"TƏTHİR" AYƏSİ BARƏDƏ BİR NEÇƏ SÖZ
Bura qədərki bəhslərdən "Təthir" ayəsinin ayrı-ayrı kəlmələrinin məfhumu, dəqiq və incə mətləblərdən bir qrupu, Əhli-beyt ünvanının tarix boyu keçdiyi yol müəyyənləşdi və aydın oldu ki, bu ayə Əhli-beytə məxsus-dur və onlar da elə əbanın altına yığışanlardır. Sair imamlar da digər bir inayətlə bu ilahi nemətə nail olmuşlar. Yəni ayənin şəni-nüzulu Həzrət Peyğəmbər, İmam Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dır.
Haqq-Taalanın təkvini iradəsi də bu olmuşdur ki, Əhli-beyt ilə aludəliklərin arasında sonsuzluğa qədər fasilə salsın. Allahın Rəsulunun ən yaxın və seçilmiş adamlarına şamil olan bu böyük mərhəmət və tövfiq Allaha xalis ibadət və bəndəçilik, eləcə də Peyğəmbərə sədaqətli itaət nəticəsində nəsib olmuşdur.
İndi bu ayəni məcmu halında araşdıraraq onun Əhli-beytə və sair imamlara nə kimi nemət verdiyini bəyan edirik.
Allah-Taalanın əzəli iradəsi məsum imamlarla günah və aludəlik arasında sonsuzluğa qədər fasilə salmaq, onları son dərəcə paklaşdırmaq olmuşdur. Bu ilahi lütf və mərhəmət təkcə Peyğəmbəri Əkrəmə, onun əziz qızı Fatiməyə və məsum imamlara şamil olmuşdur. Allahın əzəli iradəsinin muraddan, yəni iradə olunan şeydən ayrılması qeyri-mükün olduğundan, bu şərafətli insanlar müşkülləri, çətinlikləri həll etmək və onların qarşısında sinə gərmək üçün hökmən böyük ruhiyyəyə, geniş qəlbə, vüsətli ruha, Quranı və ümumiyyətlə sair həqiqətləri dərk edib qavramaq üçün nurani və hər növ qara ləkələrdən pak olan qəlbə malik olmalıdırlar. Onlar uzaqgörən, Quranın, qeybi hadisələrin və dinin bütün sirlərinə tam agah olmalıdırlar.
İmamlarımız hər növ ricsdən: vəsvəsə, şəkk, kin-kudurət, paxıllıq, həsəd, cəhalət, xurafat, əzmdə və əqidədə tərəddüd və süstlükdən uzaqdırlar, bu kimi şeylər onların ruhuna və qəlbinə əsla nüfuz edə bilməz. Onların geniş və əzəmətli ruhları və şəxsiyyətləri çirkin və günah işə düşmələrinə, hətta günah barədə fikirləşmələrinə belə, mane olur. Pak və xatircəm qəlbləri yalnız və yalnız Allah eşqi ilə döyünür, qəlblərində zərrə qədər belə, həvayi-nəfsə yer yoxdur.
İmamların hamısı Allaha qeydsiz-şərtsiz, sözün tam mənasında təslim olan xalis bəndələrdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlar heç kəsə qarşı kin-kudurət bəsləmir onlar müsəlmanlara və cəmiyyətə qarşı son dərəcə mehribandırlar, paxıllıq və həsəddən uzaqdırlar. Başqalarına mərhəmət göstərməklə cəmiyyətin həqiqi və pak xislətli rəhbərləridir, cəmiyyətə düzgün yol göstərmək, firavan həyat qurmaq üçün heç nəyi əsirgəməzlər. Onlar öz nurani qəlbləri, düzgün hidayətləri ilə, habelə Qurani-Kərimdən və vəhy məktəbindən kömək almaqla, xilqətin və Quranın sirlərinə əsaslanaraq cəmiyyəti həqiqi mənada səadətə çatdıra bilərlər.
Rəsuli Əkrəm və pak imamlar heç bir bəyana sığmayan, son dərəcə ruhi paklığa malikdirlər, paklıq və müqəddəsliyin fövqündə dayanırlar. Belə pak xislətli, pak ruhlu insanlar çəmiyyəti də paklığa, səadətə və müqəddəsliyə sövq edirlər.
Onlar o qədər pakdırlar ki, günah aludəliklərinin ən kiçik zərrələri belə onların pak ruhlarına iz sala bilməz. Təbiidir ki, belə şərafətli insanlar xalqları əməl və təfəkkürdə paklığa doğru aparırlar.
Allahın əzəli iradəsi bu olmuşdur ki, yalnız bu insanlar"Əhli-beyt belə bir yüksək məqama, əzəmətə, sağlam və saf nəfsə, pak qəlbə malik olub, ismət məqamında olsunlar və nurani qəlblə zinətlənsinlər ki, saf güzgü kimi bütün həqiqətləri müşahidə etsinlər, islam cəmiyyətində baş verən hadisələrdə qəlblərinə heç bir şəkk-şübhə nüfuz edə bilməsin.
Onlar dinin bütün qayda-qanunlarından, xilqətin və Quranın deyilməmiş sirlərindən agahdırlar. Yalnız onların həyatlarında heç bir məchul, müəmmalı nöqtə yoxdur, heç bir hadisə və elm onlardan məxfi deyildir. Bütün ömürləri boyu öz Qəyyum mövlaları olan Allaha xalis eşq bəsləmişlər, Onun barəsində azacıq belə şübhədə, tərəddüddə olmamışlar.
İlahi iradə əsasında yalnız Əhli-beyt günah, vəsvəsə, səhv, çirkinlikdən sonsuzluğa qədər uzaqlaşmışlar. Məhz bu uzun məsafə səbəbinə hər növ xəta və sapmadan tam mənada pakdırlar: özləri düz yoldan sapmır, cəmiyyəti də azğınlığa salmırlar. Dünya və onun aldadıcı zinətlərinə uymur, nəticədə heç kəsi qeyri-normal və süst tərbiyə etmirlər.
Qeyd olunanların hamısı şərif "Təthir" ayəsinin məfhumudur onun yalnız müəyyən şəxslərə şamil olması, ricsin isə hər növ aludəliklərdən ibarət olması, eləcə də Allahın əzəli iradəsinin bu aludəliklərin onlardan uzaq olmasını göstərməsi, habelə "və yutəhhirəkum təthira" cümləsi ilə bunun təkidləndirilməsi aydın olur.
Buradan da aydın olur ki, onlara bu xüsusi nemətlərin əta olunması, onların fəzilət və paklığın fövqündə qərar tutmaları daha mühüm olan bir məqsədlə edilmişdir. Onları belə gözəl və pak qərar verməkdə yeganə məqsəd İslam cəmiyyətini bütün bu inayət və nemətlərdən lazımınca bəhrələndirməkdir. Buna əsasən, imamların İslam cəmiyyətində rəhbərlik məqamına təyin edilməsi üçün bu qədər müqəddimə qurulmasının səbəbi budur ki, bütün müsəlmanlar paklıqdan, geniş qəlbdən, sağlam ruhdan, əzəmətli və həqiqət görən nəfsdən, dərin elmdən son dərəcə istifadə edib bəhrələnsinlər. Hikmətli Allah hər hansı bir cəmiyyəti belə tərbiyə edirsə, bu, yalnız bir dəstənin xeyrinə ola bilməz Bu cür tərbiyə bütün müsəlmanların düzgün tərbiyə olunması, aramlıqda yaşaması, bədbəxtliklərdən, alçaq və rəzil xislətlərdən pak olan bir həyata çatdırılması kimi bir məqsədi güdür.
Yeni və nurani bir həyatın təməlini qurmaq üçün insanlar Əhli-beytin ismət (günahsızlıq), sonsuz bilik, ruhi qüdrət və əzəmətindən ilham alaraq həyatda səadətli olmalı, əbədi xoşbəxtliyə çatmaq üçün müvəffəqiyyət əldə etməlidirlər.
Burada "Təthir" ayəsinin Əhli-beyti kamal və camal sahibi göstərməsini nəzərə alaraq deməliyik ki, müsəlmanlar bu nemətlərdən tam bəhrələnməlidirlər. Hikmətli Allah da məhz insanların məsləhət və mənafeyi üçün belə iradə etmişdir. Deməli, "Təthir" ayəsi Əhli-beytin rəhbərlik məqamını bəyan etmək məqsədini daşıyır. Əgər belə olmasaydı və təkcə bu seçilmiş insanlar mərhəmətə nail olduğu halda başqaları onların bərəkətli vücudlarından bəhrələnməsəydi, həmçinin əsl məqsəd olan bu bəhrələnmə olmasaydı, onda bu iş Allahın hikmətli işləri ilə uyğun gəlməzdi.
Dostları ilə paylaş: |