Hemoqlobinopatiyalar
Hemoqlobinopatiyalar irsi hemolitik anemiyalar qrupu olub hemoqlobinin quruluşunun pozulması-qlobin zəncirində amin turşuların ardıcıllığının dəyişməsi (keyfiyyət hemoqlobinopatiyası), yaxud qlobin zəncirinin quruluşunu dəyişmədən sintezinin azalması (kəmiyyət hemoqlobinopatiyası) ilə şərtlənir.
Hemoqlobin sintezi eritropoezin sələf hüceyrələri-eritropoetinə həssas hüceyrələr tərəfindən başlayır. Hemoqlobin heterodimer tetramer olub, tərkibində 4 molekul dəmir tərkibli hem və 2 cüt qlobin zəncirindən ibarət zülali hissə var. Hemoqlobin zənciri böyük insanlarda əsasən α və β zəncirindən ibarətdir. Müəyyən miqdarda isə γ və δ zənciri də var. Normada insanlarda 3 tip hemoqlobin sintez olunur. HbA α və β zəncirindən (α2β2) ibarətdir. HbF və HbA2-də β zəncirini γ və ya δ əvəz edir. HbF α2γ2, HbA2 α2δ2 zəncirlərindən ibarətdir. Hər bir qlobin zənciri 11 və 16-cı xromosomda yerləşən genlərlə kodlaşdırılır. Hemoqlobin tetramerlərinin həll olma qabiliyyətini saxlamaq ücün hemoqlobin zəncirlərinin nisbəti balanslaşdırılıb. Qlobin zəncirinin hər hansı birinin sintez olmaması və ya normadan artıq sintezi, eyni zamanda onların quruluşunda yaranan dəyişikliklər hemoqlobinin fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsinə, eritrositlərin presipitasiyasına və zədələnməsinə səbəb olur. Hemoqlobinopatiyanı yaradan səbəblərə əsasən xəstəliklər 4 qrupa bölünürlər:
1.Qlobin zəncirində (daha cox β zəncirdə) amin turşuların digərləri ilə əvəzlənməsi (oraqvari-hüceyrəli anemiya və oraqvari-hüceyrəli anomaliya)
2.Qlobin zəncirlərindən birinin sintezinin pozulması-talassemiya
3.Müxtəlif zəncirlərin genlərinin qarışması nəticəsində qlobin zəncirin quruluşunun dəyişməsi-Lepore hemoqlobinopatiyası
4.Qlobin zəncirin uzunluğunun artması-Constant Spring hemoqlobinopatiyası.
Hemoqlobinopatiya ilə şərtlənən hemolitik anemiyalar daha çox Aralıq dənizi ölkələrində, endemik malyariya zonalarında yayılıb. Hesab olunur ki, tərkibində patoloji hemoqlobin olan eritrosit malyariya plazmodiumu tərəfindən praktiki olaraq zədələnmir. Bu xüsusiyyətə görə hemoqlobinopatiyalı insanların malyariya zonalarında sağ qalmaq, yaşamaq şansı daha çoxdur.
Hemoqlobinopatiyaların aşağıdakı variantlarına daha çox rast gəlinir.
1.Oraqvari-hüceyrəli anemiya
2.Talassemiya
3.Qeyri-stabil hemoqlobinlə şərtlənən hemolitik anemiya
Bəzən talassemiya ilə oraqvari-hüceyrəli anemiya müştərək şəkildə olur.
Dostları ilə paylaş: |