Folklor instituti


(“Ədəbiyyat və incəsənət”, 1965, 4 sentyabr)



Yüklə 3,14 Mb.
səhifə7/24
tarix31.07.2020
ölçüsü3,14 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   24

(“Ədəbiyyat və incəsənət”, 1965, 4 sentyabr)

Yeddi il keçdikdən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yenə də Dionis (Dəniz) Tanasoğlunun bir şeirini çap edir. “Sənsizəm” adlı bu şeir də sadəliyi ilə seçilir. Şair deyir:

...Sənsizəm sanki

Bülbül nəğməsiz

Yetim vətənsiz.

...Sənsizəm sanki

Gündüz günəşsiz

Anam vətənsiz.

Kalmışam sənsiz.

(“Ədəbiyyat və incəsənət”, 1972, 8 iyul)

Bundan sonra Azərbaycan mətbuatında qaqauz mövzusu getdikcə aktuallaşır. Qaqauz şairlərinin şeirləri, ədəbiyyatları, tarixləri, yaşam tərzləri haqqında yazıların sayı artmaqla yanaşı elmi və bədii səviyyəsi də yüksəlir. Onların içərisində Allah­ver­di Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazır­ladığı “Neredesen, Göy Oğuz?” (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” və “Əllərin alovu” şeirlərini də vermişdir) (“Ulduz”, 1982, dekabr), Əhməd Nehmətovun “Uzun karvan. Bizim karvan” (“Ədəbiyyat və incəsənət”, 1985, 27 dekabr) məqalələri elmi və bədii dəyərinə, insanlara təsir etmək, qa­qauz xalqına maraq oyatmaq baxımından seçilir.

Azərbaycanda qaqauzların tanıdılmasında Güllü Yoloğlu­nun xidməti böyükdür. 1980-ci ilin sonlarında “Azərbaycan-Moldova ədəbi əlaqələri” mövzusunda namizədlik disserta­si­yası yazmağa başlayan gənc araşdırıcı qaqauzlar haqqında ardıcıl məqalələr yazmaqla yanaşı, radio-televiziyada, toplantilarda bu mövzuda olduqca diqqətçəkən çıxışlar da etmişdir. Tədiqatçı 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da qaqauzlar mövzusundan uzaqlaşmamışdır.

Güllü Yoloğlunun təmənnasız şəkildə, özünə mənəvi borc bilərək girişdiyi mövzusu az zamanda onu yalnız Azərbaycan­da deyil, bütün türk dünyasında qaqauzşünas kimi tanıtmışdır. O, Azərbaycanda, eləcə də keçmiş sovet respublikalarında, Tür­ki­yədə, Rumıniyada, Moldovada, Quzey Kıbrısda keçirilən elmi simpoziumlarda qaqauzlarla bağlı dəyərli məruzələri ilə yadda qalmışdır. Güllü xanımın elm aləminə gəlişi ilə respublikamızda qaqauz ədəbiyyatının və mədəniyyətinin ardıcıl öyrənilməsinin yeni mərhələsi başlanır. Mövzu ilə bağlı Azərbaycanda çap etdirdiyi məqalə və tərcümələrinin sayı 30-u keçmişdir. Radio-televiziyada, toplantılardakı çıxışları, verdiyi konfransların mətnləri toplansaydı, yəqin ki, bir neçə cildlik kitab alınardı. Qaqauz mətbuatında çap olunan məqalələrinin də sayı Azər­baycandakından az deyildir.

O, Azərbaycan televiziyasında “Ana sözü” qəzetinin redak­toru Todur Zanetlə, Bakıda tələbə olan Tudora Arnautla apar­dığı müsahibələrdə qəzetə abunə yazılmağı da təbliğ etmiş, həmvətənlərimizi bu qəzetə yazılmağa çağırmış, bunun da sayəsində qəzetin tirajı yüksəlmişdir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatı türk xalqlarını və toplum­larını tanıtmaq üçün dünya türkləri haqqında silsilə kitablar çap etdirməyi planlaşdırdı. Amma “Axısqa Türkləri”, “Uyğurlar”, “Qaqauzlar” adında broşürlar işıq üzü gördükdən sonra nəş­riyyatın iqtisadi sıxıntısından bu iş dayandı. Həmin seriyadan olan “Qaqauzlar” kitabını Güllü Yoloğlu hazırlamışdı (Yoloğ­lu G., 1996). Elə həmin il “Yazıçı” nəşriyyatının çap etdiyi “Qaqauz folkloru” kitabının da tərtibçisi və ön sözün yazarı Güllü Yoloğludur.

Güllü Yoloğlu 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mər­kəzi tərəfindən çap olunan “Türklərin ailə mərasimləri” kita­bında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyun­dan biri də qaqauzlardır.

Onun qaqauz sözünün mənşəyindən bəhs edən «Qaqauz», yoxsa “qaqouz?” (“Novruz”, 1991, 16 iyul), “Çağdaş qaqauz ədəbiyyatı” (“Ədəbiyyat və incəsənət”, 1989, 21 aprel), “Bu­caq­dan səslər” (“Ulduz”, 1989, 57-60, sayı 1), “Qaqauz yaziçılarının hekayələri”(“Xəzər”, 1991, 124-129, sayı 4) “M. Kö­sə-60” (“Ədəbiyyat qəzeti”,1993, 5 mart), “Qardaş qaqauzlar” (“Ədəbiyyat qəzeti”, 1996, 4 oktyabr) və “Istər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var” (T.Zanetlə müsahibə) (“Dövran”, 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları mövzu ilə maraqlananlara geniş bilgi verir. Özəlliklə Kişinyovda çıxan “Ana sözü” qəzetində çap olunan 10-a qədər məqaləsi aktuallığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qaqauzları tanısın, onların tarixin­dən, ədəbiyyatından xəbərdar olsun deyə G.Yoloğlu “Xuda­fərin” (Polşa) (“Xudafərin”, 1996, 75-79, sayı 1 (2)), “Araz” (Isveç) (“Araz”, 1996, 49-53, sayı 2) və başqa jurnallarda da maraqlı məqalələrlə çıxış etməklə yanaşı, internet saytlarında, eləcə də internetdə yaradılmış diskussiya otaqlarında da mövzu ilə maraqlananların suallarını cavablandırır.

Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun (Məmmədov) elmi konfranslarda oxuduğu məruzələri, universi­tetdəki mühazirələri, qəzet-jurnallarda çap etdirdiyi “Qaqauz­lar: keçmişdən bu günə”, “Qaqauzların tarixindən səhifələr”, “Qaqauzların toy-düyün mərasimləri”, “Qaqauz ədəbiyyatı” məqalələri elmi səviyyəsini, yüksəkliyi ilə seçilir. O həmin məqalə və məruzələrini 2010-cu ildə Bakıdakı “Mütərcim” nəş­riyyatında çap etdirdiyi “Etnos və epos: keçmişdən bu günə” kitabına daxil etmişdir.

Azərbaycanlı araşdırıcılardan Cəlil Nağıyevin (Qəriboğlu), Tamella Əliyevanın, Əli Şamilin, Qalibə Hacıyevanın və b. da uluslararası simpoziumlardakı çıxışlarında və məqalələrində qaqauz ədəbiyyatı və mədəniyyət ilə bağlı maraqlı fikirlər vardır.

Azərbaycanda qaqauzların tanıdılmasında Ağası Hunun (Məm­mədovun) da əməyi az olmamışdır. Istər qaqauzlar haq­qında Azərbaycan mətbuatında yazdıqları, istərsə də televiziya və radioda hazırladığı verilişlər, “Ana sözü” qəzetinin Azər­baycanda tanınması, yayılması və qəzetə abunə kampani­yasinın təşkilindəki xidmətləri Azərbaycan-qaqauz əlaqələrinin in­kişafına təkan vermişdir. 1980-ci illərin sonlarında Azərbay­canda fəaliyyət göstərən “Ana dili” cəmiyyəti (Bu cəmiyyətin fəallarından biri də Ağası Hundur. Onun qaqauzlara böyük mə­həbbəti şəxsi həyatına da təsir etdi. Qaqauzla ailə qurdu. Dörd övlad atasıdır. Xanımı filologiya üzrə fəlsəfə doktoru, şair Güllü Qərənfil də Azərbaycan-qaqauz əlaqələrinin möhkəm­lən­məsində yorulmadan çalışır) qaqauz ziyalılarının Azər­bay­cana səfərlərinə xüsusi diqqət yetirir, onların görüşlərini təşkil edir, rəssamların sərgilərini açır və folklor ansambllarının Azər­bay­canda konsert vermələrinə nail olurdu.



Araşdırıcı Səid Sədiyevin filologiya elmləri namizədi alim­lik dərəcəsi almaq üçün 2005-ci ildə AMEA Nizami adına Ədə­biyyat Institutuna təqdim etdiyi “Balkan türklərinin ədə­biy­yatı” dissertasiyasının bir fəsli də qaqauz ədəbiyyatına həsr edilmişdir.

Azərbaycanda qaqauzlara yalnız mətbuatda geniş yer ayrıl­mamışdır. Milli kadrlar hazırlanmasında da onlara daha çox yardım göstərilmişdir. Belə ki, Dionis (Dəniz) Tanasoğlu 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiy­yat Institutunda akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Çağdaş qaqauz türkcəsində tabeli mürəkkəb cümlə” (Şamil Ə., 2006: 177), Fedora (Tudora) Arnaut 1999-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Institutunda professor Qara Namazovun rəhbərliyi ilə “Qaqauz folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı örnəkləriylə qarşılaşdırma) (Arnaut T., 1999) və Valentina (Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik Institutunda professor Həsən Quliyev və professor Dionis Tanasoğlunun rəhbərliyi ilə “Qaqauz dilinin məişət leksikası” (Qərənfil G., 2004) mövzularında elmi iş yazaraq filologiya üzrə fəlsəfə doktoru almışlar. 60-a yaxın qaqauz gənci isə ali məktəblərimizdə oxumuşlar. Onların böyük əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.

Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıl­dığını görərik.
1.4. Bucaq kəndləri və bucaq tayfası
Ilk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənil­mə­miş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.

Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məz­rədə yaşayan qohumumuz Isgəndər Ibrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. Isgəndər Gəncədə Kənd Təsərrüfatı Ins­ti­tutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsə­bəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kim­lərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim.

Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublika­sındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğul­muş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qon­şu kəndlərdən deyil, Bərdədəki “türkman­lar”dan qız aldıq­larını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.

Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Da­şağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almış­dım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə get­dim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xara­balıqları qalır. Burada araşdırma aparılmayıb.

Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müs­təmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçmüşlər.

Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponim­ləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz ra­yo­nunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bu­caq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq ad­landırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, “Qozlu Bucaq” da adlanırdı.

Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə Azər­baycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaş­mışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qə­bul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Mol­dova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazi­sində Bucaq çayı, Ilisu kəndində (Qax rayonu) tabun tirəsi var” (Azərbaycan toponimləri, 1999: 101).

Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azər­baycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür, bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır.


1.5. Komrat dağı və Komrat baba piri
Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağ­da eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat baba piri üzərindəki bina da uçmuşdur. Son illərdə orada təmir işləri görülmüşdür. Təmir zamanı binanın əski memarlığı qorun­mamışdır. Səbəb-bu işi mütəxəssislərin deyil, həvəskarların gör­məsidir. Onlar təmiri öz bildikləri kimi aparmışlar.

Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə gəlirlər (Azərbaycan folklor antalogiyası, 2005, 13:502). Araş­dırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan “Komrat” əfsanə­sini toplamışdır (Azərbaycan folklor antalogiyası, 2005, 13: 517). Əfsanədə Hz. Əlinin (Dördüncü xəlifə Əli Əbu Talib - Ə.Ş.) bölgədə savaşdığından, burada bir xanımla evləndiyin­dən, doğulacaq övladına qolbağı yadigar qoyub getdiyindən söz açılır. Yeddi il sonra geri dönən Hz. Əli Murad adlı bir uşaq­la qarşılaşır. Uşağın dikbaşlığı onun xoşuna gəlmir və hirslənərək “Ko-Murat” deyib ona sağ ayağı ilə bir təpik vurur. Uşaq gedib dağın başına düşür və orada böyük bir çuxur meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur. O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.

Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mə­nasını unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküs­tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.

Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abi­dələri dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bil­mədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı. Böl­gənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xris­tian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.

Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmişdir. Ərəb­cə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı Ibn Ərəb­şahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə Ibn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov “Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələ­sən-Görəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində yazır: “Şirvanşah Şeyx Ibrahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki (Ibn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb, yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Aydın, 2007:7, 30 Oktyabr).

Tarixçi Sevda Süleymanovanın “Albaniyanın şimal-qərb sər­həd bölgəsi liniya-ereti” məqaləsi də (Süleymanova S.Ə., 2007:56-74) mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngin­dir.

Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əv­vəllərində milliyyətlə dini inancın eyni mənada işləndiyini müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstə­lədiyinin şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı ilə deyil, dininə görə adlandırılırdılar.

Bölgədə folklor toplayarkən Baş Daşağıllı 79 yaşlı Mehralı Səmədov Göybulaxlı Aşıq Donu, Çalıflı Aşıq Əvək və baş­qalarından da söz açdı. Erməni kimi tanıdıqları bu aşıqların əsasən türkcə oxuduqlarını söylədi. Araşdırıcılar isə 300-dən çox erməni aşığının türkcə çalıb-oxuduğunu, şeir yazdığını göstərirlər. Çox təəssüf ki, bu günədək onlardan hansının hay-yəni bu gün erməni adlandırılan xalqdan olduğuna, hansının xristian türkü olduğuna aydınlıq gətirilməmişdir. Son zamanlar bu mövzuda yazan araşdırıcıların fikrincə, qriqorian təriqətinə inanan bütün xalqlar erməni adlandırılmış, bugünki erməni ad­landırılan xalqın soykökünü təşkil edənlər hay adlandırılmışlar.

Xristian türklər haqqında ciddi araşdırmalara rast gəlinmir. Buna görə də xristianlığın qriqorian təriqətinə inanan türklər ermənilərlə, pravoslav təriqətinə inanan türklərin böyük bir qismi isə yunanlarla (qrek) və gürcülərlə eyniləşdirilmişdir. Pra­voslav inanclı qaqauzların, çuvaşların, bəzi tatar toplum­larinın türk kökənli olmaları, dillərini, mədəniyyətlərini qoruyub saxlamaları göz önündədir. Demək, xristianlığın başqa təriqət­lərinə inanan türklərin də tarixinin öyrənilməsinə yenidən nə­zər salmaq lazımdır. Onda görəcəyik ki, türkcə çalıb-oxuyan er­məni aşıqları siyahısına saldığımız aşıqların bir çoxu qriqo­rian inanclı türklər, yunan (qrek, urumlu) adlandırdıqlarımızın böyük bir qismi isə pravoslav inanclı türklərdir.



Bölgədəki toponimlərin qaqauzların yaşadıqları yerin adı ilə uyarlığı, burada yaşayanlara zarafatla da olsa, “qaqauz” de­yilməsi 20-ci yüzilin əvvəllərinədək burada xristian türklərin yaşamasın­dan xəbər verir. Bu da yeni araşdırmalar üçün ipucu ola bilər.
2.1. Qaqauz ədəbiyyatının yaranmasını formalaşdıran ictimai-siyasi şərait
Günümüzdə ədəbiyyat ideoloji işin bir parçası olduğundan, onu dünyada baş verən siyasi hadisələrdən kənarda öyrənmək mümkün deyildir. Qaqauz ədəbiyyatı 20-ci yüzildə zəngin türk folkloru və SSRI-də yaşayan xalqların yazılı ədəbiyyatı əsa­sında formalaşmışdır. Oğuz türklərinin yaşadıqları bölgələrdə top­lanan folklor nümunələrinin əksəriyyətini qaqauzlar arasın­dan da toplamaq mümkün idi. Təəssüflər olsun ki, kadr çatış­ma­dığından, bu iş peşəkarlar tərəfindən vaxtında və yüksək sə­viyyədə yerinə yetirilməmişdir.

Qaqauz folklorunu ilk dəfə V.Moşkov toplamışdır. Varşava­dakı Rus ordusunun həkimi V.Moşkov kənd-kənd gəzərək folk­­lora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirmişdir (Moşkov, 1904). Atanas Manov da, V.Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışmışdır (Manov 1939:107). Bütün bunların arxasında Ru­si­ya strateqlərinin ayrımçılıq siyasətinin durduğu aydın görünür.

Lyubov Çimpoyeşin dastanlar, Mariya Durbaylonun ballada türküləri (xalq mahnıları), Nikolay Baboğlunun ata sözləri, deyimlər, Vitaliy Sırfın nağıllar və Tudora Arnautun mani - bayatılar üzərində apardıqları araşdırmalar, eləcə də qaqauz araşdırıcılarının toplayıb çap etdirdikləri folklor nümunələri də onu göstərir ki, Türkiyə, Azərbaycan, Iraq, Suriya, Rumıniya, Bolqarıstan, Makedoniya və b. ölkələrdə yaşayan türklərdən toplanmış folklor örnəkləri ilə qaqauz türklərindən toplanmış nümunələr arasında elə bir ciddi fərq yoxdur. Mövcud fərqlər də məhəlli xarakter daşıyır. 19-cu yüzildən sonra yaradılan folklor nümunələrinin mövzusunda, xüsusən ballada və xalq mahnılarında isə siyasi təsirlər nəticəsində fərq artmışdır.

Sovet dövründə hər vasitə ilə qaqauz ədəbiyyatını ümum­türk ədəbiyyatından ayırmağa çalışırdılar. Səbəb yenə də siya­silərin qarşılarına qoyduqları məqsəddən doğurdu. Qaqauzları soyköklərindən ayırmaq üçün hər vəchlə onların türk olmadığı, Osmanlı dövlətinin təsiri ilə dilləri türkləşdirilmiş bolqar ol­duğu vurğulanırdı. Bu siyasət I Pyotr zamanından başlasa da, 1812-ci ildə Bessarabiyada yaşayan qaqauz türklərinə xüsusi imtiyaz verilməsi ilə daha da sürətləndirildi.

Qaqauzların çoxu bu siyasətlə razılaşmamışlar. 1860-cı ildə qaqauz nümayəndə heyəti Istanbula gedərək Sultan Əbdüləzizə diləkcə (ərizə) verirlər. Onlara Osmanlı dövlətinin tərkibində muxtariyyət verilməsini istəyirlər. Lakin gündən-günə güclə­nən və yeni torpaqlar işğal edən Rusiyanın qarşısında qocalmış və zəifləmiş Osmanlı dövlətinin qaqauzların arzusunu gerçək­ləşdirməsi mümkünsüz idi.

Buna baxmayaraq, qaqauzlar öz haqlarına nail olmaq üçün mübarizəni davam etdirdilər. Dionis Tanas oğlunun yazdığına görə 1906-cı il yanvarın 6-da qaqauz xalqı ayağa qalxaraq Atmaca Pavloğlu və Andrey Qalatanın rəhbərliyində Komrat Cümhuriyyətini qurur. Tarixi şərait yetişmədiyindən, yeni elan edilən qaqauz dövlətinin ömrü cəmi 15 gün olur (Bulgar S, 1999:75).

Komrat Cümhuriyyətinin qurucularından biri kimi Rusiya hökuməti tərəfindən həbs edilmiş Pavel Nikolayev, çar II Ni­kolayın hakimiyyətdən getməsindən və yaranmış qarışıqlıqdan istifadə edərək, 1917-ci ilin dekabrında Kiyevə gedir. Komrat və ya Qaqauz Cümhuriyyəti qurmaq haqqında siyasi xadim və hökumət rəhbərləri ilə danışıqlar aparır. Bu həmin vaxt idi ki, Bucak bölgəsini də üsyan bürümüşdü. 1918-ci il noyabrın 27-də Bessarabiya Milli Məclisinin Rumıniya ilə birləşmək haq­qında qərar verməsi, Ikinci Dünya Savaşı, bu savaşdan SSRI-nin qalib çıxması, Sovetlərin yaratdığı totalitar rejim qaqauz­lara arzularını gerçəkləşdirməyə imkan verməmişdir.

Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasın­dan söz açarkən 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin xidmətlərini də unutmaq olmaz. Bir zaman Türk Ocaqları başqanı olmuş bu millətsevər insan diplomatik vəzifəsini yerinə yetirməklə yana­şı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəb açılmasına nail olmuşdur. Məktəblərdə dərslər ana dilində-türkcə keçilirdi. Dobruca türklərindən və Rumıniyanın Məci­diyyə şəhərindəki Müsəlman Seminariyası məzunlarından, Türkiyədən öyrətmənlər və kitablar gətirdərək soydaşları ara­sında milli şüurun inkişafına təsir göstərməyə çalışırdı. Türki­yədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor nümunələrini, orada gördüklərini qəzet-jurnallara, ensiklopediyalara yazmaqla mövzunu gündəmdə sax­lamışlar (Türkiye dışındakı…, 1999:191, 12-ci cild).

Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi barədə bir layihə də hazırlayaraq Ismət Inönü hökumətinə təqdim etmişdi.



Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərin çoxu Ikinci Dünya Savaşından sonra SSRI-nin “qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalış­mışlar. Bu gənclərdən biri – qaqauz Doğan Dan “Akınçılar kö­yü” romanını o dövrün ən çox oxunan jurnallarından “Var­lığ”ın 1938-ci il noyabr – 1939-cu il yanvar aylarında çap et­dir­mişdi. Təəssüf ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən kənarda qalmışdır (Argunşah Hülya, 2001:142).

Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xid­mətdə olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qa­qauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pe­daqoq, musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdir­mişdi (Bulgar S., 2004).

Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə davam etdirsələr də, istəklərinə yalnız SSRI dağıldıqdan sonra çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kom­munist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının ya­ra­­dılmasını tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublika­sını elan edir və hökumət yaradırlar.

Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişə­yə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstə­qil­liyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respubli­kası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət or­qanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəs­tələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tə­rə­findən tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.

Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruya­raq yaşamalarını tənzimlədi (Bulgar S., 1999:75).


Kataloq: Folklore -> 2014

Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə