Qurğuşun (Pb) Ən toksik metallardan biri olub ətraf mühitə etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, poliqrafiya müəssisələri, maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə əlaqədar son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli azalmışdır. Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmosfer havasında 0,3 mkq/m3 , su mənbələri suyunda 30 mk/m3 (ÜST-nin tövsiyəsinə əsasən – 10 mk/l) müəyyən edilmişdir.
Ətraf mühitdə qurğuşunun miqdarı. Hazırda praktiki olaraq ətraf mühitin bütün komponentləri qurğuşunla çirklənməyə məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, torpaqda və qida məhsullarında da rast gəlinir.. İzafi miqdarda qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın yerləşən yaşayış məntəqələrində daxil ola bilər. Əlvan metallar istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 1000-2000 mq/kq-a çata bilər. Torpağın qurğuşunla yüksək səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun əridilməsi və qurğuşuntərkibli akkumulyatorlar istehsal edən müəssisələr yerləşən şəhərlərdə müşahidə olunur. Rusiyada belə şəhərlərdən Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski, Novosibirski, Kursk, Sibirsk, Podolski (Moskva vilayəti), Sankt-Peterburq (akkumulyator istehsal edən yaşayış rayonunun yaxınlığında) və b. göstərmək olar. Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən şəhərlərdə sahə kənd təsərrüfatı məhsulları üçün istifadə olunduqda təbii ki, qurğuşun qida məhsuluna keçir..
Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri ən qədim zamanlardan məlumdur. Qədim Romada qurğuşun bahalı qabların hazırlanmasında, şərab istehsalında, su kəməri borularında istifadə edilirdi. Bunun nəticəsində romalılar qurğuşunla zəhərlənmədən əziyyət çəkirdilər, bunu Roma zadəganlarının sümüklərində qurğuşunun yüksək səviyyədə olması təsdiq edir. Qədim Romanın zəifləməsi (dağılması) səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki zəhərlənməsi rəvayəti mövcuddur. İnsan orqanizminə qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 2-25%-ə qədəri isə atmosfer havasından daxil olur. Siqaret çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun qəbul edir. Qurğuşun respirator (nəfəs) və mədə-bağırsaq traktından keçdikdə orqanizm tərəfindən sorulur. Qana daxil olan qurğuşunun hamısı eritrositlər tərəfindən absorbsiya olunur və sümüklərdə toplanır. Qurğuşunun sümüklərdən yarımtəmizlənməsi 27 il davam edir. Bir çox tədqiqatların məlumatına əsasən müasir insanın orqanizmində qurğuşunun miqdarı bizim əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə artıqdır. Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb (sinir), ürək-damar, immunitet və endokrin sistemlərinin dəyişməsinə səbəb olur. Qurğuşunun təsirilə fəhlələrdə mərkəzi əsəb sisteminin zədələnməsi astenik sindromla (kəskin zəiflik, yuxunun pozulması, baş ağrıları, hafizənin və diqqətin aşağı düşməsi), qorxu hissinin, depressiyanın formalaşması ilə səciyyələnir, hərəkət pozuntuları ilə müşayiət olunur (iflicə qədər).. Qurğuşunla 10 ildən artıq təmasda olan adamlarda xroniki nefropatiyanın inkişaf risk dərəcəsi çoxalır, böyrək xəstəliklərindən ölənlərin sayının artması müşahidə olunur. Qurğuşunun təsirindən həm də xüsusilə çirklənmə rayonlarının yaxınlığında yaşayan uşaqların sidikayırma sistemi əziyyət çəkir. Onların sidiklərində oksalatların miqdarının və sidiyin fiziki-kimyəvi xassələrinin dəyişməsi qeydə alınmışdır. İnsanın orqanizminə daxil olan qurğuşun sümüklərdə toplanır. Qurğuşunun əhalinin sağlamlıq vəziyyətinə təsirinin əsas göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab olunur.