Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,44 Mb.
səhifə2/15
tarix30.04.2018
ölçüsü1,44 Mb.
#49527
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

E.Ə.III-I minilliklərdə ölkənin iqtisadiyyatında əkinçilik və maldarlıq daha böyük rol oynamışdır. Bu dövrdə dulusçuluq, metalişləmə, toxuculuq, daşişləmə vəs. sənət sahəsi xeyli inkişaf etmişdir.

Tunc dövründə ana nəsli ata nəsli ilə (patrixal) əvəz edilməyə başlayır. Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.

Erkən tunc dövründə məhsuldar qüvvələrin inkişafı nəticəsində birinci böyük ictimai əmək bölgüsü -əkinçiliyin maldarlıqdan ayrılması prosesi baş vermişdir. Orta tunc dövründə II Ictimai əmək bölgüsünün baş verməsi ibtidai- icma qurluşunun gələcək tənəzzülü prosesinin sürətlənməsinə səbəb oldu.

Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır. Son tunc dövründə III Ictimai əmək bölgüsü baş verdi Tacir sənətkar qrupundan ayrıldı. Təsərrufat tayfalarının ümumi mülkiyyətdən ayrı-ayrı ailə başçılarının mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar. Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.

E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına, torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar asdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.

İbtidai-icma qurluşunda məsuldar qüvvələr ləng də olsa inkişaf etməkdə idi. Daş alətlərdən metal alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu. Tədricən insan əməyinin tətbiq olunduğu sahələr genişlənir, insanların yeni peşə sahələri meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün şərait yaranırdı.

İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyyətlər yetişməkdə idi. istehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı. Tayfa ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir, ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.

Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai mülkiyyətə qarşı qoyulmasına, ailələrin bir hissəsinin varlanmasına, digər hissəsinin isə yoxsullaş-masına səbəb olundu. Meydana çıxan icma əyanları qalan icmaçıları özləri üçün işləmə-yə məcbur edirdilər.

Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa ittifaqlarının başında dururdular.

Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb oldu. İstehsal münasibətlərinin məhsuldar qüvvələrinin xarakterinə uyğun gəlməməsi onlar arasında mübarizəyə səbəb olmuş yeni istehsal münasibətlərinin yaranmasını labüd etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.

Beləliklə, e.ə II minilliyin sonu e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq ilk sinifli cəmiyyət yaranmışdır və İbtidai icma qurulusu dağılmışdı. İnsanın insan tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına başlanmışdır.

II Mövzu:

Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim dövlətlər.
P l a n :
1. Miladdan qabaq III-II minillkilərdə Azərbaycanın etnosiyasi

xəritəsi.

2. İlk Azərbaycan dövlətləri :Aratta, Lillubium və Kutium

dövlətləri.

3. Manna və Atropatena quldar dövlətləri və onların ictimai –

siyasi quruluşu.

4. Qafqaz Albaniyası : sərhədləri etnik tərkibi ,vilayətləri və

təsərrüfatı.



Ədəbiyyat:

1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,2008,səh.166-414.

2. Azərbaycan tarixi .Bakı,1994, səh.73-169.

3. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı,1998,səh.1-11.

4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.

5. Fazili A. A. Atropatena e.ə.IV-bizim eranın VII əsri. B.1992.

6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı. Elm,1986.

E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Bu dövrdə sosial təbəqələşmə və əmlak təbəqələşməsi prosesi xeyli dərinləşmişdi.

E.ə. I minilliyin əvvəlində Urmiyaboyu rayonda fərqləndirici əlamət daha qəbilə-tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə bərabər, nisbətən iri siyasi qurumların da yaranması idi.

Aşşurlular Urmiyaboyu rayonun bəzi vilayətlərinin hökmdarlarını bel älänu-dan ("məskən hakimləri"ndən) fərqli olaraq sarrani, yəni "çarlar" adlandırırlar. Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu (kassit) dilində "çar" deməkdir.

Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisinin özündə aşşurlularla mübarizə aparan bir neçə "çarlıq" var idi, burada ayrı-ayrı "çarlıq"ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər.

Həmin birləşmələrin meydana gəlməsi müəyyən dərəcədə xarici təhlükə ilə bağlı idi.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayırdılar.

E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstərirlər. Onlar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfalarını etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.

Mannalardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.

Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.

Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.

Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur

Aratta dövləti ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr və məlumatlar bir neçə şumer dastanında əks olunmuşdur. Onlar aşağıdakılardır:



  1. En-Merkar və Aratta hökmdarı

  2. En-Merkar və En-Sukuşsiranna

  3. En-Merkar və Luqalbanda

  4. Luqalbanda və Hurrum dağı

Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Dastanlara görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyır. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir.

Arattada mövud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. 

Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlaqə qasid vasitəsi ilə həyata keçirilirdi. Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Arattada çoxallahlılıq (politeizm), yəni müxtəlif tanrı və tanrıçalara (ilahələrə) sitayiş mövud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqbil adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. İlahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. 

E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır. Lullubum padşahlığında xırda hökmdarların hakimiyyəti mövcud imiş. Lullubum hökmdarı İmmaşqun (e. ə. 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubum dövlətinə tabe etdi. Qaynaqlarda o, "İmmaşqun, Lullu (bum) ölkəsinin padşahlar padşahı" adlandırılır. Beləliklə, e. ə. XXIII əsrdə Urmiya gölünün cənubunda İkiçayarası Akkad dövləti ilə rəqabət aparan güclü Lullubum dövləti yaranır. Bu dövlətin qüdrəti hökmdar Anubanininin (e. ə. 2170-2150-ci illər) dövründə daha da artır. Məlumdur ki, Anubanini yazılarını mixi işarələr ilə tərtib etdirirdi. Mixi yazı sistemi buranın əhalisinə hakim dairələrinə hələ Aratta dövründən tanış idi. Anubanininin siyasi nailiyyətləri daş plitəsi üzərində həkk olunurdu. Onun "Daş sütunu" abidəsində qeyd edilir: "Anubanini, qüdrətli hökmdar, Lullubum hökmdarı, öz təsvirimi və İştar ilahəsinin təsvirini Batir dağında qoydurdum". Bu abidə Diyala çayının orta axarında, Kirmanşaha gedən yol üzərində, Zohab şəhəri yaxınlığında Saripul adlanan yerdə aşkar edilmişdir. Bu fakta əsasən, demək olar ki, lullubilərin hakimiyyəti cənubda Diyala çayının orta axarınadək gəlib çatırdı. Anubanini, eyni zamanda, cənubda Fars körfəzinə qədərki ərazini iddia edirdi, şimalda isə onun dövlətinin hüdudları Urmiya gölünədək çatırdı. Ola bilsin ki, Urmiya gölü hövzəsindəki digər torpaqlar da ona tabe edilmişdi.

Lullubum dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər şimali İkiçayarasının Qasur şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla dəyişirdilər. Aratta dövründə olduğu kimi, lullubi dağ sakinlərinin də taxıla ehtiyacı var idi. Onlar maldarlıq ilə yanaşı, dəmyə əkinçiliyi ilə də məşğul olurdular.

Lullubilər də, Aratta dövründə olduğu kimi, İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Burada akkad dilini bilən mirzələr və akkad qələbə abidələri hazırlama ənənəsinə uyğun abidələr yaradan ustalar vardı. Anubanininin "Daş sütunu" İkiçayarası nümunələrinə əsasən, lullubi ustaları tərəfindən yonulmuşdu.

Lullubilər səma, bərəkət və məhəbbət, ay, günəş və s. allahlara sitayiş edirdilər. Təəssüf ki, bu allahların lullubi dilində adları qalmamışdır. Anubanininin "Daş sütunu"nda bu allahların akkad adları çəkilmişdir. Anum (Səma allahı), İştar (Bərəkət və məhəbbət ilahəsi), Sin (Ay allahı), Şamaş (Günəş allahı) və s. "Daş sütun" abidəsində səma allahı Anunun adı birinci çəkilir. Bu da onu göstərir ki, lullubi cəmiyyətində ata nəsli hüququ artıq üstünlük təşkil edirdi.

E. ə. II minillikdə vahid Lullubum dövləti parçalanır və yerində xırda hakimiyyətlər yaranır.

Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə və cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş verən hadisələrə qarışır və Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər. E. ə. XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:



  • şumerlərin və akkadların idarə sistemi saxlanıldı;

  • Canişinlik sistemi saxlanıldı;

  • şəhərlərarası toqquşmalara son qoyuldu;

  • Sökülmüş məbədlər bərpa edildi;

  • Ənənəvi məbəd tikintisi davam etdirildi;

  • Ticarət yollarında əmin-amanlıq yarandı.

E. ə. XXII əsrin sonunda Uruk şəhəri Kuti hökmdarı Tirikana qarşı qiyam qaldırdı.Qiyam nəticəsində Mesopotamiyada Kuti ağalığına son qoyuldu və e.ə. III minilliyin sonunda Kuti dövlət qurumu süqut etdi.

E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.Bu dövlət Manna adlanır.Manna e.ə. III—II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, hurri tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.

Manna çarlığının yerləşdiyi torpaqlarda yaşayanlar hələ ən qədim zamanlarda Mesopotamiya vilayətləri ilə mədəni-iqtisadi və siyasi münasibətlərə girmişdilər.Həmin ərazidə yaşayan tayfalarda ibtidai icma quruluşunun süqutunun sürətlənməsində bunun, şübhəsiz, böyük əhəmiyyəti vardı.

Mannanın adı mixi yazıda ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın kitabəsində ("Munna" formasında) çəkilmişdir. Adətən Aşşurlular Mannanı "Mannalılar (tayfasının) ölkəsi", urartulular isə " Mana ölkəsi" adlandırırdılar. Aşşur məlumatlarına görə, Manna çarlığı qədimdə Lullubum adlanmış böyük Zamua vilayətinin bir hissəsi olan Daxili Zamuanın ərazisində meydana gəlmişdi. Güman ki, Zamua etnik termindir - iri lullubi tayfalarından birinin adıdır

İki təhlükə: bir tərəfdən möhkəmlənmiş Aşşur dövlətinin, digər tərəfdən də çox keçmədən Urartu dövlətinin törətdiyi təhlükə bu vilayətlərdə Manna tayfalarının siyasi cəhətdən birləşməsinə güclü təkan verdi.

Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. İranzu:


  • Mərkəzləşmə siyasəti aparırdı;

  • Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;

  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;

  • Ölkədə canişinlik sistemi yaratdı;

  • Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;

  • Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);

  • Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi;

  • Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;

  • İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;

Azanın dövrü (e.ə. 718 - e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı öldürdülər. Hakimiyyətə Ullusunu (e.ə. 716 - e.ə. 680) gəldi və Urartu ilə ittifaqa girdi. Bundan qəzəblənən Assuriya hökmdarı II Sarqon e. ə. 716-cı ildə Mannaya hücum edərək Ullusununu özünə tabe etdi.

E. ə. 715-ci ildə II Sarqon tərəfindən qiyamçı Dayaukku və I Rusa məğlub edildi. Bu qələbədən istifadə edən Manna Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı. II Sarqon e. ə. 714-cü ildə Manna, Midiya və başqa ərazilərə yürüşə çıxdı. Yürüşün əsas məqsədləri:



  • Mannanı tamamilə Urartu təcavüzündən xilas etmək;

  • Mannada Assuriyanın mövqeyini gücləndirmək;

  • Mannadan Assuriya xəzinəsinə göndərilən xəracın vaxtlı - vaxtında gəlməsini təmin etmək.

Ahşerinin dövrü (e. ə. 675 - e. ə. 650)- Müstəqil xarici siyasət yeridən Ahşerinin Assuriya ilə müttəfiqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və Izirtu şəhərini dağıtdı. Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. Hakimiyyətə gələn Ualli (e.ə. 650 - e.ə. 630) Assuriya ilə ittifaqı yenidən bərpa etdi. Uallidən sonra hakimiyyətə gələn hökmdarlar da Assuriya ilə ittifaqa sadiq qaldılar. E.ə. 616-cı ildə Assuriya Midiya və Yeni Babilistan tərəfindən hücuma məruz qaldığı zaman Manna Assuriya ilə müttəfiqlik əlaqəsinə sadiq qaldı. Assuriyanın varlığına son qoyulmasından sonra Manna da öz müstəqiliyini qoruyub saxlaya bilmədi və e.ə. 590-cı ildə Midiyaya birləşdirildi.

Dövlət idarəçiliyi-Manna dövlətini qeyri-məhdud hakimiyyətə malik olan hökmdar idarə edirdi. Manna mərkəzləşmiş quldar dövlət idi və ölkənin vilayətləri canişinlər tərəfindən idarə olunurdu. Mannada dövlətin idarə olunmasında “ağsaqqallar şurası” da mühüm yer tuturdu. Lakin “ağsaqqallar şurası” hökmdardan asılı idi.

Manna mədəniyyətinə aiddir:


  • Həsənlidə tapılmış “qızıl cam” (camın üzərində günəş, ay və külək-yağış allahları təsvir edilmişdi);

  • Ziviyədə tapılan və üzərində heroqlif yazılar olan gümüş sini;

  • Qrifonlar (qrifon-şir bədənli, qartal qanadlı şir və ya qartal başlı əfsanəvi heyvan);

  • Sfinks (sfinks - şir bədənli, insan başlı əfsanəvi varlıq);

  • Heroqlif yazılardan istifadə;

  • Ritonlar (gümüş qədəh);

  • Yazılı abidə (II Sarqonun şərəfinə qoyulmuş).

E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.Midiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX - e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.
E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi. Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü)(e.ə653-625).

Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.

Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək ilk Egey dənizi sahillərində yerləşən Lidiya ərazilərini tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın sərhədləri Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.

Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq (e.ə. 585-550) gəldi. Astiaqın hakimiyyəti illərində:



  • Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;

  • Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;

  • Dövlətlə əyanların ziddiyyətləri artdı;

  • Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;

  • Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sazişə girdi.

E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı. Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi.

Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə qarşı döyüşdə öldürülür.

Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.

Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vilayəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridirdi.

E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328 –ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı təyin olunur.

Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.

E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət göstərir.  B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur.

Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından biridir. İran mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair formalarda əks olunmuşdur.

Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Atropatenanın , onun siyasi və mədəni həyatı haqqında məlumatlar, Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər həyatının və mədəniyyətinin inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf etmşdi. Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər.

B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər. Hətta Artabozan hücuma keçərkən düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi. E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)

Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.

E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili müstəqilliyini qoruyub saxlayırdı.

Atropatenada Zərdüşt dini hakim olmuşdur.(Zərdüşt peyğəmbərin adı ilə bağlıdır).Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır.Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir.

Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı.Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir.Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur.II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çoxmüxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.

Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton (yunanca autochton-yerli) etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də, subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də, erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən - qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi

Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.

Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.

Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi əvvəlcə Ermənistan ərazilərinə soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində ) şəhərini mühasirəyə aldılar. Lakin alban qoşunlarının köməyə gəlməsi ilə Roma qoşunları geri çəkildi. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma qoşunları hücum edərkən II Tiqranı darmadağın edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.

Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara alır.

Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yoxlayanda və romalılar Saturnalı bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər.E.ə. 66-cı ildə İberuya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalarda da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.

E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox qala bilməyib geri qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə çevrilmişdi.

Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.

Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə imperator Domisianın dövründə romalılar hücum edərək xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu."

Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər.



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin