3. DİLÇİLİK VƏ FİZİKA Fizika (yunanca physis – təbiət) – təbiət hadisələrinin
ümumi qanunauyğunluqları, materiyanın hərəkət qanun-
ları, ümumi xassələri və quruluşu haqqında elmdir. Bu
elmdə fiziki hadisələr öyrənilir. Fiziki hadisə geniş anla-
yışdır, buraya təbiətin bir sıra hadisələri aiddir.
Fizikanın tədqiq etdiyi hadisələrdən biri də təbiətdə
mövcud olan səslərdir. Dilçilik dilin səslərini öyrənərkən
fizikanın akustika sahəsinin nailiyyətlərindən də istifadə
edir, bunun nəticəsində hər iki elm arasında əlaqə yaranır.
İnsan və səs probleminin həllində dilçilik bir sıra elmlərlə,
o cümlədən fizika ilə əlaqəyə girir. Fizikaya müraciət etmə-
dən bu problemi həll etmək qeyri-mümkündür. Fizikanın
müəyyən etdiyinə görə, səs maddənin titrəməsi nəticəsin-
də əmələ gəlir. Təbiətdəki hadisələr çox rəngarəng və son
dərəcə mürəkkəbdir. İnsan nitqini təşkil edən səslərin də
hər biri, təbiətdəki səslər kimi, ümumi və özünəməxsus
əlamətlərə malikdir. Dilçilikdə danışıq səslərinin yaran-
ma mənbəyi, səbəbi, yayılma mühiti və s. məsələlər tədqiq
olunur. Bu məsələlərin dəqiq elmi tədqiqi fizikanın akusti-
ka bəhsinin köməyi ilə başa çatır.
Akustika (yunanca akustikos – eşitmə) fizikanın səs ha-
disələrini və onların digər fiziki hadisələrlə qarşılıqlı təsirini
öyrənir. XIX əsrdə Avropa alimi Helmholts nitq səslərinin
fiziki təbiətini öyrənmişdir. Sonralar bu sahədəki tədqiqat-
ların inkişafı akustik dilçilik termininin meydana gəlməsinə
səbəb olmuşdur. Həmçinin dilçilər səs dalğası, səs rəqsi, tembr, vurğu, intonasiya, sintaqm, səs tonu, səs gücü və s. onlarca belə
dil hadisəsinin mahiyyətini eksperimental fizikanın köməyi
ilə mənimsəyir və ondan istifadə edə bilirlər. Müasir Azər-
baycan dilinin fonetik quruluşunda səslərin akustik xüsu-
siyyətlərini eksperimental fizikanın son nailiyyətləri əsasın-
da daha dərindən öyrənməyə ciddi ehtiyac duyulur.