ƏMMAR VƏ ITAƏTSIZLIK EDƏNLƏR
Yasirin ailəsi islamda əsil-nəsəbli ailələrdən biridir və islamın əvvəllərində hamılıqla Peyğəmbər (s)-ə iman gətirib bu yolda çox amansız zülmlərə, ağır işkəncələrə məruz qaldılar. Nəhayət Yasir və onun arvadı Süməyyə canlarını islam yolunda və Əbu Cəhl ilə onun həmfikirlərinin işkəncələri altında qurban verdilər. Onların cavan oğlu Əmmar Məkkə cavanlarının vasitəçiliyi və həmçinin zahirdə islamdan bezarlıq elan etməklə canını qurtara bildi. Allah-Taala Əmmarın bu işinin iradsız olduğunu aşağıdakı ayədə elan etmişdir: "(Küfr izhar etməyə) məcbur olan, qəlbi isə imanla aram olanlardan başqa..." ("Nəhl", 106) Əmmarın başına gələnlər və onun zahirdə küfr danışması xəbəri Peyğəmbər (s)-ə çatanda həzrət buyurdu: "Əsla! (O kafir olmayıb!) Əmmar başdan-ayağa imandır. Tövhid onun əti-qanı ilə qaynayıb qarışmışdır." Bu halda Əmmar ağlaya-ağlaya gəlib çatdı. Peyğəmbər (s) onun göz yaşını silib dedi ki, əgər yenə də belə bir çıxılmaz vəziyyətə düşsə, bezarlıq izhar etsin.172
Bu fədakar səhabə barəsində təkcə bu ayə nazil olmamış, təfsirçilər əlavə iki ayənin də onun barəsində nazil olduğunu qeyd etmişlər.173 O, Peyğəmbər (s)-in Mədinəyə hicrətindən sonra daim onunla birgə idi və bütün qəzvələrdə və bəzi səriyyələrdə iştirak etmişdi. Peyğəmbər (s) vəfat edəndən sonra rəsmi xilafətə etiraz etməsinə baxmayaraq, xəlifə ilə həmkarlıq etmək hər yerdə islamın xeyrinə olsaydı, əlindən gələni əsirgəməzdi.
Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra ilk işi məscid tikmək idi. O məscidin tikilişində Əmmar hamıdan çox çalışıb zəhmət çəkir, təklikdə bir neçə adamın işini görürdü. Onun islama vəfadar və sədaqətli olması başqalarının onu öz imkan və qüdrətindən artıq işə vadar etmələrinə səbəb olmuşdur. Bir gün Əmmar onlardan Peyğəmbər (s)-ə şikayət edib dedi:–"Bunlar məni öldürdülər!" Bu vaxt Peyğəmbər (s) özünün ürəkoxşayan tarixi kəlamını buyurdu: "Zülmkar və haqdan azmış bir tayfa səni öldürməyincə, sən ölməyəcəksən. Sənin dünyadan götürəcəyin axırıncı azuqən bir qurtum süddür."174
Bu söz Peyğəmbər (s)-in səhabələri arasında yayılaraq dillərə düşdü. Əmmar o gündən xüsusi bir hörmətə layiq görüldü. Peyğəmbər (s) də onu müxtəlif məclislərdə tərifləyirdi.
Siffeyn müharibəsində Əmmarın Imam (ə)-ın qoşununda olması xəbəri Müaviyənin qoşunundakı aldanan şəxslərin ürəyinə qorxu saldı, onların bəziləri bu barədə axtarış aparmağa başladılar.
Dostları ilə paylaş: |