Patogenez. Fol turşusunun defisiti onun qida ilə kifayət qədər orqanizmə daxil olmaması, bağırsaqlardan sorulmanın pozulması və ya bu maddəyə tələbatın artması zamanı yaranır.
Fol turşusu defisitinə pis qidalanan, rasionunda təzə meyvə-tərəvəz istifadə etməyən şəxslərdə rast gəlinir. Əgər hamilə qadında fol defisitli anemiya varsa, bunun əlamətləri yeni doğulan körpədə də müşahidə olunur. Keçi südündə fol turşusu çox az miqdarda olduğu ücün onunla qidalanan uşaqlarda fol turşusu defisiti yaranır.
Nazik, xüsusilə yoğun bağırsağın bir hissəsi rezeksiya olunmuş xəstələrdə, tropik spru və seliakiyada, Uippl xəstəliyi və ağır bağırsaq infeksiyaları zamanı fol turşusunun sorulması pozulur. “Kor ilgək” sindromu zamanı B12 vitamini ilə yanaşı fol turşusu defisiti də yaranır. Fol turşusunun bağırsaq divarından və onurğa beyin mayesindən nəql olunmasının nadir irsi pozğunluğu halları haqqında da məlumatlar var.
Qıcolma əleyhinə preparatların və fenobarbitalın (lü-minal, fenobarbiton, veronal), oral kontraseptivlərin, metatreksat, karbamazepin, triamteron, trimetoprimin və s. uzun müddət qəbulu fol turşusunun metabolizminə təsir etdiyi üçün onun defisitin yaradır. Alkoqolizm zamanı da belə hallar müşahidə edilir.
Hamilə qadınlarda,xüsusən çoxdöllü hamiləlikdə, pis qidalanma zamanı fol turşusuna tələbat 5-10 dəfə artır və öz-özünə kompensə olunmur. Epilepsiyadan müalicə alan, yaxud alkoqoldan sui-istifadə edən qadınlarda hamiləlik zamanı fol turşusu defisiti qabarıq şəkildə üzə çıxır.
Müxtəlif hemolitik anemiyalar zamanı, talassemiya xəstələrində, xüsusən hemolitik anemiya və ya heteroziqot talassemiyalı hamilə qadınlarda, uşaqlarda inkişafın sürətləndiyi dövrdə fol turşusuna tələbat kəskin artır.
Dostları ilə paylaş: |