Qeyri-tam istilik aqlutininlərin təsirindən yaranan autoimmun hemolitik anemiya. Xəstəliyə bütün yaş qruplarında rast gəlinir. Hemolitik sindrom ağırlığına və intensivliyinə görə müxtəlif olur. Bəzi xəstələrdə kəskin hemolitik kriz, bəzilərində xəstəliyin subklinik forması-zəif proqressivləşən, subyektiv əlamətlərsiz, nəzərəçarpan anemiya əlamətləri olmadan müşahidə edilir. Xəstəliyin həm idiopatik, həm də simptomatik formasında klinik əlamətlər eynidir.
Xəstəlik kəskin və ya yarım kəskinbaşlayır. Bədən hərarəti yüksəlir, oynaqlarda, qarında, bel nahiyəsində ağrılar yaranır. Ümumi zəiflik, təngənəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar olur.
Qeyri-tam istilik aqlutininlərin təsirindən yaranan autoimmun hemolitik anemiyada hüceyrə daxili hemoliz olur, sarılıq dalağın və bəzən də qara ciyərin böyüməsi ilə müşahidə edilir. Dalağın ölçüləri xəstəliyin kəskin formasında xroniki formaya nisbətən daha böyük olur.
Bəzən xəstəlik gizli keçir. Anemiya olmasına baxmayaraq xəstələrdə təngənəfəslik, ürəkdöyünmə əlamətləri olmur. Çünki orqanizmdə hipoksiyaya qarşı tədricən adaptasiya yaranır. Xəstələrdə ümumi vəziyyət qənaətbəxş olur.
Qanın müayinəsi. Kəskin hemolitik krizlər zamanı hemoqlobin 50 q/l-dən də az olur. Bir çox hallarda hemoqlobin kəskin azalmır və 70-80 q/l arasında tərəddüd edir. Xəstəliyin xronik formasında isə hemoqlobinin daha az azalması müşahidə edilir. Anemiya normoxrom olur, bəzən yüngül hiperxromiya yaranır.
Xəstəliyin idiopatik formasında retikulositlərin sayı 30-40%-ə qədər artır. Simptomatik formada isə nisbətən az olur. Bəzən də xəstəliyin kəskinləşmə dövründə retikulositlərin miqdarı 0,1-0,3%-ə qədər azalır.
Autoimmun hemolitik anemiyada mikrosferositoz xarakterdir, lakin makrositoz da ola bilir. Eritrositlərin səthində fiksasiya olunan istilik aqlutininləri onların səthini zədələyərək ölçü və quruluşunu dəyişırlər. Sferositozluq yaranır, osmotik rezistentlik azalır və zədələnmiş eritrositlər dalaqdakı makrofaqal sistem tərəfindən parçalanırlar Xəstəliyin ağır gedişatında eritrosit fraqmentləri aşkar edilir.
Sümük iliyində eritrokariositlərin artması hesabına qırmızı şaxənin hiperplaziyası yaranır. Nadir halda antieritrositar antitelin dağıdıcı təsirindən eritrokariositlər azalır və sümük iliyinin hipoplaziyası müşahidə edilir. Xəstəliyin simptomatik formasında mieloqrammada əsas xəstəliyə uyğun dəyişikliklər olur.
İstilik aqlutininləri ilə yaranan autoimmun hemolitik anemiyada osmotik rezistentliyin azalması, mikrosferositozla paralellik təşkil edir.
Trombositlərin miqdarı adətən normal olur və ya bir qədər azalır. Lakin bəzən autoimmun hemolitik anemiya autoimmun trombositopeniya ilə müştərək olur (Fişer -Evans sindromu).
Leykositlərin miqdarı xəstəliyin formasından asılı olaraq dəyişir. İdiopatik formada xəstəlik kəskin gedişatlıdırsa, leykositlərin miqdarı artır (50-70x109 /l), promielositlərə qədər sola meyillilik yaranır. Xroniki formada isə leykositlərin miqdarı cüzi artır və ya norma həddində olur. Leykopeniyanın olması da istisna edilmir.
Autoimmun hemolitik anemiyada bilirubinin miqdarı qeyri-düz bilirubinin hesabına artır. Ümumi bilirubinin miqdarı 50 mkmol/l-dən çox olmur. Xəstəliyin idiopatik formasında bilirubinin artması simptomatik formaya nisbətən daha çox müşahidə edilir. Lakin bilirubinin artmaması autoimmun hemolitik anemiyanı inkar etməyə əsas vermir. Sidikdə urobilin, kalda isə sterkobilinin səviyyəsi artır. Bəzən hemolitik kriz zamanı hemosiderinuriya, hemoqlobinuriya da olur. Qaptoqlobulinin səviyyəsi azalır, laktatdehidro-genazanın aktivliyi artır.
Dostları ilə paylaş: |