18. ÇEKA – Aprel işğalından sonra bolşeviklərin yaratdıqları cəza orqanı (rusca – Чрезвычайная Комиссия (ЧК), Azərbaycan dilində - Fövqəladə Komissiya).
19. N.Şeyxzamanlının bəhs etdiyi hadisə kökündən yanlışdır. Əslində, H.Z.Tağıyev heç vaxt bolşeviklər tərəfindən həbs olunmayıb. Hacının 1920-1924-cü illərdə təhlükəsiz yaşaması, Mərdəkandakı bağ evinin müsadirə edilməyərək onun ixtiyarında saxlanılması yeni hökumətin, xüsusilə də Nəriman Nərimanovun xeyriyyəçiyə münasibətin təzahürü kimi qiymətləndirilə bilər. Bundan əlavə 1991-ci ildə Hacının qızı Sara xanımın görkəmli ictimai-siyasi xadim Vəli Məmmədova söylədiyi bir xatirə N.Nərimanovun H.Z.Tağıyevi qorumasını sübut edir: “Sovet hakimiyyətinin qurulmasından sonra, bir gün axşam Tağıyevin evinə ÇEKA-dan adamlar gəldilər. Mən Nərimanovun yanına – Yuxarı Təzəpir küçəsinə (indiki Mustafa Sübhi küçəsi) gedərək, ona məlumat verdim ki, ÇEKA bizdə axtarış aparır və Tağıyevi həbs edə bilərlər. Nərimanov Tağıyevin evinə zəng etmiş, ÇEKA-nın əməkdaşını telefona çağıraraq Tağıyevə dəyməməyi tapşırdı. Mən evimizə qayıdanda, artıq ÇEKA getmişdi”. (ARDƏİA: f.675, s.2, s.v.120, vv.20-24). Beləliklə, N.Şeyxzamanlının bolşeviklər tərəfindən H.Z.Tağıyevin həbs edilməsi, N.Nərimanovun bu işdə bilavasitə rol oynaması haqqında yazdıqları həqiqətə uyğun deyil və müəllifin sovet quruluşuna şəxsi münasibətilə izah oluna bilər.
20. N.Şeyxzamanlı H.Z.Tağıyevin vəfat etdiyi yaşı düzgün göstərmir. Hacının dəqiq təvəllüd tarixi tam aydın deyilsə də, hər halda onun 104 yaşında vəfat etməsi, buna müvafiq olaraq isə, 1820-ci ildə anadan olması səhvdir.