Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 3.55 Mb.
səhifə14/38
tarix24.05.2018
ölçüsü3.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   38


İslam inqilabının mesajı: Müsəlmanların birliyi

Bilməlisiniz ki, müstəmləkəçilik və hegemonluq on illərlə, bəlkə də daha çox müddət ərzində müsəlmanların arasında ixtilaf yaratmaq üçün pullar xərclədi; bundan ötrü kitab və jurnallar nəşr etdirdilər, şayiə yaydılar, təəssübkeşlikləri qızışdırdılar, müsəlmanların qəlbində bir-birinə qarşı çoxlu kin və ədavət yaratdılar. Əlbəttə, bu düşmənliklər keçmiş dövrlərdə də olmuşdur, lakin müstəmləkə dövründə yeni formaya düşdü. Son 100-150 il boyu İslam dünyasının yeni siyasəti ilə tanış olan hər bir kəs nələrə işarə vurduğumu bilir.

İslam inqilabı isə elə bir bayraq ucaltdı ki, hər hansı bir məzhəbdən və hər hansı bir ölkədən olan müsəlmanlar özlərinə müraciət etdikdə bu bayrağı sevdiklərini gördülər, onun İslam və Peyğəmbər (s) bayrağı olduğunu duydular. Odur ki, düşmənlərin çoxlu planları puça çıxdı. Hegemonluq sakit oturmur. İslam və müsəlmanların qan düşmənləri sakit durmurlar. Onlar İslam inqilabının və İslam Respublikasının ölkə daxilində və xaricində şiə və sünnilər arasında birlik yaratdığını, onları bir-birinə yaxınlaşdırdığını və qarşılıqlı təəssübkeşliklərini azaltdığını görən kimi bayırdan zəhər səpməyə başlayırlar.

Birlik həftəsinin ilk günündə əsirlikdən azad olanlarla və xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1990.




13 Aban - inqilabın və hegemonluğun döyüş zamanı

"Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır!"1

İnqilabın mühüm günləri bizim şücaətli və qorxmaz xalqımızın iyirmi ildən artıq sürən mübarizə dövrünün yadigarları, onların hər biri bizim mərhum və böyük imamımızdan bir xatirənin və bir işığın daşıyıcısıdır. Onların arasında 13 Aban (4 noyabr) daha rəngarəng cəhətlərə, daha dərin və köklü mesajlara sahibdir. Qanlı mübarizənin iki cəbhəsinin - zalım və məzlum cəbhəsinin, hegemonluq, istismarçılıq və birinci növbədə Amerika cəbhəsinin, eləcə də haqq, ədalət, onların bayraqdarı və imamı olan Böyük Xomeyni cəbhəsinin qarşıdurması bu gündə baş verən hər üç hadisədə aşkar və aydın şəkildə özünü göstərir, bugünkü və sabahkı nəsilləri düşüncəyə vadar edir.

Belə bir günün axşamı hegemon cəbhənin çirkin və qəddar əlləri haqq və ədalət cəbhəsinin imamını bütün məğrur saray sahiblərini mübarizəyə çağırdığı, yazıq kütlələrə və məzlumlara haqq şəfəqinin söklülməsini göstərdiyi kiçin evindən oğurlayıb apardılar və kapitulyasiya hiyləsinin baş tutmadığına görə öz faydasız qəzəblərini ağılsızlıqla soyutdular.

O zaman hegemonluğun bütün gücü buna çatırdı və bunu da elədi. İllər sonra yenə belə bir gündə həmin fədakar rəhbərin bayraqdarlığı və ilahi rəhbərliyi ilə bu məmləkətin hər bir insanının qəlbinin bacasından baş qaldıran haqq və ədalət günəşinin doğmaqda olduğu vaxtda hegemonluğun mənfur əli qəzəbli və sərgərdan vəziyyətdə, düşüncəsiz və məqsədsiz şəkildə şagirdləri hədəf seçdi, yeni bahar yarpaqlarının bir ovucunu yerə tökdü. O məsum ciyərparələrin qanı qatilləri daha tez yaxaladı və xalqın ayıq qəzəb dalğası qələbə yolunun çır-çırpısını süpürdü.

Yenə belə bir gündə və qələbənin coşqun çağında inqilab gəmisinin gəmiçi Nuhun hikməti və Allaha təvəkkülü ilə təlatümlü dalğalar üzərində qüdrətlə irəlilədiyi və nicat sahilinə çatdığı vaxtda inqilabın güclü əli hegemonluğun yaxasını tutdu, onu öz yalançı təbliğatından və dünyanın xəbərsiz kütlələrinin xəyalında düzəltdiyi məğlubedilməzlik kürsüsündən endirdi, hegemon Amerika dövlətini təhqir edib dünyanın aşağılanmış xalqlarının qəlbini sevindirdi. Fəal tələbələr təxribatçıların və casusların yuvasını onlara zindan etdi və xilaskar İslamın zalım küfrlə barışmazlığını bütün dünyaya göstərdi. O gündən sonra muzdur rejimin zülm və istibdadına qarşı mübarizəni qalib edən İslam inqilabımız qlobal tamahkarların son ümidini də məhv edib yalnız İrana hakim olan asılı rejimi yox, hətta bütün problemlərin kökünün və mənşəyinin - yəni beynəlxalq istismarçı sistemin və birinci növbədə Amerikanın hədəf seçildiyi qlobal mübarizəsinin geniş cəhətlərini aşkara çıxardı.

1964-cü ildə imam Amerikanın hərbi müstəşarlarının hüquqi toxunulmazlığına etirazdan sonra sürgün edildi. 1978-ci ildə həmin gündə şagirdlər qətliam olundu və 1979-cu ildə casus yuvası tutuldu. Bu üç hadisə bir tərəfdə İslam inqilabının, digər tərəfdə isə Amerikanın və İrandakı muzdur rejimin dayandığı qarşıdurmalardır. Bu üç hadisədə, ondan öncə və sonra davam edən mübarizə İslamın və İslam inqilabının xislətini, inqilabın yol və məqsədlərini təsvir etdi, beynəlxalq hegemonluğun, onun timsalı olan Amerikanın əsl simasını və kimliyini, eləcə də gücünü və zəifliyini nümayiş etdirdi. Hamısından önəmli olan budur ki, haqq və batil arasındakı mübarizə prosesinə dair aydın xətt cızıb, onun inkişaf formasını və hərəkət etdiyi istiqaməti məlum etdi. Bu ümidli prosesi araşdırarkən aydın olur ki, haqq cəbhəsi möhkəm dayanıb fədakarlıq etdikdə kim, nə və hansı ölçüdə olmasından asılı olmayaraq, batil cəbhəsi onun qarşısında tab gətirməyib geriyə çəkilməyə məcbur olur.

1964-cü ildə bizim imamımızı yalqız və qərib şəkildə Qumdan Tehrana aparıb oradan sürgün elədilər. O zaman nə Amerika rejiminin başçıları, nə də İrandakı kiçik muzdurları tezliklə öz zülmkar hərəkətlərinin cavabını alacaqlarını güman edirdilər. Onlar bilmirdilər ki, bu şeytan hiyləsi və haqq cəbhəsinin qəlbinə doğru bu ədavətli yürüş birbaş özlərinin əleyhinə yönələn ilahi tədbirə vasitə olacaq, zalım şah hakimiyyətinin və hegemon imperiyanın süqutuna zəmin yaradacaq.

Həzrət imamın tələbə və şagirdlərə müraciətlə etirazlarını genişləndirməyə dair fərmanından ilham alan gənclərin təxribat və casus yuvasını ələ keçirməsi hegemon cəbhənin inqilab əleyhinə hücumu qarşısında reaksiya sayılsa da, eyni zamanda hegemonluq əleyhinə ibtidai cihad, haqq cəbhəsinin ayağa qalxmaq növbəsinin çatdığına, müstəmləkə balansının pozulmasına, Amerika sindromunun sınmasına və onların xalqları qorxutmaq üçün on illərlə gördükləri işlərin məhvinə bir əlamət idi.

Bir zaman müstəşarlarının və vətəndaşlarının İranda ağalığını və hüquqi toxunulmazlığını istəyən, otuz ilə yaxın bir müddətdə İranın siyasi, hərbi və iqtisadi taleyində rəqibsiz və hakim güc sayılan, qanunsuz maraqları tələbkarcasına İran xalqının maraqlarına tərcih edilən həmin zalım imperatorluq bu gün İran xalqının coşqun imanından irəli gələn güclü iradəsi və oyanışı ilə bu inqilabçı xalqın bir qrup mömin gəncinin hərəkəti qarşısında acizlik və məğlubiyyət hissi keçirdi və duruş gətirə bilmədi. Yalnız İran xalqı yox, son yarım əsrdə antiislam güclərin ardıcıl təlqinləri səbəbindən özünə, öz qüvvələrinə və hətta İslamın gücünə ümidi tamamilə əldən vermiş bütün müsəlman xalqlar inqilabın hər bir hadisəsindən, inqilab imamının hər bir söz və işarəsindən, xalq tərəfindən edilən hər bir hərəkətdən ümid, həvəs və etimad mesajı alır, öz güclərinə inanır və hegemonluğun zəifliyindən xəbərdar olurdular.

İranda İslam inqilabının qələbəsindən bu günə qədər dünya hər bir tərəfdə olan müsəlman xalqların özünəinamından irəli gələn, öz kimliklərinə və İslam mədəniyyətlərinə qayıdış istiqamətində olan hərəkətlər müşahidə edir. Bunun səbəbi odur ki, İran xalqının fədakar mübarizəsi müstəmləkə və hegemonluğun Şərq və müsəlman xalqların Avropa və Amerika dövlətlərinə qələbə çalmağa qadir olmamasına dair hiyləsini puç etmiş və həqiqi gücün mərkəzini göstərmişdir. Həqiqi güc imanlı xalqdır və belə bir xalqın qarşısında nə qədər böyük və imkanlı olmasından asılı olmayaraq, heç bir maddi güc öz iradəsini yeritməyə qadir deyil.

Bu, 13 Aban (4 noyabr) gününün ən böyük dərsidir. Bu gün həm haqq cəbhəsinin imamının qəribliyinə və məzlumluğuna şahid olub, həm o imamın ümmətinin qanlı və fədakar müqavimətinə və yeniyetmə şagirdləri qurban verməsinə, həm də fəal və inqilabçı şagirdləri və müridləri tərəfindən düşmənlərin xar edilməsinə. Bu baxımdan bu günün dərsi çox ibrətli və müstəsna dərsdir.

Beynəlxalq Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə müraciətdən: 1990.

Xalqın inqilab yolunun haqlı olmasına güclü inamı

Allaha şükür edirik ki, İran xalqı haqqı eşidən qulaq və haqqı görən gözlə özünün böyük inqilabından və hikmətli rəhbərindən böyük həyat dərsi öyrəndi, Allahın vədlərinin günbəgün həyata keçməsi ilə bu yolun doğruluğuna inamı daha da gücləndi. Bizim xalqımız asılı şah rejiminə, Amerikanın hiylə və təxribatlarına, Şərqin və Qərbin yardım etdiyi hərbi tərəfə, iqtisadi mühasirəyə, siyasi cəbhəyə, beynəlxalq təbliğata və həmin düşmənlər tərəfindən yaradılan bir çox problemlərə qələbəni biri o birindən sonra bütün vücudu ilə hiss etdi. Bütün bu qələbələr İslama arxalanmaq, istiqaliyyəti qorumaq, əcnəbilərə möhtac olmamaq, Allaha təvəkkül etmək, xalqın yeganə və əvəzsiz rəhbərin arxasınca yekdil hərəkəti sayəsində əldə olundu.

Beynəlxalq Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə müraciətdən: 1990.

Gənclərin mübarizənin öncülləri olması

Əziz və inqilabçı övladlarıma və qardaşlarıma, gənclərə, bu böyük günün qəhrəmanı olan şagird və tələbələrə deyirəm: istər indi, istər gələcəkdə inqilabın əsas yükü sizin çiyinləriniz üzərindədir. Əziz İslam, şəhid valideynləri, Böyük İmam və xalqın saleh insanları sizə baxır, bel bağlayır və sizdən umur. Çalışın əzəmətli İslam inqilabının kamilliyə və məqsədlərinə çatması üçün fürsətlərdən əlverişli istifadə edin, beyinlərinizdə və qəlblərinizdə dini inancı gücləndirin. Mənəvi saflıqla və məsuliyyət hissini artırmaqla inqilabın bütün sahələrini, xüsusən də inqilabi dəyərləri, mədəniyyəti və ruhiyyəni qorumağa aid olan sahələri doldurun. Cəmiyyətlə, müxtəlif təbəqələrlə, xüsusən də hörmətli ruhanilərlə əlaqələrinizi gücləndirin, xeyirxah və qayğıkeş görünən şeytan hiylələrindən və iblis təxribatlarından ehtiyatlı olun. İran xalqının şərəfli mübarizə yolunda gənclər həmişə öncül olmalıdırlar. Özünüzü düzgün xətdə öncüllüyə hazırlayın, sayıqlıqla doğru və düzgün xətti yanlış xətlərdən ayırın. İlahi rəngləri təbliğ edin və İslam şüarlarını uca tutun.

Beynəlxalq Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə müraciətdən: 1990.

Xalqın ruhaniliyə inamının sirri: mənəviyyat və Allah üçün çalışmaq

Bizim nəyimiz vardı ki, xalq ruhanilərin və imamın sözü ilə belə hərəkət edib on beş il mübarizə apardı, öz fədakarlığı ilə onu qalib etdi və sonra həzrət imamın səmərəli həyatının on ilində bütün bu təxribatların önündə duruş gətirdi?! Bu, mənəviyyatdan və Allah üçün çalışmaqdan başqa bir şey idi?! Xalq inanırdı ki, ruhanilər özləri üçün deyil, Allah üçün və xalqın xeyrindən ötrü çalışır, Allahın əmrini yerinə yetirirlər. Məhz buna görə mənəviyyatdan və imandan başqa bir təmələ dayanan hərəkatlar qələbə çala bilmirlər. Bu başqa yerlərdə də, bizim ölkəmizdə də sınaqdan keçib ki, yalnız mənəvi, etiqadi, ilahi və iman cəhətinin hakim olduğu hərəkat qələbə çalır.

Xalq ruhaniliyi, bu libası, məni və sizi bu deyilənlərin timsalı bilir və mömin sayır. Bəzən özləri səhv də edir, hər halda, bəşərin xislətində olan ehtirasa, qəzəbə, tamahkarlığa, dəbdəbəyə və bu kimi işlərə düçar olurlar, amma ruhanilərdə hesab etdikləri kamilliklə özlərinə təsəlli verib deyirlər: biz nöqsanlıyıqsa, o kamildir; biz Allahın hökmünü anlamırıqsa, o anlayır; bizim Allahla əlaqəmiz zəifdirsə, onun əlaqəsi güclüdür - deməli, o nə desə, biz Allaha yaxınlaşmaq niyyəti ilə əməl edəcəyik.

Məhz buna görə harada ruhanilər öndə olmuşlarsa, qələbə hasil olmuşdur. İnqilabda, islahatda və xidmətlərdə belə olmuşdur. Əgər xalqın bu geyimə və bu instituta inamı sarsılsa, görün necə güclü dayaq xalqdan alınar, onun səmimi etimadı necə sarsılar!

Ruhani məhkəməsinin və prokurorluğunun əməkdaşları ilə görüşdəki çıxışdan: 1990.

Ruhaniləri bədnam etmək üçün düşmənlərin hiyləsi

Bu məmləkətdə Rza xanın antidin siyasətləri şübhəsiz, ingilislər və onun arxasında duran qüvvələr tərəfindən tənzim olunurdu. Çünki onun özünün və hökumətinin ağlı belə şeyləri dərk etməzdi. Həmin proqramlardan biri ruhaniləri bədnam etmək idi. O, əmmaməni qadağan etməklə kifayətlənmədi, ruhaniləri bədnam etməyə başladı. Vəziyyət elə bir həddə çatdı ki, küçələrdə uşaqlar bir ruhani görəndə ələ salırdılar. Bu hal geniş yayılmışdı.

Bu məsələ 1960-1961-ci illərə aiddir. O zaman mənim 11-12 yaşım var idi. Bu vəziyyət Rza xanın getməsindən təxminən on il sonraya və inqilabın başlanmasından bir qədər əvvələ qədər davam etdi.

Məşhəddə bizim mühüm məclis və yığıncaqlarımız olurdu. Mənim yığıncaqlarımda çoxlu tələbə və doktor iştirak edirdi və mən onlar üçün təfsir dərsi deyirdim. Bir dəfə ali təhsilli bir gənc dostumla Tehrana gəlmək istəyirdim. Dəmir yolu vağzalında bir qədər piyada gəzişib qatarı gözləməli olduq. Bu zaman savadlarının olub-olmaması bəlli olmayan bir neçə gənc məni elə məsxərə etdilər ki, dostum xəcalət çəkdi. Onlar ozamankı Avropa görkəmində idilər və İranda yeni yayılan cins paltarlar geyinmişdilər. Bu işlər geniş yayılmışdı, uşaqlara, yaxud xüsusi bir təbəqəyə məxsus deyildi.

Bu işlər ruhaniləri gözdən salmaq məqsədi güdürdü. Çünki onlar ruhanilərin və ruhanilərə inamın rolunu yaxşı dərk etmişdilər. Müdərris və mərhum Kaşani hadisəsində, ondan öncə Məşrutə və Mirzə Şirazi məsələsində bunu görmüşdülər, bilirdilər ki, bunları xalqın gözündən salmaq lazımdır. Bundan ötrü çoxlu pullar xərcləyir və hər bir vasitədən istifadə edirdilər.

O zaman ruhanilər iki xüsusiyyətləri ilə - elmləri və zahidlikləri ilə müxtəlif qurumlara, bizim kimilərə yer olmayan və ruhani əleyhinə təbliğatın mərkəzi və timsalı olan universitetə yol tapdılar. Həmin universitetdə uşaqlar dərsi tətil edib hansısa ruhaninin dərsinə gedirdilər. Halbuki həmin ruhaninin nə pulu vardı, nə gücü vardı və hətta onun yanına getmək bəzən başağrısı ilə nəticələnirdi. Bütün bunlarla yanaşı, indi İngiltərənin, Rza xanın və Məhəmmədrzanın yerinə saqqallı, əmmaməli və adlı-sanlı bir cənab peyda olub yanlış işlər görməli və bütün bu zəhmətləri bada verməlidirmi?! Belələrinin bu işləri onların gördüyü bütün işlərdən pisdir! Buna əsasən, əgər biz ruhani təbəqəsini fəsada, rüşvətxorluğa və bu kimi işlərə sövq etməyə çalışan siyasi planların olduğunu fərz etsək, çox da səhv etmiş olmarıq.

Ruhani məhkəməsinin və prokurorluğunun əməkdaşları ilə görüşdəki çıxışdan: 1990.

Düşmənin iman, eşq və iradə qarşısında məğlubiyyəti

İslam inqilabı bir xalq inqilabıdır. Ümumiyyətlə İslam inancının hünəri bundadır: xalqın qəlbini elə alır, onların qüvvələrini ali və uca məqsədlər yolunda elə işlədir ki, bunun özü İslam inqilabını və hərəkətini sığortalayır, Allahın yardımına səbəb olur. İslamın erkən çağında da eynilə belə olmuşdur. O zaman xalqın iştirakı, onların imanı və ixlası yardıma səbəb oldu. Bu, Quranın aşkar ayəsidir. Quran buyurur: “(O Allah) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi“.1 Yəni Allah-Taala öz yardımı və möminlərin vasitəsi ilə Peyğəmbərə (s) kömək etdi.

Bizim inqilabımızın bütün hərəkatlara və inqilablara bu qəti üstünlüyü vardı: o, xalqa arxalanırdı və həmişə də arxalanacaq. Beynəlxalq hegemonluğun bu inqilabı məğlub edə bilməməsinin - Allahın lütfü ilə heç vaxt da edə bilməyəcək - səbəbi budur.

Düşmən xalqa, mömin və ixlaslı insanlara nə edə bilər? Məgər düşmənin alətləri nədir? Düşmənin aləti maddi imkanlardan ibarətdir. Maddi imkanlar xalqın imanının, eşqinin və iradəsinin qarşısında təsirə malik deyil. Maddi imkanlar yalnız öz təchizatına arxalanıb vuruşmaq və mübarizə aparmaq istəyənləri qorxudur. Elə adamlar əgər qarşılarında öz imkanlarından daha modern və daha üstün imkanlar görsələr, qorxu hissi keçirə bilərlər. Lakin imanlı və ixlaslı xalqın qarşısında düşmənin modern imkanları bir iş görə bilməz. Ən modern imkanlar müqavimətli, möhkəm və şəhadət istəyində olan bir qüvvənin qarşısında aciz qalır. Məgər düşmən milyonlarla insanı geri oturda bilər?! Həmin hizbullahçı xalq ölkənin bütün xiyabanlarında şah rejiminin düşməndən almış müasir texnikaları qarşısında dayandı. Nə üçün o texnikalar onlara qələbə çala bilmədi? Halbuki onlar öz qarşı tərəfini öldürə bilərdi. Əgər kimsə ölümdən qorxsa, o texnikalardan da qorxacaq; əgər kimsə ölümü şəhadət bilsə, öldürücü texnikalardan da qorxmayacaq. Bu mətləb düşmənlərin qarşısında dayanan bütün mübarizələrə aiddir.

İmam Həsən Müctəba (ə) qarnizonunda Bəsic günü tədbirində çıxışdan: 1990.
Ən böyük zəfər

Bəli, inqilabın hünəri budur; imamın hünəri bu idi. İmam düşmənin 50-60 il birbaşa və dolayısı ilə üzərində işləyib fəsad batlağına çəkmək istədiyi bir cəmiyyət üzərində iş apardı, onun gənclərini gül kimi pak-pakizə yetişdirdi. Onun özü buyurdu ki, bu, ən böyük zəfərdir. Bəli, imamın ən böyük zəfəri mömin, ixlaslı, sağlam, sədaqətli, ehtiraslara etinasız və qəlbləri Allaha sarı yönələn gənclər yetişdirmək idi. Tarix boyu bizim məmləkətimizdə, yaxud digər müsəlman ölkələrində nə zaman inqilab dövrü qədər yaxşı və saleh gənclərimiz olmuşdur?!

İmam Həsən Müctəba (ə) qarnizonunda Bəsic günü tədbirində çıxışdan: 1990.

Düşmənin intiqamı qarşısında sayıq olmaq

Ölkənin hər hansı bir yerində olan əziz qardaş və bacılarım! Bilin ki, bu gün Amerika, onun müttəfiqləri, muzdurları və köməkçiləri inqilabdan intiqam almaq üçün fürsət gözləyirlər. Onlar bizim inqilabçı gənclərimizdən xəbis Məhəmmədrzanın, zalım ailənin və onların dövründəki SAVAK məmurlarının intiqamını almaq üçün fürsət gözləyirlər. Onlar inqilabı daxildən çökürtmək üçün yollar axtarırlar. Sayıq olun! Allaha şükür olsun ki, indiyədək sayıq olmusunuz və sayıqsınız.

Bəsic Müqavimət Qüvvələri, feldşerlər və ordunun Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki çıxışdan: 1990.

İnqilab nemətinin şükrü: vəzifənin nə olduğunu bilmək

İslam quruluşu ilahi bir nemətdir. Allah-Taala zahirən bu imkansız fenomeni tarixi ənənələrə və bəşər dünyasına hakim olan qayda-qanunlara uyğun olaraq həqiqətən öz kamil qüdrətli ilə həyata keçirdi. Bu birinci növbədə İran xalqına və sonrakı mərhələdə bütün dünya müsəlmanlarına və hətta deyə bilərik ki, bütün dünya məzlumlarına Allahın bir hədiyyəsi idi.

Bütün ilahi nemətlər kimi bu ilahi hədiyyənin, Allah-Taalanın bu böyük lütfünün də xalqda zəmanət sənədi yoxdur. Əgər bu neməti yaxşı saxlasaq, qalacaq, günbəgün artıb çiçəklənəcək, daha çox fayda yetirəcək. Əgər Allah eləməmiş, onu tələf etsək, bu əmanəti qorumasaq, Allah-Taalanın bizim dərs almamızdan ötrü Quranda adlarını dəfələrlə çəkdiyi insanlar kimi olacağıq: “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar)...”1

Allah-Taala Bəni-İsrail haqqında dəfələrlə buyurmuşdur ki, biz bunlara üstünlük verdik, düşmənlərinə qalib etdik, onlara hakimiyyət, mülk və güc bəxş etdik. Allah-Taala onlar haqda buyurur: “Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular”.2 Quranda Bəni-İsrail haqqında çoxlu məzəmmətli sözlər vardır.

Bu nemətdən ötrü şükür etmək lazımdır. Bu nemətin şükrünü yerinə yetirməkdən, bu böyük ilahi hədiyyəni qorumaqdan ötrü biz onun qarşısındakı vəzifələrimizlə tanış olmalı və onlara əməl etməliyik. Məqsədi unutmayaq və yadımızdan çıxmasın ki, Allah-Taala İran müsəlmanlarını bu inqilabın və müstəsna rəhbərin sayəsində ucaltdı. Ümumiyyətlə Allah-Taala bu rəhbəri belə tarixi dönüş üçün saxlamışdı. İnsan belə düşünür ki, Allah-Taala bu qiymətli varlığı yetişdirib dünyada və tarixdə belə bir hərəkəti ərsəyə gətirməkdən ötrü ehtiyatda saxlamışdı.

Bu inqilab Allahın davamlı lütfü sayəsində qələbə çaldıqdan sonra bu yola və bu məqsədə inamı olan siz inqilabçı insanlar bu hökumətin əməkdaşları sırasına nə üçün qoşulduğunuzu düşünmüsünüzmü? Səbəb yalnız bu deyildi ki, Allah-Taala vədinə əməl etdi, bizi zəiflikdən, xarlıqdan, bütün zalım güclər tərəfindən başıqapazlı olmaqdan və İslam kimliyindən uzaq düşməkdən xilas etdi?! Çox gözəl! İndi bütün vücudumuzla İslam yolunda çalışmalıyıq.

Bu məqsəd bir an da yadımızdan çıxmamalıdır. Bizim hamımız bir-birimizə bənzəyirik. Bu sözləri kimsə mənə də deməlidir. Mənim bu sözlərə ehtiyacım sizdən çox olmasa da, ən azı sizin qədərdir. Bizim hamımız beləyik.

Biz bu məqsədi unutmamalıyıq ki, düz yolda olmaq - yolu döndərməmək, istiqaməti itirməmək və məqsədi unutmamaqdır. Bu məsələ o qədər həssas və mühümdür ki, Allah-Taala əzəmətli Peyğəmbərinə (s) də bunu tövsiyə edir. Biz də indi özümüzə bunu tövsiyə etmək istəyirik. Allah-Taala buyurur: “Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar”.1 Ehtiyatlı ol ki, yolu itirib səhv salmayasan. Yolu itirmək ümumi və qeyri-konkret bir sözdür. Hamı deyir ki, yol budur. İki yoldaşın, yaxud qardaşın fərqli üslubları, baxışları və əsasları ola bilər; siyasi, yaxud iqtisadi sahələrdə iki fərqli düşüncəyə malik ola bilərlər və hər biri deyər ki, mənim yolum düzdür. Yolun düzgünlüyünün mənası budur? Xeyr! Təbii ki, belə üslub fərqləri var.

Qardaşlar! Hansı üslubda, hansı cinahda, hansı düşüncə və xətdə olsanız, bilin ki, bir ayrılıq nöqtəsi var. Ondan ehtiyatlı olun. Bu nöqtə və an Allahın yerinə özünüzün meydana çıxdığınızı hiss etdiyiniz yerdir. Yayınma nöqtəsi buradır: “Sənin ən böyük düşmənin öz nəfsindir”. Bu nəfs və bu "mən" bütün düşmənlərdən təhlükəlidir. Biz ondan ötrü bəzən Allah eləməmiş, ən üstün və ən əziz dəyərləri də unuda bilərik. Bura yayınma nöqtəsidir və bu hər an bizi gözləyir. Bundan ehtiyatlı olun.

Bu elə səhvlərdən deyil ki, biz öz həyatımızda onu axtaraq, güman edək və orada ehtiyatlı olaq. Xeyr! Bu hər an qarşıya çıxa bilər. Mənim indi danışdığım yerdə, sözümün ortasında bu iki yolayrıcı vardır. Sizin üçün də dinləmək əsnasında bu iki yolayrıcı var; atmaq istədiyimiz addımda, nəfs istəklərimizdən birinin olduğu və özünü göstərdiyi yerdə, qərar vermək istəyəndə - istər şəxsi, istər ümumi və dövlət qərarında bu vardır; ən zərif və ən incə hallarda bu yolayrıcı vardır.

Siz bilirsiniz ki, bizim böyük imamlarımızın düşüncə və sözlərində nə qədər belə incəliklər var. "Məkarim əl-əxlaq" duasında oxuyursunuz ki, İlahi, mənə izzət, ucalıq ver, amma təkəbbürə mübtəla etmə; məni ibadətə müvəffəq et, amma ücbə mübtəla etmə!1 Yəni hətta ibadət əsnasında da bu iki yolayrıcı var. Özünü öyüb “bu mənəm” dediyin an xeyirli və düzgün yoldan yayınıb əzab-əziyyətli və azdırıcı bir yola yuvarlanırsan. Bu, yayınma nöqtəsidir. Buna diqqət yetirmək lazımdır.

Siz hər namazda ən azı iki dəfə və hər gün ən azı on dəfə Allaha deyirsiniz: “Bizi doğru yola yönəlt!”2 Adətən insan bir dəfə dua edir, lakin doğru yolu daim Allahdan istəmək “Sənə əmr edildiyi kimi, düz (yolda) ol” əmrinə tabe olmaqdır. Xüsusən biz yüksək vəzifəli məmur olduğumuza görə məsuliyyətimiz ağırdır.

Əziz qardaşlar! Bizdən soruşacaqlar. Biz iki dəfə mühakimə olunacağıq: bir dəfə tarix və gələcək bizim barəmizdə mühakimə yürüdəcək, bir dəfə də Allah.

1941-ci ildən sonra ölkədə bir qədər azad şərait yarandı, 1953-cü ildən isə bu məmləkətdə Məhəmmədrza xanın yeni repressiyası başlandı. Mən bunu yaddan çıxarmıram: həmin repressiya illərində biz elm hövzələrində mübariz və aydın insanlarla söhbət zamanı həmişə öz aramızda 41-53-cü illərdə fürsətdən yararlanıb bir iş görməyən insanları qınayıb deyirdik ki, bu 10-12 ildə nə üçün bir iş görmədilər. Bəlkə indi də bizim bəzilərimiz özümüzü, yaxud başqalarını son 10-12 ilin bəzi dönəmlərində məzəmmət edək ki, filan yerdə filan işi görmək olardı, nə üçün görmədik? Yaxud gələcəkdə bu ölkənin əhalisi və dünya müsəlmanları bizdən soruşacaqlar ki, sizin ixtiyarınızda dəyərli fürsət vardı, bu fürsətdə nə etdiniz? Bütün vəzifələrinizə əməl etdiniz, yoxsa yox? Əgər biz azca səhlənkarlıq belə etmiş olsaq, mikroskop altına qoyub dəqiq mühakimə yürüdəcəklər.

Bu bir nümunə və sözsüz ki, böyük məsələdir. Tarixin və gələcək nəsillərin bu qınağı çoxlarını düzgün işləməyə vadar edir. Amma bizdə bundan üstünü də var və o, Allah dərgahında mühakimə olunmaqdır. Bunu neyləyək?

İnsan bəzi Quran ayələrini oxuyanda həqiqətən qorxur: “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”3 Onları saxlayın. Allah-Taala bizim addım atmağımıza qoymayacaq. Həmin əzəmətli və qorxulu səhnədə bizim işlərimiz, hərəkətlərimiz, sözlərimiz, əməllərimiz və hətta bəzən təsəvvürlərimiz bir-bir canlanacaq və diqqətlə araşdırılacaq: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”1. Siz qiyamətdə həmin xeyir və şərin özünü görəcəksiniz. O əməlin özü orada bizim önümüzdə təcəssüm olunacaq, canlanacaq.

Bizim həyatımızın hər bir anı ilahi elm və baxışın tam diqqəti altındadır. O ilahi insan və saleh bəndə arif baxışla və səlis nitqlə dedi: “Dünya Allahın hüzurudur”. Biz indi Allahın hüzurundayıq. Allah-Taala bizim bütün düşüncələrimizə vaqifdir. Bu fikirlə İslam hökumətinin biz məmurları bu həssas dönəmin vəzifələrini bilməli və onlara əməl etməliyik.

Biz İslam hökuməti deməklə xalqın həyatına və ümumi vəziyyətinə, sosial quruluşa, düşüncə və mədəniyyətə, bütün ictimai münasibətlərə, o cümlədən İslam hökuməti məmurunun rəftar və üsuluna dair bəzi öhdəliklər götürmüşük. İslam hökumətinin xüsusi mənası var. İslam hökuməti şah rejimi deyil, dünyəvi hökumət, tağut hökuməti deyil, xalqın istismarı deyil, sui-istifadə fürsəti deyil. İslam hökumətində məmurlar İslam üçün və Allah üçün işləyirlər, özləri üçün yox.

Biz kompliment üçün deyil, sözün həqiqi mənasında özümüzü xalqa xidmətçi bilməliyik. Biz hansı səviyyədə olsaq, “bizim ixtiyarımızda olan, öz istək və arzularımızı təmin etmək üçün istifadə edə bildiyimiz imkanlardan bəhrələnək” fikrini tamamilə kənara atmalıyıq. Ölkə məmurları zahidlik, yəni dünya bərbəzəklərinə meylsizlik baxımından sözün həqiqi mənasında digərlərinə örnək olmalıdırlar.

Əmirəlmöminin (ə) Osman ibn Hüneyfə yazdığı məşhur məktubunda onu məzəmmət etdikdən sonra buyurur: “Bilin ki, sizin imamınız dünyadan iki köhnə paltarla və yeməklərdən iki tikə çörəklə kifayətlənmişdir. Lakin siz buna qadir deyilsiniz”2. Yəni mən sizdən belə həyat tərzi gözləmirəm.

Biz belə bir zirvəyə ucalmağa qadir olduğumuzu düşünə bilərikmi? Məgər zarafatdır?! Məqsəd özümüzü məsuliyyətdən kənara çəkmək deyil. Xeyr! Əgər kimsə bacarırsa, etməlidir. Biz özümüzə haqq qazandırmaq istəmirik. Xeyr! Elə yaşamaq süni bir iş deyil, polad kimi bir ruha dayanır və Əmirəlmöminində (ə) o ruh vardı.

Məktubun davamında buyurur ki, siz təqvalı olmağa çalışın və bacardığınız qədər buna səy göstərin. Nə qədər bacarırsınızsa, təqvalı olmağa çalışın. Əgər biz bu gün şüar verib “bizim cəmiyyətimiz istehlakçılıq ruhiyyəsini kənara qoyub Qərb mədəniyyətində geniş yayılmış əməllərdən çəkinməlidir” deyiriksə, ona əməl etmək bizim əməlimizə bağlıdır. Biz bunu xalqa öyrətməliyik. Məgər özümüz müxtəlif dəbdəbə və təmtəraqlara qurşandığımız halda xalqın bundan uzaqlaşmasını gözləyə bilərik? Əgər başqa yerlərdə şüar verirlərsə, biz əməl etməliyik.

Başqa bir məsələ xalqla münasibət tərzidir. İslam quruluşunda xalqla münasibət xüsusi önəm kəsb edir. Xalqı bütün işlərdə ixtiyar sahibi bilmək lazımdır, əziyyət verən qüvvə yox. Siz əziz qardaşlar müxtəlif dövlət qurumlarında çalışırsınız. Sizin rəhbərliyiniz altında çalışanlara ilk təlimatınız xalqla yaxşı rəftara aid olmalıdır. Xalq həqiqətən ixtiyar sahibidir. Xalq həqiqətən bizim və bu quruluşun məmurlarının ağasıdır. Bu kompliment deyil. Bəzi adamlar elə bilirlər ki, imam bu sözləri kompliment xatirinə deyirdi.

Əgər bu xalq övladları ilə birgə cəbhələrə yollanıb ölkəni müdafiə etməsəydilər, bu quruluşdan nə qalardı? Əgər bu xalq bu 12 il boyu bütün vücudu ilə və bütün vasitələrlə bizə dəstək verməsəydi, dünyada bizim qüdrət və izzətimiz haradan olardı? Məgər bizdə digərlərində olmayan nə var? Bir hökumət olaraq bizdə dünya güclərində, dövlətlərində, tağutlarında, zalımlarında, bu həyasızlarda və imperatorlarda olmayan nə var ki, onu işlədib xərcləyə bilək? Qorxmaz və mübariz bir xalqın imanından başqa bir şeymi var?! Bu hökumətin dayağı bu xalqın köməyindən başqa nədir?!

Deməli, xalq ixtiyar sahibidir. Şah rejimini bunlar devirdi. Əgər bu xalq imamın fərmanına qulaq asmasaydı, küçələrə çıxmaz və övladlarını qurban verməzdi, o dövrün mübarizlərindən olduğumuza görə fəxr etdiyimiz bizlər də yüz il eyni vəziyyətdə mübarizə aparmalı olardıq. Bu xalq küçələrə çıxdı, öz canını fəda etdi. İndi bizə müraciət edəndə onlarla daim bizə əziyyət verənlər kimi rəftar etməliyik?! Bu məsələ bir əxlaq məsələsi deyil.

Elə bir iş görmək, elə bir mexanizm yaratmaq lazımdır ki, hökumət məmurları özlərini sözün həqiqi mənasında xalqa xidmətçi bilsinlər, işləsinlər, onlara təyin olunan qədər zəhmət çəkib öz vəzifələrini yerinə yetirsinlər və səhlənkarlıq baş verməsin.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni və İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə