Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə1/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
  1   2   3   4   5   6   7   8   9   ...   54

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU
KAFEDRA: DİLLƏR VƏ ƏDƏBİYYAT


FAKÜLTƏ: PEDAQOJİ



İXTİSAS: İSM, VI SEM.

KURS: III
FƏNN: NİTQ MƏDƏNİYYƏTİ
TƏDRİS İLİ- 2019-2020, VI SEMESTR
MÜƏLLİM: Prof. YUSİF SƏFƏROV

MÜHAZİRƏLƏRİN ƏSAS MƏTNLƏRİ 1.NİTQ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ, İNKİŞAFI



VƏ TƏBLİĞİ HAQQINDA
Tarixi qaynaqlar göstərir ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Gözəl nitqə malik olmaq, onların yollarını öyrənmək vasitələri daima böyük şəxsiyyətlərin diqqət mərkəzində olmuşdur.

M. ö. qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, bəlağətli danışığın əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik bir elm kimi Yunanıstanda meydana gəlmiş, onun ictimai-siyasi həyatında mühüm rol oynamış, xüsusən Afina şəhər dövlətində natiqlik sənəti daha çox inkişaf tapmışdır. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və kamil bir şəkildə inkişaf edir. E. ə. V və IV əsrlərdə çiçəklənmə dövrü keçirən natiqlik sənətinin İsokrat, Andokin, Esxin, Demosfen, Likurd, Aristotel və b. görkəmli nümayəndələri yetişmişdir.

Antiq yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel 335-ci ildə “Ritorika” adlı yazdığı əsərində natiqlik sənətinin elmi əsaslarını vermiş, natiqlik sənətinin quruluşunu, üslublarını, ifadə vasitələri və digər xüsusiyyətlərini geniş şəkildə izah etmişdir. Filosofun “Ritorika” əsəri üç hissədən ibarətdir:


  1. Nitqin tərtibi prinsipləri;

  2. Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;

  3. Nitqin texnikası, vasitələri və priyomları.

Aristotel nitqin üslubuna, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərir ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Həmçinin o, nitqin məharətinin 5 cəhətini xüsusi qeyd edirdi.

  1. Materialın icadı və onun hazırlanması;

  2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması;

  3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.

  4. Materialın şifahi şərhinin ədəbi-üslubu cəhətdən işlənməsi;

  5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonosiya, emosiya və

s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları idi. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüquqlarını qorumağı bacarmalı idı. O vaxt məhkəmələrdə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Onların xüsusi təhsilləri var idi. Onların yazdıqları nitqləri var idi. İşi məhkəməyə düşən afinalılar həmin nitqi əzbərləyir və məhkəmə proseslərində özlərini müdafiə edirdilər. Lisi, Hiperid, Esxin, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen xüsusilə məşhur olmuşdur.

Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində geriləmələr baş verdi. Natiqlik sənətinin mərkəzi qədim Romaya keçdi. Roma demokratiyası üçün günün tələblərinə cavab verən canlı natiqlik sənəti lazım idi. Bu tələb Roma natiqlik sənətinin inkişafına güclü təkan verdi. Katon, Qrakxi, Antoni Mark kimi söz ustaları e. ə. Roma natiqlik məktəbinin yetirmələri olmuşlar. Bunlar içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi Mark Tulliy Siseron ( e. ə. 106-43) daha çox fərqlənmişdir. Siseron natiqlik sənətilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır.

Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. İnsanlar məşhur söz ustalarının nitqlərini öyrənirdilər. Lakin bu inkişaf da uzun sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini ehkamları təbliğ etmək vasitəsinə çevrilir.

Natiqlik sənətinin tarixilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir.

Rusiyada natiqlik sənətinin inkişafı böyük alim və söz ustası M. V. Lomonosovun adı ilə bağlıdır. Alim 1748-ci ildə “Korotkoe rukovodstvo

Krasnoreçi” adlı kitab çap etdirmişdir. Bu əsər “Ritorika” kitabının əsasında yazılmışdır. Bu əsərdə müdriklik və hazırçavablıq natiqlik sənəti üçün başlıca məziyyət kimi dəyərləndirilir. Lomonosova görə natiq dinləyicinin hissiyyatına təsir etməlidir.

Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşamış şair və yazıçıların dilçi və ədəbiyyatşünas alimlərin də roluy böyük olmuşdur. Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən məhkəmələrdə səslənən nitqlər də rus natiqlik sənətinin inkişafına müsbət təsir göstərmişdir. Bu nitqlər görkəmli şəxsiyyətlərin diqqətini çəkirdi. Saltıkov Şedrin, F. Dosteyevski, A. Çexov və b. məhkəmə iclaslarına gedər, oradakı çıxışları dinləyərdilər.

Natiqlik sənəti qədim Şərqdə də maraq yaratmış, dövrün istedadlı şair və filosovları əsərlərində ritorika elminə yüksək qiymət vermişlər. Firdovsi (934-1024), Əbu Əli ibn Sina (980-1037), Sədi Şirazi (XII-XIII əsrlər) bu sahədə dəyərli fikirlər söyləmişlər. Bu mənada S. Şirazinin fikirləri daha səciyyəvidir:

Nədir dil ağızda, ey ağlı olan?

Hünər xəzinəsinə açardır – inan!
Dünya görmüş qoca söz ustadı bil,

Əvvəlcə fikir edər, sonra açar dil;

Tələsik söyləmə sözünü bir dəm,

Fikrini kamil de, gec olsa nə qəm...


Əbu Əli ibn Sina da ritorika elmi, onun qanunauyğunluqları, söz sənəti, gözəl danışmaq haqqında dəyərli fikirlər söyləmişdir.

Azərbaycanda da natiqlik sənətinin tarixi qədimdir. Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti yüksək dəyərləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Mənəvi tariximizin hər dövrü bu mənada çox dəyərlidir. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Nizaminin söz sənəti, məna, fikir aydınlığı və s. haqqında qiymətli fikirləri daha çoxdur.


Sordu: “Köhnə qızılmı, təzə sözmü yaxşıdır?”

Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır”.


Yaxud;

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.
Böyük Füzuli sözə, nitqə yüksək dəyər və əhəmiyyət vermişdir. Şair deyir:
“Xəlqə ağzın sirrini hərdən qılır izhar söz.

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?

Artırar söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz”.


Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, ruhdur. Söz olmadan real varlıq, cism mövcud deyil. Bu fikir şairin aşağıdakı beytində poetikləşdirilir:
Can sözdür, əgər bilirsə insan

Sözdür ki deyirlər, özgədir can.


Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O belə qənaətə gəlirdi ki, dil “səni-sən, məni-mən, səni-biz, bizi-hamımız” kimi formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır.

S. Təbrizi, eləcə orta əsr şairləri və söz ustalarının natiqlik, söz haqqında dəyərli fikirləri olmuş və ana dillərinə böyük önəm vermişlər. XVII-XVIII əsrlərdə aşıq poeziyasında da söz tələffüzünə, deyilişinə fikir verilmiş, “imran” dili deyiləndə sənətkarlar gözəl danışığı nəzərdə tutmuşlar. XIX əsrdə isə Azərbaycanda M. Ş. Vazeh, M. F. Axundov, A. Bakıxanov, Q. Zakir kimi praktik natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişlər. M. F. Axundov “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin təkmilləşdirilməsi məqsədilə söylədiyi fikirlər bu gün də öz əhəmiyyətini saxlamışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində M. Kazım bəy, M. Ş. Vazeh, C. Məmmədquluzadə, M. Ə. Sabir, S. Ə. Şirvani, R. Əfəndiyev, Soltan Məcid Qənizadə, N. Nərimanov, Mahmud bəy Mahmudbəyov, A. Şaiq, Məmmədtağı Sidqi, F. Köçərli, Bəkir Çobanzadə və b. yazdıqları məqalə, dərslik və dərs vəsaitləri ilə maarif və mədəniyyətimizin, dilimizin inkişafına çox kəməklik etmişlər.

XX əsrdə N. Nərimanov Azərbaycan natiqlik məktəbinin əsas simalarından biri olmuşdur. Görkəmlı ədəbiyyatşünas Ş. Qurbanovun bu sahənin inkişafında xüsusi xidmətləri olmuş, o, məharətli söz ustası və yaxşı natiq olmuşdur. Tanınmış yazıçı Y. V. Çəmənzəminli “Dil məsələsi” adlı məqaləsində Azərbaycan dilinin qorunması. Inkişaf etdirilməsindən bəhs etmişdir.

“Hər bir xalqın milliliyini, mənəvi dəyətlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zamanənin görkəmli natiqlərindən olmuşdur. Ulu öndər Azərbaycan dili ilə bağlı məruzə və söhbətlərində nitq mədəniyyəti məsələlərinə xüsusi diqqət yetirirdi. H. Əliyev doğma dilini çox sevirdi və bu dildə gözəl danışmağı ilə fəxr edirdi. H. Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik idi. Onun nitqində möhkəm məntiq və rabitə vardı. Ulu öndər yüksək nitq mədəniyyətinə sahib idi və görkəmli natiq , söz ustası kimi də tariximizdə qaldı.

Nitq mədəniyyətinin təbliği və inkişafında bədii ədəbiyyatın, kütləvi informasiya vasitələrinin rolu mühümdür. Ulu öndər H. Əliyev hələ 1981-ci ildə Azərbaycan yazıçılarının 7-ci qurultayındakı nitqində dilin təkmilləşdirilməsi və zənginləşdirilməsində, onun saflığının qorunmasını xüsusi qeyd edərək demişdir: “Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir... Yazıçı nitq mədəniyyətinin ədəbi normalarının qanunvericisi olmalıdır” (“Kommunist” qəz., 1981, 14 iyun).

Yekun olaraq demək olar ki, nitq mədəniyyətinin tədqiqi, təblifi və inkişafı ilə bağlı mühüm işlər görülmüş və bu gün də bu işlərin miqyası genişlənir. Bu barədə H. Əliyevin dil haqqında və ulu öndərin dili haqqında söylədiyi dəyərli fikir və mülahizələr əsas götürülərək natiqlik sənəti, nitq mədəniyyəti ilə bağlı araşdırmalar daha da əhəmiyyətli şəkil alır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin