AĞILLI UZUNQULAQ
Bütün kənd camaatı Heybət kişini də, Səftər müəllimi də yaxşı tanıyırdı. Heybət kişi öz zəhmətilə dolanan, heç kimə pisliyi toxunmayan adi kəndli idi. O, ailəsini həyətində əkib-becərdiyi göy-göyərti ilə saxlayırdı. İşində çox səliqəli idi. Bir dəfə bazarda göyərtini satın alan birinin hərəkəti onun xoşuna gəlmir. Belə ki, müştəri kisənin ağzını aşağı çevirib göyərtinin bir hissəsini boşaltmışdı ki, Heybət kişi uca səslə:
-Alə, sən neynirsən? Belə göyərti boşaldarlar? Mən min əziyyətlə göyərti yetişdirmişəm, sən də kisənin ağzını aşağı edib onu saymazyana boşaldırsan?
-Heybət kişi, bəs necə boşaldım kisəni? Bu bəyəm xrustal zaddu ki, sına?
-Alə, saxla, boşaltma göyərtini. Satmıram sənə, çəkil kənara.
-Neyçün, Heybət kişi?
-Satmıram vəssalam. Sən çörək adamı döyülsən! Mən o göyərtiləri səliqə ilə dəstələmişəm, səliqə ilə kisələrə yığmışam ki, baxanda müştərini cəlb eləsün. Sən neynirsən? Əzik-üzük malı kim alar? Əslində mən pulumu alıb gedəcəyəm. Sən o malı sata biləcəksən, bilməyəcəksən məni maraqlandırmır. Məni yandıran odur ki, sən mənim zəhmətimə saymazyana münasibət göstərirsən.
O, malını yığışdırıb başqa müştəri gözləməyə davam edir.
Bu işdə Heybət kişinin ən yaxın və əvəzedilməz köməkçisi onun boz uzunqulağı idi. Hər gün göyərtini səliqə ilə kisələrə yığdıqdan sonra, boz uzunqulağına yükləyib bazara aparırdı. Bazar da xeyli uzaqda idi. Təxminən bir saatlıq yol qət etməli idi. Malları boşaldıb uzunqulağa, -“Get evə” deyirdi. Özü malını satana kimi bazarda müştəri gözləyirdi. Uzunqulaq da gəldiyi yolla kəndə qayıdırdı.
Bəs Səftər müəllim kim idi? Səftər müəllim təhsilli, savadlı biri idi. Yazdığı ərizələrin açmadığı qapı yox idi. Kəndliləri yaxşı bilirdilər ki, əgər Səftər müəllim əlinə qələm aldısa, deməli istənilən müşkül iş öz həllini tapacaqdır.
Bir dəfə Səftərlə oturub-duran bir neçə nəfər onu şəhərə yeyib-içməyə aparırlar. Səftər müəllim bu qonaqlıqda o qədər keflənir ki...
Səftər müəllim özünə gələndə baxır ki, dostları yanında yoxdur. Qaldığı otaq isə yavaş-yavaş tərpənir. Elə bilir ki, içkinin təsirindən başı gicəllənir. Amma özündə elə bir narahatçılıq hiss etmədiyindən nə baş verdiyini bilmək üçün bir-iki dəfə:
-Kim var orda, mən hardayam, - deyə səslənir.
-Otağa girən bir nəfər soruşur ki, - nə istəyirsiniz?
-Mən hardayam?- Səftər müəllim sual edir.
-Siz gəmidəsiniz?
-Mən bura necə düşmüşəm?
-Sizi dostlarınız mindirdi bu gəmiyə və tapşırdılar ki, mənzilə çatana qədər kömək edək.
-Hara gedir bu gəmi?
-Gəmi Krasnavodskiyə gedir. Çatmağa az qalıb.
Səftər müəllim başa düşür ki, dostları onunla əməlli-başlı zarafat ediblər.
Bu haqda söhbət düşəndə onu tanıyan kənd adamları həmişə yarızarafat, yarıciddi sual edirdilər ki, ay Səftər müəllim necə olur siz savadlı, oxumuş adam yolu azıb Krasnovodskiyə gedib çıxmısınız. Amma, inciməyin necə olur ki, Heybət kişinin uzunqulağı bir saatlıq məsafəni “Get evə” sözüylə evə qayıdır, siz isə ev əvəzinə Krasnovodskiyə azıb gedirsiniz?
Dostları ilə paylaş: |