§ 12.25. Ceyranla xəbərləşmə
Kərəm körpüdən keçib getmək istəyəndə birdən qabaqlarına bir Ceyran çıxır. Kərəm sazı sinəsinə basıb oxuyaraq Ceyrandan Əslini xəbər alır. Ceyran ona cavab verir. Beləcə bunların arasında 8 bəndlik dialoq-xəbərləşmə (sual-cavab) olur:
“Kərəm...:
Səndən xəbər alım, ay gözəl ceyran,
Əsli, keşiş buralardan keçdimi?
Minib eşq səməndin, olmuşam rəvan,
Çoban körpüsündən bir su içdimi?
Kərəm belə deyəndə ceyran dilə gəlib, görək Kərəmə nə cavab verdi:
Sənə xəbər verim, ay cavan oğlan,
Əsli anasilə düşdülər yola,
Bir səhər vaxtında gördüm ki, burdan
Yanında atası keçdilər sola...”177
Maraqlıdır ki, dialoq tərəfləri baxımından bütün “İnsan-İnsan olmayan” xəbərləşmələr şeirlə olur. Ancaq bu dəfə Kərəmlə Ceyran həm də adi dillə danışırlar: “Kərəm Əsli xanı ceyrandan dillə də xəbər aldı. Ceyran dedi:
– Sənin axtardığın keşiş Ərzruma tərəf getdi”178.
Bu fərq haradan yaranır? Bizcə, bunun səbəbi Ceyranın Kərəm tərəfindən dialoqa cəlb olunan bütün başqa Qeyri-İnsan ünsürlərdən statusuna görə fərqlənməsidir. Yada salaq ki, etnokosmik düşüncədə Kişi (başlanğıcı) ilə Qadın (başlanğıcı) arasında mediasiya edən – xəbər aparıb gətirən, rabitə, əlaqə yaradan heyvanlar var. Bunlar funksiyasına görə mediatorlardır. “Dədə Qoprqud”da keyik Beyrəyi Banuçiçəyin çadırına gətirir. “Əsli-Kərəm”də Kərəmin tərlanı uçaraq onu Əslinin bağçasına gətirir. Belə hesab edirik ki, körpünün yanında Kərəmin qabağına çıxan Ceyran kosmoloji sxem-süjetdə həmin mediatorlardan biridir. Başqa sözlə, Əsli bu ceyran vasitəsilə Kərəmə hara aparıldığı barəsində xəbər yollayıb.
Dostları ilə paylaş: |