Dostları ilə paylaş: |