Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə1/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
  1   2   3   4   5   6   7   8   9   ...   25

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3238
«30» avqust 2006-cı il
Nazir
Fikrət Məmmədov


«Təsdiq edilmişdir»
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
«09» avqust 2006-cı il tarixli
№ 10-2-li qərarı ilə
Nazir
Fizuli Ələkbərov


Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)

Bölmə: Bütün sahələr üçün ümumi olan fəhlə peşələri

Ümumi müddəalar

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra «Kitabça» adlandırılacaqdır) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan fəhlələrə ixtisas dərəcələrinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, fəhlələrin peşə hazırlığından asılı olaraq, onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçaya hər hansı bir konkret istehsal sahəsi və işlər üzrə spesifik xarakter daşımayan ümumi fəhlə peşələri daxil edilmişdir.

Kitabça iki fəsildən ibarətdir. Birinci fəsil bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri daxil edilmiş və Vahid Tarif Cədvəlinə uyğun olaraq bu peşələr üzrə əməyin ödəniş dərəcələri müəyyənləşdirilmişdir.

İkinci fəsilə bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri və işləri daxil edilmişdir. Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir. Bu peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri peşələrin ixtisas dərəcələri səviyyəsində təyin edilir.

Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin «Bilməlidir» hissəsində bütün peşələr üzrə yerinə yetirilən işlər üzrə biliyə olan tələbat nəzərdə tutulur.

Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin bir çox bölmələrində müvafiq dərəcəyə aid olan iş nümunələri verilmişdir. Bu iş nümunələri həmin peşə üzrə bütün iş nümunələrini əhatə etmir. Ona görə də müəssisə, idarə və təşkilatlar işçilərin əmək müqavilələrində həmin peşəyə uyğun konkret iş nümunələrini müəyyən edə bilərlər.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduqda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmamış işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı, fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialın sərf normasını, zay məhsulun növlərini, onun əmələ gəlməsi səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsullarını, qaldırıcı-nəqletdirici avadanlıqların idarə edilməsi qaydasını istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr, maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik montyorları, təmirçilər, montajçılar, aparatçılar, qəlibçilər və s. yerinə yetirdikləri işlərlə yanaşı, çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Dəmir yolu və su nəqliyyatında, partlayış işlərinin yerinə yetirilməsində, partlayış təhlükəli və zəhərli maddələrin saxlanılması və istifadəsində çalışan, qaldırıcı-nəqliyyat avadanlığı, qazanxana qurğuları, təzyiq altında işləyən aparat və qablara xidmət edən fəhlə, qüvvədə olan qayda və təlimatları bilməli, onlara riayət etməli, lazım gəldikdə müvafiq peşə-ixtisas sənədinə, məsələn partladıcı, qaynaqçı və s. diplomlara malik olmalıdır.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə uyğun gəlib-gəlməməyi müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir dərəcənin verilməsi və yüksəldilməsi məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin (ustanın, rəisin, briqadirin və s.) təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilə bilər.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinə uyğun olaraq «Bilməlidir» bölməsinə aid suallara cavab verməli və «İşin xüsusiyyəti» bölməsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə, fəhlə təyin edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməlidir.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya da rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilməlidir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin