NAĞI BƏY ŞEYXZAMANLI
“MİLLƏT ATASI” HAQQINDA
XX əsr milli istiqlal hərəkatının fəal iştirakçılarından biri Nağı bəy Salеh bəy oğlu Şeyxzamanlı (Keykurun) 1883-cü ildə Gəncədə anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanda baş verən siyasi proseslərə qoşulan N.Şeyxzamanlı ilk milli siyasi təşkilatlar olan “Difai” və “Müsavat”ın fəal üzvlərindən biri idi. 1919-cu ilin avqustundan 1920-ci ilin martınadək Azərbaycan Xalq Cümhuriyyəti Əks-İnqilabla Mübarizə Təşkilatının rəisi olmuş, ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir. 1920-ci il Aprel işğalından sonra Azərbaycanı tərk etməyə məcbur olan Nağı bəy əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə getmiş, İstanbulda məskunlaşmış və ömrünün sonunadək (1967) burada yaşamışdır.
Türkiyədə jurnalistlika ilə məşğul olan N.Şeyxzamanlı İstanbulda çıxan qəzet və jurnallarda “Keykurun” təxəllüsü ilə Azərbaycan tarixinə dair bir neçə məqalə dərc etdirmişdir. Bu məqalələr arasında 1957-ci ildə çap olunan “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (xatirə dəftərindən bir yarpaq)” yazısı xüsusi maraq doğurur. Nağı bəy Şeyxzamanlının hekayəti 1918-ci ilin əvvəlinə - onun İstanbulda vacib missiyanı yerinə yetirdiyi bir vaxta aiddir. Rusiyadakı 1917-ci il Fevral və Oktyabr çevrilişləri nəticəsində Cənubi Qafqazın faktiki olaraq imperiyadan ayrılması üç millət - azərbaycanlılar, gürcülər və ermənilər arasında mövcud ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxardı. Olduqca əlverişsiz şəraitlə üzləşmiş, bolşeviklərin ələ keçirdiyi Bakı üzərində nəzarəti itirmiş Azərbaycan milli-demokratik qüvvələrinin rəhbərliyi qonşu Osmanlı dövlətinin hərbi yardımını təmin etmək üçün 1918-ci ilin fevralında N.Şeyxzamanlını xüsusi göstərişlə İstanbula göndərmişdir. Missiyanı yerinə yetirərkən Nağı bəy Osmanlı parlamentinin sədri Hacı Adil bəylə də görüşmüş və bu görüş zamanı onların Hacı Zeynalabdin Tağıyev haqqında söhbətləri N.Şeyxzamanlının xatirələrinin əsasını təşkil etmişdir.
Xatirələrdə diqqəti çəkən məqamlardan biri budur ki, H.Z.Tağıyev haqqında ətraflı məlumat öyrənmək istəyən Hacı Adil bəy onun adını ilk dəfə eşitmədiyini, əksinə, xeyriyyəçinin hələ 1912-1913-cü illər Bolqarıstan-Türkiyə müharibəsi zamanı Osmanlı türklərinə maddi yardım göstərdiyini özü Nağı bəyə bildirir. Fikrimcə, əlavə mənbələrin tədqiqata cəlb olunması H.Z.Tağıyevin tərcümeyi-halında öz əksini tapmayan bu faktın təsdiqinə kömək edə bilər.
N.Şeyxzamanlı H.Z.Tağıyev haqqında xatirələrində məlum olan və artıq dillər əzbəri olmuş hadisələrdən bəhs etməklə yanaşı bəzi məqamlara ilk dəfə toxunmuşdur. Bu sözləri, xüsusilə, 1918-1920-ci illərdə - milli hökumət dövründə H.Z.Tağıyevin fəaliyyətinə həsr edilən fəsillər haqqında demək olar. Böyük xeyriyyəçinin İstiqlalın birinci ildönümü tədbirində, Novruz bayramı şənliyində, Bakı Universitetinin açılışında iştirakı və çıxışları haqqında ilk dəfə məhz Nağı bəy Şeyxzamanlının xatirələrində bəhs olunur.
Bununla yanaşı, N.Şeyxzamanlının “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (xatirə dəftərindən bir yarpaq)” yazısında rast gəlinən bəzi faktlar tənqidi yanaşma tələb edir. Vətənindən uzaq düşməyə məcbur olan və mühacir həyatı yaşayan 74 yaşlı istiqlal mücahidinin ideoloji baxışları, ömrünün sonunadək sovet kommunizminə qarşı barışmaz mövqeyi onun xatirələrinə də təsir göstərmişdir. H.Z.Tağıyevin guya Nəriman Nərimanov tərəfindən həbs olunması, onlar arasında dialoq, fəhlələrin H.Z.Tağıyevin azadlığa buraxılması tələbi ilə tətil etmələri - bütün bunlar həmin təsirin nəticələridir (ətraflı şərhlərdə).
Nağı bəy Şeyxzamanlının “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (xatirə dəftərindən bir yarpaq)” əsəri ilk dəfə İstanbulda “Azerbaycan” aylıq mədəniyyət jurnalında türk dilində dərc olunmuş, 2007-ci ildə isə Bakıda Azərbaycan dilinə çevrilərək, müəllifin xatirələr külliyyatında yenidən çap edilmişdir.1 Tərcümə zamanı bəzi nöqsanlara yol verildiyindən aşağıdakı mətn əsasən orijinal mətnə istinadən hazırlanmışdır.
Dostları ilə paylaş: |