3. Dünya təsərrüfatının inkişafının əsas göstəriciləri
Aydındır ki, dünya təsərrüfatının yaranması ilə bu anlayışı əks etdirən iqtisadi kateqoriyalar, göstəricilər də yaranır. Bu göstəricilər dünya iqtisadiyyatının inkişaf dinamikasını və vəziyyətini xarakterizə edir.
1.Dünya üzrə ümumi məhsul – D.Ü.Ü.M. Bu göstərici müəyyən dövrdə bütün dünya ölkələrində istehsal olunan son məhsul və xidmətlərin ümumi həcmini əks etdirir.
2.Ayrıca götürülmüş hər bir ölkədə ümumdaxili məhsul – ÜDM. Bu göstərici milli hesab sistemi ilə hesablanır və hər bir milli təsərrüfatın daxili və xarici bölməsinin əsas makroiqtisadi əlaqələrini əks etdirir.
ÜDM 3 metodla hesablanır:1. gəlirlərə görə, 2.xərclər üzrə; 3. əlavə dəyər vergisi metodu.
Əsas makroiqisadi göstəricilərdən biri də ümummilli məhsul anlayışıdır. ÜMM ÜDM-dan fərqli olaraq ancaq ölkə daxilində deyil ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul olanların əmək haqqını, faizləri, dividentləri əks etdirir.
ÜDM – milli hesablama sistemi ilə hesablanır. DÜÜM isə vahid valyuta – ABŞ dolları ilə hesablanır.
4. Dünya təsərrüfatının formalaşması və onun inkişaf dövrləri
XVI-XVIII əsrlərdəki sənaye çevrilişinədək müstəmləkəçilik siyasətində yerli sərvətləri, işçi qüvvəsini talan etmək, qeyri ekvivalent mübadiləyə üstünlük vermək halları daha əsas götürülürdü.
XIX əsrin axırlarınadək xalis merkantilist ənənəsi üstünlük təşkil edirdi.
Maşınlı sənayenin inkişafı ilə tədricən müstəmləkəçilər müstəmləkə ərazilərini öz əmtəələrinin satış bazarına çevirmişlər.
XIX əsrin ortalarından Avropa ölkələrindən olan kapital ixracı daha da genişlənməyə başlamışdı. Bütün ixrac olunan vəsaitin yarıdan çoxu şimal ölkələrinə, yarısı isə Asiya, Latın Amrikası, və Afrika ölkələrinə göndərildi.
XIX əsrin axırlarında iqtisadi inkişaf dünya miqyasında sürətlə artırdı. Qərb ölkələrində elm və texnikanın yüksəlişi məhsuldar qüvvələrdə xeyli dəyişiklik yaradırdı.
Müasir dünya təsərrüfatı sistemi daha çox sənaye çevrilişləri ilə xarakterizə edilir. Bir çox iqtisadçılar dünya təsərrüfatının inkişafında XX əsrin özünü də müəyyən dövrlərə ayırırlar.Bunlar aşağıdakılardır:
1.1920-1930-cu illər. Həmin dövrdə dünya təsərrüfatında böhranlar müşahidə olunmuşdu.Milli iqtisadiyyatlar əsasən hərbiləşdirməyə yönəldilirdi. Bu dövrdə iqtisadi böhranlar nəticəsində inkişaf etmiş sənaye ölkələrində istehsalın həcmi 18% azalmışdır.
2. İkinci dünya müharibəsindən sonra dünya sosialist təsərrüfat sistemi yarandı.II Dünya müharibəsi illərində ABŞ Qərbi Avropanın dirçəlməsinə kömək edirdi. Marşal planı deyilən plan hazırlandı. Bu planın həyata keçirilməsində 17 dövlət iştirak edirdi. 1951-ci ildə bu planı dəyişərək “təhlükəsizliyin qarşılıqlı təmin edilməsi” adlandırmışlar.
3.1950-1980-cı illərdə ABŞ və digər sənaye ölkələrinin iqtisadi inkişaf səviyyəsində yaxınlaşma müşahidə olunmağa başlamışdır.1955-ci ildə sənayecə inkişaf etmiş altı ölkənin ümumdaxili məhsulu ABŞ-ın ÜDM-nun 74%-nə, 1970-ci ildə isə 114%-nə bərabər olmuşdur.
4. XX əsrin son onilliklərini dünya təsərrüfatının inkişafında yeni dövr hesab etmək olar. Həmin dövrdə Şərqi Avropa ölkələri və keçmiş Sovet İttifaqının sosial quruluşunda köklü dəyişikliklər baş vermişdir.
5. İqtisadi inteqrasiyanın obyektiv əsasları və mərhələləri
Milli təsərrüfatların iqtisadi əlaqələrinin və əmək bölgüsünün inkişafında inteqrasiya obyektiv zəruri bir prosesdir.İnteqrasiya yolu ilə xarici iqtisadi mübadilədən tutmuş istehsal dairəsi də daxil olmaqla milli təsərrüfatların yaxından qovuşması ilə ərazilər üzrə təsərrüfat proseslərinin əmələ gəlməsinə imkan yaranır. Beynəlxalq iqtisadi inteqrasiya ərazi üzrə yaranır və bir neçə formada təzahür edir. Inkişaf etmiş sənaye ölkələrində bu proses dövlətlərarası və mikro səviyyədə olan müəssələrarası səviyyədə yaranır.
1.İqtisadi inteqrasiyanın ən sadə forması “azad ticarət zonası” hesab olunur.
2.İqtisadi inteqrasiyanın ikinci forması “gömrük ittifaqı” hesab olunur.
3.İqtisadi inteqrasiyanın üçüncü nisbətən mürəkkəb forması olan “ümumi bazar” yaranır.
4.Dövlətlərarası iqtisadi inteqrasiyanın daha mürəkkəb forması olan “İqtisadi və valyuta ittifaqı” yuxarıdakı formaların bütün cəhətlərilə yanaşı ümumi iqtisadi və valyuta-maliyyə siyasətinə keçirilməsini nəzərdə tutur.
Beynəlxalq inteqrasiyanın bu kimi sahələrinin gələcək inkişafı ola bilər ki, siyasi ittifaqlara da çevrilsin. İqtisadi inteqrasiya bu intaqrasiyaya daxil olan hər bir tərəf üçün aşağıdakı əlverişli şəraitləri yaradır:
1. İnteqrasiya əməkdaşlığı hər bir təsərrüfat subyektinə imkan verir ki, maliyyə, material, əmək, yeni texnologiya və bu kimi ehtiyatların inteqrasiya ərazisi çərçivəsində hərəkətinə şərait yaransın.
2. Ərazi çərçivəsində ölkələrin iqtisadi yaxınlaşması hər bir birliyin müəssisələrinin üçüncü ölkələrin müəssisələrinin rəqabətindən qorunmasına kömək edir.
3. İnteqrasiya əlaqələri onların iştirakçılarına imkan verir ki, daha zəruri sosial məsələləri həll edə bilsin.
Beləliklə, dünya təsərrüfatında ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının yaxınlaşması və bir-birinə qovuşması prosesi vahid təsərrüfat orqanizmin yaranmasına yol açır ki, bu da inteqrasiya adlanır.
İnteqrasiya təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən yüksək təzahür formasıdır.
Dostları ilə paylaş: |