Ключевые слова: возрастная поэзия, современный, азербайджанский ашуги, Турция
Məsələnin qoyuluşu: Vücudnamələrin ən yeni örnəklərinin üzə çıxarılması, bu örnəklərin klassik nümunələrlə müqayisəsi və səciyyəvi xüsusiyyətlərinin müəyyənləşdirilməsi.
İşin məqsədi: Müəllifli və müəllifsiz ən yeni vücudnamə örnəklərinin araşdırılması, forma və məzmun baxımından təhlilə cəlb edilməsi.
Giriş: Modern vücudnamələrlə bağlı bu məqaləmizdə son dövrlərdə topladığımız müəllifi məlum olmayan nümunələr və çağdaş şairlərin ən yeni bu cür poeziya örnəkləri üzərində təhlil aparacağıq. Həmin nümunələr Azərbaycan və türk dillərindədir. Bu şeirlərin çoxu sərbəst vəzndədir. Nəsr formasında olan nümunələr də diqqəti cəlb edir. Bu vücudnamələrdə insanın yaş mərhələləri daha çox günlük sosial, mənəvi problemlərin fonunda təsvir edilir.
İnsanın həyat fəlsəfəsi, varlıq problemi, ömür yolu hər zaman olduğu kimi, çağdaş dönəmdə də ədəbiyyatın əsas mövzularından biri kimi yer almaqdadır. Həyat yolları, ömrün müxtəlif mərhələləri ayrı-ayrı geniş həcmli romanların mövzusu olduğu kimi, lakonik əsərlərin də məzmununu təşkil edə bilər. Bu baxımdan, vücudnamələr həcmindən asılı olmayaraq, insanın ömür yolunu daha çox mənzum şəkildə əks etdirən həyat salnamələri kimi diqqəti cəlb edir. Tədqiqatlarımızda klassik və çağdaş (və ya modern) olaraq təsnif etdiyimiz vücudnamələr arasında məzmun baxımından fərqlər nəzərə çarpır. Əhməd Yəsəvidən başlayan ənənə sonradan ayrı-ayrı türk xalqlarının yaradıcılığında əsrlər boyu, demək olar ki, eyni mövzu və forma qəlibləri əsasında davam etdirilir. Hətta bir çox vücudnamələr arasında variantlıq sadəcə müxtəlif türk dillərində yazılması səviyyəsində, bəzilərində isə möhürbənddə müəllifin adının dəyişdirilməsi şəklində özünü göstərir. Mövzu baxımından bənzərlik paralel olaraq poetik formanın quruluşunda da müşahidə olunur. Qoşma, gəraylı kimi şeir şəkilləri klassik vücudnamələrin əsas poetik qəlibidir. XXI əsrdə yaradılan vücudnamə örnəklərini “modern” adlandırmağımızın səbəbi isə həmin qəliblərdən müəyyən dərəcədə uzaqlaşaraq, sərbəst şeir formasında, eləcə də nəsrlə və yeni məzmunla yüklənmiş vücudnamələrə rast gəlməyimizdir. Təbii ki, klassik vücudnamələrdə gördüyümüz bir yaşından yüz yaşına kimi ömür yolunun müqəyyən təşbehlərlə ifadəsi də artıq modern vücudnamələrin səciyyəvi xüsusiyyətlərindən sayılmır. Məqalələrimizdən birində təhlilə cəlb etdiyimiz Ömər Eken, Cahan Uluişıq kimi türkiyəli şairlərin vücudnamələri də sərbəst şeir formasında olmaqla yanaşı, daha çox çağdaş insanın yaşla bağlı düşüncələrini, bu kontekstdə həmçinin gündəlik qayğılarını, sosial-mənəvi problemlərini əks etdirir. (Bu barədə geniş məlumat üçün bax: E.Məmmədova. Modern Vücudnamə Örnəkləri və Özəllikləri. Şərq filologiyası məsələləri, Bakı, 2013, 456-466). Bu məqaləmizdə isə Tahir Talıblının “Vücudnamə” adlandırdığı şerini və müəllifləri bəlli olmayan, daha çox virtual aləmdən topladığımız ömürlə bağlı düşüncələri əks etdirən modern vücudnamə örnəklərindən bəhs edəcəyik.
-
Tahir Talıblının “Vücudnamə” şeirinin məzmunu və janrı haqqında
Tahir Talıblı çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olan şairlərdəndir. Onun yaradıcılığında mövzumuz baxımından diqqətimizi cəlb edən “Qurdu qəmgin, quşu qərib” adlı şeir kitabına daxil etdiyi “Vücudnamə” adlı şeiridir:
Su kimi torpağa hopduq
Atadan, anadan qopduq
Bu dünyada nədən qorxduq
Sözdən, Allahdan savayı.
Hər gün günü-günə çəkdik
Çəkəmmədik, yenə çəkdik
Dərdin önündə nə çəkdik,
Nə çəkdik, ahdan savayı?
Beləcə ömrü bitirdik
Əmri yerinə yetirdik,
Gəldik, gördük, nə götürdük
Quru günahdan savayı?!
Bu şeirdə klassik vücudnamələrin məzmun anlayışından sadəcə “atadan-anadan qopub” dünyaya gəlmə və “ömrü bitirmə” vardır. Əslində demək olar ki, həm klassik, həm müasir, həm də modern vücudnamə örnəklərində əvvəldən axıra qədər olmasa da, mütləq müəyyən yaş mərhələsinin bədii təsvirinə rast gəlirik. Bu örnəkdə isə yaşlar dilə gətirilmədən ömür yolu lakonik şəkildə xülasə edilir. Amma üstüörtülü şəkildə də olsa, insanın yaradılma prosesi ilə bağlı Quran ayələrinin izlərini görə bilərik2. Şeir həcm etibarilə qısa olsa da, məna dərinliyi ilə seçilir. “Atadan-anadan qopma” insan vücudunun formalaşmasında valideynlərinin rolunu ifadə etdiyi kimi, yer üzündə onlarsız tənhalığı da bildirməkdədir. Növbəti misrada qorxudan bəhs edilməsi də yer üzünə “atılan”3 insan övladının ilk qəmindən və gələcək taleyinə qəmlənməsindən xəbər verir. Təbii ki, burada Füzulinin: “Ol dəm ki, bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü”, - (2005:45) misralarının da təsirini görmək mümkündür. Əslində fani dünyada qorxunun sadəcə Allah və sözdən, yəni Allah kəlamından, Qurandan olması da şair tərəfindən etiraf edilir və ilahi varlığa bağlılıq, eləcə də klassik vücudnamələrlə məzmun əlaqəsi beləcə ifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi, klassik vücudnamələrdə ta bir yaşdan yüz yaşa kimi təsvir edilən ömür yolu Tahir Talıblının qələmində sadəcə “Hər gün günü-günə çəkdik” misrası ilə dilə gətirilir. Tək bir misrada frazeoloji vahidlə ömür yolunu xülasə edən şair şeirin davamında bəzən yaşamaq mümkün olmadıqda da yaşanıldığını bildirir. “Dərdin önündə nə çəkdik, Nə çəkdik, ahdan savayı?” – misraları isə ağır mənəvi-sosial problemlərin varlığı qarşısında insan dözümünü ifadə etdiyi kimi aşağıdakı bayatıdan izlər də daşıyaraq ruhun bu dünyadakı seyrini yada salmaqdadır:
Əzizim, baxıb gedər,
Hər gələn baxıb gedər.
Bu dünya qəm pəncərəsi,
Hər gələn baxıb gedər.
Beləcə, günü-günə çəkməklə ömrü bitirdiyini deyən şair çağdaş insanın mənəvi böhranlarından geniş şəkildə bəhs etməsə də, özgələşmə problemi ilə üz-üzə qalan bəşər övladının əslində klassik vücudnamələrdə deyildiyi kimi, Əzrayıl gəlincə ömrünün sona çatmasına, Allahın əmri olan ölümə4 baş əyməsinə işarə edir.
Şeirin sonu isə ünlü mütəsəvvüf Mövlananın “Xamdım, bişdim, yandım” fikrini xatırlatmaqla yanaşı, ruhun dövranını da xülasə etməkdədir:
Gəldik5, gördük, nə götürdük
Quru günahdan savayı?!
Beləliklə, dünyaya gəlişini və gedişini klassik vücudnamələrdən fərqli olaraq, geniş təsvirlərlə deyil, amma Qurandan, folklordan, təsəvvüfdən izlər daşıyan misralarla izah etməyə çalışan müəllif günah anlayışı ilə axirət dünyasına da işarə edir. Günah sözünün “quru” epiteti ilə verilməsində niyyət isə, maddi olaraq insanın yığdıqlarının bu dünyada qaldığını, fani dünyada ötüb-keçici həvəslər üçün günah qazanmamağı tövsiyə etməkdir. Bu baxımdan Aşıq Alının:
Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı? (2006: 34) –
misralarının ruhunda qələmə alınan bu vücudnamə ölümlü dünyada maddi nemətlərə tamah salmamağı nəsihət edən klassik didaktik-nəsihətamiz bu cür şeirlərlə səsləşir.
Beləliklə, müəllifin özünün vücudnamə adlandırdığı bu şeir əslində janrın struktur tələblərindən uzaq olsa da, məzmun baxımından müəyyən dərəcədə klassik örnəklərlə üst-üstə düşür.
-
Dialoq-vücudnamə örnəyi
Modern vücudnamələr arasında ata ilə övlad arasında mükalimə şəklində qurulan bir maraqlı nümunə də diqqəti cəlb edir. Həmin nümunədə yeni doğulmuş qız körpəsi ilə valideyn qayğısını öz üzərində hiss edən gənc atanın ömür mərhələləri dilə gətirilir. Bu nümunə anonimdir və nəsrlədir, daha çox övlad-valideyn münasibətlərini ifadə edir:
0 yaşında
Baba :
Ne kadar da güzel. Şimdi bu küçücük şey benim kızım mı...?
Gözleri de bana ne kadar çok benziyor...
Kızı :
Bu gözlerini benden hiç ayırmayan adam babam olsa gerek...
Əlli beş yaşa qədər bu şəkildə atanın qız övladı ilə bağlı müxtəlif qayğılarını və düşüncələrini əks etdirən bu nümunədə valideynin körpəsi ilə birlikdə yaş səciyyəsi verilir. Təbii ki, burada əsas diqqət körpənin üzərində cəmləşir və onun uşaqlıq, yeniyetməlik, gənclik yaşlarını, daha sonra evlilik həyatını, ana olmasını təsvir edən yaş mərhələləri vücudnamədə yer alır. Təbii ki, hər yaşın da özünün gətirdiyi qayğılar və valideynin narahatlığı, iki nəsil arasında zidd dünyagörüş kimi məsələlərə də toxunulur:
10 yaşında
Baba :
Gittikçe yaramaz oluyor, kime çekti bu kız...?
Kızı :
Ben babama aşığım...
Büyüyünce babam gibi erkekle evlenecegim...
Babam bu ay harçlığımı arttırır mı...?
15 yaşında
Baba :
Ne kadar da çabuk büyüdü...
Eve de gittikçe geç kalmaya başladı, bu gidişle başına kötü bir şey gelecek... Sanırım daha sert konuşmalıyım...
Kızı :
Babam yüzünden arkadaşlarımla istediğim kadar vakit geçiremiyorum...
Bana baskı uygulamasından nefret ediyorum...
Ne zaman özgür olacağım...?
Əslində, daxili monoloq şəklində qurulan bu vücudnamədə müəyyən yaş mərhələsindən sonra artıq övlad atası ilə bağlı qayğılarını dilə gətirir, onun yaşlanmasından, səhhəti ilə bağlı problemlərdən ötrü narahat olmağa başlayır. Getdikcə mənəvi baxımdan təzad yaşayan valideynlə övlad arasındakı uçurum daha da dərinləşir, ata qızının onu bəyənmədiyini hiss edir:
40 yaşında
Baba :
Kızım, benim entellektüel düzeyimi yeterli bulmuyor...
Ona göre çağın gerisinde düşünüyormuşum...
Oysa küçükken derslerine hep ben yardım ederdim...
Anlayamadığı bütün problemleri bana sorardı...
Şimdi beni beğenmiyor...
Bir daha onunla asla politik tartışmalara girmeyecegim...
Kızı :
Babam giderek daha da çocuk gibi davranıyor...
Sürekli bir şeylerden yakınıyor...
Gerçi son zamanlarda sağlığı da iyi değil ama...
Ya ona bir şey olursa...?
Zaten hiçbir zaman dilediği gibi bir evlat da olamadım...
Əslində, klassik vücudnamələrdə də artıq qocalıq, ahıllıq yaşına daxil olan insanın övladı, oğul-uşağı tərəfindən qınaq yeri, gülüş hədəfi olması, hətta bəzən sanki bu dünyada artıqlıq etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir6. Bu da nəsillər arasında ziddiyyətdən qaynaqlanan problemlərlə bağlıdır. Lakin təəssüf ki, valideyni itirdikdən sonra övlad onun yoxluğunu görüb, dəyərini daha yaxşı anlamağa başlayır, sonrakı peşmançılıq isə faydasız qalır. Təhlilə cəlb etdiyimiz vücudnamənin sonunda da özünün əlli yaşında atasını itirən qız peşmançılığını ifadə edir:
55 yaşında
Kadın :
Sen gideli, seni daha iyi anlıyorum babacığım...
Keşke seni hiç üzmeseydim demeyeceğim,
Çünkü "keşke"lerin hiçbir şeyi değiştiremeyeceğini biliyorum....
Yine de beni duyuyorsan, lütfen seni
üzdüğüm her gün için çok, ama çok pişman olduğumu bil olur mu?
Digər vücudnamələr kimi, bu nümunənin də sonluğunda həyat və varlıq, mənəvi məsələlərlə bağlı ibrətamiz bir hissənin verilməsi diqqətəlayiqdir. Göründüyü kimi, artıq dialoq tamamilə monoloqa çevrilir, ata həyatda olmadığı üçün sadəcə öz-özünə peşmançılığını bildirən qadının fikirləri səsləndirilir.
-
Bəzi anonim vücudnamələrin ənənəvi xüsusiyyətləri
Qeyd etdiyimiz kimi, bu məqaləmizdə daha çox internet səhifələrindən əldə etdiyimiz anonim vücudnamələr üzərində təhlil aparacağıq. Yuxarıdakı vücudnamənin sonluğuna uyğun olan daha bir lakonik örnəkdə də on səkkiz-yetmiş yaşlar arasında insanoğlunun səhvləri və peşmançılıqları ifadə edilir:
18- inde guzelliğe bakarsın.
25- inde aşka kanarsın.
30- unda mantık katarsın.
35- de uyum ararsın.
40- ında yalnız kalırsın.
50- de yorulursun.
60- ında yalnızlığına hemdem ararsın.
70- inde kaybettiklerine yanarsın.
Əslində, bu örnəkdə klassik vücudnamələrdə olduğu kimi, gənclik yaşından qocalığa qədər ümumi həyat təsvirləri vardır. On səkkiz yaşlı gənc gözəllik, otuz yaşlı insan isə artıq məntiqi sevgi arayışındadır. Ümumiyyətlə, bu örnəkdə çox qısa təsvirlərlə xülasə edilən insan ömrü hər yaşın öz xarakterik özəlliyini səciyyələndirir.
Digər belə bir kiçik həcmli vücudnamədə yenə də ümumi vəsflərlə bəşər övladının yaşlar üzrə xarakteristik səciyyəsi verilir:
İnsanoğlu;
9 ay 10 güne kadar ağlamaz
10 yaşına kadar sevimli yaramaz
20 yaşında gençliğinin kıymetini anlamaz
30 yaşında yaşar, ama parası olmaz
40 yaşında anlar ki, parasız olmaz
50 yaşında yolun yarısı kaygılanmaz
60 yaşında sağı solu belli olmaz
70 yaşında pek işe yaramaz
80 yaşında duymaz anlamaz
90 yaşına kadar muhtemelen yaşamaz
100 yaşında tarih olur unutulmaz
Yalnız, istisnalar kaideyi bozmaz!
Təbii ki, bu vücudnamə forma və məzmun baxımından ənənəni davam etdirən bir örnəkdir.
Bu tip lakonik vücudnamələrdən birisində isə xalq arasında qəlibləşmiş söz və ifadələr, frazeoloji vahidlər rəqəmlərlə birlikdə verilərək, həm vaxt məhfumunu ifadə edir, həm də müəyyən ibrətamiz məna daşıyır. “Həyatın riyaziyyatı (matematiği)” adlandırılan bu anonim örnəkdə 0-10 arası rəqəmlərlə əslində həm ömrün bir anı, həm də yaş mərhələləri təsvir edilir:
0-dan başlarsın yaşamaya
1 bakmışsın girivermiş hayatına
2-de bir özlersin
3- günlük ayrılık ölüm gibi gelir
4- gözle beklersin
5- dakika bile yeter sana, görmek istersin illa
6- üstü insandır belki
7- kat göklerde hissettirir kendini
8- köşesindedir mutluluktan
9- doğurursun beklemekten
Çünkü
10-u çok seversin.
Göründüyü kimi, bu vücudnamədə müasir türk dilində işlədilən rəqəmlərlə bağlı olan frazeoloji vahidlər (mutluluktan sekkiz köşe olmaz, dört gözle beklemek, yedi kat göklerde olmak, dokuz doğurmak və s.) məntiqi ardıcıllıqla düzülərək, söz oyununa xidmət edir. Beləliklə, sevən bir insanın qəlbinin iztirab, təşviş və həyəcanı maraqlı quruluşda təqdim edilir.
Modern vücudnamələr arasında tərcümeyi-hal səciyyəsi daşıyan örnəklərə də təsadüf edirik. Bu cür vücudnamələrdən birisi də Mustafa Kamal Atatürkə həsr olunmuş, onun ömür yolunu yeddi yaşından qırx iki yaşına qədər təsvir edən kiçik həcmli bir nümunədir.
-
Qız uşaqlarının ana bətnində öldürülməsi ilə bağlı vücudnamələr
Müasir dövrdə hələ ana bətnində olan körpənin cinsinin müəyyən edilə bilinməsi bir çox hallarda oğlan övladı istəyən ailənin öz qızlarının qatillərinə çevrilməsinə səbəb olur. Hələ dünyaya göz açmamış körpələrin bu şəkildə qətlinin kütləviləşməsi müxtəlif tibbi, psixoloji, demoqrafik problemlərə səbəb olduğu kimi, cəmiyyət tərəfindən də bu hadisə birmənalı qarşılanmır. Adətən, insan övladının ana bətnindən qəbir evinə kimi formalaşmasını və yaşayışını mərhələlər üzrə təsvir edən vücudnamələrin də artıq bu baxımdan mövzusu dəyişməkdədir. Uşağın ana bətnindən alınmasına qarşı etiraz kimi səslənən həmin mətnlərdə nakam qalmış qız ömürlərindən bəhs edilir, onların analarına şikayətləri dilə gətirilir. Bu mövzuda həm nəzmlə, həm də nəsrlə qələmə alınmış bir neçə mətn əlimizdə olsa da, bunlardan sadəcə biri ana bətnindəki körpənin yarandığı gündən öldürüldüyü ana qədər duyğu və düşüncələrini əks etdirir. “Ana bətnindəki körpənin gündəliyi” başlığını daşıyan bu nümunədə körpənin yaranma tarixinə dair belə bir qeyd verilir: “5 oktyabr: Bu gün var edildim. Buradayam. Varım. Müdhiş bir duyğu bu. Var olduğumu hələ anam və atam bilmir. Bir alma çəyirdəyindən belə kiçiyəm. Amma nə də olsa, mən mənəm. Varam ya! Bu mənə bəsdi. Hələ bədənim tam formalaşmayıb, üzüm yox amma, varlığımı və mənliyimi hiss edə bilirəm. Bir qız olacağam və baharda çiçəkləri sevəcəyəm”. Bahar ilin fəsillərinin başlanğıcı olduğu kimi, klassik və müasir poeziyada, həmçinin vücudnamələrdə də insan ömrünün ilkin mərhələsini simvolizə edən bir mərhələdir7. Yeni formalaşan qız körpəsinin daha anasının bətnində tumurcuq kimi formalaşması və sevinci nümunənin əvvəlində bahar təravətini yada salır.
Mətnin daha sonrakı bölümlərində həmin qızın eyni duyğularla sevgi dolu monoloqu ilə qarşılaşırıq: “23 oktyabr: Heç görə bilmədiyim bir əl ağızımı formalaşdırmağa başladı. Dodaqlarımda onun toxunuşunu hiss edirəm. Bu "əl"in toxunduğu yerlər dodağım damağım olur. Düşünün, bir il sonra bu əlin toxunduğu yerdə təbəssümlər açacaq, güləcəyəm. Dodağımdan və dilimdən sözlər töküləcək. Hər halda əvvəl "Ana!" deyəcəyəm. Ana, eşidirsənmi məni? Səninlə danışacağam. Sənə güləcəyəm. Kimlərəsə görə hələ daha var deyiləmmiş. Necə olar? Varam və təbəssüm edəcək dodaqlarım da olmaq üzrədi axı. Həm bir çörək qırıntısı nə qədər kiçik olursa olsun, yenə çörəkdir. Elə deyilmi, ana? Ah bir danışa bilsəm!” Qeyd edək ki, klassik vücudnamələr arasında da rüşeymin ana bətnindəki inkişafından bəhs edən nümunələrə rast gəlirik. Bu baxımdan, aşağıdakı qoşma-vücudnamələri örnək olaraq göstərə bilərik.
Aşıq Mədəd:
Əsli bəni-adəmin vəsmin söyləyim,
Ata vücudundan gəldim anaya.
Ana bətnində qan oldum durdum,
Anam həmlə oldu, qaldım vədaya.
Üç ayda bir mələk oldu müqərrar,
Düzdülər əzamı eylədi təyyar,
Ətdən, qandan, sudan mən tapdım qərar,
Sanasan qəvvasam, düşdüm dəryaya8.
Anonim bir vücudnamədən:
Ana rahmine düşmüş bir köpüktür
Kırk günden sonra damarlar dizilir
Parmaklar eller ayaklar seçilir
Dokuz ay on üç günde meydana gelir
(Atun, 2002: 222)
Aşıq Saleh:
Atadan gəldim anaya,
Bir qətrə qana döndüm.
Yatdım ana bətnində,
Beş ayında cana döndüm.
Sanadılar ayım, günüm,
Qərar tapdı sür-sümüyüm,
Sərasər insana döndüm,
Zülmətdən dünyaya döndüm.
(Pirsultanlı, 2006: 106-108)
Tilim xan:
Yetməzdim dünyanın ixtilatınə,
Heç qadir deyildim zahir, batinə,
Atadan gəldim mən ana bətnınə,
Mülhəq oldum əvvəl qanə yetişdim.
Ta qırx gün olunca bir cəsəd oldum,
Aralandım qandan nik-o bəd oldum,
Sər-o pa-və bədən sahib yəd oldum,
İntizar- zindəganə yetişdim.
Rəng tökdü bir mələk ustuvar oldum,
Cismim təkamula çatdı, var oldum,
Üç yüz altmış altı piy, damar oldum,
Dörd yüz qırx dörd ustuxanə yetişdim.
Nəqş bənd eylədi bu cansiz təni,
Biysəmən gövhəri qıldı səməni,
Gecə gündüz pərvəriş etdi məni,
Dörd ay on gün geçdi,canə yetişdim.
Nəqş bənd eylədi yetirdi canə,
Göbəyimdən çəkdim bəs ab-o danə,
Bənzətdi bir parça əti insanə,
Qəd-o qamət şövkət, şanə yetişdim9.
Bu klassik örnəklərdə də təsvir edildiyi kimi, hər gün bir əzası formalaşan, misqal-misqal böyüyən körpənin sevincinin həddi-hüdudu yoxdur: “2 noyabr: Hər gün bir az daha böyüyürəm. Qollarım və qılçalarım da formalaşmağa başladı. Hələ bir böyüsün qollarım, bax necə qucaqlayacağam səni, anam. Bu ayaqlarım da tamam formalaşsın, birlikdə çiçəkli bağçamızda gəzərik. Bəlkə, birlikdə məktəbə gedərik. 12 noyabr: Ah bəli, bunlar, bunlar nə qədər sevimli və kiçik şeylər. Aman Allahım, barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək yığacağam, anamın əlini tutacağam, qələm tutacağam. Bəlkə də gözəl bir şeir yazacağam. Anam, oradasanmı? Əllərimi əllərinin arasına qoymaq üçün səbirsizlənirəm”. Klassik vücudnamələrdə ana bətnində rüşeymin inkişafının təsvirindən sonra bu dünyaya gəlişi və həyat yolu illər üzrə təsvir edilir. Bu modern örnəkdə isə bu cür təsvir yoxdur. Çünki üç aylığında olarkən bətindən xaric edilən körpə qaranlıq məkanından bu işıqlı dünyaya göz açmaq fürsətini tapa bilmir. Vücudnamənin sonluğu da çox kədərli notlarla bitir, ana bətnində ikən məhv edilən qızın fəryadları dilə gətirilir: “24 dekabr: Qulaqlarım daha yaxşı eşidir artıq. Anam, sənin ürəyinin səsini eşidirəm. Mənim ürəyimin döyüntüsünü də sən eşidə bilirsənmi? Hətta səsini belə tanıya bilirəm. Səsin nə qədər şirin, heç eşitmədiyim bir şeydi bu, gözəl və sağlam bir qız olacağam. Qollarında yatacağam, üzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün layla da söyləyəcəksənmi, ana? Sən də mənin üçün darıxırsan mütləq, Məni qoxlayacaqsan.. Çox sevəcəksən, elə deyilmi?28 dekabr: Ana burada qəribə nəsə olur.Həkim bacı niyə qəmli baxır belə... Sən ağrı çəkən kimisən. Ürək səslərin dəyişdi... Susdun. Mənimlə niyə danışmırsan, ana? Ana, Ana, Anam, üzümdə soyuq bir şey hiss edirəm. Ana, üzümü parçalayırlar... Ana bir şey et, Ana, qolumu çəkirlər, ana, canım ağrıyır, ana... Ana, ayaqlarımı parçalayır bu şey, ana... Məni sənə bağlayan damarı qopardılar ana, Ana ürəyimi parçalayırlar, Anam, Anam, Ana, Ann, An.............” Beləliklə, klassik vücudnamələrdə Əzrayıl əgər ömrün ən ahıl vaxtlarında çəngəlini salıb insanın canını alırdısa, modern örnəkdə ağ geyimli həkimlər bu rolu daşıyırlar.
İşin elmi nəticəsi: Yekun olaraq deyə bilərik ki, XXI əsrdə yaradılmış bu modern örnəklər əsasən, sərbəst formada, mənsur şeir şəklində və ya nəsr formasında olan nümunələr kimi diqqəti cəlb edir. Artıq klassik vücudnamələr forma baxımından tamamilə dəyişmiş vəziyyətdədir. Eləcə də məzmun baxımından modern örnəklər çağdaş insanın həyatı ilə bağlı ən müxtəlif problemləri əks etdirməyə yönəlmişdir. Bəzi nümunələrdə klassik ənənədən gələn məzmun özünü qoruyub saxlasa da, artıq əsrlər boyu qəlib söz və ifadələrlə insanoğlunun yaşamının təsvirini verən nümunələrin mövzusunda çeşidlilik özünü göstərir.
İşin elmi yeniliyi: İlk dəfə olaraq Tahir Talıblının vücudnaməsi elmi təhlilə cəlb olunmaqla yanaşı, müxtəlif türk xalqlarının yaradıcılıq örnəkləri olan ən yeni və aktual problemləri əks etdirən müəyyən nümunələr əsasında araşdırma aparılması.
İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi yeniliklərindən türk xalqları folklorunun araşdırılması ilə bağlı aparılan tədqiqatlarda istifadə oluna bilər.
Dostları ilə paylaş: |