XƏDİCƏ XALA
Xədicə xala 1854-1855-ci illərdə Dərəçiçək mahalının Qoçulu kəndində anadan olmuş, olduqca kasıb bir ailə tərbiyəsi ilə böyümüşdür. Cocuğluğunu tam mənası ilə fəna bir vəziyyətdə keçirmişdir.
Kiçik yaşlarında ata və anasını qeyb edərək evdə tək qalmışdır. Ancaq onu himayə edəcək bir qoca xalası olmuşdur ki, bu da onu həmişə döyə-döyə saxlamışdır. Bu qız 9-10 yaşlarında öz əmisi oğluna ərə verilmişdir. Bu izdivacdan az keçər-keçməz iki uşağı olmuş, onlar da çox kiçik vaxtlarında atalarını qeyb etmişlər, özü yetimlik həyatından qurtarır-qurtarmaz yetim cocuqlar onun boynuna düşmüş bir müddət yetimcikləri çətinliklə saxlayıb böyütmüşdür. Fəqət başa qadar himayə etməyə qüvvəsi olmadığından ikinci bir ərə getmişdir. Bu ikinci ərinin zamanında Xədicə xala yaxşı həyat keçirmişdur. Lakin bir qadar keçdikdən sonra onun ərini öldürürlər, həyatı daha da fənalaşmışdır.
Azərbaycan şuralaşandan sonra yerli hökümət tərəfindən nüfuz etibarı ilə ona torpaq verilmiş və uşaqları komsomol və şura üzvlüyünə qəbul olunmaqla bərabər yeni məktəblərə ezam olunmuşdur. Bundan sonra bu cocuqlar analarını saxlamağa başlamışlar.
Xədicə xala yetim zamanlarından başlayaraq bir nev ələmlərini, kədərlərini unutmaq üçün məşhur nağılçılardan dastan, nağıl, masal və sair öyrənməyə başlamış, böyləliklə yığın-yığın nağıl öyrənməyə müvəffəq olmuşdur. Özünün dediyinə görə 50-60-a qadar nağıl bilir.
Xədicə xalanın cocuqluqdan keçirmiş olduğu ağır vəziyyəti onun öyrəndiyi və bənimsədiyi nağıllara çox təsir yapmış, zira ən çox bildiyi və hafizəsində yerləşdirdiyi nağıllar acı, bədbin faciəli və tam mənası ilə müdhiş və qızğın bir həyatı andırır.
AŞIQ MİRZƏ
Mirzə Əhməd oğlu 1895-ci ildə anadan Qazax qəzası Əmir Şəmsəddin nahiyəsinin Çilovdarlı kəndində təvəllüd etmişdir. 7 yaşından məktəbə dəvam etmiş, 15 yaşında bir nev oxuyub yazmağı bildiyindən sonra məktəbdən çıxmış cocuqluqdan sevdiyi aşıqlığa getmişdir. Məşhur şair və ustad sayılan aşıq Hüseynə bir müddət şagird olmuş, oxumağı və saz çalmağı yaxşı bənimsədikdən sonra ustadın yanından çıxıb özü bir sərbəst aşıq olmuşdur.
Aşıq Mirzənin yaxşı uca səsi və yaxşı nağıllar söyləməsi onu el içində məşhur etmişdir. Qazaxda Bir May bayramı münasibətilə düzənlənən el aşiqlərinin yığıncağında birincilik almışdır.
Aşıq Mirzə Tavusda yenə də son dərəcə məharətlə bildiyi aşıqlıq ilə məşğuldur.
AŞIQ ƏSƏD
Aşıq Əsəd 1883-cü ildə Göyçay mahalının Qaraqoyunlu kəndində anadan olmuşdur.
12 yaşında atası vəfat etdiyindən böyük bir ailə yükü onun üzərinə düşmüş, onu idarə edə bilmək üçün beş il xidmət etməyə məcbur olmuşdur. Nökərçiliyi zamanlarda dağlarda, yamaclarda mal-qaranı otararkan eşitdiyi və öyrəndiyi el mahnılarından oxumağa başlamış və arabir də özündən söz demişdir.
Aşıq Əsəd çöllərdə, qırlarda ney çala-çala mahnı oxuya-oxuya yaşamış və böylə həyat onda aşıqlığa böyük bir həvəs və böyük bir zevq oyatmışdır: daha mal otarmaqla çalmaq çağırmaq onun zevqini təmin edəməmişdir. Ona görə nökərçiliyi tərk edərək aşıqlığa başlamışdır. Aşıqlıqla ailəyi idarə etmək olmaz, deyə böyük qardaşı dəfələrlə aşıq Əsədin sazını qırmış aşıqlığa getməyinə mane olmuşdur.
Aşıq Əsəd aşıqlığı 20 yaşına qadar gizlin etmişdir. Lakin ondan sonra qardaşının razı olmamağına baxmayaraq səmimi qoşmaları incə gözəlləmələri ilə eldə, obada məşğul olaraq və qabil ystadlardan sayılan aşıq Əli Əsgərin yanında şagird olmuş, çox keçmədən saz çalmağı, söz oxumağı gözəlcəsinə öyrənmişdir. Əvvəlləri şagird olan aşıq Əsəd ustalaşmış və sərbəst olaraq zamanəyə aid şeirlər söyləməkdə və düzəltməkdədir.
Aşıq Əsəd yığın-yığın təcnisləri, müxəmməsləri, mürəbbeləri, dodaqdəyməzləri, dəyişmələri xüsusilə gəraylı və gözəlləmələri ilə Göyçay, Qazax və Gəncə mahallarında böyük hörmət və böyük şöhrət qazanmışdır.
Aşıq Əsəd bununla da qalmamış, o yeniliyə aid bir çox şeirlər söyləmiş və hər zaman şura, firqə, gənclər yığıncağında çalışmış və oxumuşdur. Böyləliklə, 1927-ci sənədə Qazaxda Bir May bayramı münasibətilə çağırılmış qəza aşıqlar yığıncağında Xalq Maarif Komissarlığı tərəfindən Bakıda çağırılmış aşıqlar qurultayında bütün Azərbaycan aşıqları içərisində birinciliyi qazanmışdır.
Dostları ilə paylaş: |