5. Söylənilən fikir heç bir mənbə ilə təsdiqini tapmır.
6. N.Şeyxzamanlı burada ciddi səhvə yol verir. Məlumdur ki, Bakıda ilk teatr binasını 1883-cü ildə məhz H.Z.Tağıyev tikdirmişdir.
7. “Müsavat” – 1911-ci ildə Bakıda təşkil olunan siyasi partiya. Müsəlman xalqlarının birliyinə, tərəqqisinə nail olmağı qarşısına məqsəd qoyan partiya sonrakı illərdə Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsinə çevrilmiş, ilk Azərbaycan Respublikasının qurulmasında müstəsna xidmətlər göstərmişdir.
8. Musa Nağıyev (1842-1919) - Azərbaycan sahibkarı, iri neft milyonçusu, xeyriyyəçi. Musa Nağıyev sahibkarlıq fəaliyyətinə manufaktura ticarətindən başlayaraq, XIX əsrin sonlarında Abşeronda neftli torpaq sahələriни icarəyə götürmüşdü. 1887-ci ildə “M.Nağıyev” neftçıxarma fırmasını yaratmışdı. Onun firması XX əsrin əvvəllərində Bakının 20 ən iri neft şirkəti sırasına daxil idi. Hacı Zeynalabdin Tağıyevlə birlikdə Bakı Tacir Bankını təsis etmiş, onun idarə heyətinin sədri seçilmişdi.
M.Nağıyev xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, “Nəşri-maarif” cəmiyyətinin ömürlük fəxri üzvü seçilmiş, cəmiyyətin keçirdiyi tədbirlərə müntəzəm olaraq ianələr vermiş, hazırda onun adını daşıyan şəhər təcili yardım xəstəxanasını inşa etdirmişdir.
9. “İsmailiyyə” – H.Z.Tağıyevin təşəbbüsü ilə Musa Nağıyevin həyatdan vaxtsız getmiş oğlu İsmayılın xatirəsinə tikdirdiyi nadir memarlıq abidəsi. M.Nağıyev binanı Müsəlman xeyriyyə cəmiyyətinə bağışlamışdı. M.Nağıyevin “İsmailiyyə” binasındakı 50 yerlik qonaq evinin bütün xərcləri onun kassasından ödənilirdi. Binanın özülü mülki mühəndis, milliyyətcə polyak olan Yuzef Ploşkonun layihəsi əsasında 1908-ci ildə qoyulmuş, tikintisi isə 1913-cü ildə başa çatdırılmışdır. “İsmailiyyə”də Bakıda fəaliyyət göstərən digər mədəni-maarif və xeyriyyə cəmiyyətləri də yerləşmiş, 1917-ci ildə burada Qafqaz müsəlmanlarının ilk qurultayı keçirilmişdi. Memarlıq incisi sayılan, istiqlal uğrunda mübarizənin əsas qərargahlarından biri, milli məfkurənin formalaşdığı mərkəz olan “İsmailiyyə” binası 1918-ci ilin martında erməni quldurları tərəfindən yandırılmışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “İsmailiyyə” təmir və bərpa olunmuşdur. Hal-hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.
10. İsmayıl bəy Qasprinski (1851-1914) – Krım tatar publisisti, pedaqoq, ictimai xadim, Rusiyada türkçülük, maarifçilik hərəkatının görkəmli xadimlərindən biri. Bağçasarayda çıxan “Tərcüman” qəzetinin naşiri olmuş, müsəlman məktəblərində yeni Avropa nümunəli “üsuli-cədid” təhsil sistemini yaratmışdır. “Tərcüman” qəzetinin yayılmasında yardımçı olan H.Z.Tağıyev onun Qafqazdakı abunə haqqını ödəyirdi.
11. Xosrov bəy Sultanov (1879-1947) – Azərbaycanın dövlət və siyasi xadimi, milli-azadlıq hərəkatının fəal iştirakçısı. Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Zəngəzur və Qarabağ bölgələrində, Bakıda həkim işləmişdir. Xalq Cümhuriyyəti dövründə hərbi və əkinçilik naziri, Qarabağ general-qubernatoru olmuşdur. Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində müstəsna xidmət göstərmişdir.
12. N.Şeyxzamanlının bəhs etdiyi hadisə real olsa da, onun təfərrüatları bir qədər fərqli idi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Tiflis Quberniya Jandarm İdarəsinin rəis köməkçisinin fevral 1915-ci il tarixli raportu saxlanılır. Sənəddə deyilir ki, ermənilərin Qars vilayətində törətdiyi qırğınları dayandırmaq və zərər çəkmiş dinc türk əhalisi üçün ianə toplanılmasına icazə almaq məqsədilə Əlimərdan bəy Topçubaşov, milyonçu Ağabala Quliyev və “məşhur Tağıyevin qohumu” rus ordusunun generalı A.Mışlayevskinin yanına getmişlər. General azərbaycanlı nümayəndələri qəbul edərək, ianə toplanılmasına icazə vermiş və “təkkəbürlü ermənilərə qarşı müvafiq tədbirlər görüləcəyini” vəd etmişdir. Sənəddə qeyd edilir ki, generalın yanına eyni xahişlə təkcə Bakıdan deyil, həmçinin Yelizavetpol (indiki Gəncə), İrəvan və Qarsdan müsəlman nümayəndələri gəlmişlər (Siyasi Sənədlər Arxivi: f. 276, s. 8, s.v. 463, v. 23-23 arxası).
13. Mənbələrdə təsdiqini tapmayan fakt. Ümumiyyətlə, müharibə illərində H.Z.Tağıyevin imperator II Nikolayla şəxsən görüşməsi o qədər də inandırıcı deyil.
Dostları ilə paylaş: |