Qeyd və şərhlər:
1. Feyzulla Səməd oglu Qasımzadə (1898-1976) - maarif xadimi, ədəbiyyatşünas, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü. 1917-ci ildən ömrünün sonunadək maarif sahəsində işləmiş, ümumtəhsil, orta ixtisas təhsili məktəblərində və ali məktəblərdə dərs demişdir. XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqi və elmi tarixinin yaradılması F.Qasımzadənin adı ilə bağlıdır.
2. F.Qasımzadənin H.Z.Tağıyevin Qaziyan kənd məktəbinə maddi yardım göstərməsi haqqında söylədikləri ilk mənbələrlə təsdiq olunur. “Kaspi” qəzetinin 13 sentyabr 1898-ci il tarixli nömrəsində xəbər verilirdi ki, kənd əhalisi məktəb açmaq qərarına gəlmiş, lakin binanın inşası zamanı maliyyə çatışmazlığı ilə üzləşmişdir. Onlar H.Z.Tağıyevə müraciət etmiş, o isə, öz növbəsində, məktəbin tikintisinin başa çatdırılması üçün 1000 rubl göndərmişdir.
3. F.Qasımzadənin haqqında bəhs etdiyi müraciəti üzə çıxarmaq mümkün olmamışdır. Sara xanım Tağıyeva-Sarayevanın topladığı sənədlər arasında digər bir maraqlı sənəd var: bu, Mərdəkan əhalisinin 1957-ci ildə Azərbaycan SSR hökumətinə müraciətidir. Sənəddə deyilir: “37 il bundan əvvəl professor Mirzə F.Qasımzadə əhalinin xahişi ilə hökumətə əsasnamə (müraciət - F.C.) yazmışdır. Əsasnamədə göstərilirdi ki, Hacı Zeynalabdin Tağıyevin bağı ölənə qədər onun ixtiyarında olsun. N.Nərimanovun başçılığı ilə Azərbaycan SSR-in birinci hökuməti Hacı Zeynalabdinin xalqa və mədəniyyətə göstərdiyi xidmətlərini nəzərə alaraq, bağını ona ölənə qədər vermişdi.
Hacı Zeynalabdin öləndə kənd əhalisindən xahiş etmişdi ki, onu dediyi yerdə basdırsınlar. İndi biz Sizdən xahiş edirik ki, əgər onun basdırılmış olduğu yer hər hansı bir plana düşsə, yəni bağ və ya park salınsa, Hacının dəfn olunduğu balaca yerə toxunulmasın. İmzalar. 28 iyun 1957-ci il”. (MATM NF, № 20037).
Dostları ilə paylaş: |