ÜMUMTƏHSIL MƏKTƏBLƏRINDƏ TƏHSILIN KEYFIYYƏTININ
YÜKSƏLDILMƏSINDƏ PEDAQOJI MONITORINQ VƏ QIYMƏTLƏNDIRMƏLƏRIN ROLU
Nəbi M.Mahmudov
fizika-riyaziyyat elmləri namizədi
Məqalədə ümumtəhsil məktəblərində pedaqoji monitorinq və qiymətləndirmənin mahiyyəti açıqlanır və təhsilin keyfiyyətinin yüksəldilməsində onların rolu araşdırılır.
Bütün zamanlarda təhsilalanların təhsil alma, təhsilverənlərin təhsil vermə, təhsili idarəetmə orqanlarının idarə etmə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması insanları düşündürmüş, xüsusilə Liderlərin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikirləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Ölkə Başçısı İlham Əliyevin müvafiq Sərəncam və proqram xarakterli çıxışlarında, həmçinin dövlət və hökumət səviyyəsində təhsillə bağlı qəbul edilmiş müvafiq normativ hüquqi sənədlərdə – “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda iqtisadiyyatı sürətlə inkişaf edən, orta gəlirli ölkələr arasında yer tutan respublikamızın təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi ön plana çəkilir, təhsil sahəsində müəyyən olunmuş hədəflərə çatmaq və müvəffəqiyyət əldə etmək üçün təhsilin məzmununun yaxşılaşdırılmasına, təhsilalanlara keyfiyyətli təhsil verilməsinə, dünyanın inkişaf etmiş ölkələrinin standartlarına cavab verən səriştəli mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaq zəruri tələb kimi qarşıya qoyulur, müxtəlif icmaların və ictimaiyyətin bu işə cəlb olunması məqsədəuyğun hesab edilir.
2008/09-cu tədris ilindən ölkəmizin ümumtəhsil məktəblərində yeni təhsil proqramları (kurikulumları) əsasında yazılmış dərsliklərdən istifadə olunmasına başlanması yeni qiymətləndirmə sisteminin tətbiq edilməsini, bu isə monitorinq və qiymətləndirmələrin aparılmasını qaçılmaz etmişdir. Bunlar məktəbin öz təhsil hədəflərinə çatmasına, vəzifələrini həyata keçirməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyindən təhsili idarəedənlərin və təhsilverənlərin təlim/tədris prosesinə daxil olan monitorinq, qiymətləndirmə və təhsilin keyfiyyəti anlayışları ilə yaxından tanış olmalarını (mahiyyətini anlamalarını) vacib hesab edirik. Biz təlim prosesinin tərkib hissələrini (təlimin məzmunu, təlim strategiyaları, öyrədici mühit və qiymətləndirmə) nəzərdən keçirdikdə onun əsas elementlərindən biri kimi qiymətləndirmənin daha çox diqqəti cəlb etdiyini görürük. Təhsil müəssisələrində qiymətləndirmə bilavasitə monitorinqlə əlaqəli həyata keçirilir. Təhsilin keyfiyyəti isə aparılan monitorinq və qiymətləndirmələrlə tənzimlənir. Bu anlayışları ardıcıl şərh etməyə çalışaq.
Dostları ilə paylaş: |