Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-Imam (ə)-ın qoşununda islam ümmətinin ən sevimli və tanınmış şəxsiyyətlərinin olması



Yüklə 249,24 Kb.
səhifə81/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   77   78   79   80   81   82   83   84   ...   162
4-Imam (ə)-ın qoşununda islam ümmətinin ən sevimli və tanınmış şəxsiyyətlərinin olması. Bu kimi şəxsiyyətlər "Ühüd", "Bədr" və "Hüneyn" müharibələrində Peyğəmbər (s)-lə birlikdə cihad etmiş, həzrət də onların sədaqət və paklıqlarını təsdiqləmişdi. Onlardan Əmmar Yasir, Əbu Əyyub Ənsari, Qeys ibni Səd, Hücr ibni Ədi, Əbdüllah ibni Bədil və s. kimiləri göstərmək olar. Onların Imam (ə)-ın qoşununda iştirak etməsi Müaviyənin ordusunda olan çoxlu qərəzsiz, lakin sadə əsgərlərin qəlbinə şəkk-şübhə və tərəddüd salmışdı.

Bu və bu kimi digər amillər nəticəsində Müaviyə və (onun ayrılmış əqli olan) Əmr As labüd olan məğlubiyyətin qarşısını almaq üçün gizli fəaliyyətlərə başlayaraq Imam (ə)-ın ordusunun qələbəsini məğlubiyyətlə nəticələndirmək istədilər. Məsələn, Imam (ə)-ın sərkərdələri ilə gizli məktublaşmaq, onların diqqətini cəlb etmək, o həzrətin ordusunda təfriqə və ikitirəlik yaratmaq və s. kimi işlərə əl atırdılar.

Siffeyn müharibəsində Imam (ə)-a ən çox vəfadar qalan Rəbiə qəbiləsi idi. Müzər qəbiləsində müəyyən qədər zəiflik müşahidə olunurdu, amma Rəbiə qəbiləsi öz yerində dağ kimi dayanmışdı. Imam (ə)-ın gözü onların bayrağına sataşanda soruşdu: "Bu bayraqlar kimindir?" Dedilər ki, Rəbiə qəbiləsinindir. Buyurdu: "Bunlar Allah bayraqlarıdır. Allah onların sahiblərini qorusun, onları mətin və sabit qədəm etsin."162

Imam (ə)-a xəbər verdilər ki, bu qəbilənin başçılarından olan Xalid ibni Müəmmər Müaviyə ilə gizli əlaqə yaratmış və onların arasında məktublaşma başlanmışdır. Imam (ə) dərhal onu və Rəbiə qəbiləsinin sair başçılarını çağırıb dedi:–"E Rəbiə qəbiləsi! Siz mənim dəvətimə "ləbbeyk" deyənlər və mənim köməkçilərimsiniz. Mənə xəbər çatıb ki, sizin dostlarınızdan biri Müaviyə ilə məktublaşir. (Sonra üzünü Xalidə tutub dedi:) Sənin barəndə eşitdiyim söz düz olsa, səni bağışlayıb aman verirəm, bu şərtlə ki, Hicaza, Iraqa, yaxud Müaviyənin hakimiyyət dairəsində olmayan hər hansı bir yerə gedib orada yaşayasan. Əgər sənin barəndə deyilənlər yalan olsa, bizim yanar qəlblərimizi, arxayınlıq verən andlarınla sərinləşdir."

O elə oradaca and içərək heç vaxt belə bir işin olmadığını dedi. Onun dostları dedilər ki, əgər bu xəbər düz olsa, səni öldürəcəyik. Onların içində Ziyad ibni Həfsə Imam (ə)-a dedi:–"Xalidin and içdiyinə görə onun etimadını ələ gətir ki, sənə xəyanət etməsin."163

Mövcud məlumatlar göstərir ki, o, Müaviyənin Əli (ə)-ın ordusundakı casuslarından idi. Qələbənin yaxın olduğu, hətta Müaviyənin özünün belə, ələ keçəcəyi anlarda Xalid geri çəkilmək əmri verir, sonra isə öz əməlinə bir bəhanə gətirirdi. Bu barədə aşağıdakı hadisəni qeyd edirik:

Imam (ə)-ın qoşununun sol cinahını təşkil edən Rəbiə qəbiləsinin sərkərdəsi Əbdüllah Ibni Abbas idi. Bu cinah Şam ordusunun sağ cinahı ilə qarşı-qarşıya idi. (Şam ordusunun sağ cinahına Şamın ən nüfuzlu adamları olan Zulkəla Hümeyri və Übeydullah ibni Ömər rəhbərlik edirdi.) Zulkəla və Übeydullahın rəhbərlik etdiyi Hümeyr qəbiləsinin süvariləri və piyada qoşunu Imam (ə)-ın ordusunun sol cinahına hücuma keçdi, lakin irəliləyə bilmədilər. Ikinci hücumdan əvvəl Übeydullah ibni Ömər qoşunun qarşısında dayanıb dedi:–"Osmanı bax bu iraqlılar öldürmüşdür! Əgər onları məğlub etsəniz, onun intiqamını alar, Əlini məhv edərsiniz!"

Bu hücumda da Rəbiə qəbiləsi xas bir təmkinlə müdafiə olundular, bir-iki zəif adamdan başqa heç kəs geri çəkilmədi. Imam (ə)-ın ordusunda itibaxışlı adamlar dedilər ki, Xalid əsgərlərin bəzilərini geri çəkilməyə vadar etmək istəyirdi, lakin onların təmkin və müqavimətini gördükdə dərhal onlara tərəf qayıtdı və öz əməlinə bəhanə gətirməyə başlayıb dedi:–"Geri qayıtmaqda məqsədim bu idi ki, fərariləri sizə tərəf qaytaram."164

Ibni Əbil-Hədid yazır: "Kəlbi və Vaqidi kimi tarixçilər inanırlar ki, o ikinci hücumda qəsdən geri çəkilməyə dair fərman vermişdi ki, Imamın sol cinahdakı qoşununu məğlubiyyətə düçar etsin. Çünki Müaviyə Xalidə söz vermişdi ki, əgər Imama qalib gəlsə, Xorasanın hakimiyyətini ona verəcəkdir."165

Ibni Müzahim isə belə yazır: "Müaviyə Xalidə xəbər göndərmişdi ki, əgər o, bu döyüşdə qələbə çalarsa, Xorasanın hakimiyyəti onundur. Xalid Müaviyəyə aldandı, lakin öz arzusuna çatmadı. Çünki Müaviyə hakimiyyətə gələndə onu bir hakim kimi Xorasana göndərdi, lakin o, Xorasana çatmamış yarı yolda həlak oldu."166

Şam ordusunun əsgərləri Übeydullah ibni Ömərlə fəxr edib deyirdilər: "Pakizənin pakizə oğlu bizimlədir!" Iraqlılar isə Məhəmməd ibni Əbi Bəkrlə fəxr edib onu Təyyib (pakizə) ibni Təyyib adlandırırdılar.

Hümeyr və Rəbirə arasında olan şiddətli döyüşlərdə hər iki tərəf çoxlu insan tələfatı verdi. Bu döyüşün ən az tələfatı bundan ibarət idi: Imam (ə)-ın qoşunundan beş yüz nəfər tam yaraqlı halda meydana daxil oldu və Şam ordusundan da elə həmin sayda olan qoşunla qarşılaşdı. Onların arasında baş verən şiddətli döyüşdən sonra bir nəfər belə sağ qayıtmadı və hamısı qətlə yetirildi, orada cəsədlərdən ibarət bir "təpə" yaranmışdı. Bu təpəyə "Təllül-cəmacim" (başlar təpəsi) adı vermişdilər. Bu döyüşdə Müaviyənin ən böyük arxası sayılan və Hümeyr qəbiləsini onun mühafizəsi üçün səfərbər edən Zulkəla Xəndəfin əli ilə öldürüldü. Bundan sonra Hümeyr qəbiləsinin arasına qəribə bir çaxnaşma düşdü.167

2-Übeydullah ibni Ömər döyüşün ən qızğın çağlarında fitnə və ixtilaf yaratmaq üçün bir nəfəri həzrət Müctəba (ə)-ın yanına göndərib onunla görüşmək istədiyini bildirdi. Həzrət Müctəba (ə) atasının icazəsi ilə onunla görüşdü. Söhbət əsasında Übeydullah həzrət Müctəba (ə)-a dedi:–Sənin atan həm keçmişdə, həm də hal-hazırda Qüreyşin qanını axıdıb. Sən onun canişini olmağa hazırsanmı? Bu halda səni "müsəlmanların xəlifəsi" kimi təqdim edərik!

Həzrət Müctəba (ə) qəzəblənib onun təklifini rədd etdi və imamət elmi vasitəsi ilə onun müsibətli aqibətindən xəbər verib dedi:–Səni bu gün-sabah öldürülmüş halda görürəm. Agah ol ki, şeytan sənin çirkin işlərini nəzərində gözəl cilvələndirmişdir."

Ravi yazır: "Übeydullah o gün, yaxud onun sabahı yaşıl geyimli dörd min nəfərlik bir qoşunla meydana çıxdı və elə həmin gün Həmdan qəbiləsindən olan Hani ibni Xəttabın əli ilə cəhənnəmə vasil edildi."168

3-Müaviyə fəsahətli və gözəl danışığı olan qardaşı Ütbə ibni Əbi Süfyanı çağırıb dedi:–Əşəs ibni Qeyslə görüş və onu sazişə dəvət et." O, Imam (ə)-ın qoşununa yaxınlaşıb uca səslə Əşəsi çağırdı. Əşəsə xəbər verdilər ki, Müaviyənin qoşunundan bir nəfər onunla görüşmək istəyir. Əşəs dedi ki, adını soruşun. Ona "Əbu Süfyanın oğludur" - deyə xəbər verdilər, o dedi:–"O, əyyaş və əhli-kef bir cavandır. Onunla görüşmək lazımdır."

Danışıqlarda Ütbə Əşəsə dedi:–Əgər Müaviyə Əlidən savayı, başqa bir adamla görüşmək istəsəydi səninlə görüşərdi. Çünki sən iraqlıların başçısı, yəmənlilərin böyüyüsən. Sən Osmanın kürəkəni və onun təyin etdiyi hakim idin, özünü Əlinin başqa sərkərdələri ilə müqayisə etmə! Əştər Osmanı öldürmüş, Ədi ibni Hatəm də onu qətlə yetirmək üçün camaatı təhrik etmişdir. Səid ibni Qeys həmin adamdır ki, Əli onun diyəsini boynuna almışdı. Şüreyh və Zəhr ibni Qeys həvayi-nəfsdən başqa bir şey tanımırlar. Sən duz-çörək haqqını tanıyan bir adam kimi iraqlıları müdafiə etdin, təəssüb üzündən şamlılarla mübarizəyə qalxdın. Allaha and olsun, işimizin hara gəlib çıxdığını özün yaxşı bilirsən. Demirəm Əlidən ayrılıb Müaviyəyə kömək et. Biz, hər ikimizin xeyrinə olacağı halda səni orada qalmağa dəvət edirik."

Ravi iddia edir ki, Əşəs gizlində Müaviyə ilə əlaqə yaratmışdı və müharibənin müvazinətini Müaviyənin xeyrinə dəyişmək üçün fürsət gözləyirdi. O cavab verərkən əvvəldə Əli (ə)-ı təriflədi və Ütbənin sözlərini bircə-bircə rədd etdi, lakin axırda müharibəni dayandırmaq üçün öz razılığını işarə ilə bildirdi və dedi:–"Sizin sağ qalıb yaşamağa olan ehtiyacınız bizimkindən çox deyildir. Mən bu iş barəsində fikirləşirəm və inşallah, öz fikrimi bildirəcəyəm."

Ütbə geri qayıdıb hadisəni Müaviyəyə xəbər verdi. Müaviyə sevinərək dedi:–"O, sülh üçün öz razılığını bildirmişdir!"169

4-Müaviyə Əmr Asa dedi:–Əlidən sonra adlı-sanlı adam Ibni Abbasdır. Əgər o bir söz desə, Əli onunla müxalifət etməz. Tez ol, bir çarə fikirləş. Müharibə bizim amanımızı kəsdi! Biz yalnız şamlılar tamamilə qırılıb qurtarandan sonra Iraqa çata bilərik!" Əmr As dedi:–"Ibni Abbas heç vaxt aldanmaz. Əgər onu aldatmaq mümkün olsaydı, Əlini də aldatmaq mümkün olardı."

Müaviyənin israrından sonra o, Ibni Abbasa bir məktub yazdı, məktubun axırında onun barəsində bir şer də qoşdu. Əmr As məktubla yazdığı şeri Müaviyəyə göstərəndə o dedi:–"Sənin məktubun bu gözəl şerlə əsla uyğun deyil."

Fırıldaqçı və hiyləgər qoca–Əmr As bu məktubda və şerdə Abbası və onun övladlarını tərifləmiş, Maliki məzəmmət etmiş, axırda da ona yağlı vədə verərək demişdi ki, əgər müharibə sona çatsa, Ibni Abbas şuranın üzvü olacaq, bu şura vasitəsilə də əmir təyin olunacaqdır.

Məktub Ibni Abbasa çatanda onu Imam (ə)-a göstərdi, həzrət buyurdu: "Allah Əmr Ası öldürsün! Necə də aldadıcı bir məktubdur! Tez ol, bunun cavabını yaz, şerin də cavabını bacarıqlı şair olan qardaşın yazsın."

Ibni Abbas cavabda belə yazdı: "Mən ərəblər arasında sənin kimi həyasız bir adam görməmişəm! Öz dinini çox ucuz bir qiymətə satdın. Sən günahkarlar kimi dünyanı böyük sayır, riyakarcasına zahidlik edirsən. Əgər Allahı razı etmək istəyirsənsə, onda əvvəlcə Misir sevdasını başından çıxart və öz evinə qayıt... Nə Əli Müaviyə ilə bərabərdir, nə də Iraq əhalisi də şamlılarla. Mən Allahı istəyirəm, sən isə Misrə hakim olmağı."

Sonra isə öz qardaşı Fəzlin Əmr Asın yazdığı şer vəznində qoşduğu bir şeri məktubun axırında yazıb Imam (ə)-a göstərdi. Imam (ə) buyurdu: "Əgər ağıllı olsa, bir daha cavab yazmaz."

Məktub Əmr Asa çatdıqda onu Müaviyəyə göstərib dedi:–"Sən məni məktub yazmağa dəvət etdin, amma bunun nə sənə xeyri oldu, nə də mənə." Müaviyə dedi:–"Əli ilə Ibni Abbasın qəlbi birdir, hər ikisi Əbdül-Müttəlibin övladlarıdır."170

5-Müaviyə Imam (ə)-ın əsgərləri arasında canlanmanın çoxaldığını, mühasirə dairəsinin getdikcə kiçildiyini və şamlıların qərargahının süqut etməsinə az qaldığını hiss edəndə, qərara aldı ki, birbaşa Ibni Abbasa məktub yazsın, bu müharibənin Bəni-Haşimlə Bəni-Üməyyə arasında olan bir ədavət odu olduğunu bildirsin və onu bu müharibənin pis aqibətindən çəkindirsin. O, bu məktubda Ibni Abbası tamahlandırmaq üçün yazmışdı: "Əgər camaat səninlə beyət etsə, biz də beyət etməyə hazırıq." Bu məktub Ibni Abbasa çatanda dəlil-sübut üzündən olan çox sərt bir cavab yazdı. Belə ki, hətta Müaviyə də bu məktubu yazdığına görə peşman oldu və dedi:–"Bu öz işimin nəticəsidir. Daha bir il müddətində ona məktub yazmayacağam."171


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin