2.Psixoloji-pedaqoji testləşdirmə. Psixoloji-pedaqoji tədqiqatın aparılmasında testlərə xüsusi tələblər verilir. Psixoloji-pedaqoji testlər hər şeydən əvvəl həm etibarlı, həm də əlverişli olmalıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına uyğunlaşdırılmalıdır. Həmçinin, testləşdirmə ciddi nəzarət tələb edir. Belə nəzarət kifayət qədər obyektiv nəticələrin alınmasına xidmət edir. Testləşdirmə müəyyən qabiliyyətlərin, vərdişlərin, bacarıqların olmasını və ya olmamasını aşkar etməyə, şəxsiyyətin bəzi keyfiyyətlərini daha dəqiq xarakterizə etməyə imkan verir.
Pedaqoji psixologiyada istifadə olunan metodları aşağıdakı şəkildə qruplaşdırmaq olar.
1. Təşkiledici metodlar
2.Prosedur metodlar
3. Qiymətləndirici metodlar
4. Faktların toplanması və işlənməsi ilə bağlı metodlar.
Təşkiledici metodlara məqsəd, məzmun, aparılan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq aiddir.
Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın, eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir.
Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-pedoqoji qiymətləndirilməsi yolları daxildir.
Faktların toplanması və işlənməsi ilə bağlı metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə müvafiq psixoloji-pedaqoji nəticələr və tövsiyələr irəli sürmək mümkün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olar. Bu metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar.
Psixoloji məsləhətadi söhbət şəklində şagirdlə, onun valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan adamlarla aparıla bilər. Burada əsas məqsəd müəyyən çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir.