Əliabbas Məmmədhənifə oğlu Rzayevin
xatirələri
Təxminən 1906-1907-ci illərdə mən “Dəbistan” uşaq jurnalının (1) redaksiyasında işləyirdim. Bir gün redaksiyanın eyvanında oturarkən (redaksiya Tağıyev passajında – indiki Bakı univermağında yerləşirdi) mənə molla qiyafəsində bir nəfər yaxınlaşdı. Sonradan məlum oldu ki, bu, Bakıya – müsəlman müəllimlərinin qurultayına gələn və qurultayın ünvanını öyrənmək istəyən Lənkəran məktəbinin şəriət müəllimi Molla Əli Məhəmməddir. Söhbət elədiyimiz anda Hacı Zeynalabdin Tağıyev passajın pilləkənləri ilə rəhbərlik etdiyi “Kaspi” sığorta cəmiyyətinə qalxırdı (cəmiyyətin kontoru redaksiyanın yaxınlığındakı otaqda yerləşirdi). Bizə yaxınlaşan Hacı soruşdu: “Bura nə kontordur?” Mən deyəndə ki, bura “Dəbistan”ın redaksiyasıdır, Hacı içəri daxil oldu və təklif etdiyim stulda əyləşdi. Hacı jurnalın vəziyyəti haqqında soruşdu. Mən ona danışdım ki, abunəçilər çox azdır, redaksiya ziyanla işləyir və buna görə naşirlər Əlisgəndər Cəfərov və Məmməd Həsən Əfəndiyev (2) jurnalın nəşrini dayandırmaq istəyirlər. Mən də xərcləri azaltmaq üçün dərsdən kənar vaxtımda (o zaman Bakı şəhər 6 sinifli Alekseyev məktəbində oxuyurdum) könüllü olaraq və pulsuz redaksiyada kontor müdiri, qarovulçu və şəhər abunəçilərinə jurnal paylayan işləməyi üzərimə götürdüm. Bununla da jurnal üçün 3 vəzifənin əməkhaqqına qənaət etdim. Naşirlər “Dəbistan” jurnalının nəşrini müvəqqəti olaraq davam etdirməyə razılaşdılar.
Hacı mənim xeyirxah əməlimi çox təriflədi və dövri mətbuatın, xüsusilə də uşaqlarımız üçün jurnalın xeyri barədə xeyli xoş sözlər deyərək, dərhal mənə abunə qəbzlərini doldurmağı tapşırdı. Mən Hacıdan onun Aleksandrinski qız məktəbi üçün 12, şəhər rus-Azərbaycan məktəbləri üçün isə 5, 6, 7 nüsxəyə abunəni aldım. Ümumiyyətlə, o, jurnalın 50 nüsxəsinə abunə yazıldı və naşir-redaktor Cəfərova bunları çatdırmağı tapşırdı: qoy Cəfərov qız məktəbinin qəbzlərini ödəniş üçün Hacının kontoruna, digər məktəblərin qəbzlərini isə şəhər başçısına təqdim etsin. İkinci qəbzlərin ödənişindən imtina olunduğu təqdirdə onları da Tağıyevin kontoruna təqdim etsin.
Bundan başqa Hacı mənə naşir-redaktorlara ruhdan düşməməyi, xeyirxah işlərini davam etdirməyi və çətin məqamda onlara öz köməyini əsirgəməyəcəyini çatdırmağı tapşırdı. Bu xəbərləri eşidən naşir-redaktorların şadyanalığını görmək lazım idi!
Sonra Hacı məndən soruşdu ki, bu molla kimdir və onun redaksiyada nə işi var? Mən onu Hacıya təqdim etdim. Hacı Lənkəranda, o cümlədən, müsəlman uşaqları arasında maarifin vəziyyəti haqqında maraqlandı.
Molla Əli Məhəmmədin kasıb şagirdlərin acınacaqlı vəziyyəti haqqında söhbətindən sonra Hacı ona Lənkəran məktəblərində oxuyan 50 ən kasıb uşağın siyahısını tərtib etməyi, hər şagirdin soyadı qarşısında onun geyiminin, ayaqqabısının dəqiq ölçülərini yazmağı və kontora göndərməyi tapşırdı. O, həmin uşaqlar üçün Bakıda şagird formasını hazırlatdıracağını və Lənkərana göndərəcəyini söz verdi (sonra Molla Əli Məhəmmədlə yazışmadan bildim ki, Hacı bunları Lənkərana göndərdi). Molla Əli Məhəmməd bunu eşidəndə sevindiyindən uşaq kimi ağladı və Hacıya necə minnətdarlıq edəcəyini bilmədi.
14 mart 1956-cı il.
MATM NF, №21011, 21019
Qeyd və şərhlər:
1. “Dəbistan” – 1906-1908-ci illərdə Bakıda nəşr olunan ilk pedaqoji jurnal. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan jurnalın redaktoru Ə.Cəfərov görkəmli yazıçıları ətrafına toplayaraq, jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir.
2. Məmməd Həsən Əfəndiyev (1867-1918) – etnoqraf, pedaqoq, tərcüməçi. Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları Qafqazda çıxan qəzet və jurnallarda çap etdirmişdir.
Dostları ilə paylaş: |