Sərvət və səxavətlə məşhur
cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı
Bismillahir-rəhmanir-rəhim!
Cənab Hacı Zeynalabdin Tağıyev hicrətin 1256-cı ilində (miladi 1838-ci il) Bakıda anadan olub. Atası Məhəmməd Tağı başmaqçılıq sənəti ilə məşğul idi, alış-veriş edib dolanırdı və övladını həddindən artıq çox istəyirdi. Tainki bu uşağın yaşı yeddiyə çatdı və üzündə böyüklük, ağıl-kamal əlamətləri, tərəqqi və istedad nişanələri göründü, atası ona daha da vurğun oldu. Hər gün atası ilə dava başlayırdı: övlad ailənin çətin vəziyyətini görüb, bir peşə əxz etməyə çalışırdı. Lakin atası, Zeynalabdinin yaşı az olduğuna görə buna mane olurdu.
Hərçənd nəzərdə kiçikdi o uca cənab,
Başında dərc olunmuş idi fikri-bihesab.
On yaşına çatana qədər atasına rahatlıq vermirdi və hər bəhanə ilə onu bir işə düzəltməyi xahiş edirdi. Axırda atası onun bacarığına, istedadına və israrlı olduğuna görə əziz oğlunu bir nəfər mahir bənnanın yanına şagird qoyur. O uşaq da həddən artıq xoşhal və şadlıq ilə, kamal və zirəklik göstərməklə, dincəlmədən öz işi ilə məşğul olurdu və can-dildən xidmət edirdi. Bənna gördü ki, bu uşaq bir dəqiqə aram tutmayıb axşamadək işlə məşğul olur və bütün vaxtını palçıq qayırmaqla, daş və kərpic verməklə sərf edir. O, uşağa altı qəpik muzd verdi. Tifil hədsiz şövq və şadlıqla evinə qayıdıb, birgünlük muzdunu atasına verdi.
Atası əziz oğlunu qucaqladı, üzündən və gözlərindən öpdü, onun birgünlük qazancından çörək və pendir aldı. Ev əhlini başına yığıb dedi ki, bu gecə biz hamımız gözümün nuru, əziz oğlum Zeynalabdinə qonağıq. Süfrə salındı, hamı yığışıb yemək yedi. O yeməkdən onlar üçün vəsfi xəyala gəlməyən ləzzət hasil oldu. Elə ki süfrəni yığışdırdılar, atası üzünü Xudavəndi-aləmə tutub dua etməyə başladı: “Pərvərdigara, şükr və həmdlər olsun sənə ki, biz öz əziz övladımı-zın zəhmətilə qazandığını yedik”. Bu vaxt uşaq diqqətlə atasının sözlərinə qulaq asıb, onun şadlığını görürdü. Həmin sözlər onun qəlbində dərin iz buraxdı. O, səhərin tez açılmasını gözləyirdi ki, keçən günün müqabili qədər də işləsin. O, kiçik yaşında bilirdi ki, nə qədər artıq zəhmət çəksə, o qədər əməkhaqqı çox olar. Hər gün artıq işləyir və ümdə fikri bu idi ki, özünü az vaxtda şagirdlikdən qurtarıb usta dərəcəsinə yüksəltsin. Tezliklə öz məqsədinə yetib usta dərəcəsinə çatandan sonra evin bütün xərclərini üzərinə götürdü. Bir müddət beləcə bənnalıqla məşğul olub peşəsini unutmurdu və ziyadə xoşhal idi ki, xalqın minnəti ilə güzəran keçirmir, heç kəsdən asılacağı yoxdur. “Sənət sahibi Allahın dostudur” kəlamını unutmayıb, özünə peşə seçmiş, peyğəmbərlərdən və övliyalardan nümunə götürərək ömrünü boş, vaxtını zəhmətsiz keçirməmişdir. Sanki peyğəmbərlərin həyatından, onların güzəranından xəbərdar imiş ki, onların hər birinin bir peşəsi, sənəti var idi və onlar özlərini hünərsiz edib işdən boyun qaçırmırdılar. Necə ki, Həzrəti-Adəm dünyaya gəldi və yemək istədi. Min iş ona əmr olundu ki, əmələ gətirsin. Onların min birincisi çörəyin özü tərəfindən üyüdülməsi idi. Və yaxud cəlal, əzəmət, səltənət, hakimiyyət sahibi Həzrəti-Süleyman zənbil toxumaqla məşğul idi, Həzrəti-İdris dərzilik, Həzrəti-İbrahim bənnalıq edirdi. Xudavəndi-aləm buyurmuşdu: “İbrahim evin (Kəbənin) binasını ucaltdı”.
Həzrəti-Davud zireh düzəldirdi. O, cavanlıqdan peyğəmbərliyə çatana qədər bir peşə ilə məşğul deyildi və dolanışığı dövlət xəzinəsindən idi. Həzrəti-Əli nəql edirdi: “Allah Davuda vəhy etdi: “Beytül-maldan ruzi istəməsəydin və şəxsi gəlirin olsaydı, necə də gözəl bəndə olardın”. Davud ağladı. Sonra Allah dəmirə vəhy etdi: “Bəndəm Davud üçün yumşal!” Sonra dəmir yumşaldı və Allah-təala dəmiri onun üçün yumşaltdı. O, üç yüz altmış zireh toxuyub üç yüz altmış min dirhəmə satdı və beytül-mala ehtiyacı olmadı”.
Və Həzrəti-Məhəmməd ona peyğəmbərlik verilənə qədər Şamla ticarət edərdi və onun tabeliyindəki qureyşilər hər il Şama ticarətə gedərdilər.
Cənab Hacı da “İnsana ancaq öz əməli, öz zəhməti qalar” ayəsinə əməl edərək, Xudavəndi-aləmin onun vücudunda qoyduğu qabiliyyət və istedad sayəsində həmişə hər növ xeyriyyə əməllərində səxavətini əsirgəmirdi. O, tez bir zamanda müsəlman cəmiyyətinin seçilmişi, başçısı oldu, xeyriyyə işlərində və ümumi əməllərdə o cənaba üz tutulurdu. Xülasə, Hacı insana layiq olmayan tənbəlliyi və bekarlığı məzəmmət edər, bir gün də olsun öz işindən və peşəsindən əl çəkməzdi. Yoxsullara və zəlillərə kömək üçün olunan böyük işlər ondan baş verirdi ki, o vaxtın dövlət və qüdrət sahibləri Hacıdan ibrət alırdılar.
Günü-gündən yüksələn o cənabın məqsədi həmişə yuxarı mərtəbələrə çatmaq idi. Bənnalıqdan əl çəkib memarlığa başladı, zəkasının çoxluğundan və fərasətinin artıqlığından memarlıqda daha artıq məharət göstərdi. Elə bil, bu şeirin məzmununu düşünmüş idi:
Dostları ilə paylaş: |