İMANLA KÜFRÜN ƏLAQƏSİ
Əvvəlki dərslərdə qeyd olundu ki, etiqad prinsiplərinə iman olmadan heç bir yaxşı əməl insanın əbədi səadətinə səbəb olmur və başqa sözlə desək: küfr layiqli əməllərin təsirdən düşməsinə səbəb olur. Burada da qeyd etməliyik ki, insanın sonradan iman gətirməsi güclü bir işıq əvvəlki qaranlıqları aradan apardığı kimi, ömrünün əvvəllərindəki küfrünün təsirlərini məhv edib aradan aparır. Əksinə, ömrünün axırında küfr etməsi əvvəlki imanının təsirlərini aradan aparır və şəxsin əməl dəftərini qaraldaraq puç edir. Bu da bir növ xırmana düşüb hər bir şeyi yandıran oda bənzəyir.
Misal olaraq belə demək olar: İman insanın qəlbini, ruhunu işıqlandıran, parlaqlaşdıran və qaranlıqları aradan aparan nurlu bir çırağa bənzəyir. Küfr isə özü sönməklə bütün işıqları aradan aparan və qaranlıqlar vücuda gətirən bir çırağın sönməsinə bənzəyir. İnsanın ruhu bu maddi aləmə, dəyişikliklər dünyasına bağlı oluncaya qədər işıqla-qaranlığın, nurla-zülmətin artmasına məruz qalır, nəhayət bu dünyadan köçüb gedənə qədər iman, yoxsa küfr yolunu seçmək onun üzərinə bağlanır. Hətta, bu dünyaya qayıtmaq və qaranlıqlardan qurtarmaq arzulasa belə, heç bir faydası olmaz.
İmanla küfrün bir-birindən bu cür təsirlənməsində Qurani-kərim baxımından heç bir şəkk-şübhə yoxdur. Bu mətləbə dair çoxlu ayələr vardır. O cümlədən, “Təğabun” surəsinin 9-cu ayəsində buyurulur:
«Hər kəs Allaha iman gətirsə, və layiqli işlər görsə (Allah) onun pis əməllərini aradan aparar.»
“Bəqərə” surəsinin 217-ci ayəsində buyurulur:
«Sizlərdən hər biriniz dinindən dönsə (mürtəd olsa) və küfr halında ölsə, dünya və axirətdəki əməlləri puç olar və onlar cəhənnəm əhlidir və orada əbədi olaraq qalacaqlar.»
Dostları ilə paylaş: |