Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə22/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   18   19   20   21   22   23   24   25   ...   71
Qırxlar (36)
Belə söyləyirlər ki, günlərin bir günü ərəblərin xəlifəsi öz sərkərdələrindən birini yanına çağırıb deyir:

– Bir dəstə atlı götürüb, Dərbəndə gedərsən. Mənim adım­dan Dərbəndin xaqanını öz xoşuna dinimizə çağırarsan. İşdi əgər razı olmasa, qılınc gücünə məcbur edərsən.

Sərkərdə “baş üstə” deyib gedir.

Xülasə, ərəblər Dərbəndə yetişirlər. Bir gün Dərbənd əhli səhər oyanıb görür ki, ərəblər Bayat qapısının ağzını kəsib du­rublar. Xaqana xəbər gedir ki, bəs hal-qəziyyə belədi. Xaqan və­zirlərindən birini ərəblərin qabağına göndərir ki, öyrənsin, ərəb­lər nə istəyirlər.

Vəzir ərəb sərkərdəsinin yanına gedib onunla bir ixtilat eləyir. Ərəb sərkərdəsi xəlifənin sözünü ona çatdırır. Vəzir geri qayıdıb, məsələdən onu xəbərdar edir. Xaqan vəzirdən bunu eşitcək əmr eləyir ki, qoşun sabah davaya hazır olsun.

Səhər xəzərlərin qoşunu yaraqlı-yasaqlı qala qapısından ərəblərin qabağına çıxırlar. Bir döyüş olur, gəl görəsən. Qan su yerinə axır. Ərəblər dərbəndlilərdən çoxunu qırıb çatırlar. Am­ma ərəb qoşunundan bir adamın da burnu qanamır. Onlara nə nizə batır, nə də qılınc kəsir. Xəzərlərin sərkərdəsi yaman təş­vişə düşür. Əmr eləyir ki, qoşun qalaya qayıtsın. Xəzərlər qalaya qayıdıb, qalanın qapısını bağlayırlar.

Bu işin üstündən bir neçə gün keçir. Günlərin bir günü bir oğlan dənizin qırağıyla gedirdi. Gördü ərəb əsgərləri dava libas­larını soyunub, dənizdə çimirlər. O da əlində bıçaq dənizə baş vurdu. Suyun altıyla üzə-üzə gəlib, onlara yaxınlaşdı. Bir ərəb əsgərini bıçaqla baldırından yaraladı. Sonra yenə də tez qayıdıb dənizdən çıxdı. Oğlan düz xaqanın yanına gedib, əhvalatı ona ixtilat elədi. Xaqan o saat ərəblərin üstünə qoşun göndərdi. Xə­zərlərin qoşunu dənizdən çıxıb, hələ dava libasını geyməmiş ərəb­lərin başlarının üstünü aldılar. Bütün ərəbləri qırdılar.

Dava qurtarandan sonra xaqan əmr elədi ki, ərəblərin qırxını bir yerdə dəfn etsinlər.

Ərəblər axır gəlib Dərbəndi alandan sonra qırx şəhidin qəbri ziyarətgah oldu.
Ullu çay (37)
Deyilənə görə, keçmiş çağlarda tərəkəmə elinin Məmməd adında varlı-karlı bir bəyi varmış. Məmməd bəyin Hüseyn adın­da bir oğlu, Səltənət adında da bir qızı varmış. El arasında Səl­tənətin gözəlliyi, şirinliyi adnanmış.

Belə söyləyirlər ki, Məmməd bəy Qaradağlı Fətəli bəylə bir vaxtlar dostluq edib çörək kəsiblərmiş. Elə o vaxtdan da Fətəli bəyin oğlu Mahmudun gözü Səltənətdə imiş. Elə Səltənət də özünə Mahmud kimi comərd, gözəl-göyçək bir nişanlı arzu­sunda imiş. Amma gün gəldi, Məmməd bəylə Fətəli bəy qanlı-bıçaq oldular. Mahmudla Səltənətə gün kimi aydın oldu ki, bu işdən sonra bir-birinə qovuşa bilməyəcəklər. Cavanlar zamanın bu gərdişindən yaman xiffət çəkirmişlər.

Günlərin bir günü elə-elata xəbər yayıldı ki, Məmməd bəy qızı Səltənət xanımı dəliçobanlı Hüseynqulu bəyin oğluna ərə verir. Bu xəbər Mahmuda çatar-çatmaz atına minib, Məmməd bə­yin qışlamasına yola düşdü. Mahmud o vədə çatdı ki, Hü­seyn­qulu bəyin adamları Səltənət xanımı arabaya mindirib aparırlar. Mahmud baxdı ki, Səltənət əldən gedir, tez atını sürüb arabaya yaxınlaşdı. Səltənəti arabadan götürüb, tərkinə mindirdi. Atına bir qamçı vurub, oradan uzaqlaşdı. O saat xəbər yayıldı ki, bəs gəlini qaçırtdılar. Hüseynqulu bəyin atlıları onların dalına düşüb qovmağa başladılar. Mahmud geri baxıb gördü ki, atlılar çat­haçatdadı. Atını bir də qamçıladı. Gəlib axarı qurumuş bir çayı keçəndə gördü atlılar lap yaxınlaşıb. Üzünü Allaha tutub dedi:

– Ya Allah, özün kömək ol! Hüseynqulu bəyin atlıları bizə çatsa, qızı əlimdən alacaqlar.

Mahmud elə bunu demişdi ki, çayın suyu aşıb daşdı, lap az qala bir dərya oldu.

Hüseynqulu bəyin atlıları çaya çatdılar, amma keçə bilməyib geri döndülər.

Deyirlər, o gündən həmən çayın adını Ullu çay çağırdılar.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin