PEYĞƏMBƏR (S) İLAHİ ƏZƏMƏTİ ƏTTAR ZEYNƏBƏ NECƏ ANLADIRDI
Haqqında danışacağımız hədis “Kafi” kitabında nəql olunmuşdur. Hədisə görə Mədinə-də Zeynəb adlı bir ətir satan (əttarə) qadın var idi. Bu qadın tez–tez Peyğəmbərin (s) evinə gələr, Peyğəmbər (s) və onun arvadları Zeynəbdən ətir alardılar. Bir gün Peyğəmbər (s) otağa daxil olarkən güclü ətir qoxusu duydu. Anladı ki, Zeynəb onlara qonaqdır. Zeynəb Həzrəti Peyğəmbəri (s) görüb salamlaşdıqdan sonra belə ərz etdi: “Ey Allahın Rəsulu bu gün ətir satmağa yox sual verməyə gəlmişəm. Allahın əzəmətini necə dərk edim?” Həzrət Peyğəmbər (s) buyurdu: “Allahın əzəmətini dərk etmək üçün Onun yaratdıqlarının əzəməti barədə düşün”.
Bəli, hədisdən göründüyü kimi İslam Peyğəmbəri (s) mə`nəvi keyfiyyətin dərki üçün maddi məfhumlardan istifadə etməyə çağırır. Zeynəb mə`rifət yolunda ilk addımlarını atır və hələ ki, qəlb gözü ilə görməkdə acizdir. Bu qadını zehnində yalnız maddi məfhumlar mövcuddur. Ona görə də bu qəbildən olan insanlar yalnız maddi məfhumlardan istifadə etməklə ilahi əzəməti təsəvvür edə bilərlər. Bə`zilərimiz hətta maddi əzəməti də lazımınca dərk edə bilmirik məsələn, bir dağın böyüklüyünü təsəvvür etmək üçün təyyarədən baxmaq lazım gəlir. Bu baxışda da nöqsan var. Çünki bir şeydən uzaqlaşdıqca həmin şey insanın nəzərində kiçilir. Ümumiyyətlə hər hansı bir şeyi həqiqi ölçüsündə görmək mümkün deyil. İnsan bir şeyi tam görmək üçün kənara çəkilir. Kənara çəkildikdə isə ölçülər kiçilir.
Hiss və xəyal yolu ilə dərketmədən sonra növbə əql yolu ilə dərketməyə çatır. Hiss və xəyala sığmayan böyük şeylər əqlin ixtiyarında qalır. Məhz bu məqamda meydan müqayisəyə verilir. Məsələn, təsəvvürə sığmayan bir şeyi bəyan etmək üçün onu təsəvvürümüzdəki məfhumla müqayisə edir və deyirik: “Filan şey filan şeydən min dəfə böyükdür”. Amma bu yol da məsələni tam həll etmir. Çünki müqayisə zamanı elə bir rəqəm alına bilər ki, bu rəqəm təsəvvürümüzə sığmaz. Demək, insan hətta maddi əzəmətləri olduğu kimi dərk edə bilmir. Bununla belə, mə`nəvi əzəmətləri dərk etmək üçün maddi məfhumlardan istifadə etməkdən başqa çıxış yolu yoxdur. Elə buna görə də İslam Peyğəmbəri (s) Zeynəbin diqqətini Allahın yaratdıqlarına yönəldir. Əgər sizdən soruşsalar ki, bir damala su ilə okean arasında nə qədər fərq var, əlbəttə ki, dəqiq cavab verə bilməzsiniz. Amma deyə bilərsiniz ki, okean damladan çox–çox böyükdür. Həzrət Peyğəmbər (s) ilahi əzəməti Zeynəbə anlatmaq üçün belə buyurur: “Bu yer kürəsi nə qədər böyük olsa da, onu əhatə edən aləmlə müqayisə də səhraya düşmüş üzük qədər kiçikdir”. Sonra Həzrət (s) belə buyurur: “Yer kürəsi onu əhatə edən aləmlə birlikdə birinci səmadan, birinci səma ikinci səmadan, bu qayda ilə altıncı səma yeddinci səmadan eyni qədər (səhrada itmiş üzük qədər) kiçikdir”.
Dostları ilə paylaş: |