4.7 Faiz dərəcəsi riski Şəriətdə faizin haram olması səbəbilə İslam bankçılığında müşahidə olunmur və İslam Bankları faiz dərəcələrinin dalğalanmasından birbaşa təsirlənmirlər.
4.8 Əməliyyat riski Bu risk insan faktorları və texniki xətalarla əlaqəli yarana bilər və bankın işçiləri, əməliyyat sistemləri və proseduraları ilə sıx surətdə əlaqəlidir. Yüksək texnologiyalarla banklar daha effektli fəaliyyət göstərirlər. Əməliyyat riski də hər iki sistem üçün keçərlidir.
4.9 Hüquqi risk Hal-hazırda dünyada yalnız Sudan, Pakistan və İranın maliyyə sistemi tam İslamlaşmış hüquqi çərçivəyə malikdir. Körfəz ölkələrində ikili bank sistemi fəaliyyət göstərir. Lakin, yerli əhalinin böyük əksəriyyəti əsasən İslam Banklarının xidmətlərindən istifadə edir. Bu da həmin xalqların əhalisinin digər İslam ölkələrinin xalqlarına nisbətdə daha çox dindar olması ilə izah olunur. Yerdə qalan dövlətlərin bankları ya tam olaraq ənənəvi hüquq və maliyyə sistemi çərçivəsində, ya da qarışıq sistem çərçivəsində fəaliyyət göstərirlər. Qarışıq sistem (və ya ikili sistem) zamanı, ənənəvi hüquqi çərçivədə, İslam Maliyyə İnstitutları haqqında ayrıca qanunlar qəbul olunur, hüquqi normativ aktlar, normativ sənədlər müəyyənləşdirilir. Bu dövlətlərə körfəz ölkələrini, Malaziyanı və s. misal göstərmək olar. Tam olaraq ənənəvi hüquqi çərçivəyə malik olan maliyyə sistemində fəaliyyət göstərən İslam Bankları isə böyük məhdudiyyətlərlə üzləşirlər. Çünki, bu tip dövlətlərin banklar haqqında mövcud qanunu banklara ticarətlə məşğul olmağı və ya müəyyən real aktivlərin alqı-satqısını həyata keçirməyi ya tam qadağan edir, ya da böyük ölçüdə məhdudlaşdırır. Bu üzdən İslam Bankçılığı praktikasında ən geniş yayılmış Murabaha və digər maliyyələşmə üsullarının tətbiqi mümkünsüz olur. Beləliklə dövlətin hüquq sistemi, maliyyə sistemi və xüsusilə banklar haqqında qanunvericiliyindəki hər hansı bir dəyişikliklər ehtimalı İslam Bankları üçün hüquqi risk şəklində təcəssüm olunur.