Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə162/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   158   159   160   161   162   163   164   165   ...   238
24. ŞAH ABBAS VƏ NAXIRÇI QIZI
Şah Abbas öz vəkilini götürüf gedir çıxır öz vilayətinə gəzmə­yə ki, görək camaatımız nətərdi. Gün batabatda bir komaya gedif çıxıf. Görüf bir qadındı. Deyif ki, qonax isdiyərsiz, Allah qonağı. Deyif:

– Allaha da qurban, qonağına da.

– Bəs, – deyib, – ev sahibi hanı, yoldaşın?

Deyif:


– Naxırdadı, camaatın naxırını otarır. İndi çörəyə gedif, bu saatı gəlif tökəcəh nahırı kəndə, uje şər qarışır dana, gün batır.

Bu dəkgədə də kişi gəlir. Bulara yerdən palaz atır, döşəh qoyur. Kişi də gəlir, salamlaşıllar, filan-bəsməkan, azdan-çoxdan, çaydan-çörəkdən. Arvad da hamilə imiş. Bulara çay-çörək qoyuf addıyıf o biri otağa. O biri otağa addıyanda arvadın ağrısı tutuf, ara­dan üş dəyqə, beş dəyqə keçənnən sonra o Şah Abbasın böyründə oturan vəzir gülür. Güləndə deyir:

– Ə, nəyə gülürsən?

Deyir:


– Ə vallah, siz görmədiz, mən gördüm ey. Taleh yazan getdi, o uşağın talehini yazmağa getdi.

Bular başdadılar çörəh yeməyə, bir də gülür bu. Deyir:

– İndi nəyə güldün?

Dedi:


– O taleh yazan qayıtdı. Dedi ki, bu qız uşağıdı. Bunun talehini yazdım Şah Abbasın filan vilayətdə oğlu oldu, ona yazdım.

Deyir:


– Bu taleh yazan olsun, mən də Şah Abbas olum. Bunun tale­hini mən pozaram.

Tezdənnən durullar, çay-çörək yeyillər. Bu kişiyə deyir neçə övaldın var. Deyir ki, altı qızım var, biri də oldu yeddi. Deyir gəl sən bunu ver maa, qızılnan bərabər sənnən alıram. O tərəzinin bir gözünə bunu qoyacam, bir gözünə qızıl, verəcəm saa. Deyir:



  • Qoy arvadıma bir gəyişim.

Gəlir arvadına deyir ki, bəs hal-qəziyə belə-belə. Deyir:

– Booy, əşi, ayağıı ətini yeyirsən, yediyimiz canımıza yatmır. Ver dana.

Bunu tərəziyə qoyur, qızı bunnan alır, götürür gedir. Bir az ayana gedənnən sora vilayətin, bu qəsəbənin paççahın çağırır. De­yir ki, əyə, iki dənə maa cəllad gətirginən. İki dənə atdı cəllad gətirir. Bu bilmir e, bu Şah Abbasdı. Bu çağanı verir buna, deyir:

– Bını torpağızdan çıxardırsız, qətl eliyif atırsız, çıxıf gedir.

Bular deyillər ki, baş üstə, baş üstə. Körpəni verillər, bular tərpənir. Orda gedir, bırda gedir, orda gedir, bırda gedir. Öz torpax­larınnan çıxannan sora görür ki, vallah, çinar ağacının divində yaşıl bulaxlığ, göy çəmənnik, filan. Bular atdarı örüklüyüllər bura, özdəri düşüllər çayda, suda-zadda yuyunuf eliyillər, duruf atı minillər, ça­ğa qalır yerdə. Çağa qalır yerdə, bular tərpənir. Bu vilayətdə də bir dənə tacir varmış, bının uşağı olmurmuş. Anadangəlmə uşağı-zadı yoxuymuş. Bu, qəflə-qatırnan gəlif gedirmiş İrana-Turana alverə. Hamıdan qabağ gəlif görüf ki, bir uşağ ağlıyır. Uşağı götürüf qayıdır, öz camaatına deyir ki, qayıdın geri, tay getmirəm alverə.


  • Ə, nə danışırsan?

  • Yox, qayıdın.

Qayıdır, çaparax atnan gəlir evinə. Arvadını çağırır:

– Arvad, arvad.

Deyir:

– Nədi?


Deyir:

– Allah bizə bir uşağ verif.

– Əşi, ə danışırsan, hardan verdi, nətər verdi?

Deyir:


– Hal-qəziyə belə-belə. Vallah, getdim bulağın üsdünə, ordan tapdım.

Bu uşağı götürüb burda saxlıyıllar. Əməlli-başdı uşağ böyü­yür, qız böyüyür. Şah Abbasın da oğlu burda böyüyür. Amma taleh yazan kişiyə deyifdi ki, o qız ona gedəcək, bir yerdə olacaxlar, amma əli dəyməyəcək əlinə. Çırağ hiss bağlıyacağ, çırağa belə bir çırtma vuracağ, o çırtmadan düşən kül bir canavar oluf onu parçalı­ya­cağ. Onun əli ələ dəymiyəcək. Şah Abbas bunu da fikirləşib. Qırx dənə otağ tikif hamısı da dəmirdən, ağzı da qıfıldan. Bu oğlanı böyüdüf, böyüdüf, on yeddi-on səkgiz yaşına çatanda atı verif deyif:

– Get özüvə şikar axtar.

Oğlan bırda gedir, orda gedir, bir dəfə gedir, hərrənir gəlir. Deyir:

– Yox, ata, tapmadım.

İkinci səfər həmən vilayətə gedəndə görür ki, bir bulağın üsdündə bir qız çiynində su aparır. Deyir:

– O suyunnan maa verərsən bir iskan.

Töküb verəndə elə göz-gözə dəyəndə, – həmən qızdı ey, taleh yazan ha, yadında qalsın, – qıza burda vırılır. Qayıdır gəlir. Qızdan soruşur ki, kimsən, kimin nəyisən? Deyir ki, mən fılan tacirin qızı­yam. Qayıdır gəlir atasıynan görüşür, eliyir. Deyir:

– Ata, bəs mən şikarımı tapmışam.

Deyir:


– Harda?

Deyir:


– Filan vilayətdə.

– Ə, kimin qızıdı?

Deyir ki, filan tacirin qızı. O saatdarı Şah Abbas vəzirdən, vəkildən göndərir gedir ora. Deyir:

– Ə, onun nə həddi var atkaz eliyə.

Deyir:

– Əşi, qurbandı. O nə deyən sözdü.



Təşkil eliyir, bının toyunu eliyir, xeyriynən, şəriynən götürüf gəlillər. Gəlillər bu dəmir qapılardan bir-bir, bir-bir, bir-bir aça-aça aparıf qoyur qırxıncı otağa. Qəşəhcənə bular qalıllar burda. Qapıları kilitdiyə-kilitdiyə, kilitdiyə-kilitdiyə gəlir haçarı götürür, gedir evə. Gəlir girir evə. Səhər tezdənnən duruf gələndə görür nə? Görür oğlu al qan içində ölüf, qız da bürüşüf duruf orda gərdəhdə.

– Hal-qazi­yə nədi bala, bu nə hakk hesabdı?

Deyir:

– Hal-qaziyə belə-belə. Çırağ bir az qurum bağladı, oğlun belə əliynən vırdı, o qurumun biri düşdü yerə canavar oldu, oğlanı parçaladı, sora da qəhətə çıxdı.



Barmağını dişdiyir, deyir:

– Örgənin görün bu qız kimdi?

Şah Abbas durur əmr verir. Deyir:

– Təcili taciri gətirin bura.

Tacirin arvadını gətirillər. Deyir:

– Qızı havaxt doğmusan, havaxt anadan olub, hangi tarixdə, hangi vaxtda.

Deyir:

– Mən bunu doğmamışam. Ərim filan ayın filan tarixində filan yerdən gətirif.



Həmən vilayətdən danışır, həmən dediyi toçkadan danışır. Paççah onda barmağını dişdiyir ki, deməli mən talehi pozmamışam. Talehi yazan yazır, Allahın əmridi bu, Allahın əmrini mən poza bilə­rəm. Burda bunu dəqiqləşdirir, həmən iki cəllad vardı, o cəllatdarı çağırtdırır. Deyir:

– Neynədız, filan tarixdə sizə belə bir çağa verdik.

Deyir:

– Şah sağ olsun, vallah, getdik orda yedik, işdik, əlmizi-zadı yuduğ. Elə gözəl yer idi, elə bil cənnətdeydik. Uşax da yadımızdan çıxıb qalıf orda, çıxdıx gəldik.



Şah Abbas onnan sora inanıfdı ki, Allaha inanan adamdı, Allah yazanı bəndə poza bilməz. Deməli, heylə bir taleh yazan olufdu. İndi kimin qismətini Allah yazıfsa bala, onu nə ata, nə ana, nə xala, nə bibi, nə dayı, nə əmi – heş kim poza bilməz.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin