24. TÖHMƏT. "Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama", "məzəmmət" mənalarını verir.Töhmət idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə əmək kitabçasına və işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir. Məktəblərdə şagirdlərə və tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə rəhbərlik tərəfidən yazılı və ya şifahi töhmət verilə bilər.
25. ZƏMANƏT. "Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdəsinə götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edə bilər. Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır.
Mövzu 7. Qeyri-verbal (sözsüz) kommunikasiya
Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir. Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan istifadə edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat mübadiləsi formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə yeganə ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz ifadələri, jestlər yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona xüsusi anlam qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya qeyri-verbal ünsiyyət adlanır.
Müasir dövrdə qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi əhəmiyyət daşıyır. Belə ki, söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır.
Qeyri-verbal, sözzsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi, məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir cəmiyyətimizdə qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər səbəbi də fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi yanlış bir fikrin son zamanlara qədər dominant olması ilə bağlıdır. Bir sözlə, ünsiyyətin təbiəti ilə bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər əhəmiyyətli olan vizual kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət diqqətdən kənarda qoymuşdur. Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani kodlarla münasibət yaratmaq, informasiya ötürmək ənənəsi insanların ünsiyyət tarixi qədər qədimdir.
İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları qədər qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi və sosial mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də klassik Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz demək, bir baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə rast gəlmək olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da qeyri-verbal ünsiyyət formalarından biridir.
Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyri-verbal ünsiyyət verbal ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil.