Oğru və qazı



Yüklə 487,1 Kb.
səhifə1/6
tarix17.11.2018
ölçüsü487,1 Kb.
#82698
  1   2   3   4   5   6


DÜZD VƏ QAZİ

(Oğru və qazı)

Bakı2011
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU

DÜZD VƏ QAZİ

(Oğru və qazı)

Bakı – Elm və təhsil - 2011
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 noyabr 2011-ci il tarixli 9 -li iclasının qərarı ilə nəşr olunur.
Düzd və Qazi: Fars dilindən çevirən, türkcə mətni transfoneliterasiya edən:

Aynurə Həsənova

Redaktor: Möhsün Nağısoylu

filologiya elmləri doktoru
Düzd və Qazi (Oğru və Qazı). Bakı: Elm və Təhsil, 2011, 90 s.
Kitaba XVIII əsr bədii nəsr nümunəsi “Düzd və qazi” hekayəsinin fars dilindəki iki variantının tərcüməsi və türkcə iki variantının ransfoneliterasiyası daxil edilmişdir.

DÜZD VƏ QAZİ” ƏSƏRİNİN TÜRKCƏ



VƏ FARSCA VARİANTLARI

Azərbaycan folklorunun epik növünün maraqlı janrlarından biri də xalq hekayətləridir. Bu janrın “Kəllənamə”, “Keyiknamə”, “İbrahimnamə” və s. kimi nəzmlə məsnəvi şəklində qələmə alınmış çeşidli nümunələri günümüzə qədər gəlib çatmışdır. Adlarından da göründüyü kimi, bu xalq hekayəti nümunələri dini, dini-əsatiri və dini-əfsanəvi məzmun daşıyır. Məhz buna görə də onlar məlum səbəblər üzündən uzun müddət diqqətdən kənarda qalmış və ayrıca olaraq nə tədqiq olunmuş, nə də nəşr olunmuşdur. Əlyazmaşünas alimlər: filologiya elmləri doktoru Şamil Cəmşidov və filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev bir sıra dastanlarla yanaşı, adı çəkilən xalq hekayətlərini də doğru olaraq yazılı folklor nümunələri kimi dəyərləndirmiş və ayrıca bir əlyazma kataloquna daxil edərək onların yığcam elmi-paleoqrafik təsvirini vermişlər1.

Əsasən, orta yüzilliklərə aid olan Azərbaycan xalq hekayətləri sırasında “Düzd və qazi” (“Oğru və qazı”) adlı folklor nümunəsinin özünəməxsus yeri və çəkisi vardır. “Düzd və qazi” digər xalq hekayətlərindən bir sıra özəl cəhətləri ilə seçilir. Birincisi, Azərbaycan xalq hekayətlərinin çoxu nəzmlə olduğu halda, “Düzd və qazi” nəsr şəklindədir. İkincisi, hekayətin məzmunu bilavasitə islam dininin hüquq qaydalarını özündə birləşdirən şəriət məsələləri ilə bağlıdır. Üçüncüsü, hekayətin qəhrəmanı, müəyyən qədər təəccüb doğurmasına baxmayaraq, oğrudur. Bəri başdan qeyd edək ki, bu oğru adi oğrulardan deyil, varlı ailədən çıxmış, atasının sağlığında yaxşı təhsil almışdır, Qurana, hədislərə incəliyinə qədər bələddir. Bununla belə, atasının ölümündən sonra onun var-dövlətini dağıtmış və oğurluqla məşğul olur. Əsərdən məlum olur ki, oğru şəriət məsələlərini bu sahədə ad çıxarmış məşhur Bağdad qazısından daha yaxşı bilir.

“Düzd və qazi”nin digər Azərbaycan xalq hekayətlərindən daha bir fərqli cəhəti onun indiyədək ölkəmizdə müəyyən qədər öyrənilməsi, hətta nəşr edilməsidir1.

“Düzd və qazı” haqqında ilk dəfə görkəmli Azərbaycan ədəbiyyatşünası akademik Həmid Araslı məlumat verərək əsəri XVIII əsrə aid tərcümə nümunəsi – hekayə adlandıraraq onun əslinin ərəbcə olduğunu güman şəklində söyləmişdir2. Əsərdəki hadisələr məşhur xəlifə Harunərrəşid zamanında, xilafətin paytaxtı Bağdadda baş verir və görünür, məhz bu cəhəti nəzərə alan akademik Həmid Araslı belə bir mülahizəni irəli sürmüşdür. “Düzd və qazi”də Quran ayələri və ərəb dilində olan hədislər, ayrı-ayrı cümlələr, sonra isə onların türkcələri də verilmişdir ki, fikrimizcə, bu amil də akademik Həmid Araslının belə bir qənaətə gəlməsi üçün əsas ola bilərmiş. Biz də belə bir qənaətdəyik ki, “Düzd və qazi” hekayəti ilk olaraq ərəb dilində yaranmış, sonralar o, dildən-dilə, ağızdan-ağıza keçərək yayılmış və əsərin həm farsca, həm də türkcə müxtəlif variantları ortaya çıxmışdır. Bir sıra müsəlman Şərqi xalqlarında analoji halınoxşar məzmunlu folklor nümunələrinin olması (“Koroğlu” dastanının türk, Azərbaycan, özbək, tacik variantlarının mövcudluğunu yada salmaq kifayətdir) belə bir fikrə gəlməyə əsas verir.

“Düzd və qazi”ni XVIII əsrin bədii nəsr nümunəsi kimi nəşr etdirmiş Araz Dadaşzadə və Qasım Cahaninin fikrincə isə, hekayə orijinal əsərdir və onun müəllifi Əbdülqəni Xaşmazidir3. Ədəbiyyatşünas Əlyar Səfərli də “Düzd və qazi”ni hekayə adlandırmış, lakin onun müəllifinin Əbdülqəni Xaşmazi deyil, Vəli Ərəşi olduğunu qeyd etmişdir4. Tədqiqatçı alim onu da əlavə etmişdir ki, Vəli Ərəşi bu əsərini Əbdülqəni Xaşmazi üçün qələmə almışdır. Digər bir tədqiqtçı – Altay Məmmədov da “Azərbaycan hekayəsi” adlı monoqrafiyasında Ə.Səfərlinin bu fikrini eynilə təkrar etmişdir1.

Süjeti oğru ilə qazının şəriət məsələləri ilə bağlı mübahisəsi üzərində qurulan “Düzd və qazi” Yaxın və Orta Şərqdə geniş yayılmış folklor nümunəsi – xalq hekayətidir2. Bu fikrin sübutu olaraq təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, “Düzd və qazi”nin Azərbaycan türkcəsindən başqa farsca3, türkcə4, özbəkcə5 və tatarca6 da müxtəlif variantları vardır və onların hamısı, təbii ki, müəllifsizdir – folklor nümunəsidir. Bundan əlavə Azərbaycan türkcəsində olan “Düzd və qazi”nin üç, farsca “Dozd və qazi7”nin isə ən azı iki variantı bizə məlumdur. Çoxvariantlılıq isə, bəlli olduğu kimi, əsasən, yazılı ədəbiyyat üçün deyil, şifahi xalq ədəbiyyatı üçün səciyyəvi bir xüsusiyyətdir.

Bundan əlavə Azərbaycan türkcəsində olan “Düzd və qazi”nin bütün variantlarının dil və üslub özəllikləri üzərindəki müşahidələr də əsərin məhz folklor nümunəsi – xalq hekayəti olmasını bir daha əyani şəkildə sübut edir.

“Düzd və qazi” hekayətinin Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə aid edilməsinə gəldikdə isə, bu yanlışlıq əsərin Bakıda – Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan B-2228 şifrli əlyazmasının sonunda ənənəyə görə ərəb dilində olan aşağıdakı katib qeydi ilə bağlıdır:

تمت حکایت دزد و قاضی سنه ١١٨٠ سودهو ولی عرشی لاجل اخی العزیز ملا عبدالغنی خشمازی 1

Oğru və qazi” hekayəti sona çatdı hicri 1180-ci ildə (miladi 1766-67-də - M.N.). Vəli Ərşi onu əziz qardaşı molla Əbdülqəni Xaşmazi üçün köçürdü.

Katib qeydindən göründüyü kimi,Vəli Ərəşi hekayətin müəllifi yox, yazıya alanı - katibidir. Molla Əbdülqəni Xaşmazi isə Vəli Ərəşinin yaxın dostudur (“əxi-qardaş” sözü burada məhz bu mənada işlənmişdir). Deməli, istər Araz Dadaşzadə və Qasım Cahani, istərsə də Əlyar Səfərli yuxarıdakı qeydə lazımı diqqət yetirmədikləri üçün Əbdülqəni Xaşmazini və Vəli Ərəşini yanlış olaraq “Düzd və qazi” hekayətinin müəllifi hesab etmişlər. Qeyd edək ki, B-2228 şifrli əlyazmadakı yuxarıdakı katib qeydi eyni xətlə, lakin çox kiçik fərqlə M-315 şifrli, 1179/1765-ci il tarixli əlyazmanın sonunda da vardır2, deməli, hər iki əlyazmanı eyni katib-Vəli Ərəşi köçürmüşdür. Sadəcə olaraq M-315 şifrli əlyazmada Molla Əbdülqəni Xaşmazi əvəzinə digər bir şəxsin adı yazılıbmış. Həmin şəxsin adı sonralar, görünür, müəyyən səbəblərə görə qəsdən pozulmuş, buna görə də oxunmur, lakin adın ilk hərfi - “əlif” açıq-aşkar görünür. Bundan əlavə pozulmuş yerə Molla Əbdülqəni Xaşmazi antroponimi heç cür yerləşə bilməzdi. Qeyd edək ki, “Düzd və qazi” hekayəsinin 1970-ci ildə “Azərbaycan” jurnalında çapı əsərin B-2228 şifrli nüsxəsi əsasında hazırlanmışdır.

Əlyazmalar İnstitutunda Azərbaycan türkcəsində olan “Düzd və qazi” hekayətinin on üç əlyazma nüsxəsi saxlanılır ki, onlar içərisində ən qədimləri Vəli Ərəşinin köçürdüyü, yuxarıda adları çəkilən iki nüsxədir. Yeri gəlmişkən qeyd edək ki, “Düzd və qazi”nin bu iki əlyazması, şübhəsiz ki, akademik Həmid Araslıya da bəlli imiş, əks halda görkəmli ədəbiyyatşünas hekayəti XVIII əsrə aid etməzdi.

“Düzd və qazi”nin on bir əlyazmasından doqquzunun mətni məzmunca Vəli Ərəşinin köçürdüyü nüsxələrə əsasən uyğun gəlir. Bu nüsxələrin hamısı XIX əsrin müxtəlif illərində hazırlanmış əlyazma toplularıdır ki, onlardan birinin (şifri: A-517, tarixi 1244/1828) katibi Vəli Ərəşinin həmyerlisi, bəlkə də onun nəslindən olan Mustafa bəy İmanqulu bəy oğlu Ərəşidir.

Beləliklə, “Düzd və qazi”nin Bakı nüsxələrindən on birinin mətni, əsasən bir-birinə uyğun gəlir və onları şərti olaraq əsərin birinci variantı adlandırırıq.

“Düzd və qazi”nin Bakı nüsxələri içərisində B-2456 şifrli əlyazma isə həcminə görə əvvəlkilərdən təxminən ikiqat artıqdır. 10 vərəqlik bu nüsxədə birinci variantda olmayan epizodlar da vardır. Bundan əlavə əsərin final hissəsi də birinci variantdan azacıq fərqlidir. Əlyazmada hekayətin köçürülmə tarixi göstərilməsə də, onu paleoqrafik əlamətlərinə görə XIX əsrin 20-30-cu illərinə aid etmək olar. Hekayətin bu variantı ilə demək olar ki, üst-üstə düşən bir daşbasma çapı da Əlyazmalar İnstitutunda saxlanılır (şifri: XVI-1091/5229). “Hekayeyi-oğru ilə qazı” adlandırılmış bu kitabın çap yeri və ili qeyd olunmasa da, dil xüsusiyyətlərinə görə, o, çox güman ki, Türkiyədə basılmışdır. Burada bir maraqlı faktı da qeyd etmək yerinə düşər. “Düzd və qazı” hekayətinin osmanlı türkcəsində olan bir variantında1 hadisənin baş verdiyi yer Bağdaddan Rum vilayətinə köçürülür: “Rəvayət olunur ki, vilayəti-Rumda bir qazı var idi, elm ilə arastə idi. Bir gecə kitab mütaliəsində görmüş ki...”. Bu fakt hekayətin dildən-dilə keçdiyini və müəyyən dəyişikliyə uğradığını sübut edir. Hekayətin bu variantının sonluğu Vəli Ərəşi nüsxəsi ilə üst-üstə düşür: qazı qızını oğruya ərə verir: “Oğru çələbi ol düxtəri-pakizənin dürri-nasüftəsin siftə edüb, aləmi-təəssüfdən qurtardı. Anlar bu təriqlə muradlarına irdilər, siz də böylə. Amin, ya Allah” 2 . Göründüyü kimi, hekayətin son cümləsi eynilə xalq nağıllarını xatırladır.

B-5955 şifrli əlyazmadakı “Düzd və qazı” hekayəti isə fars dilindən tərcümə olunmuşdur və əsərin bu – üçüncü variantı həcmcə əvvəlkilərdən daha böyükdür – 24 vərəqdən ibarətdir. Əlyazmanın müqəddiməsində göstərilir ki, Məhəmməd Tağı ibn Qasım Qudyali fars dilində olan “Dozd və qazi” kitabını türkcəyə tərcümə etmişdir. Əlyazmanın sonunda əsərin 1263/1846-ci ildə mütərcimin öz xətti ilə köçürüldüyü də göstərilmişdir. Qudyalinin bu tərcüməsini Əlyazmalar İnstitutunda saxlanılan farsca bir daşbasma çapı olan “Düzd və qazi” kitabı ilə (şifri: III-50/977) müqayisə etdik, onların mətnlərinin tam üst-üstə düşdüyü aydın oldu. Qudyalinin tərcüməsi ilə eyni vaxtda – 1263/1846-cı ildə Təbrizdə basılmış bu kitabda 11 şəkil-miniatür də verilmişdir. Maraqlıdır ki, kitabın ilk səhifələrindəki şəkillər eyni ilə Qudyalinin avtoqrafında da vardır. Əsərin bu Təbriz çapının sonunda qeyd olunub ki, “Dozd və qazi” kitabı əvvəllər çap olunmuşdu (1262/1845-ci il Tehran çapı nəzərdə tutulur – M.N), Abbas Ütarid onu genişləndirdi və öz şeirlərini ora daxil etdi. Abbas Ütarid “Dozd və qazi”nin bu variantına bir sıra yeni epizodlar, kiçik hekayət və lətifələr əlavə etmişdir. Maraqlıdır ki, bu hekayətlərdən birində o, türkcə bütöv bir cümlə işlətmişdir.

Kitabın Təbrizdə çap olunduğunu da nəzərə alsaq, Ütaridün Azərbaycan türkü olduğunu söyləyə bilərik. Qudyali “Dozd və qazi”nin bu çapını dəqiq tərcümə etmiş, ondakı şeirlərə isə toxunmamış, olduğu kimi – fars dilində vermişdir. Qudyalinin tərcüməsində “Düzd və qazı”nın digər variantlarından fərqli olaraq, ərəb və fars söz və ifadələrinə daha geniş yer verilmişdir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, Vəli Ərəşinin nüsxəsindəki “Yuxu ölümün qardaşıdır” cümləsini Qudyali bütövlüklə fars dilində vermişdir: “Xab bəradəri-mərgdir”1 .

Azərbaycan dilində müəllifli “Düzd və qazi” əsəri də vardır. Mirzə Mahmud Zövi Şirvaninin eyni adlı bu hekayəsi 1913-cü ildə Tiflisdə “Şərq” mətbəəsində nəşr olunmuşdur. 19 səhifəlik bu kitabça məzmunca Vəli Ərəşinin “Düzd və qazi” nüsxəsinə uyğun gəlir. Bununla belə, burada oğrunun ertəsi günü qazının yanına gəlməsi səhnəsi yoxdur. Mirzə Mahmud Zövi Şirvani hekayəyə azərbaycanca və farsca bir neçə şeir parçası və kiçik rəvayətlər də artırmışdır. Kitabçanın bir nüsxəsi Əlyazmalar İnstitutunda saxlanılır (şifri: II – 109/553). Beləliklə, istər Abbas Ütaridün farsca qələmə aldığı “Dozd və qazi”si, istərsə də Mirzə Mahmud Zövi Şirvaninin eyni adlı kitabçası sübut edir ki, folklor materialları əsasında müstəqil əsər yazmaq ənənəsi Şərqdə əski zamanlardan bəri mövcud olmuş və geniş yayılmışdır.

“Dozd və qazi”nin farsca əlyazma nüsxələri daha çoxdur. İran alimi Əhməd Münzəvinin “Fars əlyazmaları kataloqu”nda əsərin on səkkiz əlyazması1, rus şərqşünası N.Tumanoviçin tərtib etdiyi kataloqda isə on altı əlyazması qeydə alınmışdır3. Həmin əlyazmalar içərisində ən qədimi hicri XII əsrin əvvəllərinə (miladi tarixilə XVII yüzilliyin əvvəllərinə aiddir4. Farsca “Dozd və qazı” hekayətinin köçürülmə tarixi bəlli olan ən qədim əlyazması isə 1199/1784-cü ildə köçürülmüşdür və Oksford kitabxanasında saxlanılır5.

AMEA-nın Əlyazmalar İnstitutunda da farsca “Dozd və qazi”nin iki əlyazması saxlanılır ki, onlardan biri (şifri: B-4902, 58b-60b), fikrimizcə, XVII yüzilliyin ikinci yarısına aiddir. Əlyazma toplusunda olan əsərin sonunda nüsxənin köçürülmə tarixi qeyd olunmasa da, toplu içərisindəki digər bir əsərdə tarix vardır: 1084/1673-cü il Bundan əlavə əlyazma toplusunun müxtəlif vərəqlərində ayrı-ayrı şəxslərin vəfat ili kimi qeyd olunmuş 1075/1664, 1077/1066 və 1090/1679-cu il tarixləri də vardır ki, bu yazıların xətti “Dozd və qazi”nin B-4902 şifrli əlyazmasının xətti ilə eynidir. Əlyazmanın səciyyəvi paleoqrafik əlamətlərinə əsasən də (kağızı, imla xüsusiyyətləri və s.) onu XVII əsrin 70-80-cı illərinə aid etməyə əsas verir. Bu isə o deməkdir ki, “Dozd və qazi”nin bu Bakı əlyazması hekayətin farsca variantının ən qədim nüsxəsidir. Burada bir maraqlı məqamı da qeyd etməyi vacib sayırıq. Əsərin istər türkcə, istərsə də farsca variantlarının çoxunda oğru ilə qazının şəriət məsələləri ilə bağlı mübahisəsi barışıqla bitir: qazı qızını oğruya ərə verir. “Dozd və qazi”nin B-4902 şifrli Bakı nüsxəsində isə əksinə, oğru qazı ilə mübahisə etdikdən sonra ertəsi gün də qazının yanına gələrək ondan pul tələb edir. Oğrunun dəlilləri qarşısında aciz qalan qazı ona yüz dirhəm qızıl pul və bir dəst paltar verərək yaxasını ondan qurtarır. Əsərin həcmcə nisbətən kiçik olan bu variantındakı sonluğa heç bir kataloqda rast gəlmirik.

Fikrimizcə, daha məntiqi təsir bağışlayan bu sonluq da “Dozd və qazi”nin Bakı nüsxəsinin qədimliyini bir daha sübut edir. Farsca “Dozd və qazi”nin ikinci Bakı nüsxəsində (şifri: B-855, vərəq 47a-50b) əlyazma toplusu içərisindədir. Burada hekayətin sonunda da tarix yoxdur, lakin topludakı eyni xətlə köçürülmüş bir əsərin mətninin sonunda (vərəq 43a) tarix vardır: 1199/1784-cü il. Əlyazma toplularında bu cür hallara rast gəlindiyindən həmin tarixi “Dozd və qazi”yə də aid etmək olar. Hekayətin bu variantı həcmcə daha böyükdür və məzmunca Vəli Ərəşinin köçürdüyü nüsxələrə uyğun gəlir.

“Düzd və qazi” xalq hekayətində bir çox lətifələrdə, xüsusilə də məşhur Molla Nəsrədddin lətifələrində olduğu kimi, hazırcavablıq və çoxbilmişlik, zirəklik və fərasətlilik kimi keyfiyyətlər təbliğ olunur. Əsərin süjeti olduqca maraqlı bir əhvalat üzərində qurulmuşdur: Bağdadın ən savadlı və tanınmış qazılarından biri bir gecə evdə mütaliə zamanı belə bir hədisə rast gəlir: “Bağlarda olan ibadəti sevirəm”. Qazı ulağına minib şəhərin kənarındakı səfalı bağına gedərək orada ibadət etmək qərarına gəlir. Gecə vaxtı yolda qazının qarşısına bir oğru çıxır və ondan üstündəki əşyalarını çıxarmağı və paltarlarını soyunub ona verməsini tələb edir. Qazı özünün kim olduğunu bildirərək oğruya bu işin yaxşı olmadığını deyir və fikrinə sübut olaraq bir hədis söyləyir. Oğru da bu məsələ ilə bağlı başqa bir hədis söyləyərək qazının qazandığı malların haram yolla – rüşvətlə əldə edildiyini deyir. Göründüyü kimi, burada xalq hekayətinin yaradıcıları hələ o dövrdə bir çox qazıların rüşvətxor olduqlarına işarə edirlər. Qazı ilə oğrunun hədislərə, ayələrə əsaslanan mübahisəsi ikincinin qələbəsi ilə bitir və şəriət hakimi cavan oğlanın möhkəm dəlil-sübutları qarşısında çarəsiz qalaraq təslim olur və paltarlarını soyunaraq oğruya verir. Ertəsi gün oğru özü qazının yanına gəlir və yenə də öz biliyini, hazırcavablığını göstərir. Qazı qızını oğruya ərə verir, bununla da hekayət bitir.

Hekayətin digər bir variantında isə oğru yenidən qazının yanına gələrək onun bütün var-dövlətini ələ keçirir.

Qeyd edək ki, hekayətdəki Quran ayələri və hədislər əvvəlcə orijinalda olduğu kimi ərəbcə verilir, sonra isə onların türkcəyə tərcüməsi göstərilir.

Son olaraq onu da qeyd edək ki, biz hələ 1988-ci ildə nəşr etdirdiyimiz bir məqaləmizdə1 “Düzd və qazi”nin yazılı ədəbiyyat nümunəsi deyil, folklor örnəyi – xalq hekayəti olması fikrini söyləmişik.

İlk dəfə oxuculara təqdim olunan bu kitaba həm farsca “Dozd və qazi”nin iki variantının çağdaş dilimizə tərcüməsi, həm də əsərin türkcə iki variantının transfoneliterasiyası daxil edilmişdir.

Möhsün Nağısoylu

filologiya elmləri doktoru

I
DÜZD VƏ QAZİ

(B 4902/6527 şifrli farsca əlyazmanın mətninin tərcüməsi)

RƏHİMLİ VƏ BAĞIŞLAYAN ALLAHIN

ADI İLƏ

Belə rəvayət edirlər ki, bir zamanlar Bağdad şəhərində bir qazı var idi. Onun adəti belə idi ki, öz vaxtını üç hissəyə: bir hissəsini namaza, bir hissəsini Quran tilavət etməyə, digər hissəsini isə mənəvi kitab oxumağa ayırmışdı. O, bir gecə kitab oxumaqla məşğul olarkən həzrət peyğəmbərin (s) bu hədisinə rast gəldi: تَحُبُّ الصَّلاةَ فیِ البُستانِ, yəni “Bağda namaz qılmağı çox sevirəm”. Bu qazının şəhərdən kənarda bir bağı vardı. O, öz-özünə düşündü ki, gedib bağda namaz qılmaqla həzrət peyğəmbərin (s) buyuruğunu yerinə yetirər, həmçinin bağa da tamaşa etmiş olar. Səhər o, öz qulamına qatırını yəhərləməyi tapşırdı. Özü isə paltarını geyinib bağa doğru yollandı. Darvazanın yanına çatanda yol üstündə bir oğru gördü. Oğru qazının üstünə qışqırdı: قِف مَکانِکَ, yəni öz yerində qal.

Qazı dedi: - أنتَ لاَ تَستَحییِ مِنّی وَ أَناَ قاضیِ المُسلِمینَ, yəni “Sən məndən utanmırsan?”. Mən müsəlman qazıyam və gecənin yarısı məni zəhmətə salırsan.

Oğru cavabında dedi: - Ey qazı, أنتَ لاَ یَفرَغُ مِنّی وَ أنا سارِقُ المُسلِمین, yəni “Sən məndən utanmırsan ki, mən müsəlman oğruyam və mənə belə nalayiq sözlər deyirsən”. Sən müsəlman və mübarək simalı insansan. Qazıların malı isə başqa insanların malından daha halaldır. Ey qazı bil ki, mən insan ovçusuyam və xeyli vaxtdır bu işlə məşğulam. Əgər bu gecə səndən utansam, həzrət Peyğəmbərin (s) buyurduğu:



الرِّزقَ اَلحَیاءُ یَمتَنِعُ, yəni “Həya ruzinin qarşısını alar” kəlamına xilaf çıxaram.

Qazı dedi: - Ey cavan, sənin ki, peyğəmbərdən xəbərin var, bəs bilmirsən ki, oğurluq etmək olmaz. İnsanların malı digərləri üçün haramdır.

Oğru dedi: - Ey qazı, sən doğru deyirsən ki, oğurluq etmək olmaz. Amma məgər sən bu Quran ayəsini unutmusan?

Qazı dedi: - Hansı ayəni?

Oğru dedi: قالَ الله تَعالی : إِنّمَا حَرّمَ عَلَیکُمُ اٌلمَیتَةَ وَ اٌلدَّمَ وَ لَحم 1 الخِنزیر, yəni “Üç şey sizə haramdır. Birincisi murdar, ikincisi qan, üçüncüsü donuz əti”. Lakin sonuncu barədə ayədə deyilir: وَ مَآ أُهِلَ بِهِ لِغَیرِﷲِ فَمَنِ اٌضطُرَّ غَیرَ بَاٍغ وَ ﻻعَادٍ فَلَا إِثمَ عَلَیهِ 2, yəni “Əgər aclıq sizə qalib gəlsə, ölü heyvanın əti az miqdarda sizə halaldır”. Nəticədə sənin bu cübbə və əmmamən mənə haram deyil. Allah-taalanın buyurduğu kimi, donuz əti mənə halaldır və Allah-taala şahiddir ki, mən oğurluğu ehtiyac üzündən edirəm.

Qazı dedi: - İndi ki belə oldu, sən burda otur, mən evə gedib sənin üçün paltar, əmmamə və qatır göndərim.

Oğru dedi: قالَ النَّبیِ (ص): النّسُیَه بدعة الظالم وَ کلُّ الظالم فی النَّار 3, yəni Allahın rəsulu buyurmuşdur: “Nisyə etmək zalımlıqdır və zalımın yeri cəhənnəmdir”. İndi mən nisyədən bir xeyir götürə bilmərəm və öz əlimlə özümü cəhənnəm oduna ata bilmərəm. Məsləhət deyil ki, kimsə oğruya nisyə versin və mən də nisyə götürəm.

Qazı dedi: - İndi ki belə oldu, sən bağın qapısına gəl, mən də gedib sənə paltar, əmmamə və qatır gətirim.

Oğru dedi: - Ey qazı, məgər sən bu ayəni unutmusan? Haqq-taala buyurur: وَ لاَ تُلقُو بِأَیدِیکُم إِلَی اٌلتَّهلُکَةِ 4, yəni “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. Mən səninlə bağına gəlim və sən də səs-küy salıb bir neçə nəfəri toplayasan ki, gəlin bu oğrunu tutun və o haramzadələr də gəlib məni tutub ağacla çoxlu döysünlər? Axırda da siz padşahın yanına gedib bu ayəni ona oxuyasınız ki:

وَالسّارِقُ وَ السّاریقَةِ فَاقطَعوا اَیدیهِماَ جَزاءً بِما1 , yəni “Gedin onun sağ əlini və sol ayağını kəsin”. Hansı ağıllı insan özünü təhlükəyə atar.

Qazı dedi: - Sənə and verirəm ki, heç kimə bu haqda xəbər vermərəm.

Oğru dedi: - قالَ النّبیَ (ص): مَن خَلَفَ یَمینِ الکَرامَتَ لاَ کَفّارَةَ لَهُ 2, yəni Allahın Rəsulu buyurmuşdur: Öz canının qorxusundan and içən bir kimsəyə heç bir kəffarə vacib deyil”.

Qazı dedi: - لاَ حَولَ وَ لاَ قُوَّةَ اِلّاَ بِالله العَلِیُّ العَظیِمِ, yəni “Böyük və uca Allahdan başqa güc və qüvvət yoxdur”.

Oğru dedi: - Heç görmüsənmi ki, şeytan “la hövlə” oxusun?

Qazi dedi: - Sən şeytandan da betərsən ki, bu gecə yarısı mənim yolumu kəsmisən.

Oğru dedi: - Əgər mən şeytanamsa, sən kafirsən.

Qazı dedi: - Nə üçün?

Oğru dedi: - Ona görə ki, Haqq-taala Qurani- Kərimdə buyurur: اِنَّاَ اَرسَلناَ الشَّیاطِینَ عَلیَ الکافَرینَ تَعوُذُّهُم عَزّاً 3, yəni “Biz şeytanı kafirin üstünə göndərmişik”. Deməli, əgər mən şeytan olsam, sən də kafirsən.

Qazı dedi: - Daha bir iş görüm, mən min dinarlıq zəmanət məktubu yazıb verim sənə.

Oğru dedi: - Hansı müddətə?

Qazı dedi: - Hal-hazırkı vaxt üçün.

Oğru dedi: - Mən indiki zamanda istəyirəm.

Qazı daha bir bəhanə gətirmək istədi.

Oğru dedi: - Çox danışma ki, söz çoxdur. Deyirlər, pis danışmaq eşşək yükünə bənzəyir. Mənimsə eşşəyim yoxdur, buna görə səni eşşək və axmaq görürəm. Paltar və əmmaməni ver. Daha heç bir söz demə ki, mənasız söz çoxdur. Oğrunun ovqatı təlx oldu. Biçarə oğru qazının yersiz danışığından cana gələrək qatırdan yerə endi.

Oğru dedi: - Cübbə və əmmaməni ver. Oğru onun geyindiyi köynək və şalvara baxdı.

Oğru dedi:- Ey qazı, utanmırsan ki, bir köynək və şalvarı mənə qıymırsan?

Qazı dedi: - Canım sənə fəda olsun ki, xoş xasiyyətli və təbiətən yaxşı kişisən, eləcə də çox insaflısan. Əgər mən köynək və şalvarımı sənə versəm, digərini evdən gətirənə qədər sübh namazı qəza olar.

Oğru dedi: - Ey qazı, sən hansı məzhəbə mənsubsan?

Qazı dedi:- İmam Şafei məzhəbinə.

Oğru dedi:- İmam Şafeidən bir hədisdə nəql edirlər: صَلاةُ العُریانِ جایُزٌ اُذا لَم یَجِد شَیئاً یَستَرهُ, yəni “Məcburiyyət qarşısında namazı paltarsız halda qılmaq caizdir”.

Qazı məcbur oldu və deməyə sözü qalmadı. Öz köynək və şalvarını soyunub oğruya verdi

Oğru paltarları aldı, qazı isə lüt qaçaraq bağın qapısına çatdı.

Oğru qazıya dedi: - Ey ağa, bir istəyim var ki, bu zəif bəndəyə mərhəmət edəsən. Axı mən bunları zərurət üzündən səndən aldım. Səhər vaxtı ibadət edəndə məni yada salıb haqqımda dua edərsən.Oğru bu sözləri deyib getdi.

Qazı bağın qapısını açmaq istədi. Qapının açarını itirmişdi. Təşvişə düşərək divardan aşmaq istədi. Divarın başından tutmaq istərkən əli sürüşdü və yerə yıxıldı. Bədəninin bütün əzalarının ağrısından nalə etməyə başladı. Nəhayət ki, bir yolla bağa girə bildi. Soyuq qış fəsli idi.Qazı soyunaraq hovuza girdi. O gedib bədənini yudu. Səhər isə dişləri bir- birinə dəyirdi. Səhər açılanda insanlar gəlib qazını o halda görüb dedilər: - Ey qazı, sən nə hala düşübsən?

Qazı dedi: - Ey camaat, bilmirsiniz ki, başıma nə iş gəlib? Bu ətrafda bir oğru mənə hücum edib ki, əgər Maliki, Əbu Hənifə, Şafei və Hənbəli təriqətinə mənsub insan ona rast gəlsəydi, onların təlimini inkar edər və fəsahətlə onları lüt-üryan edərdi. Onlar bu söhbətdə ikən birdən bir nəfər gəlib dedi ki, mövlananın canı sağ olsun.

Qazı dedi:- Gedin görün kimdir? Bir nəfər gedib, baxıb geri qayıtdı. O dedi: - Bir kişi gəlib boş-boş, yersiz danışır.

Qazı dedi: - O, nə deyir?

Deyir:- Qazı mənim qulamımdır və onun əmlakı mənimdir.

Dedi: - O kimdir?

Dedilər: - Biz onu tanımırıq. Amma sənin paltarını əyninə geyib və sənin qatırına minib.

Qazı dedi: - Allahın buyurduğu yol ilə gedin və oğrunu bağda bağlayın. Adamlar getdilər ki, bağa gəlmiş oğrunu bağlasınlar. Bu vaxt həmin oğru qazıya yaxınlaşıb salam vermədən qazıdan yuxarı tərəfdə əyləşdi.

Qazı ona baxıb dedi: - Axmaq insan.

Oğru dedi: - Nə axmaqlıq etmişəm?

Qazı dedi: - Nə üçün salam vermədin?

Oğru dedi: - Mən qorxduğum bir insana salam verirəm. Mənim səndən heç bir qorxum yoxdur. Salam adətdir. Mən bu adətə əməl etmədim və onun vacib olduğunu eşitməmişəm.

Qazı dedi: - Ey, haramzadə.

Oğru dedi: - Əstəğfirullah de. Haramzadə sözünü xəbis insanlar bir- birinə deyərlər.

Qazı sonda soruşur : - De görüm, nə üçün gəlmisən?

Oğru dedi: - Ona görə gəlmişəm ki, sən mənim qulamımsan və sahib olduğun bütün var-dövlət mənim haqqım və mülkiyyətimdir, eləcə də sənin övladların mənim qulamzadələrimdir.

Qazı dedi: - Nə üçün?

Oğru dedi: - Buna görə. Sonra əlini qoynuna salıb bir kitab çıxartdı və nə isə demək istədi.

Qazı dedi: - Bir az səbir et. Sonra o, oğluna əmr etdi ki, yüz qızıl dinar və bir dəst paltar gətirib oğrunun qarşısına qoysunlar.

Qazı dedi: - Ey azadə insan, bunları al və xərclə. Elə təsəvvür et ki, mənim yükümü görməmisən.

Oğru qazının göstərişinə əməl etdi və dinarları götürüb getdi.

Camaat soruşdu: - Bu nə işdir? Niyə bütün pulları bu şəxsə verdin?

Qazı dedi: - Ey insanlar, dünən dəftərsiz biri gəlmişdi, məni soyundurdu. Bu gün isə dəftərlə gəldi ki, onunla bəhs edim. Sonda da ev-eşiyimi, var-dövlətimi əlimdən alıb getsin. Sonra isə pis adamın kim olduğu bilinsin.



Yüklə 487,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə