Patogenez. İnsanda hemoqlobinin tərkibi-HbA (α2 β2), HbA2 (α2 δ2), HbF-dən (α2 γ2) ibarətdir. Hər bir hemoqlobin də 4 zəncirdən ibarətdir. Homoziqot talassemiya zamanı qlobin zəncirlərdən biri az miqdarda sintez olunur və ya tamamilə sintez olunmur. Normada qlobin zəncirlərin sintezi balansalaşdırılıb. α zəncirin və qeyri α zəncirin (β, γ, δ) miqdarı eynidir və normada sərbəst qlobin zənciri olmur. Qlobin zəncirlərindən birinin sintezinin pozulması bu balansın dəyişməsi ilə nəticələnir. Normadan artıq sintez olunan zəncir eritrositlərdə toplanır. Talassemiyanın klinik əlamətlərinin çox hissəsi də bununla bağlı olur. Anomal və ya artıq miqdarda sintez olunan hemoqlobin molekulu eritrositlərin tərkibində presipitasiya olunmuş tetramerlər yaradırlar. Bu isə hüceyrələrin vaxtından əvvəl zədələnərək retikuloendotel sistem tərəfindən eliminasiyasına səbəb olur. Eritrositlərin yaşama müddəti qısalır, müxtəlif dərəcəli anemiya yaranır. Xəstəliyin ağır formasında kompensator olaraq eritroid hiperplaziya yaranır, qanyaranma sahələri artir, ekstramedulyar qanyaranma ocaqları əmələ gəlir.
α talassemiya α zəncirin sintezinin pozulması nəticəsində yaranır. α zənciri hemoqlobinin hər üc fraksiyasının tərkibinə daxil olduğu ücün bu zəncirin sintesinin pozulması zamanı artıq qalmış β və γ tetramerlərdən ibarət hemoqlobin yaranır.
α talassemiya zamanı 16-cı xromosomda yerləşən α zəncirin sintezinə cavabdeh olan genin delesiyası baş verir. Bu genlər 2 cüt olur. α zəncirin olmaması dölün ödeminə və bətndaxili ölümünə səbəb olur. 4 gendən birinin delesiyası (genin bir hissəsinin itirilməsi) α zəncirin yüngül defisitin yaradır. 2 gendə delesiya zamanı isə klinik əlamətləriki gendən hansının funksiyasının pozulmasından asılıdır. α zəncirin sintezinə cavabdeh 2 cüt genin 1 cütü (α1) əsas, 1 cütü (α2) 2-ci dərəcəlidir. Xəstəliyin klinikası 4 gendən hansı ikisində gedən mütasiyadan asılıdır - iki əsas, və ya iki ikinci dərəcəli, yaxud bir əsas, bir ikinci dərəcəli.
Dörd gendən ücünün disfunksiyası H hemoqlobi-nopatiyası əmələ gətirir. H hemoqlobini 4β zəncirindən ibarətdir. O çox davamsızdır və aqreqasiya olunaraq ağır hemolitik anemiya yaradır. Anemiyaya səbəb həm eritrositlərin periferiyada parcalanması, həm də qlobin sintezinin pozulmasıdır. β zəncirinin artiq sintezi zamanı HbF və HbA2 azalır və ya tamamilə olmaya bilər. Bəzi hallarda HbA2-nin miqdarı norma həddində olur.
β talassemiyanın patogenezi daha mürəkkəbdir. β zənciri kodlaşıdıran gen 11 xromosomda yerləşir və 60000 nukleotiddən ibarətdir. Bu xromosomda onunla yanaşı ε, γ və δ zəncirlərini də kodlaşdıran gen yerləşdiyinə görə bəzən müştərək mutasiyalar da yaranır. Nöqtəli mütasiyaya daha çox rast gəlinir, lakin bəzi ailələrdə genin delesiyası da aşkar olunur. β talassemiyanın yaranmasına səbəb olan 200-dən artıq mutasiya haqqında məlumat var.
Mutasiya genin promotor hissəsində yerləşəndə xəstəliyin yüngül forması β0 talassemiya yaranır və HbA tamami ilə olmur. β+ talassemiyada HbA-nın miqdarı azalır.
Klinik əlamətlərin patogenezində artıq miqdarda sintez olunan qlobin zəncirinə daha cox əhəmiyyət verilir. Belə ki, β talassemiyada β zəncirin sintezinin pozulması nəticəsində çoxlu miqdarda sərbəst α zəncirlər əmələ gəlir. Əgər bu artıq zəncirlər fetal və A2 hemoqlobinin tərkibinə daxil olmursa, onda onlar qeyri-stabil olduqları üçün aqreqasiya olunur və çöküntüyə çevrilirlər.
β talassemiyada qeyri-effektiv eritropoezin əsas səbəbi α zəncirin artıq miqdarda sintezidir. Sümük iliyində eritrokariositlər məhv olur, nəticədə kəskin qıcıqlanmış sümük iliyi ilə az miqdada artan retikulositlər arasında nisbət pozulur. Homoziqot formada sümük iliyində eritrokariositlərin, periferik qanda və dalaqda retikulosit və eritrositlərin parcalanması qanazlığına səbəb olur. Qara ciyər və dalaqda qırmızı qanyaranma ocaqları əmələ gəlir. Qanyaranmanın artması sümüklərin deformasiyasına, aşkar hipoksiya isə uşağın inkişafının pozulmasına səbəb olur.
Müəyyən edilmişdir ki, fetal Hb-nin səviyyəsi yüksək olduqda hüceyrələr daha az parçalanırlar. Bu onunla əlaqədardır ki, artıq miqdarda olan zəncir sərbəst deyil və γ zəncirlə birləşmiş şəkildə fetal hemoqlobinin tərkibində olur.
Bəzən homoziqot formada olan xəstələrdə ağır klinik əlamətlər yaranmır. Agır anemiya müşahidə edilmədiyi ücün, xəstələrin daimi transfuziyaya ehtiyacları da olmur. Belə halda xəstəlik klinikasına görə talassemiya mayor deyil, talasssemiya intermedia kimi qiymətləndirilir.
Bəzən heteroziqot β talassemiya çox ağır gedişatlı olur. Hesab edilir ki, heteroziqot formanın ağırlığı hüceyrələrin artıq miqdarda olan α zəncirlərdən azad oluna bilməməsidir. Adətən heteroziqot β talassemiyada kompensator olaraq α zəncirlərin proteolizi artır.
Dostları ilə paylaş: |