Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Əlyazması hüququnda tahiR İSGƏNDƏR oğlu NƏSİB


II FƏSIL. “QESER”VƏ TÜRK EPOS YARADICILIĞI ARASINDA GENETİK ƏLAQƏLƏR. DASTAN QƏHRƏMANLARI VƏ KÖMƏKÇİ SURƏTLƏR



Yüklə 0,83 Mb.
səhifə3/7
tarix20.01.2017
ölçüsü0,83 Mb.
#725
1   2   3   4   5   6   7

II FƏSIL.

QESER”VƏ TÜRK EPOS YARADICILIĞI ARASINDA GENETİK ƏLAQƏLƏR. DASTAN QƏHRƏMANLARI VƏ KÖMƏKÇİ SURƏTLƏR



2.1.“Qeser” dastanında qəhrəmanın fərqli qüvvələrlə münasibətində ayin və oyun elementləri

Folklor janrlarının müxtəlif, müstəqil çoxsaylı sahələrə ayrılmasına baxmayaraq, bütün bunlar öz başlanğıcını, bir-biri ilə əlaqəli olaraq, vahid mənbədən - mifoloji düşüncə dövründən alır. Bu cəhətdən oyun və tamaşalar da istisna təşkil etmir. Öz xüsusiyyətlərinə görə yaxın olan foklor janrlarında genetik əlaqə daha qabarıq üzə çıxır. İbtidai insanların şüurunda ətraf mühiti dərk etmədə fövqəl-təbii, mifoloji səviyyədə yaranan düşüncənin nəticəsi olan magik aynlər, çağırışlar həm də onların təbiət qüvvələri qarşısında gücsüzlüklərini müdafiə məqsədi güdürdü. Gerçək ictimai həyatı və mifoloji şüuru ayrılmaz halda birləşdırən həmin düşüncə uzun tarixi zaman ərzində tədricən fərqli arxaik folklor janrlarının bölünüb yaranmasınadək inkişaf edib çevrilmişdir.

Belə çevrilmələr inanclarda, magik səviyyəli ayinlərin sonralar xalq oyun və tamaşalarına qədər inkişaf etməsinə gətirib çıxarır. Buna görə də, epik yaradıcılığın janrlarında, xüsusən də qədim yaşlı qəhrəmanlıq dastanlarında magik ayin xüsusiyyəti daşıyan səhnələrə, hadisələrə oyun və tamaşaların ibtidai, ilk rüşeym şəkli kimi baxılmalıdır. Bu vəziyyət “Qeser” kimi qədim və nəhəng qəhrəmanlıq dastanları silsiləsi toplusunda özünü daha aydın şəkildə göstərir. Dastanın əsas qəhrəmanı Qeserin ətrafında yaranmış hadisələrdə: düşmənləri çoxsaylı manquslarla vuruşlarda; təbiət, kosmos varlıqlarına sitayişdə və s. vəziyyətlərdə daima ayin, oyun məzmunlu səhnələr təsvir olunur.

Folklorşünaslıq nəzəriyyəsində, folklorun gerçək tarixində özündə heç bir janrın əlamətlərini birləşdirməyən, janr müəyyənliyi dəqiq bilinməyən mətnlər də olur (38,66). Bunlarda ayrı-ayrı janr xüsusiyyətlərinin çarpazlaşması, qarşılıqlı münasibəti müşahidə olunur. Misal üçün, lirik məişət nəğmələri mərasim folklorunun tərkibinə daxil olur. Bəzi mətnlərdə bir folklor janrının daha arxaik janrdan, onun ayrı-ayrı hissələrindən yaranması, törəməsi yolu ilə ayrılması özünü göstərir; sehirli nağıl, mifdən “boy atır” (38,66). Belə keçid ərəfədə, amorf – ikili vəziyyətdə olan mətnlərdə hər hansı bir janrın dəqiq müəyyənləşdirilməsi ziddiyyətli hal yaradır. Həmin ölçülərə, demək olar ki, “Qeser” dastanlar silsiləsinə aid çoxsaylı mətnlərin hər biri uyğun gəlir. Ümumiyyətlə, “Qeser” dastanının özü qədimliyi və nəhəngliyi ilə əlaqədar olaraq təməlindən ziddiyyətlərlə doludur. Mövzusuna, süjetinə, poetikasına və s. cəhətlərinə görə onu eyni zamanda nağıl, əfsanə janrlarına, tarixi hadisələri zəif də olsa əks etməsinə, qəhrəmanın, tərəfdarlarının daimi fəaliyyətdə olmalarına görə isə dastanlara da aid etmək olar. “Qeser” dastanlar toplusunda rəvayət, əsatir mövzuları, xüsusiyyətləri də özünə yer tapıb. Onu ural-altay xalqlarına aid dastanlardan tamamilə fərqləndirən xüsusiyyəti “Qeser”in monqol, tibet xalqlarında həm də dini mövzulu, müqəddəs səviyyəli mətn kimi qəbul edilməsidir. “Qeser” dastanlarının qeyd edilən qabarıq xüsusiyyətləri eyni ilə onun mövzusunun rəngarəngliyində də özünü təkrarlayıb göstərir. Qanunauyğun olaraq da “Qeser” mətnlərindəki ziddiyyətli hal onu təşkil edən hər bir incəliklərdə, səhnələrdə də əks olunub. Belə incəliklərdən biri də fərqli janrların qaynayıb-qarışması, kəsişməsi kimi özünü əsas qəhrəman Qeserin mənfi qüvvələrlə münasibətində üzə çıxan ayin, oyun elementlərində göstərir.

“Dədə Qorqud” dastanında uşaqların, igidlərin adqoyma mərasimində müxtəlif oyun-tamaşa səhnələrinin yaradılmasının – yaşıdları ilə güləşlər, buğayla döyüş, ox atma, qılınclaşma, atla yarış və s. (63,27) arxaik şəkillərini “Qeser” dastanında da müəyyənləşdirmək olur. Qədim türklərdə seçilmiş qəhrəmanların, xanların, xaqanların həyatında üçmərhələli: uşaqlıq, gənclik, xalq arasındakı nüfuzuna görə adqoyma mərasimi eyni ilə Qeserlə də təkrarlanır. Bu hal da qədim ural-altay xalqlarında ortaq genetik dünyabaxışının olması ilə əlaqəlidir. “Qeser”in bəzi fərqli mətnlərində qəhrəman uşaqlıq dövründə, 3 yaşında olanda göstərdiyi şücaətinə görə Nyuhata Zurxay (Ungin-Xanqalov mətni) adı alır (116,39). Aqin mətnində o, uşaqkən düşmənlərinə qalib gəlir, Nyuhata Nyusqay-burnu bulaşıqlı ləqəbi ilə çağrılır (116,41). Bütün çoxsaylı dastan mətnlərində qəhrəman igidliklərinə görə gəncliyində “Xubun” – igid, qorxmaz adı alır. Xalqı tamamilə azad edib düşmənlərə qalib gələndə “boqdo” – müdrik, müqəddəs dərəcəsinə çatır.

Bir qayda olaraq ural-altay xalqlarının dastanlarında qəhrəmanlar düşmənləri, rəqibləri ilə qarşılaşdıqda vuruşdan öncə bir-birlərinə sözlə hədə-qorxu gəlirlər. Bu vəziyyətin özü türk epik ənənəsində (Qazax folklorunda) şeşəndiklik kimi ənənəviləşib. Şeşəndiklik rəqibi ağır, müdrik sözlərlə, nəsihətamiz fikirlərlə məğlub edib, düz yola çəkməkdir. Buna uyğun olaraq da Azərbaycanda şeşəngi saz havası var. Bu havada şeşəndiliyin məğrurluğu, müdrikliyi, ifaçının üstünlüyü xüsusiyyətləri özünü qoruyub saxlayır. Bu düzümə xalq arasında söylənən əlamətlərin məğrurluğu, özünü üstün görmə hallarının daşıyıcılarına şeşələnən insan deyilməsini də əlavə edə bilərik. Sözlə döyüşdən sonra dastan qəhrəmanları xüsusi ardıcıllıqla, silahlarla döyüşürlər, bir nəticə hasil olmayanda əlbəyaxa olurlar, güləşirlər. Hər nə qədər döyüş səhnələri dastanların ayrılmaz parçaları olsalar da bunlar tədricən zaman ərzində xalq yaddaşında “Zorxana”, “Qurşaqtutma”, “Hərbə-zorba” kimi oyun və tamaşalara çevrilmiş, bundan sonra da uşaq oyunlarınadək inkişaf etmişdir.

“Qeser” dastanlar toplusunun nağıl, əfsanə və dastan arasında keçid mərhələsində olması, dastanın janr xüsusiyyətlərini daşıyan motiv və elementlərə də təsir etmişdir. Bu təsir özünü xüsusən düşmənlərlə qəhrəmanın vuruşları zamanı bunların hər ikisinin özlərini aparmalarında qabarıq göstərir. Həmin səhnələr həm gerçək döyüş vəziyyətlərini, həm də magik ayin xüsusiyyətlərini əks etdirir. Belə təzadlı halın yaranması da hələ dastanın yarandığı minilliklərdə, yüzilliklərdə folklor janrlarının tamamilə seçilib ayrılmaması və arxaik mifoloji düşüncənin hələ canlı qalması ilə əlaqəlidir.

Bu səbəbdən də Qeserin manquslarla savaş səhnələrində ayin (ritual), oyun, tamaşa motivləri ilə yanaşı, eyni zamanda, alqış, qarğış, sehr, ovsun elementləri də geniş istifadə olunur. Buna görə də “Qeser” kimi qədim, nəhəng, mürəkkəb məzmunlu, quruluşlu dastanda arxaik folklor janrlarını bitkin, müstəqil şəkildə axtarmaq mümkün və düzgün deyil. Bütün bunlar bir mənbədən şaxələnmə, rüşeymləşmə dövründəki səviyyədədir. “Qeser”in fərqli mətnlərindən asılı olmayaraq tez-tez təkrarlanan eyni səviyyəli səhnələrdə: qəhrəman düşmənlə üzbəüz gəldikdə, çətin anlarda hami ruhlar olan üç xilaskar bacısını köməyə çağırdıqda, sədaqətli atına müraciət edib məsləhət istədikdə, onu, itini və özünü fərqli varlıqlara çevirib dönərgəlik etdikdə eyni sözləri və hərəkətləri dəyişilmədən təkrarlayır. Bütün bunlar bir növü ayin, mərasim səviyyəsində icra olunur, magik xüsusiyyət daşıyır. Y.S.Neklyudov və J.Tumurserenin topladıqları “Qeser”in yeni monqol mətnində həmin səhnələr təkrar olaraq fərqli səviyyələrdə dəfələrlə yaradılır. Sual oluna bilər; belə təsvir, təkrarlanma təsadüfi haldır, xurçinin (dastan söyləyicisinin) yaradıcılıq üslubudur, yoxsa şifahi xalq yaradıcılığına xas olan köklü nəqletmə üsuludur?

Sehrli nağıllarda qəhrəmanın qeyri-adi, möcüzəli – doğuluşu motivi ilə, “öz” və “özgə” məkan anlayışıyla, maneələri, çətinlikləri eyni üsulda dəf etmə təsviriylə, dönərgəliklərlə və bir sıra təhkiyyə elementlərilə “Qeser” mətnləri arasında sıx yaxınlıq var. Bu səbəbdən də bir az yuxarıda vurğulanan, “Qeser”də hadisələrin təkrarlanması ilə sehrli nağıllarda bədii zamanın “yol zamanına” və “hadisələr zamanına” (20,218) bölünməsi arasında yaxın uyğunluq hiss olunur. Burada həm də “çox getdilər, az getdilər”, “dərələrdən sel kimi”, “təpələrdən yel kimi” və s. formullar da (20,218) nəzərdə tutulur. Misal üçün, Qeser manqus qızı Qilban Şarın oğurladığı sevimli qadını Xas Şixeri azad etmək üçün yola düşür. Yolda birinci maneə ilə - keçilməz dağlar, aşırımlarla qarşılaşır və üç xilaskar bacısına yardım etmələri üçün üç dəfə təzim edib dua oxuyur. Bundan əvvəl qəhrəman ayin səviyyəsində davranmışdı; atını yəhərləyib, silahlarını götürüb hazırlıq görmüşdü:

355. Dağlar kəllələri varmış kimi baş endirirlər.

Hökmdar Qeser – xaqan

Bu aşırımların ətəklərinə çatdı,

Daha gedə bilmədi.

Çapağanından,

340. Uzaqgörən – kəhərindən

Yerə sıçradı.

Özündə hörmətlə dolu

Dərin ehtiram hiss etdi.

345. Özünün qalibiyyətli üç bacısına

Həmin vaxt alqış elədi:

“Xilaskar üç bacı!

Qızıl torpağa

Enmiş

Ağılsız qardaşınıza siz



350. Bu gün

Yardım edərsinizmi?...” (172,138)

Qeserin dualarını eşidən üç xilaskar bacısı onun hələ sözü qurtarmamış hərəkətə gəlir:

Buludların zirvəsini əyərək,

Hər yeri dumana bürüyərək

355. Onun üç bacısı endi (172,138)

...

Xilaskar bacılar Qeserə məsləhət verirlər ki, təqdim etdikləri milçəkqovanla üç dəfə yelləsin və Uzaqgörən – kəhər atına istəklə müraciət edib təhlükəli, ölümcül aşırımları keçməsini rica etsin. Sədaqətli at sahibinin sözlərini dinləyir və insan dili ilə ona söz verir ki, təhlükəyə qalib gələcəkdir:



420. Öz sahibinin xahişini qəbul etdi

Qurd qulaqlarını dikəltdi,

Ulduz gözlərini açdı,

Yalını və quyruğunu qaldırdı,

425. Dörd dırnağı ilə vurdu,

Bir yaşlı dayın səsiylə kişnədi,

Ayaqlarındakı tüklər pırpızlaşdı.

...


Hökmdar Qeser – boqdo

445. Özünün Uzaqgörən – kəhərini

Yanlarından beş dəfə,

Sağrısından üç dəfə

Bütünlükdə bir yerdə

Səkkiz dəfə qamçıladı (172,141)

Qeserlə atı arasında yaşanan bu vəziyyətin paralellərin Koroğlu və Qırat arasında da müşahidə olunur. Bundan başqa, gözlərdəki ulduz, qulaqları dikəltmək üsulu boz qurdu xatırladır.

Dastanda qəhrəman ikinci maneə ilə - qanla axan çayla rastlaşır. Qeser yenə üç xilaskar bacısından yardım istəyir və bütün hadisələr birinci dəfədə olduğu kimi təkrarlanır. Onlar yenə də məsləhət görürlər ki, milçəkqovanla üç dəfə yelləsin və atına müraciət etsin (172,144). Nəhayət, Qeser üç nəhəng, vəhşi ağcaqovaq ağaca da itlərinin köməyi ilə qalib gəldikdən sonra qadınını oğurlamış vəhşi düşmən manqusun torpağına gəlir. Manqus onu tanımasın deyə, Qeser özünü yük daşıyan yoxsul badarçin (səyahət edən rahib) edir, (Koroğlunun qılıq dəyişmələri kimi) atını göydə, (Alpamışın atının ulduz olub göyə çəkilməsi ilə bənzərlik) iki itini torpaqda gizlədir (172,142). Sonra manqusun qızı Qilban Şarla rastlaşanda da Qeser eyni üsuldan – özünün, atının və itlərinin görünüşlərini dəyişmədən (Azərbaycan nağıllarında, heyvanların bu cür dəyişmələri ilə də rastlaşırıq) istifadə edir.

Dastanda ayin, tamaşa elementlərinin izlərini Qeserin düşmənləri ilə savaşlara hazırlaşması və döyüş vaxtı da müəyyənləşdirmək olar. Hər bir hərəkət ölçülüb-biçilir və bütün döyüşlərə eyni hazırlıq mərhələləri keçilir:

710. ...


Öz çapağanını, Uzaqgörən – kəhəri

Düz istiqamətləndirdi,

Əlindəki silahını –

Özünün polad qılıncını

715. Əlində sıxdı

Özünün nəhəng qara

Böyük yayını

Qoltuğunun altına dürtdü,

Otuz altı

720. Ağ oxları

Ox qabına qoydu. (172,147-148)

Bənzəri döyüşqabağı hazırlığa düşmən manquslar da baş vurur və həmin səhnələr dəfələrlə təkrarlanır. Atların, qatırların da yəhərlənməsi, yüyənlənməsi xüsusi vurğulanaraq təsvir olunur. Demək olar ki, “Qeser” mətnlərində hər bir səhnə, hərəkət, incəlik xüsusi ayin mahiyyəti daşıyır. Bəllidir ki, bütün dini kitablarda hər bir söz, cümlə, fikir ölçülüb – biçilmiş səviyyədə, məzmundadır. “Qeser”in monqollarda, tibetlərdə müqəddəs mətnlər, dini kitablar səviyyəsində təbliğ olunmasını nəzərə aldıqda məlum olur ki, qədim ural-altay xalqlarının atı əhliləşdirmələri və çoxsaylı qəhrəmanlıq dastanlarında yüksək savaşçılıq alışqanlıqlarının tərənnümləri, döyüşlə əlaqəli hər bir hadisə onlarda ayin səviyyəsində icra olunurmuş. Koroğlu da rəqibi, düşməni yerə düşdükdə silah işlətmirdi, arxadan zərbə vurmağı igidliyə yaraşmayan bağışlanmaz böyük günah sayırdı.

“Qeser”in bütün mətnlərində qəhrəman maq-kahin, sehrkar, ovsunçu xüsusiyyətli yaradılıb. Onun kahinlik fəaliyyəti sehrli nağıllardakı motivləri təkrarlayır. Qeser dönərgəlik edib qoca kişiyə, kiçik daya, kirli uşağa, yırtıcı şahinə, ceyran qovalayan canavara və s. varlıqlara çevrilə bilir (116, 111). Dastan mətnlərində, eyni zamanda, Qeserin sehrli, ovsunlu sözlərinə də böyük əhəmiyyət verilir. Düşmənləri ilə döyüşlərdə o, xüsusi hazırlıqla öz oxlarını, qılıncını sehrli, ovsunlu sözlərlə yollayır, vurur (116,112), (102,163). Eyni döyüş hazırlığından sehrdən, ovsundan onun düşmənləri də istifadə edirlər. Vuruşdan əvvəl hər iki rəqib bir-birlərinin mənfi xüsusiyyətlərini deməklə qarşıdakına psixi təsir edir, hərbə-zorba gəlirlər. Maraqlıdır ki, “Koroğlu” dastanında da Koroğlu ilk dəfə Dəli Həsənlə, Giziroğlu Mustafa ilə, Ərəb Reyhanla və s. qarşılaşdıqda bir-birilərinə sözlə hədə-qorxu gəlirlər sonra silahlardan növbə ilə istifadə edirlər, ən sonda əlbəyaxa olurlar. Bir az əvvəl vurğulandığı kimi, qədim ural-altaylarda xüsusi toxunulmaz, pozulmaz döyüş qanunları var imiş, bunlardan kənara çıxmaq igidliyə, cəsurluğa yaraşmayan hal kimi sayılırmış. Bunun özü də ayin xüsusiyyəti, icrası isə oyun vəziyyəti yaradırmış.

Əgər Qeserin düşmənləri ilə vuruşları zamanı qarşılıqlı olaraq xüsusi hazırlaşmalarını, eyni vaxtda həm dönərgəlik edib müxtəlif varlıqlara çevrilmələrini, silahlarını ovsunlayıb sehrləmələrini, həm də özününkülərə alqış, xeyr-dua, düşmənlərinə qarğış söyləmələrini nəzərə alsaq, qədim mifoloji düşüncə dövründə ictimai həyatla mifoloji şüurun bir-biri ilə iç-içə, ayrılmaz vəziyyətdə olmasının dastanlarda əksini görmək olar. Yəni, həmin dövrdə ayin, oyun, döyüş səhnəsi, tamaşa elementləri hələ ayrılıb seçilməmişdi. Orta əsrlərdə, dastançılığın ən inkişaf etdiyi dövrdə artıq şəkilləşmiş, müstəqil olmuş arxaik folklor janrları ilə yanaşı digər sahələr də bitkinləşir.

Qədim mifoloji görüşlərdən, inanclardan yaranan ayin, oyun, tamaşa elementləri ural-altay xalqlarının örf-adətlərində özünü müasir dövrədək də qoruyub saxlamışdır.

Moqollarda yeni ilin (Saqan sar – Ağ ay, türklərin Boz ayı) birinci günündən başlayaraq hər kəs yaxın qohum-əqrəbasını təbrik etmək üçün bir-birinin yurdlarına, evlərinə tələsirdilər. Bunun da səbəbi həmin münasibətə magik ayin əhəmiyyəti verilməsi idi. Birinci gün səhərdən hədiyyələrin bağışlanması, bol süfrənin açılması, yeməklərdən dadılmanın vacibliyi həmin ilin zəngin olması məqsədini güdürdü. Əsas yeməklərdən biri də südlə bişmiş düyü aşı idi (139; 140, 180-181). Türklərdə də (Ağbabada, Naxçıvanda və s.) həmin yanaşmalar eyni ilə özünü göstərməkdədir.

Yeni ilin Ağ ayında monqollar da türklərin Boz ayda oynadıqları oyunları icra edirdilər. Qoyunların topuk sümüklərindən istifadə edilən həmin oyuna monqollar “şaqay”, türklərdə “aşıq-aşıq” deyirlər. Aşıq-aşıq oyunu uşaqların əsas oyunlarından biridir. Bu oyunun heyvandarlığın çoxalması üçün ayin əhəmiyyəti də var idi (139; 140, 184).

Axısqa türklərində ayin səviyyəsində bu gün də icra olunan “təmənna” davranışında sağəl alında, gözlər önündə gəzdirilib burundan, sifətdən, dodaqlardan keçməklə ürəyin üzərinə cəld hərəkətlə gətirilir. Yarı addımın biri azacıq irəli, biri geri olmaqla yüngülcə təzim edilir (ötəri, yox yerdən təmənna edilir). Müxtəlif harmoniya hərəkətləri özündə ehtiva edən bu ayin xarakterli hərəkətdə qarşıdakına sonsuz ehtiram, məhəbbət, inam, başdan-başa hörmət duyğuları birləşir (27, 316).

Uligerdə də Qeser çətin vəziyyətlərə düşəndə “üç xilaskar bacı”sına diz çökərək üç dəfə təzim edirdi (172: 138, 142, 144).
2.2. Dastanlarda köməkçi surətlər və vasitələr

Türk, monqol epik yaradıcılığında təkbaşına fəaliyyət göstərən döyüşçü-qəhrəman surəti atsız təsvir olunmur. Həmin səbəbdən də qəhrəmanlıq dastanlarında atlı-qəhrəman (batır) motivi daima irəlidə durur (155,3-11). At qəhrəmanın öz varlığı qədər əhəmiyyət daşıyır. Qəhrəman insanlar içərisində seçildiyi kimi, atı da ilxıda digərlərindən fərqlənir.

Qəhrəmanın atı qeyri-adi keyfiyyətlərə malik olur. Onun ən sadiq dostu, köməkçisi, çətin vəziyyətlərdə xilaskarı, təhlükələri əvvəlcədən görən, çətin anlarda tez qərar verəni, qanadları sayılır. Türk dastanlarından, yakut olonxosu “Atın oğlu”nda, başqırd “Buzansı batır”da qəhrəmanlar hətta atdan doğulurlar (155,125).

Epik yaradıcılıqda atlı döyüşçü (qəhrəman) motivinin yaranmasından çox əvvəl, qədim dövrdə at həm də totem heyvan sayılırmış, bunun kultu şəkilləşmişdi. Bu haqda arxeoloji məlumatlar da xəbər verir (155,124).

Monqol, türk xalqlarının maddi-mənəvi həyatında, şifahi xalq yaradıcılığında atların tutduğu yer, əhəmiyyəti, şübhəsiz ki, digər xalqlar ilə müqayisədə daha qədim və qiymətlidir. Arxeoloji məlumatlar atların əhilləşdirilməsini də ural-altay xalqları ilə əlaqələndirir. Müasir dövrdə də ilk əcdadları sayılan ibtidai vəziyyətdə qalan atlar Mərkəzi Asiya çöllərində yaşayırlar.

Milli-genetik dəyərləri tam incəliyi ilə qiymətləndirmək üçün istər-istəməz paralel səviyyədə həmin xalqın, soyun gerçək maddi-siyasi tarixi də daimi diqqət mərkəzində tutulmalıdır. Həmin yanaşma ilə də dünya xalqları tərəfindən atların əhliləşdirilməsi məsələsinə baxmaq olardı. Bunlardan da at kultunun, motivinin folklorda yaranması, inkişaf yolu aydınlaşardı. Buna görə də qədim dünyanın siyasi-mədəni vəziyyəti haqda qısa bir tarixi haşiyəyə ehtiyac yaranır.

Atların əhliləşdirilməsi qəbul edilən 3-4 min il əvvəlki tarixi dövrdə semit-hamit tayfaları bunlardan istifadə etmədiklərinə görə öz siyasi-mədəni nüfuzlarını çox genişləndirə bilməmişdilər. Onlar Akkad, Assur, Babil dövlətləri zamanında, m.ö. II-I minilliklərdə, Dəclə və Fərat çaylarının orta axarlarından, İran yaylasının, Urmiya gölünün qərb tərəflərindən kənara çıxmamışdılar. M.ö. I minillik ərzində hind-avropalı mənşəli tayfalar (“arilər”) nisbətən bir az geniş ərazilərə - Kiçik Asiya, İran, Hindiquş dağlarının cənub yamaclarına doğru yayılırlar. Çox güman ki, bu dövrdə “arilər” yerli türksoylu xalqlar vasitəsi ilə ilk dəfə atlar ilə tanış olur və sonra yunan, hind mifologiyasında atlar müqəddəsləşdirilib rəmzləşdirilir.

Qeyd edilən həmin dövrdə, Avrasiya ərazilərinin qalan böyük hissəsində daha sürətli və köklü dəyişikliklər yaşanırdı. M.ö. IX-V əsrlərdə mərkəzi Tanrı (Tyan-Şan) dağları olmaqla türk əsilli massaget-sak tayfaları dövrün böyük imperiyasını qurarlar. Onlar Sakit okean sahillərindən başlayaraq Sibiri, Hindiquş dağlarının, Xəzər və Qara dənizin ətraflarını, Şərqi və Qərbi Avropanın böyük ərazilərini, bütün Qafqazı, Şimali Afrikanın çox hissəsini, İran yaylasını, Kiçik Asiya, Ərəbistan yarımadasının bəzi yerlərini əhatə edən ucsuz-bucaqsız ərazilərdə öz siyasi-mədəni nüfuzlarını qəbul etdirirlər. Həmin tayfa birlikləri bu ölçüyəgəlməz üstünlüklərinə sürətli hərəkət vasitəsi olan və artıq özlərinin ayrılmaz parçaları qəbul etdikləri atları vasitəsi ilə çatırlar. Qeyd edilən həmin hadisələr Troya (Truva) müharibələrindən (m.ö.1194-1184) bir-neçə əsr sonra baş verirdi.

Atların massaget skiflərin (türksoyluların) həyatında böyük əhəmiyyət daşımasını təsdiqləyən tarixi hadisələrdən biri də onların öz müttəfiqləri assuriyalılarla siyasi-hərbi münasibətləridir. Yunanlıların Protoriy, assuriyalıların Partatua adlandırdıqları massaqet-skif xaqanının qəbri (kurqan) Kiyevin 100 km-dəki Perepyatixa kurqanında aşkarlanmışdır. Partatuanın qəbri yerləşən ərazi məlumdur ki, türksoylu tayfa birliklərinin mərkəzi sayılırmış. Xaqanın dəfn olunduğu əraziyə də onun öz adı kimi Partatua (Bartatua) deyilirdi (190,60).

M.ö.681-668-ci illərdə Assuriya hökmdarı Asarxoddonun müttəfiqi Partatuanın massaget-iskit orduları assuriyalıların midiyalılara və babillərə qarşı müharibələrə çağrışlarında daimi iştirak edirdilər. Bunu sakların, iskitlərin (skiflər) m.ö. VII-V əsrlərdə Qafqazda, Urmiya gölü ətrafındakı ərazilərdə yaşamaları haqda tarixi məlumatlar da təsdiqləyir. Massaget-skiflər atlı ordularının surətinə görə müttəfiqləri assuriyalıların köməyinə çox tez çatırmışlar. Lakin assuriyalıların Mərkəzi Avropa ərazilərində olmaları, öz müttəfiqlərinə kömək etmələri haqda heç bir tarixi məlumat yoxdur. Bunun birinci səbəbi massaget-sakların çox güclü və köməyə ehtiyaclarının olmamasıdırsa, ikincisi, assuriyalılarda atlı orduların zəif səviyyədə təşkil edilməsidir. Bütün hallarda massaget-skiflər atlı-süvari ordularının çoxluğuna və sürətinə görə qısa bir zamanda dünyanın hər bir yerində öz nüfuzlarını qoruyurdular.

Qədim türksoyluların atlardan özlərinin bütün məqsədləri üçün istifadə etmələrini təsdiqləyən dəlillər massaget-sak dövründən də min il əvvəllərə gedir. Belə ki, qədim Misir tarixindən xəbər verən mənbələrə görə m.ö. XVIII əsrin əvvəllərində şərqdən gələn qiksos tayfaları Afrikanın şimali-şərq hissəsini özlərinə tabe edirlər. Şumerlərin soydaşları olan hurrit tayfalarından qiksoslar elmi dünyanın qəbul etdiyi kimi semit-hamit və hind-avropalı mənşəli deyildilər. Qiksoslar qədim misirliləri ilk dəfə olaraq iki təkərli atlı döyüş arabaları ilə, dəmir silahlarla tanış edirlər və 250 ilə yaxın zaman ərzində Misirdə qalırlar. Qiksosların baş kəndi Avaris (avar, abar, bar, var tayfalarının qədimliyini təsdiqləyir) adlanırdı, (103,230) hökmdarlarına isə “xekan-xasut” deyirdilər (103,230). Bu ad nə qədər semit-hamitcə təhrif olunsa da “xaqan” adının ən qədim şəkillərindəndir. Hakim sülalədən olanlardan biri də “Xian” (xan) adlanırdı (103, 230). Xekan (xaqan) anlayışı baş kahin Xekanaxtanın adında da özünü həmin mənada qoruyurdu (103,151).

M.ö.XVI əsrin əvvəllərində onların digər soydaşları kassitlər şərqdən, İran yaylasından (həmin dövrdə hind-arilər Avropadan şərqə doğru hərəkət etməmişdilər) semit-hamitlər tərəfindən işğal olunmuş qədim şumer ərazilərinə daxil olurlar. Bunlar da həmin ərazilərdə 450 ildən artıq hökmranlıq edərək onları ilk dəfə hərbi və təsərrüfat işlərində atları, qatırları istifadə etməklə, əkinçilikdə universal işlədilən dəmir cütlə, taxıl səpənlə tanış edirlər (103,96-99;131,270).

Atların əhliləşdirilməsi, dəmirin istifadəsi günəşin, işığın istiqamətində, şərqdən qərbə doğru, qədim türksoylulardan soydaşları şumer-hurrit tayfalarına, bunlardan da hind-avropalı, semit-hamit mənşəli xalqlara nüfuz edir. Bu xüsusda Troya (Truva) müharibələrində axeylərin troyalıları at müqəvvası ilə aldadıb şəhəri işğal etmələri hadisəsi də təsadüfi deyil.

Çox böyük ehtimalla, troyalılar ilə etrusklar eyni soylu xalqlar olublar və Egey, Aralıq dənizi sahillərində yaşayan hurrit tayfaları, Misirdəki soydaşları qiksoslar, Babildəki kassitlər kimi ata xüsusi xeyirxah münasibət bəsləyiblər. Bunu bilib ondan sui-istifadə edən işğalçı axeylər onları aldatmağı bacarıblar.

Tarixi məlumatlardan, əsası olan rəvayətlərdən belə nəticəyə gəlmək olar ki, xalqın maddi-mənəvi tarixi ərzində yaşanılmış hadisələrin gərginliklərini süzgəcdən keçirib cilalayan, etno-genetik yaddaş olan folklorda heç nə boş yerdən yaranmır.

Monqol, türk epik yaradıcılığında at kultu, motivi, süjeti ilə əlaqəli mövzular çox geniş və rəngarəngdir. Bunun özü də həmin xüsusiyyətin, ənənənin qədimliyini təsdiqləyir. Türksoyluların əfsanələrində, dastanlarında dişi, yaxud da erkək qurddan (börü, sena) törəmə, həm də nağıllarla birlikdə su ayqırından, atından yaranma motivi var. “Reyhanın nağılı”nda Gülcahan qızını axtardığı zaman susuzladıqda gölməçəyə girir hamilə qalır. Doğulan oğlu Ayqır Həsənin atası su ayqırı olur (20,22). Bu yaranış bir tərəfdən altay “Yaradılış”da okeandakı Ak Ana ilə əlaqəlidirsə, (91,12) digər tərəfdən də “Koroğlu” dastanının fərqli mətnlərinin çoxunda Qırat və Düratın dəryadakı ayqırdan törəməsi ilə eynilik təşkil edərək çox qədim motivlərdən sayılır.

Ural-altay xalqlarının, çinlilərin folklorunda inanclarında həm də “göyün atı” kultu, motivi də var. Qədim zamanda, Şimali Çində yeni ilə bir həftə qalanda, evin qoruyucu hami ruhu Saovanı Göyə yola salanda onun atı üçün (bunu “Göyün atı” adlandırırdılar) bir qab su, doğranmış ələf, qırmızı bağ (yüyən əvəzinə) qoyurdular (139; 140, 22-24). Qeserin atı Uzaqgörən-Kəhərin çətin anlarda buludların üzərinə qalxıb addımlayaraq uçması da həmin inancın təsiridir. Eyni təsəvvür türklərdə də olub. Bəzi türk dastanlarında bu vəziyyət bir az həyati səviyyəyə endirilib. Dastanlarda, nağıllarda atlar qəhrəmanın qanadları sayılır. Bunlar daha çox çapıb-uçan kimi təsvir olunur (155,146). Monqol, türk qəhrəmanlıq dastanlarında həm də “göyə aid olan” at tipləri var. Yakut dastanında qəhrəman qeyri-adi atla rastlaşır. Bunun bütün əşyaları, geyimi buludlardan, günəşin, ayın işığından təşkil olunmuşdu (155,133). Olonxolarda da atlar göy mənşəli sayılırlar. Onların bədən üzvlərinin (gözlər) təsviri göy cisimlərinə - günəşə, aya bənzədilir. Yakut olonxosu “Sünq Daşın”da, altay dastanı “Maaday Kara”da belə səhnələr yaradılıb (212,38). Qədim mifoloji təsəvvürə görə gerçək həyatda atlarda gəzmək mümkün olduğu kimi, göy və yeraltı dünyalara da onlarda səyahət etmək düşünülürdü (212, 38).

Atlar da sahibləri qəhrəmanlar kimi dönərgəliklərə baş vururlar. Altay dastanında Temiçi-Eren adlı at ulduz (Ağ Çormon) olub göyün ən üst qatına qalxır, “göyün atı” olur. Atlar insanlara da çevrilirlər. Yenə altay dastanlarında Qara-Kürən at Şulmus xana çevrilib onun sarayına girir (155,134), başqa bir at da Erliyin qızı olub ondan yeddi su samuru ilə oynamağa icazə alır (Erliyin oğlanları), sonra onların ruhlarını göyə qaldırır (155,134).

Atların türk, monqol xalqlarının epik yaradıcılığında böyük əhəmiyyət daşıması özünü şaman inanclarında da göstərir. “Ak-bi” dastanının baş qəhrəmanı öz qadınının məsləhəti ilə “ağ-boz at”ın belində göyə qalxır ki, Üç-Kürbüstandan hamilə qalmağa kömək edən maye gətirsin. Başqa bir dastanın qəhrəmanı Ak-bökə onu Üç-Kürbüstanın cəzalandırdığını düşünərək şamanın məsləhəti ilə üç “ağ-boz” rəngli at qurban kəsir (207,54).

At mifik inanışlarda insani xüsusiyyətlərdə (antropomorfik surət kimi) qəbul edilmişdir. Bunu bir çox qədim dastanlarda onun danışması, çətin vəziyyətlərdə qəhrəmana yol göstərməsi də təsdiqləyir (71,76). Qeser keçilməz aşırımların qarşısında çətin vəziyyətə düşdüyü zaman “üç xilaskar bacı”sı məsləhət verir ki, ancaq atından kömək istəsin. Uzaqgörən Kəhər sahibinin xahişini dinlədikdən sonra ona xəbərdarlıq edir:

425

...


“Hökmdar Qeser-merqen,

Öz fikirlərini sakitləşdir!

430. Əgər bu dağları aşıb

Keçə bilməsəm,

Deməli, mən sənin

Bacarıqsız Uzaqgörən Kəhərinəm,

Qoy onda mənim dörd dırnağım qopub düşsün!

435. Əgər sən hökmdar Qeser-boqdo,

Üstdə özünü saxlaya bilməsən,

Bunu özün bilginən!” (72,140).

Dastanın mətnində Qeserlə atın nəql olunan danışıqlarından bəlli olur ki, burada nağılların hər üç (sehirli, heyvanlar haqda, məişət) növü ilə mövzu, süjet cəhətdən yaxınlıq var. “Qeser”də nağıl xüsusiyyətlərinin qabarıq və canlı olması onun dastan keyfiyyətinə maneçilik törətmir, əksinə zənginləşdirir, qədimliyini əsaslandırır. “Koroğlu”da Qıratla, Düratın təsvirlərində qeyri-adiliklər, demək olar ki, yox dərəcəsindədir. Qırx gün qaranlıq tövlədə bəslənən Qıratın qanadlarının yaranıb yox olması hadisəsi istisna olmaqla (53,8) dastanın ayrı-ayrı mətnlərində atlarla əlaqəli möcüzəli təsvirlər yaradılmayıb.

Hər iki dastanda da atlara münasibətin eyni ruh dünyasından başlanğıc almasını göstərən əsas səbəblərdən biri də onlara müraciətlərdə işlədilən adların, sözlərin uyğunluğudur. Qeser haqda Şərqi-Monqolustanda toplanmış yeni mətnlərin içərisində gedən (Neklyudov S.Y., Tumurseren J., Qeser haqda monqol dastanları. Yeni yazılar) “Qızıl dağ Sumeru” dastanında atların adlandırılması və təsviri “Koroğlu” ilə daha yaxın səsləşib uzlaşır. “Qızıl dağ Sumeru”nun “Qeser” dastan mətnlərinə aid olub olmamasına baxmayaraq atların adlandırılmasının və təsvirinin monqol şifahi xalq yaradıcılığında “Koroğlu”ya daha yaxınlığı axtarılan məsələnin aydınlaşmasına heç bir xələl gətirmir, əksinə daha da təsdiqləyir.

“Qızıl dağ Sumeru”da Açıq-Teneq-batır cənubi-qərb qitənin (qədim türklərdə, monqollarda, tibetlərdə dünyanın dörd tərəfinin ruhlarına xeyirxah və mənfi münasibət təsəvvürü var idi) hökmdarının qızı, şahzadə Burma Yanqsanı öz xanına nişanlamaq üçün əvvəlcə lamaya müraciət edir. Lama birinci dəfə bəxtlərinin düzgün gəlmədiyini söyləyib onu hirsləndirir. Lakin müəyyən zaman keçdikdən sonra ikinci müraciətində əlverişli şəraitin yarandığını söylərək Acıq-Teneq-batırı sevindirir. Vaxt itirmədən yola düşmək üçün sevimli, qiymətli açıq-sarı bumbay (səməndər) atını çağırır:

“Quray, quray!” – çağırdı deyirlər,

Üç saat çağırdı deyirlər.

95. “Duray, Duray!” – çağırdı deyirlər

Dörd saat çağırdı (172,273).

Bu çağırışları eşidən at öz daxili səsiylə düşünür: “görəsən bir günah işləməyib ki?” Sahibi onu şimalın budaqlı ağacına bağlayır və hər 2,3,4 və s. gündən bir yoxlamaq şərti ilə ümumilikdə 57 gün nəzarətdə tutur. Gündə atın bədəninin bir hissəsi, üzvü möhkəmlənib inkişaf edir (172,274). “Koroğlu”da da Qıratla Düratı qırx gün bəsləmişdilər. Atın hazır olduğuna əmin olduqdan sonra Acıq-Teneq-batır dörd aylıq yola hazırlaşır. Bu parçadan açıqca bəlli olur ki, dastan mətnində atın bəslənməsi “Koroğlu”da eyni motiv ilə çox yaxındır. Burada diqqəti çəkən əsas məqam da “Koroğlu”da atların Qırat, Dürat adlandırılması ilə “Qızıl dağ Sumeru”da bunların “quray, quray!”, “duray, duray!”çağrılmasıdır. Məlum olur ki, adların çox yaxın oxşarlığı və səslənməsi təsadüfi hal deyil. Yəqin ki, “qır”, “dür” kökləri qədim ural-altaylarda magik, xeyirxah, yüksək ruh anlayışı daşıyırmış.

“Koroğlu”da qırx gün qaranlıq tövlədə bəslənən atları yoxladıqda Alı kişi qanadların çıxıb-çıxmamasını bilmək üçün əlini onların belinə çəkir (53,9). Acıq-Teneq-batır da atı yoxladıqda Alı kişi kimi onun belinə fikir verir (172,274).

Dastanlarda qəhrəmanlarla atları arasındakı münasibətlərdə əsas əlamətlərdən biri də danışmalarıdır. Atlar insan kimi danışaraq ağıllı məsləhətlər verirlər. Həm türk, həm də monqol xalqlarının epik yaradıcılığında bu xüsusiyyət geniş yaradılıb. Bəzi hallarda sahibləri atlarla onların, dilində də danışırlar. Oyrat dastanında Bum-Erdeni altmış canlı məxluqun dilini bilirdi, atı ilə də dayçanın səsində danışırdı (155,140). Yakut dastanında da insan atın onunla yakutca, uranxayca danışmasına təəcüb edir (155,140).

Dastanlarda, uligerlərdə atların danışması fərqli səviyyələrdə də verilir. Daha qədim yaşlı dastanlarda atlar eyni insanlar kimi danışır, onlar kimi davranırlar. Bunun da əsas səbəbi ibtidai şüurun mifoloji görüşləri ilə, totemçiliklə əlaqəlidir. Orta əsrlərdən sonra yaranmış dastanlarda atlar sahibləri ilə danışmırlar, onları hərəkətləri, hissiyatları ilə xəbərdarlıq edirlər. “Qeser”in bəzi mətnlərində atlar nağıl süjetlərində, mövzularında olduğu kimi danışırlar, digərlərində bu hal yoxdur. Buna da səbəb “Qeser”in mətnlərinin fərqli yüzilliklərdə şəkilləşməsi və çorçinin şəxsi dünyagörüşü səviyyəsinin təsiri olub. Dastanlarda qəhrəmanla atının əlaqəsi nə qədər isti olursa, düşmənlə atının münasibəti də bir qədər soyuq səviyyədə yaradılır. Misal üçün, eyni adlı qazax dastanında Kobland-batırla atı Tayburıl və rəqibi Kobiktayla Tərlan arasında həmin fərq saxlanılıb (155,141).

Canqarın Aranzalı, Qeserin atı (bəzi mətnlərdə Uzaqgörən-Kəhər) onlarla mübahisələrə də girirlər, tərbiyəvi məsləhətlər verirlər (155,144).

Dastanlarda, uligerlərdə atların sahibləri vuruşanda bunlar da bir-birini təpikləyirlər, sifətlərini dişləyirlər. Qəhrəmanlar dost olanda atları da dostlaşırlar. Qeserin atı qəhrəmanın otuz bahadırının atı haqda deyirdi “otuz bahadır xurun (qopuzun) simləri kimi bir səsləndilər, qamışın xətləri oldular. Biz otuz coşqun at da quşun qanadları kimi birləşdik” (155,132).

Dünya xalqları dastanlarında qəhrəmanın evliliyi zamanı atının da qarşı tərəfdən özünə tay tapması süjetini Q.N.Potanin birbaşa türk epik yaradıcılığının təsiri kimi qəbul edir. O əsaslandırırdı ki, “həmin süjetin mənbəyi Mərkəzi Asiyadadır, bunun istiqaməti şərqdən qərbə doğrudur, əksinə deyildir. Əksini qəbul etmək dənizin suyunun çaylara və qollarına axması deməkdir” (155,126). Bəzi hallarda qəhrəmanın özü ilə gələcək atı da eyni gündə doğulurlar. Manasla Ak-Kula bir gündə dünyaya gəlir (155,127).

Maraqlıdır ki, “Dədə Qorqud” qədim dastanlardan sayılsa da atlar burada daha çox həyati, gerçəkçi təsvir olunub. Ə.Tanrıverdinin vurğuladığı kimi, dastan boylarında qəhrəmanlarla, atlarının adlandırılmasında qədim türk, monqol epik yaradıcılığına xas olan alliterasiya üsulu qorunub saxlanmışdır:

Qazan – Qonur at, Qanturalı – Qazlıq at, Dəli Qarcar – Qara ayqır, Beyrək – Boz ayğır və s. Digər türk dastanlarında da bu xüsusiyyət qorunmuşdur: “Manas”da Kökço – Küröncü, “Alpamış”da Alpamış (Alp Bamsı) – Bay çobar (85,19).

Türk, monqol epik yaradıcılığında atların quyruğu ilə zindana, quyuya düşən qəhrəmanı azad etmə motivi də var. “Alpamış”ın özbək mətnində, altay, buryat, yakut, monqol dastanlarında bu motiv çox işlənir (155,135). Qeserin yeraltı (Erliyin) dünyaya düşmüş anasını atı xilas edir. At xüsusi şaman ayini ilə qadının ruhunu udub göyə, xormusta-tenqriyə qalxır, orada daqnisə - pərilərin başçısına müraciət edir (155,136).

Şübhəsiz, epik yaradıcılıqda qəhrəmanların mənəvi aləminin saflığını, ən yüksək ideallarını, psixoloji xüsusiyyətlərini göstərmədə, ümumiyyətlə, bütün qəhrəmanlıq keyfiyyətlərinin təsvirində köməkçi vasitələrdən biri kimi onların qadınları, gözəlləri durur. Dastanlarda qəhrəmanların sevgililəri gözəl qadın surətlərinin yaradılması həm də həmin xalqın qadın və gözəllik anlayışının əksidir.

F.Rəşidəddinin “Oğuznamə”sində Nuh peyğəmbər dünyanı öz oğlanları arasında bölür. Böyük oğlu Yafətə (Yafəs, Olcayxan) Türküstan və ətraf bölgələr çatır. Olcayxanın (Yafətin) oğlu Dib Yabqu xanın dörd oğlu olur: Qara xan, Or xan, Kür xan, Güz xan. Törələrə görə Qara xan taxt-tacın varisi qəbul edilir və onun müqəddəslik saçan bir oğlu olur. Üç gün, üç gecə uşaq anasının döşünü qəbul etmir. Bir dəfə yuxuda oğlanın anasına deyirlər ki, tək tanrıya inansa uşaq onu qəbul edəcək. Eyni yuxu üç dəfə təkrarlanır və ana ərindən gizli tək tanrıya səcdə etməyə başlayır, uşaq da anasının döşlərini əmir. İki ildən sonra uşaq dil açıb deyir ki, mən xanlara məxsus çadırda (bərgah, hərgah) doğuldum gərək məni Oğuz adlandırasınız. Yetkinlik yaşına çatdıqda onu əmisi Güz xanın qızı ilə evləndirirlər. Oğuzun tək tanrıya sitayiş etmə şərtini qəbul etmədiyi üçün həmin qızla münasibətləri pozulur. Onu ikinci əmisi Kür xanın qızı ilə evləndirirlər. Həmin qız da şərtləri qəbul etmir. Oğuzu atası üçüncü dəfə də əmisi Or xanın qızı ilə nişanlandırır. Nəhayət ki, həmin qız Oğuzun şərtlərini qəbul edir və bir-birilərinə çox isti münasibət yaranır. Bunu eşidən atası və yaxınları Oğuzu cəzalandırmaq istəyirlər, lakin üçüncü sevimli qadınının xəbərdarlığı ilə o özünümüdafiəyəyə hazırlaşır (195,25-28). Bu qısa mətndən aydınlaşır ki, Oğuz xan ulu əcdadı Nuh kimi tədricən yeni (tək tanrıçılıq) başlanğıcın əsasını qoyur, xeyirxah xilaskar keyfiyyətinə çatır. Bənzəri süjet, mövzu Qeser ətrafında da yaranıbdır. O, göyün 44 şərq və 55 qərb tanrılarının başçısı Eseqe Malanın ən sevimli, ağıllı oğlu kimi yerə, insanlar arasında əmin-amanlıq yaratmaq üçün göndərilir (116;32,36,39,47,54,57). Dastanın bəzi mətnlərində Qeser buddaçılıq monqol, tibet, türk xalqlarında haqq dini sayıldığına görə onun müdafiəçisi kimi verilir. İnanc müdafiəsinə görə də onunla Oğuz xan arasında yaxınlıq var. Onlar arasında həm də Oğuz xanın dörd qadını ilə, Qeserin dörd qadınına (monqol, türk xalqlarının inanclarına görə dörd qadına evlənmək dünyanın hər tərəfinə sahib olmaq anlamına uyğun gəlirdi) münasibətlərində uyğunluqlar görünür. Qeser də, Oğuz xan da qeyri-adi vəziyyətlərdə doğulurlar. Qeser üç, Oğuz xan iki yaşında böyüklər kimi düşünüb hərəkət edirlər. Hər ikisi də dastanlarda müxtəlif tayfalarla, onların başçıları ilə mübarizə aparırlar. “Qeser” mətnlərində buddaçılığın, “Oğuznamə”də islamın təsirləri özünü göstərir. “Qeser”də mifoloji dünya modeli altay “Yaradılış”la eyni olmaqla hadisələrin inkişaf istiqaməti yuxarıdan (göydən) aşağı (yerə) gerçəkləşir. “Oğuznamə”də də bu qanunauyğunluq ruh səviyyəsində özünü qoruyub saxlayır. Göründüyü kimi, “Oğuznamə”nin orta əsrlərdə yazılmasına və hər iki dastanda da yad ruh aləmlərinin təsirinə baxmayaraq ural-altayların qədim epik yaradıcılıq xüsusiyyəti özünü yaşadıb.

“Qeser” mətnlərindən birində qəhrəmanın özü kimi sevimli qadınlarından Qaquray Noqon da göydən enmiş (xatalar) surətlərdəndir. Onun atası Qalta Ulan əvvəlcə şərq tərəfinin qədim xeyirxah tanrılarının başçısı sayılırdı. Sonra həmin tanrı mənfi xüsusiyyətli səviyyəyə dəyişilir. Onun qızı Qaquray Noqon da şər ruha çevrilir, Qeser yurdda olmayanda düşmən manquslara qoşulub gedir. Uligerin qədimliyi ilə əlaqəli bu süjetin mifoloji cəhətdən tanrılar səviyyəsində yaradılmasından fərqli olaraq “Koroğlu”da həmin inkişaf xüsusiyyəti daha həyati, gerçəkçi, nisbətən dəyişilmiş halda təsvir olunur. Nigar xanım orta əsrlərin ən böyük sultanının qızı kimi Koroğluya qoşulub gedir. Qaquray Noqon müsbətdən (xeyirdən) mənfiyə (şərə) çevrilib düşmənə sığınır, Nigar xanımla əksinə dəyişilmə yaranır. Epik ənənədə belə halın yaranması bir tərəfdən mifoloji şüurda gedən ziddiyyətlərin barışmazlığı – ikili təsəvvürlə (dualizm) əlaqəlidirsə, digər cəhətdən daha sonrakı dövrlərə aid dastanlarda xeyrin şərə mütləq qalib gəlməsi qanunauyğunluğundan törəyib. Ural-altay xalqlarının mifoloji görüşlərində qəhrəmanların özləri kimi qadınlarının da göydən enməsi, yaranması motivinin, dəyişilmiş bir səviyyəsi də “göyün işığından hamilə qalma”dır.

XIII-XIV əsrə aid “Çingiznamə”də Alanqoa (Temuçinin anası) göydən düşən işıqdan hamilə qalır: “Mənim üzərimə günəşin işığı düşür, yanımdan qurd gedir”. Üç kişi Alanqoanın çadırı ətrafında gecə növbə çəkirlər. Səhərə yaxın onlar göydən işığın düşməsini görürlər. Bir q ədər sonra həmin işıq parlaq kökslü boz qurda çevrilir (219,20). “Oğuz xan”ın uyqur mətnində də Ay-kağan (Oğuzun anası) gözlərinə düşən işıqdan hamilə qalır (219,20).

Uligerdə Qeser də, düşmənləri də dönərgəliklərə çox baş vururlar, özlərinin, atının, qatırının görkəmlərini dəyişirlər (172,164-168). Dastan mətnlərində oxşar hallara Koroğlu da baş vurur (93,461). “Maaday Kara”da Koqyüdey Merqen Kara – Kula xanın ölkəsinə gəldikdə özünü Tastarakaya (qoca yaşlı, yaxud da gənc oğlan görünüşlü qul), atını da torboka (iki yaşlı buğaya) çevirir (212,46). Tastarakay surəti türk epik yaradıcılığında həm də komik surətdir (212,46). “Qeser”də manqusun iqamətgahının önündə dönərgəlik (yoxsul rahib) vəziyyətində dini kitab oxuyan Qeseri gördükdə Xas Şixer özünü gülməkdən güclə saxlayır (172,156). N.O.Şarakşinova uligerlərdə komizmin yaranmasının əsaslarını müəyyənləşdirdikdə diqqəti maraqlı cəhətlərə yönləndirir. Ona görə qəhrəmanlarla vuruşlarda mənfi surətlər – manqxadaylar, şulmuslar nə qədər amansız, qəddar olurlarsa, məğlub olacaqlarını hiss etdikdə, ölümlə üzləşdikdə gücsüz, yazıq hala düşüb dəhşətli dərəcədə qətiyyətsiz məxluqlara çevrilirlər. Bu vəziyyətdə onlar gücü tükənmiş, əhəmiyyətsiz, mənəvi-fiziki cəhətdən artıq ölmüş şər ruhun təmsilçisinə çevrilirlər. Belə hal da öz növbəsində dastan səviyyəsində “insanlıq gülərək öz keçmişindən ayrılır” kimi yekun nəticə çıxarır (226, 108). Həmin fikirləri davam etdirib daha da əsaslandırmaq üçün əlavə etmək olardı ki, qəhrəmanların düşmənləri üzərində tam qələbələrinin yaratdığı rahatlığın əks tərəfində düşmənlərin gülünc, yazıq vəziyyətləri istər-istəməz istehza, gülüş doğurur. Qeyd etmək lazımdır ki, M.Kazımoğlu gülüşün, komizmin yaranmasına səbəb olan vəziyyətlər sırasına Dədə Qorqudla Dəli Qarcar arasındakı münasibətdə ağıllı və dəli qarşıdurmasını da aid edir (49,10). Həmin cəhətdən belə yanaşma Şarakşinovanın fikri ilə mahiyyətcə yaxınlıq təşkil edir. Komik fiqurların əsas xüsusiyyətlərindən birinin “ciddi” (Banuçiçək) və tərs (Qısırca Yengə, Boğarca Fatma) mütənasib səviyyədə yaradılmasında (49,5) kəskin təzadlı halların toqquşmasının nəticəsi gülüşün, komizmin doğulmasını şərtləndirir.

Qeserin dönərgəlikləri (xubilqan) ilə buddaçılıq dinindəki dönərgəliklər (rearkaniyasiya), çevrilmələr tamamilə fərqlənir (226,119). Qeserin iki oğlan uşağına çevrilməsi ilə ekizlər kultu və Göy Türk xaqanlığının Bumın, İstəmi, Roma şəhərinin etrusklar Romul, Rem, Kiyevin xəzər (türk) əsilli Kiy, Xorun tərəfindən qurulmaları arasında da birbaşa qədim genetik mifoloji-ruh əlaqəsi var. Bəlli olur ki, qeyd edilən motiv, süjet ural-altay xalqlarının epik yaradıcılığında qədimdən özünü genetik və tipoloji xüsusiyyət kimi göstərirmiş.

Türk (Azərbaycan) nağıllarında gözəl qızları azad etmək üçün qəhrəmanlar divlərin məskəninə, yerin altına səyahət edirlər, çox zaman da düşmənlərinə şüşədəki canları, göyərçinləri öldürməklə qalib gəlirlər. Bənzər süjet Qeser ətrafında da yaradılıb. Qəhrəman sevimli qadını Xas Şıxeri gətirmək üçün manqusun yerin altındakı sarayına enir. Yatmış manqusu burnunun deşiklərindən çıxan iki qızıl balığı öldürməklə məhv edir (172,157-158).

“Qeser” dünya epik yaradıcılığında ən mürəkkəb, ziddiyyətli dastanlarındandır. Onun baş qəhrəmanı da dastanın özü kimi mürəkkəb və ziddiyyətlidir. Dastanda nağıl, əfsanə, rəvayət janrına aid süjetlər, mövzular, motivlər çoxluq təşkil etdiyi kimi, Qeserin özü də həm tanrıdır, həm mifoloji qəhrəmandır, həm ilkin əcdaddır, həm də mədəni qəhrəmandır. Qeser bəzi hallarda (mətnlərin başlanğıc hissəsində) tanrılara qalib də gəlir, onları cəzalandırır. Baş tanrı Asaranqanın qisasını alıb Atay Ulanı öldürdükdə o, bu yüksək səviyyəyə çatır. O, yerə enib insanları zülmdən xilas etdikdə, fəaliyyətinə görə alturizmçi mifoloji qəhrəmana çevrilir. İnsanlara bilmədikləri işləri öyrətməsində, həyatlarını yüngülləşdirməsində mədəni qəhrəman kimi çıxış edir, ilkin əcdad olur. Qoruyucu ruh kimi onun təsirinin kütlə üzərində daima hiss olunmasında hami ruh xüsusiyyəti dayanır. Çətin anlarda “üç xilaskar bacı”dan kömək istədikdə, adi ölümlü insana bənzəyir. Qeser həm də qəhrəman tipi olaraq nağıllardakı epik qəhrəmanlar-

dandır – mənşəyi əsilli-nəcabətlidir, yüksəkdir, igiddir (20,227). “Qeser” dastanının və qəhrəmanının qədimliyini göstərən şərtlərdən biri də türk nağıllarında ikinci tip qəhrəmanlara – aşağı mənşəlilərə (sehirli nağıllarda demokratik qəhrəmanlar), xas xüsusiyyətlərin də mövzuda, surətdə özünü göstərməsidir. Bəzi hallarda aşağı sosial vəziyyətdə olma, kasıb-yoxsul geyinmə, ətrafdakıların qəzəbinə məruz qalma, tənbəllik görüntüləri, gözlənilmədən igidlik göstərmə, sehirli qüvvələrdən, ruhlardan yardım almaqla məqsədə çatma, düşmənlərə qalib gəlmə xüsusiyyətləri yığcam olaraq Qeser ətrafında da özünü göstərir.

Nağıllarda ən mühüm cəhətlərdən sayılan – müəyyən məqsədi həyata keçirmək üçün libasdəyişmədən “Qeser”də çox tez-tez istifadə olunur. “Dədə Qorqud”da Beyrəyin Oğuz elinə qayıdanda, “Koroğlu”da qəhrəmanın çətin səfərlərində (20,220) istifadə etdikləri həmin üsula Qeser daha çox əzəli düşmənləri manqus və qızı ilə rastlaşanda baş vurur (172,152).

Qəhrəmanların köməkçi vasitələrindən biri də onların silahlarıdır. Silahların yaranması, bunlardan istifadə mifoloji xüsusiyyət də daşıyır. Digər dünya xalqlarının şifahi yaradıcılığından fərqli olaraq ural-altaylarda, xüsusən də monqol-buryatlarda silahlara münasibət şamançılıq inancları ilə sıx bağlıdır. Həmin səbəbdən də uligerlərdə qəhrəmanların düşmənlərlə savaş səhnələri ayin səviyyəsində təsvir olunur. Hər iki tərəfdə silahlardan istifadə etmədən öncə magiyaya baş vururlar, sehr, ovsun elementlərinə müraciət edirlər. Ural-altay xalqlarının (monqollarda) epik yaradıcılığında silahlarla belə davranmaya “yala hüzə” deyilirdi (155, 74). “Qeser”in boxan mətnində qəhrəman ovsunlanmış oxla şər ruhlu Altay Ulan tanrı tərəfindən oğurlanmış Seqen Sebdeq tanrının qızının 23 balınc altında gizlədilmiş canını azad edir. Eyni üsulla P.Petrovun söylədiyi mətndə Qeser ovsunlanmış oxla cırcırama tutur və mərkəzi göyün qızını müalicə edir (226,80).

Qeser düşmənləri manqadxaylarla vuruşduqda qarşılıqlı olaraq bir-birinə ovsunlanmış oxlar atırlar. Onun oxları düşmənlərin ürəklərini tutub təkrar ox qabına qayıdırlar (226,83). P.M.Tuşemilovun unqin mətnində də Abay Qeserin qadını Alma Merqenin oxu şarayqol xanlarının çoxminlik ordusunu dağıdır. Monqol xalqlarına aid digər uligerlərdə də bahadırların ovsunladığı oxları düşmənlərini məhv etdikdən sonra ox qablarına dönüb yerləşirlər (226,103).

Uligerlərdə, dastanlarda (oğuznamələrdə) düşmənin silahına qarğış, özününkünə alqış motivi də var. “Dədə Qorqud” da Banuçiçəyi Bamsı Beyrəyə istəməyə gələn ağsaqqal ataya Dəli Qarçar silah qaldırır. Dədə Qorqudun “Çalursan əlin qurusun” deməyi ilə Dəli Qarçarın əli göydə quruyub qalır (30,320;155,77).

“Qeser”in yeni monqol mətninə daxil olan “Qızıl dağ Sumeru” da manqus od qırmızı rəngli gürzünü ovsunlaya-ovsunlaya Acıq Teneq batıra atdıqda söyləyir:

250. “Mənim əllərimdən çıxaraq,

Polad olub uç!

Məsafənin ortasına çataraq,

Atəş olub yandır!

Həmin bahadırın düz ürəyini,

Qoparıb tut!”

Acıq-Teneq Bahadır ağ rəngli müqəddəs oxunu eyni üsulla düşmənə yönəldir: (172,277-278).

265 ...

“Mənim əllərimdən çıxaraq



Polad olub uç!”

Məsafənin ortasına çataraq,

Atəş olub yandır!

270 .Həmin manqusun

Düz ürəyini

Çəkib-qoparıb tut!”

Savaş zamanı Qeserin də ovsunu, cəhdi baş tutur və Aytiqar Xar manqusa qalib gəlir.

“Qeser”də ovsunun həm sözlə, həm də gerçək səviyyədə, həyata keçməsi şamançılıqda magik yolla istənilən məqsədə çatma ustalığını göstərir. Semit-hamit ruh dünyasında, dinlərdə hər şeyin “təqdiri-ilahiyə” buraxılmasından fərqli olaraq ural-altaylarda düşmənə mütləq qalib gəlmə istəyi daha üstündür və buna da şamançılıq elmi (magiya) ilə çatılır.

Seçilmiş qəhrəmanların silahlarının qeyri-adi maddələrdən (metallar) yaradılması motivi monqol və türk xalqlarının da epik ənənəsində əsas xüsusiyyətlərdəndir. Koroğlunun misri qılıncı göydən düşmüş nadir metaldan yaradılır. Qeserin də qılıncını tanrı göndərmişdi. Maqnitli bürünc metalı 77, 88 gün ərzində nepallı ustalar hazırlamışdı (172,201). Uligerdə onun böyük qara kamanı (yayı), 36 ağ oxu xüsusi vurğulanır (172,148). Altay-Buuçay da özünü ağ rəngli kamandan-oxdan ayrı hiss edə bilmirdi (155,63).

Monqol, türk dastanlarında kaman qeyri-adi nəhəng həcmdə, bərklikdə təsvir olunur. Bunlardan qəhrəmanların özlərindən başqa heç kim istifadə edə bilmir. Buryat “Qeser”ində qəhrəmanın kamanının yayını öküzlər də çəkə bilmir, Qeser isə bir barmağı ilə dizə qədər dartırdı. Alpamış da uşaq yaşlarında babasından qalan nəhəng bürünc rəngli kamandan buraxdığı oxla dağın zirvəsini dağıdırdı (155,69). “Qeser”in aqin mətnində qəhrəmanın atası oğlunun dünyaya gəlməsindən öncə paslanmış bıçaq və iki dəmir parçası tapır. Bunu xoş xəbər kimi qəbul edir, hiss edir ki, oğlu olacaq (226,111). Türklərdə bıçaq və mıxın oğlan uşağı ilə bağlı yozumları, dastanlarda qəhrəmanların silahlarının göydən düşmüş metaldan, dəmirdən yaranması motivi hurrit mənşəli xetlərin mifologiyasına, m.ö. II minilliyə qədər davam edir.

Dünya tarixində silahların təkmilləşməsi, yeni növlərin yaranması özünü epik yaradıcılıqda bunların təsvirində də göstərir. Koroğlu qocalığı zamanı tüfənglə rastlaşır və artıq əsil qəhrəmanlığa yer qalmadığını düşünür. “Qeser”in və “Manas”ın bəzi mətnlərində də həmin motiv özünü göstərir. (155,83).

Qəhrəmanların ən yaxın ayrılmaz köməkçi vasitələrindən tam fərqli olaraq onların düşmənləri, düşmənlərə aid əşyalar mənfi çalarda təsvir olunurlar.

Monqol-buryat, tibet və bəzi türk xalqlarının epik yaradıcılığında diqqəti çəkən incəliklərdən biri də uligerlərdə, dastanlarda (olonxolar) mənfi surətlərin, düşmənlərin, pis ruhlu varlıqların qeyri-adi dərəcədə iyrənc, vəhşi təqdim olunmasıdır. Həmin xüsusiyyət digər genetik-etnik birliyə daxil olan xalqların epik təsvirindən hiss olunacaq dərəcədə seçilir. Belə halın yaranması ilk növbədə mifoloji şüurda qədim insanların dünyanı dərk etmə, münasibət bildirmə düşüncəsi ilə əlaqəlidir, həmin təsəvvürlərin uzun müddət şifahi xalq yaradıcılığında canlı saxlanmasındadır. İkinci cəhətdən də xalq şüurunun ideal qəhrəman yaratma üslubudur. Düşmən surətləri nə qədər qeyri-adi, vahiməli, iyrənc, təhlükəlidirsə ona qalib gələn qəhrəman da əks cəhətdən bir o qədər müsbət xüsusiyyətli, güclü idealdır. Üçüncü səbəb kimi də xalq ruhunun ictimai ədaləti, tarazlığı əldə etmək üçün gerçəkçi-həyati vasitələr tapa bilmədikdə möcüzəli, sehrli, qeyri-adi təsvir üsullarına baş vurmasını göstərmək olardı (38,7). Mifoloji görüşdə mənfi ruhlarla mübarizə tədricən zamanın təsiri ilə gerçəkliklərə daha yaxın qavranılıb əvəz olunur. Şər ruhların yerini işğalçı düşmənlərin xanları, başçıları tutur (212, 26). Yakut olonxolarında abasıların – mənfi ruhların əvəzinə düşmən tərəfin bahadırları da qəhrəmanlara qarşı vuruşurlar (212,28).

Həmin səbəblərdən də monqol xalqlarının epik yaradıcılığında qəhrəmanların daimi düşmənləri qəbul edilən manqus (manqadxay, şulmus) – vəhşi şeytan surətləri 10, 23, 27, 77, 99, 1009 və s. sayda başdan ibarət iyrənc məxluqlar kimi yaradılır (116,37). Türk (Azərbaycan) nağıllarında da çoxbaşlı div surəti var, çox zaman bu motiv kəsilmiş başın yerinə yenilərin çıxması şəklində dəyişilir. Bundan fərqli olaraq uligerlərdə kəsilmiş manqus başının yerinə yenisi çıxmır.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin