Qeyd və şərhlər: 1. Göstərilən tarixdə yubileyin keçirilməsi baş tutmamışdır. Çox güman ki, H.Z.Tağıyevin təsis etdiyi rus-müsəlman qız məktəbinin 1901-ci il oktyabrın əvvəllərinə təyin olunan açılışına hazırlıqla, həmçinin sentyabrda məktəbə şagird və müəllim qəbulu ilə əlaqədar Hacının ictimai fəaliyyətinin 50 illiyi geniş qeyd olunmamışdır.
2. H.Z.Tağıyevin doğum tarixi ilə bağlı fərqli mülahizələr mövcuddur. XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid müxtəlif mənbələrdə onun təvəllüdü aşağıdakı illərlə göstərilib: 1823, 1838, 1841, 1842. N.Nərimanovun H.Z.Tağıyevin tərcümeyi-halını yazan ilk müəllif olduğunu nəzərə alaraq, onun 1838-ci ilə istinad etməsi məhz bu tarixin doğruluğunu təsdiqləyir (bu barədə ətraflı bax: F.Cabbarov. Hacı Zeynal Abdin Tağıyevin doğum tarixinin müəyyənləşdirilməsinə dair. // Milli Azərbaycan Tarixi Muzeyi-2009, s. 308-316).
3. Zeynalabdin Tağıyev hələ uşaq ikən anası Umxanımı itirmiş və atasının himayəsində yaşamışdır. 1849 və 1860-cı illərə aid mənbələrdə Zeynalabdinin Əliqulu adlı qardaşının adı qeyd olunur. Atasının ikinci nikahından daha beş övladı dünyaya gəlmişdir. Təəssüflər olsun ki, H.Z.Tağıyevin qardaşları və bacıları haqqında heç bir məlumat yoxdur.
4. N.Nərimanov Hacının bənnalıqdan başlayan, sonra isə podrat işləri və neft biznesi ilə davam edən əmək fəaliyyəti haqqında yazarkən bir vacib məqamı qeyd etməmişdir. Əslində isə bu, o dövrün əksər iş adamları kimi H.Z.Tağıyevin də sahibkarlığa ticarətdən gəlişini əyani şəkildə izləməyə imkan verən faktdır. Belə ki, XIX əsrin 50-ci illərinin sonu-60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başlamışdır. Onun bu dövr sahibkarlıq fəaliyyətində torpaq sahələri ilə əməliyyatlar xüsusi yer tuturdu. Onların bəziləri yaşayış evləri, ticarət obyektləri, mədəni və inzibati mərkəzlər tikintisi üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodu satın almışdır.
5. İsmayıl Zeynalabdin oğlu Tağıyev (1866-1930) - Bakı realnı məktəbini bitirmiş, 1895-ci ilin avqustunda həmin məktəbin fəxri hamisi təyin olunmuşdu. 1906-cı ildə Azərbaycanda keçirilən seçkilərdə Bakı quberniyasından Rusiyanın II Dövlət Dumasına deputat seçilmiş, lakin Peterburqa getməkdən imtina etmişdi. XIX əsrin 90-cı illərinin əvvəllərində o, general Balakişi bəy Ərəblinskinin böyük qızı Nurcahanla (Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın böyük bacısı) ailə həyatı qurmuşdu.
6. Sadıx Zeynalabdin oğlu Tağıyev (1868-1943) – atasının bir çox müəssisəsinin həmtəsisçisi. Mirzə Fətəli Axundzadənin nəvəsi Məliksima Qacarla ailə həyatı qurmuşdu.
7. H.Z.Tağıyev Bakıdakı Orta texniki, Kommersiya məktəblərinin, Mariinski qadın gimnaziyasının fəxri hamisi, Tiflisdəki müsəlman məktəbinin fəxri nəzarətçisi vəzifələrini daşıyırdı.