MƏSƏLƏNİN SURƏT BARƏDƏ TƏSƏVVÜR ƏLDƏ ETMƏK YOLU
İnsan zehnində məsələnin surətinni yaranması üçün əsas üç amil tə`sirlidir:
1.Fitri qavrayış;
2.Problemlər, çətinliklər;
3.Müəllimlər və peyğəmbərlər.
Bə`zi insanlarda “haradan gəlmişəm və hara gedirəm” sualı müəyyən zehni inkişaf həddinə çatdıqdan sonra fitri şəkildə yaranır. Elə insanlar da var ki, həmin sual onların zehnində yalnız çətinliklərlə qarşılaşdıqları zaman əmələ gəlir. Amma başqa bir qrup insan yalnız müəllimin tə`siri ilə uyğun sual ətrafında düşünürlər. Qur`ani-kərimdə hər üç hala uyğun nümunələr vardır.
Həzrət İbrahim (ə) birinci qrup şəxslərdəndir və bu məsələyə fitri surətdə üz tutmuşdur. O, səmaya nəzər salarkən varlıq aləminin yaradanı barədə düşünərdi. Həzrət (ə) düşünərdi ki, gün, ay, ulduz dünyanı necə yarada bilər? Həmin hal bə`zən körpə uşaqlarda da müşahidə olunur. Bə`zən körpələrdən “dünyanı kim yaradıb?” kimi suallar eşidirik.
Bə`zi insanlar yalnız çətinliklə üzləşdikləri zaman yaranış barəsində fikirləşirlər. “Ənkəbut” surəsinin 65-ci ayəsində buyurulur: “Onlar gəmiyə mindikləri zaman səmimi qəlblə Allahı çağırır, elə ki, quruya çıxdılar, yenidən Allaha şərik qoşurlar.”
Qur`ani-kərimdə iki yerdə vurğulanır ki, peyğəmbərlər göndərilən zaman xalq çətinliyə salındı. Bu çətinlikdə məqsəd onların diqqətini Allaha yönəltmək idi. “Ən`am” surəsinin 42-ci ayəsində buyurulur: “Səndən qabaqkı ümmətlərə peyğəmbərlər göndərdiyimiz zaman o ümmətləri çətinliyə saldıq ki, bəlkə yalvarıb-yaxaralar.” “Ə`raf” surəsinin 94-cü ayəsində oxuyuruq: “Biz hansı ölkəyə peyğəmbər göndər-diksə, onun əhalisini sıxıntıya saldıq ki, bəlkə yalvarıb-yaxaralar.” Çətinlik insanın yatmış fitrətini oyadır. Sıxıntıya düşmüş insan yardım axtardığı zaman Allah haqqında düşünməyə başlayır. Ətrafındakılardan ümidi üzülmüş insanın diqqəti Allaha yönəlir.
Nə fitri yolla, nə də çətinliklər vasitəsi ilə diqqəti ilahi həqiqətlərə yönəlməyən şəxs müəllim və peyğəmbərlərə ehtiyaclıdır. “Nəhcül-bəlağə”də peyğəmbərlərin göndərilməsinin səbəbi insanların yatmış fitrəti olması qeyd olunur: “Allah Öz peyğəmbərini onlara göndərdi ki, Allaha verdikləri fitri və`di tələb etsin və unudulmuş ne`mətləri xatırlatsın.” Hər bir insanın Allahla fitri bir əhdi vardır. İnsan bu əhdi unutduğundan xatırlatmağa ehtiyacı var. Qur`an buyurur ki, peyğəmbərlərin işi “təzəkkür”, yə`ni xatırlatmaqdır. “Təlaq” surəsində İslam peyğəmbəri haqqında buyurulur: “Həqiqətən Allah sizin üçün xatırladan kəs göndərmişdir.” Həmin ayədə “rəsul” kəlməsi “zikr” sözü ilə ifadə olunmuşdur. Bə`zi ayələrdə Qur`anın özü də zikr adlandırılır: “Həqiqətən, Allah sizə zikri nazil etmişir.”1 Bə`zən digər səmavi kitablar da zikr hesab olunur. Hər halda, peyğəmbərlər və səmavi kitablar ona görə zikr adlandırılır ki, onların işi insanların fitri yaddaşlarını oyatmaqla onları qəflətdən qurta-rıb agah etməkdir.
Deməli, insanın təkamül hərəkətinə başlaması üçün onun qəflətdən çıxması lazımdır. Qəflət-dən çıxmaq üçünsə zehndə növbəti suallar yaranmalıdır: Sənin yaradanın yoxdurmu? Qiyamət olmayacaqmı? Sorğu-sual yoxdurmu? Beləcə, Qur`an və peyğəmbər zehnlərdə müəyyən suallar doğururlar: “Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və Bizim hüzurumuza qayıtmaya-caqsınız?”2 Özünə bu cür suallar verməyənlər tamamilə Allah, peyğəmbər və axirətdən qəflətdə-dirlər. Bəli, özünü yalnız cismdən və bu cismə qulluq etməkdən ibarət bilənlər var. Onları dünya həyatından başqa heç nə düşündürmür. Bu insanları qəflət yuxusundan oyatmaq üçün onlara agahlıq verilməlidir. Peyğəmbərlər zehnlərdə suallar doğurur və bu suallara cavab verirlər.
Dostları ilə paylaş: |