8. ƏRİZƏ. "Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə", "şikayət etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:
1. Şikayət xarakterli ərizə, 2. Xahiş məqsədilə yazılan ərizə. Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir. Ərizənin yazılış forması belədir:
1. Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan yazılır. Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd olunur;
2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və soyadını bütövlükdə çıxışlıq halda göstərir;
3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə ərizəçinin istəyi, fikri şərh olunur;
5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol tərəfdən ərizənin yazılma tarixini (gün, ay və ili) göstərir.
10. XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır:
1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır.
2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.
4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur.
5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir.
6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.
11. HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.