«Badi» (ﺍﻟﺑﺎﺪﻱ) – «aşkar» qulun halına uyğun olaraq zamanında onun qəlbinə aşkarlanandır, açıq Haqq aşkarlananda Haqdan qeyri olan hər bir aşkar məhv olur. İbrahim Xəvvas da: «Açıq Haqq aşkarlananda bütün açıqlananlar itər», – deyir.
«Varid» (ﺍﻟﻭﺍﺭﺪ) aşkardan (badidən) sonra qəlblərə varid olan və onları bürüyəndir. Variddə əməl var, aşkarda isə əməl yoxdur, çünki aşkarlar varidlərin başlanğıcıdır. Zu‘n-Nun deyir: «Haqqın varidi gəlib ürəkləri titrədir».
«Xatir» (ﺍﻟﺧﺎﻂﺭ) – «düşüncə» başlanğıcı olmayan sirlərin oyanmasıdır. Qəlbə bir şey gələrsə, sabit qalmaz, özü kimi başqa bir xatirlə itirilər.
«Vaqe» (ﺍﻟﻭﺍﻗﻊ) – «gerçək»isə sabit olur, başqa bir vaqe ilə yox olmur. Əbu Tayyib Şirazinin belə dediyini eşitdim: «Şeyxlərimizdən birindən bir məsələni soruşdum və mənə: «Arzu edirəm cavabı vaqe olsun», – cavabını verdi». Cüneyd Xeyr ən-Nəssacın yanına gələndə deyir: «Elə birinci xatirdən niyə çıxmadın?» Bu, o deməkdir ki, Xeyr ən-Nəssacın ürəyinə gəlir ki, Cüneyd onun qapısının ağzındadır, amma bu xatirini dönə-dönə yoxlayandan sonra qapıya çıxır və Cüneyd ona belə deyir. Deyirlər ki, doğru xatir birinci olandır, yəni ilk xatirinə gələndir. Xatirin mənası həmçinin onun sirlərdə zühur etməsində qulun bir münasibətinin olmamasıdır. Xatir eyni zamanda sirləri qavraya bilən bir gücdür.