Yaxşı məlumdur ki, istənilən işi kompüter proqram üzrə yerinə yetirir. Proqramları insanlar yazırlar, kompüter isə formal olaraq onları yerinə yetirir. Süni intellekt sistemini işləyənlər məhz insana uyğun olaraq maşını müstəqil şəkildə, məsələnin şərtindən asılı olaraq öz fəaliyyətinin proqramını yaratmağa cəhd göstərirlər. Belə də demək olar: kompüteri formal icraçıdan intellektual icraçıya çevirmək məqsədi qoyulur (şək. 1).
Süni intellektin istənilən sistemi hər hansı bir predmet oblastı çərçivəsində işləyir (tibbi diaqnostika, qanunvericilik, riyaziyyat, iqtisadiyyat və s).
Süni intellektə aid elmi tədqiqat işləri hesablayıcı texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki istiqamətdə aparılmışdır. Birinci istiqamət (bionika) beyin fəaliyyətinin, onun psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər.
İkinci istiqamət (praqmatik) - insan beyninin psuxofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur. Burada EHM-ə alət kimi baxılır. Praqmatik istiqamətdə aparılan tədqiqatlarda ”süni intellekt” termini tamamilə metaforik mənada anlaşılır və tədqiqatçılar elə proqramlar üzərində işləyirlər ki, EHM vasitələri insanın idraki fəaliyyətinin nəticələri olan prosesləri gerçəkləşdirə bilsin.
Süni intellekt sahəsində aparılan tədqiqat istiqamətləri aşağıdakılardır: Birinci istiqamət - EHM-də yaradıcılıq proseslərinin ayrı-ayrı funksiyalarının (məsələn, oyun məsələlərinin (şahmat, dama, domino və s) həlli, teoremlərin avtomatik isbatı, proqramların avtomatik sintezi, musiqi əsərlərinin təhlili və sintezi və s.) modelləşdirilməsi; İkinci istiqamət - EHM-in xarici (xarici, o mənada ki, intellektual sistemlər ilk mərhələdə mövcud arxitekturalı EHM-lər, o cümlədən, fərdi EHM-lər üçün əlavə qurğu şəklində quraşdırılırdı) intellektuallaşdırılması: kompleks dialoq interfeysinə aid fundamental və tətbiqi tədqiqatlar; Üçüncü istiqamət - EHM-in daxili intellektuallaşdırılması: süni intellekt prinsipləri ilə qurulmuş və səmərəli intellektual sistemlər qurmaq üçün nəzərdə tutulan yeni arxitekturalı hesablayıcı maşınlar; Dördüncü istiqamət - robotların məqsədyönlü davranışı (insan tərəfindən qoyulmuş məqsədlərə çatmaq üzrə əməliyyatları sərbəst şəkildə icra etməyə qabil olan intellektual robotların yaradılması); Beşinci istiqamət - yerdə, havada və suda fəaliyyət göstərmək üçün nəzərdə tutulan sərbəst işləyən nəqliyyat vasitələri (Adətən beşinci istiqamət xüsusi olaraq ayrılmır).