Hünər ilə çalış ki, dünyada
Şərəf əhli olur hünərzadə,
Bihünər sanki cismi-bicandır,
Eylə can dövləti verər bada.
Kaş bizim vətəndaşlarımız bu cənabın halına diqqət edib, onu müşahidə edə bilsinlər ki, o, maarif yolunda nə cür qeyrət və əzm göstərib zəhmət çəkibdir. O cənabın cavanlıq vaxtından səy və çalışmaları bütün Vətən oğulları üçün böyük örnəkdir. O, heç vaxt tənbəlliyi özünə yaxın buraxmamış, çünki tənbəllik fəaliyyətsizliyin, fəaliyyətsizlik arsızlığın, arsızlıq isə min cür fəsad və eyiblərin mənbəyidir. O cənab bunlara tərəf meyl etməyib və onlar Hacının pak xilqətinə yol tapa bilməyiblər:
Nütfeyi-pak gərəkdir ki, ola qabili-feyz,
Yoxsa hər qırmızı daş lölövü mərcan olmaz.
Gər qara daşı qızıl qan ilə əlvan edəsən,
Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz.
Beləliklə, çox şövqlə memarlıqla məşğul olub və şöhrət tapırdı, lakin bir sənətlə kifayətlənməyib, daha artıq dərəcəyə və yaxşı məşğuliyyətə can atırdı. Özünün sakin olduğu ata evi həddindən artıq dar və qaranlıq idi. On iki nəfər külfəti ilə başqa yerdə yaşamaq iqtidarı olsa da, o, ata və anasının yadigarı olan bu evdə güzəran keçirirdi. Bir neçə ildən sonra Allah-taala ona iki oğul, bir qız bəxş etdi. Birinci oğlu İsmayıl mükəmməl savad aldı, fars, rus, fransız dillərini öyrəndi. Təhsil və tərbiyəsini kamil edəndən sonra İsmayılı özünə köməkçi götürdü, kiçik oğlu Sadıxı mədrəsəyə qoydu ki, öz qardaşı kimi təhsil və mərifət sahibi olsun. Bu vaxt bir nəfər varlı şəxsdən imarət tikməyi podratçılığa götürdü. Hər gün sübh tezdən hazır olub bənnalara rəhbərlik edirdi. İmarət hazır olana yaxın Bakıda bahalıq və qıtlıq başladı, xalqın dolanışığı pisləşdi. Bu cənab dörd yerdə taxtadan anbar düzəltdirib, birini buğda, ikincini un, üçüncünü düyü və dördüncünü arpa ilə doldurub, hər gün imkansız şəxslərə, ev-eşiksiz dul qadınlara və yetim uşaqlara hər kəsin ehtiyacı qədər paylayırdı. O cənabdan elə böyük səxavət müşahidə olundu ki, onu təsəvvür etmək çətindir. Lakin indiki varlılar və millət başçıları ki, qazanclarını möhtəkirlik yolu ilə əldə ediblər, illərlə ucuzluq və bolluq olan şəhərlərdə qıtlıq yaradırlar, xalqa kömək etmək əvəzinə xalqı tələfata sürükləyirlər. Məgər bu bəşər övladları bir-birlərinə kömək və himayə etmək üçün eyni cəmiyyətin üzvləri deyillərmi? Necə ki insanın gözləri, əlləri, ayaqları, qulaqları və bütün başqa üzvləri bir bədəndə cəm olublar, hamısı ruhun ixtiyarında və fərmanının altında bir-birini qorumaqdan boyun qaçırmırlar, eləcə də insanlar bir-birini qoruyub, kömək etməkdə boyun qaçırmamalıdırlar. Onlar öz şəxsi məqsədlərinə çatmaq üçün öz həmvətənlərini incitməməli və cürbəcür müsibətlərə giriftar etməməlidirlər.
Bəni-adəm əzavü əczadılar,
Ki, bir dürdən cəmlə peydadılar.
Bir üzvü əgər dərdə olsa düçar,
Dəxi qeyrilərdə tapılmaz qərar.
Əgər çəkməsən yar ilə sən də qəm,
Eylə bir vücudə səzadır ədəm.
Qıtlıq şiddətlənən vaxtı aclığa və pərişanlığa düçar olan zəif və yoxsul adamlar gəlib o cənabdan öz paylarının alıb gedirdilər. Bu zaman fitnə-fəsad salan qərəzli adamlar ki, həmişə bir şəxsin şikəstliyini və pis olmağını gözləyirlər, yer sahibinin yanına gəlib dedilər: “Bu podratçı şəxs sənin evinin qeydinə qalmır, səndən aldığı pula dörd anbar düzəldib, xalqa buğda, un, düyü, arpa paylayır, sənin malını dağıdır, özünə şöhrət qazandırır.” Yer sahibi çarəsiz qalıb məhkəməyə müraciət etdi. Məhkəmə tərəfindən aparılan təhqiqatdan məlum oldu ki, cənab Hacının vətənpərvərlik və millətsevərlik göstərərək, yoxsullara və zəiflərə kömək etməkdən başqa bir məqsədi və amalı olmayıb. O, öz mərdlik kisəsindən bu qədər xərcləri öhdəsinə alıb ki, əslində dövlətə və millətə xidmət edib, onun işində əsla nöqsan yoxdur. İmarət isə müddətin tamam olmasına qədər tikiləcəkdir. Ərizəçinin və xəbərçilərin həsədləri hamıya aydın oldu. Hacı yenə də əvvəlki kimi, həm yoxsullara kömək edir, həm də imarətin tikilməsi ilə məşğul idi. Nəhayət, 23 ay xalq şiddətli qıtlığa dözəndən sonra Xudavəndi-aləm xeyir və bərəkət qapılarını xalqın üzünə açdı, bolluq yarandı, qiymətlər aşağı düşməyə başladı, imarət isə tikilib başa çatdı. İmarət sahibi xəcalətdən üzr istədi, “həsəd çəkənlər və xəbərçilər məni bu işə vadar elədi” dedi və Hacının yerdə qalan haqqını ödədi. Bir qədər sonra, hicrinin 1291-ci ilində (miladi 1873-cü il) Hacı podratçılıqdan əl çəkib, dövlətdən torpaq sahəsi satın aldı, fəhlələr topladı, ləvazimat aldı və əzmlə neft quyusunu qazmağa başladı. Xudavəndi-aləmin “Möminlər bir-biri ilə qardaşdır” kəlamına əməl edib, fəhlələrlə qardaşcasına, yoldaşcasına rəftar edir, birlik, və mehribançılıq əmələ gətirirdi.
Dostları ilə paylaş: |