Seyyid Əliəkbər Ocaq Nejad, «Əhli-Beytin məqamı» Bakı, «Qələm» - 2005, 148 səh.
Müəllif: Seyyid Əliəkbər Ocaq Nejad
Famil Şirvanov
Hörmətli oxucu!
Əlinizdə olan bu kitab Seyyid Əliəkbər Ocaq Nejadın 2003-2004-cü illərin məhərrəm və səfər aylarında və həmçinin həzrəti Fatimənin (s) şəhadət günü münasibətilə söylədiyi moizələr əsasında hazırlanmışdır. Kitab Əhli-beytin(ə)həyatına əhatə edən dəyərli fikirlər, «İnsan yaranışının məqsədi», «Peyğəmbərlərin və Əhli-beytin vəzifələri», «Əhli-beytin məqamı», «Əhli-beytə olunan nahaq zülmlər», «Əhli-beytə (ə) ağlamağın mahiyyəti», «Əhli-beyti ziyarət etməyin fəziləti», «Əhli-beyt(ə) şairlərinin şerlərindən beytlər və qəsidələr» verilmişdir.
ÖN SÖZ
İnsan öz varlığı, yaşadığı ətraf aləm, kainat, bu kainata hakim olan nizam-intizam və ümumilikdə ən kiçiyindən tutmuş ən böüyüynə qədər həyat üçün zəruri olan bütün vasitələrə görə özünü Allaha borclu hesab edərək ona şükr edir. Allah isə yaranışın səbəbini Mühəmməd və Ali Mühəmməd (s) kimi təqdim edir. (Ya Peyğəmbər! Sən olmasaydın aləmi, Əli olmasaydı səni, Fatimə olmasaydı sizi yaratmazdım). Deməli, bəşəriyyət özü qədər bağlı olduğu bu dünyaya görə onlara təşəkkür etməlidir. Təşəkkür isə özünü ilk növbədə onlara qarşı olan sevgidə doğruldur. Peyğəmbər (s) Əhli-beytə işarə edərək buyurur: «Bunları sevən məni, məni sevən isə Allahı sevib». Allah tərəfindən bizlərə Əhli-beyt kimi təqdim olunan bu insanlar mövcudat aləminin səbəbi olmaqla yanaşı onlar üçün hidayət ulduzları, nicat gəmisi, tövbə qapısı, Kəbə evi, Allahın yer üzərində höccəti, vəliləri, axirətdə isə Allahın təcalla obyektidirlər. İnsan dünyasını dəyişdikdən sonra da hesab, kitab, mizan, nəşr, həşr mərhələlərində Əhli-beyt onun üçün hidayət nuru olacaq.
Dünyasını dəyişərkən Peyğəmbər (s) vəsiyyət edərək bütün dünyaya imamət aləminin ilk nümayəndəsini təqdim edirsə, «Mənim nəslimdən olan bu vilayətin sonuncu rəhbər nümayəndəsi, on ikincisi dünyanın sonuna bir dəqiqə də belə qalsa, gəlib onu ədalətlə dolduracaq» deyə onların son nümayəndəsini də təqdim edirdi.
Quranda buyrulduğu kimi pak imamların hər birinin həyat yolu istər mənəvi, istərsə də digər cəhətlərdən bütün bəşəriyyət üçün örnək hesab edilir. Əgər insanlar onların hər birinin həyat tərzini düzgün şəkildə qiymətləndirərək öz həyat şəraitləri üçün düzgün formada tətbiq etsələr, istənilən ideal və arzu olunan nəticəni əldə edə bilərlər.
Əhli-beytin həyat tərzi dini zəmində ilahi istəklərə çatmaq üçün istiqamət xəttini təyin etməklə yanaşı dünyəvi yaşayışın ən şərəfli və üstün cəhətlərini də müəyyən edir.
«Üç dəfə dünyaya təlaq vermişəm» deyən Əli (ə) İslam dininin, Peyğəmbərin (s) bəşəriyyətə bəxş etdiyi ilahi dinin qorunması üçün hətta Allah tərəfindən təyin edildiyi xilafət məqamından da əl çəkərək 25 il səbr edir. Dünyanın qiymətini belə bir şəkildə göstərən Əli (ə) bütün varlığının Allah və Allah göndərdiyi islam dininə bağlı olduğunu və ən adi həyat şəraitində belə Allaha görə nəfəs alıb, verdiyini qeyd edir. Bununla da o, yaranışın ali məqsədini, insanın izzət və şərəfinin hansı meyarla ölçüldüyünü nümayiş etdirir. Bu xüsusiyyətləri onun digər on bir övladının davranışlarında da müşahidə edirik.
İmam Hüseyn (ə) öz şəhadəti ilə insani ləyaqətin və şərafətin ən kamil nümunəsini bizlərə təqdim edir. Bunları ona layiq olan səhabələrin də simasında görə bilirik. Buna imamın səhabələri ilə söhbətləri zamanı daha aydın şəkildə rast gəlirik. Əli Əkbərin imama «Əgər biz haqla, haqq da bizimlədirsə, onda ölümün heç bir qorxusu yoxdur» deməsi izzət və şərəfin ən ali nümunəsidir.
Bu dünyada yalnız ümməti düşünən Əhli-beyt (ə) axirət aləmində də onlara Allahdan şəfaət diləyir. Bu şəfaətə xanımlar xanımı, Əhli-beyt anası Fatimeyi Zəhra (s) başçılıq edir. Amma təəssüflər olsun ki, bəşəriyyət belə bir xanımı qiymətləndirə bilmədi.
Dünyanın izzət və şərəfi özünü Fatimə (s) və onun övladlarına qarşı olan sevgidə göstərirdisə, onun zilləti və ləyaqətsizliyi özünü insanların Fatimə (s) və onun övladlarından qeyrisində örnək axtardıqda göstərir.
Söhbətlərini sevə-sevə dinlədiyimiz Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejad cənablarının 2003 və 2004-cü illərin məhərrəm aylarında buyurduğu moizələrin toplandığı bu kitabın Əhli-beyt haqqında olan çıxışlarını canlı şəkildə dinləyə bilməyənlər üçün çox faydalı olacağına inanırıq.
Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejadın kitabda toplanmış moizələri Əhli-beyt sevgisi, sevginin şərtləri, əhəmiyyəti, faydaları, nəticəsi Mühəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)- ın fəzilətləri, Kərbəla vaqiəsi və imamın Kərbəladakı səhabələri haqqında olan mövzuları əhatə edir. Mövzularla bağlı Quran ayələri və digər firqələrin kitablarından gətirilən hədislər söhbətlərin spesifik xüsusiyyətlərindəndir.
İnanırıq ki «ən gözəl kəlam odur ki, qəlbdən çıxıb qəlbə daxil olsun» deyiminə əsasən Seyid Əli Əkbər Ocaqnejad cənablarının bu kitabda toplanmış söhbətləri həqiqətdən uzaq düşənlər üçün fitri oyanış, Əhli-beyt aşiqləri üçün isə sevgilərinin səviyyəsini təyin etməkdə mühüm rol ifa edəcəkdir.
Kitab Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejadın moizələri əsasında yazıldığı üçün burada danışıq üslubu və forması saxlanılmışdır.
Allah bu Əhli-beyt vaizinin ömrünü bərəkətli, bizləri isə Əhli-beytin həqiqi aşiqləri sırasında qeyd etsin!