BiRİNCİ HİSSƏ



Yüklə 454,05 Kb.
səhifə1/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
  1   2   3   4   5   6   7   8   9   ...   51

SOSİOLOGİYA ELM KİMİ

1.1. Sosiologiyanın predmeti və tədqiqat sahəsi

Sosiologiya anlayışı XIX əsrin 30-cu illərində fransız filosofu Ogüst Kont tərəfindən elmə daxil edilmişdir. Sosiologiyanın bir elm kimi yaranmasını da adətən formal olaraq onun adı ilə bağlayırlar.

Bununla bərabər sosioloji problemlər bəşəriyyət yarandığı vaxtdan bəri mövcuddur. Buna görə də heç də təəccüblü deyildir ki, qədim dünyanın görkəmli filosofları Sokratın, Platonun, Aristotelin əsərlərində də, orta əsr mütəfəkkiri İbn Xəldunun yazılarında da, daha sonrakı dövrlərin alimləri Montenin, Paskalın, Laroşfukonun, Hobssun və digərlərinin kitablarında da biz sosioloji məzmun daşıyan dəyərli ideya və fikirlərə rast gəlirik.

"Sosiologiya" istilahının özü latınca "Sosietas" (cəmiyyət) və yunanca "λογοζ" (söz, təlim) sözlərindən əmələ gəlmiş və hərfən cəmiyyət haqqında təlim deməkdir. Lakin bu heç də o demək deyildir ki, sosiologiya cəmiyyət haqqında yeganə və hər şeyi əhatə edən elmdir.

Məlum olduğu kimi bir sıra ictimai elmlər vardır. Onların hər biri öz predmetinə müvafiq olaraq cəmiyyətin yalnız müəyyən tərəfini tədqiq edir, onu öz baxımından öyrənir.

Sosiologiyanın predmetini sosial münasibətlər, yəqin insanların bir-birinə onların həyat fəaliyyəti şəraiti və amilləri ilə, cəmiyyətdəki mövqe və rolları ilə şərtləndirilmiş münasibətləri təşkil edir.

Məhz bu münasibətlər mövqeyindən sosiologiya sosial topluları, o cümlədən sosial qrupları, təbəqələri, sinifləri, ərazi və etnik birlikləri, bütövlükdə cəmiyyəti, yəni insanların sabit birgə yaşayış formalarını tədqiqat obyekti kimi nəzərdən keçirir.

Eynilə, sosiologiyanın mühüm tədqiqat obyektlərindən biri olan şəxsiyyət də həmçinin sosial münasibətlər mövqeyindən nəzərdən keçirilir.

Sosial topluların daxilində və arasında müxtəlif növ əlaqələr yaranır, müxtəlif hadisə və proseslər (sosial, iqtisadi, siyasi, ideoloji, psixoloji və s.) baş verir. Onların arasında sosiologiyanı hər şeydən əvvəl insani münasibətlər və asılılıqlar kompleksindən ibarət olan sosial əlaqələr, sosial strukturlarda insanların qarşılıqlı təsiri əsasında baş verən sosial hadisə və proseslər maraqlandırır.

Sosiologiyanın mərkəzi problemlərindən biri ictimai həyatın, yəni müəyyən məhdud məkanda yerləşən fərdlər və onların toplularının qarşılıqlı təsirindən yaranan hadisələr kompleksinin tədqiqidir.

Beləliklə, sosiologiya sosial münasibətlər və onların şərtləndirdiyi insanların müxtəlif ictimai həyat formalarında baş verən sosial əlaqələr və proseslər haqqında elmdir.

Sosiologiya elminin strukturunda ümumi və müxtəlif xüsusi sosioloji nəzəriyyələri ayırırlar.

Ümumi sosiologiya ictimai həyatın bütün sahələri üçün əhəmiyyəti olan biliklərin toplanması və sosial əlaqələr, hadisə və proseslər haqqında nəzəriyyələrin yaradılması ilə məşğul olur.

Xüsusi sosioloji nəzəriyyələr sosial əlaqə, hadisə və proseslərin ictimai həyatın ayrı-ayrı sahələrində (mədəniyyət, iqtisadiyyat, siyasət və ideologiyanın sosiologiyası), sosial təsisatlarda (ailə, təhsil, elm, din və s. sosiologiyası), sosial toplularda (siniflər, peşə kateqoriyaları, gənclər, ərazi birliklərinin və s. sosiologiyası), kütləvi kommunikasiya vasitələrində (mətbuat, televiziya, kinonun və s. sosiologiyası) həyata keçirilməsinin spesifikasiyasını, özgünlüyünü öyrənir. Bundan başqa ictimai intizamın pozulması hadisələri və proseslərini (cinayətkarlıq, alkoqolizm, narkomaniya və s.), miqrasiya (köçmə) və sosial mobilliyi (mütəhərrikliliyi), irqi, milli və digər demoqrafik münasibətləri öyrənən xüsusi sosioloji nəzəriyyələr də vardır.

Şəxsiyyətin sosial mahiyyətini, onun təşəkkülünün sosial mexanizmlərini, cəmiyyətdəki yeri və rolunu öyrənən şəxsiyyətin sosiologiyasını da xüsusi sosioloji nəzəriyyələr sırasına aid etmək olar.

Sosiologiyanın bölmələrinin bu cür müxtəsər təsviri artıq onu göstərir ki, sosiologiya digər ictimai və humanitar elmlərlə sıx əlaqələr saxlamalı və əməkdaşlıq etməlidir. Sosioloq üçün ümumi psixologiyanı bilmək zəruridir, sosial psixologiya isə onun üçün xüsusilə vacibdir. Son onilliklərdə fərd və qrupların sosial davranışının tədqiqi sahəsində çalışan sosioloqlar psixoanaliz və psixiatriyanın bəzi bölmələri sahəsindəki araşdırmalardan müəyyən qədər faydalanmışlar. Sosiologiya iqtisadiyyat elmilə də sıx əlaqələrlə bağlıdır, çünki bu sahələrin xeyli təmas nöqtələri vardır. Nəhayət, sosioloq üçün qanunvericiliyi və hüquqşünaslığı da bilmək vacibdir. Həqiqətən; sosiologiya spontan surətdə (öz-özünə) yaranan sosial proseslər haqqında elm kimi inkişaf etmiş və buna görə də sosioloqlar arasında həmişə hüquqşünaslığa müəyyən qədər etinasızlıq olmuşdur. Normativ aktların tənzimedici qüvvəsinə güvənən hüquqşünaslar da, öz növbələrində, sosioloqların tədqiqatlarına etinasızlığa meylli olmuşlar. Lakin hal-hazırda mövcud sosial proseslərin tam təsvir və izah olunması hər iki baxışın birləşdirilməsini tələb etdiyi üçün, bu iki sahə bir-biri ilə yaxınlaşır. Bundan başqa, sosİologiya etnoloqların, etnoqrafların, tarixçilərin və xüsusilə mədəniyyət tarixçilərinin araşdırmalarının nəticələri ilə maraqlanmalıdır.

Deməli, XIX əsr sosiologiyasının yaradıcılarının geniş humanitar təhsilli adamlar olması heç də təsadüfi deyilmiş və sosioloji tədqiqatların hüdudlarının xeyli genişləndirilməsi heç də xülyadan yaranmamışdır. Düzdür, sonralar sosioloqlar özlərinin tədqiqat sahələri hüdudlarını daha dəqiq müəyyənləşdirməyə çalışaraq bu cür "imperializmdən" qəti surətdə imtina etdilər. Lakin bu heç də o demək deyildir ki, müxtəlif elmlərin bir-birinə qarşılıqlı nüfuz edərək və bir-birini qarşılıqlı surətdə tamamlayaraq təmasda olduğu sahələr öz əhəmiyyətini itirmişlər. Əksinə, yalnız ictimai elmlərin deyil, ümumiyyətlə elmin tarixi göstərir ki, ən maraqlı və səmərəli nəzəriyyələr məhz elmlərin kəsişdiyi sahələrdə meydana çıxır.

Sosiologiyanın digər humanitar və ictimai elmlərdən fərqləndirən, məhz onun üçün səciyyəvi olan, insanlar arasındakı, sosial toplular arasındakı münasibətlər sahəsində baş verən hadisə və proseslərin axtarışı, cəmiyyətin tərkib hissələrinin qarşılıqlı təsir qanunlarının tədqiqidir.

Yarandığı andan etibarən sosiologiya həmişə cəmiyyətin həyatından alınmış faktiki məlumatlara əsaslanmışdır. Bu səbəbdən bəzi alimlər sosiologiyanı empirik elm adlandırırlar.

Bununla razılaşmaq olmaz. Bütün elmlər, o cümlədən, sosiologiya da faktlardan çıxış edir. Faktların müşahidəsi, öyrənilməsi, tədqiqi bütün bu elmlərin metodlarının ən mühüm elementidir. Bu, həmin elmlərin yüksək dərəcədə nəzəriliyinə nəinki mane olmur, əksinə, kömək edir.

Sosiologiya da empirik faktlardan geniş istifadə edərək, onların mahiyyətini açır və sosial qanun və qanunauyğunluqlar şəklində mücərrəd ümumiləşdirmələrə nail olur. Empirik faktlar nəzəri elm kimi sosiologiyanın yalnız zəruri zəmini kimi çıxış edir.

Sosiologiyanın ictimai vəzifəsi əsasən onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Onların arasında ən mühümləri müxtəlif sosial hadisə və proseslərin dəyişmə təmayüllərinin, sosial inkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə bağlı olan idrak funksiyası, sosiologiyanın müxtəlif sosial proseslərin idarə olunmasının səmərəliliyini artırmaq üzrə əməli tövsiyə və təkliflərin hazırlanmasında nə dərəcədə iştirak etməsi ilə müəyyənləşdirilən praktiki funksiya və nəhayət sosiologiyanın ideoloji fəaliyyətdə iştirakı ilə şərtləndirilən ideoloji funksiyadır.

Cəmiyyətin sosial inkişafının qanunauyğunluqları və perspektivlərinin açılmasında, sosiologiyanın çox mühüm rolu vardır. Sosioloji nəzəriyyə zəmanəmizin aktual problemlərinə elmi cavablar verir, dünyanın sosial dəyişdirilməsinin real yolları və metodlarını göstərir.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə