Hemoqlobinin səviyyəsinin azalması əsas xəstəlikdən, iltihabi proseslərin ağırlığından asılıdır. İnfeksion xəstəliklər zamanı iltihabi prosesin aktiv dövründə həftədə 18 q/l hemoqlobin azalır. Müəyyən bir səviyyədən sonra (90 q/l) hemoqlobinin azalması dayanır. Epidemioloji müayinələr göstərdi ki, xroniki ürək çatışmazlığında yaranan anemiyaya səbəb böyrək disfunksiyası, iltihab və eritropoetinə olan rezistentlikdir. Bağırsaqlarda sorulmanın azalması, daima aspirin qəbulu və protenuriya dəmir defisitli anemiya yaradır. Xroniki böyrək çatışmazlığında anemiyaya səbəb ilk növbədə eritropoezin inhibasiyasıdır. Eyni zamanda xəstə hemodializ müalicəsi alırsa, tədricən qanitirmə nəticəsində dəmir defisiti yaranır. Hər hemodializ prosesinin sonunda analizatorda 10-15 ml qan qalır. Hər bir xəstə həftədə 30-45 ml, ayda isə 120-180 ml qan itirir. Eyni zamanda mütəmadi olaraq müayinə üçün götürülən qan da nəzərə alınmalıdır. Xroniki böyrək çatışmazlığında anemiyaya digər bir səbəb də DDL sindromu və onun yaratdığı qanaxma və damar daxili hemolizdir.
Klinika. Xroniki xəstəliklər anemiyasında spesifik klinika yoxdur. Anemiyanın gedişatı əsas xəstəlikdən asılıdır. Hemoqlobin adətən 100 q/l-dən aşağı olmur. Lakin xroniki böyrək çatışmazlığında hemoqlobin 30-40 q/l-dən də az ola bilər. Xəstələrdə sideropenik sindromlar olmur.
Xroniki xəstəliklər anemiyası üçün xarakter əlamətlər:
mülayim dərəcəli normositar normoxrom və ya hipoxrom anemiya
anemiya proqressivləşmir, əlamətləri əsas xəstəlikdən asılı olur
trombositopeniya, leykopeniya olmur, normal və ya yüngül retikulositoz olur
eritrositlərin yetişmə sürəti zəifləyir, yaşama müddəti bir qədər qısalır, sümük iliyində tərkibində dəmir olan makrofaqların miqdarı normal olur və ya artır. Sideroblastlarin miqdarı azalır və ya təyin olunmur
qanda eritropoetinin səviyyəsi normal olur və ya bir qədər artır, B12 və fol turşusunun miqdarı isə normal həddə olur
zərdabda dəmirin miqdarı azalır, doymamış transferrinin konsentrasiyası artır
zərdabda ferritinin miqdarı normal olur və ya artır. Qan zərdabının ümumi dəmir birləşdirmə qabiliyyəti azalır. Sümük iliyində dəmir ehtiyatı artır