§ 12.48. Qız modeli əsasında üçüncü identifikasiya
Hüsniyə xanım Kərəmi üçüncü dəfə də qız vasitəsilə sınağa çəkir. Ancaq bu qız Əslinin özüdür:
“Hüsniyə xanım dedi:
– Afərin! Sən doğrudan da haqq aşığı imişsən. İndi qızın üzündə olan nişanları de, səndən əl çəkim.
Aldı Kərəm, görək Əslinin üzündə olan xallara (5 bəndlik şeirlə – S.R.) necə qiymət verdi:
Ay həzərat, bilin, Əsli xanımın
Üzündə xalları nazınan gəlir.
Bir xalı əlifdi, bir xalı beydi,
Bir xalı dəftərə yazınan gəlir...”240
Beləliklə:
– Bu sınaq etnokosmik identifikasiyadır: Kərəm Əslinin üzündəki xalların sirlərini tapmalıdır.
Xalların tanınması hər iki davranış kodu (təsəvvüfi və kosmoloji) üzrə öz mənasına malikdir.
“Xal” təsəvvüfdə “sirr” mənasını bildirən işarə/yazıdır. Şeyx Mahmud Şəbüstəri təsəvvüfi işarələri şərh edən əsərində xal haqqında yazır:
O üzdəki nöqtəyə bənzəyən tək xal
Bütün varlığı əhatə edən dairənin mərkəzi,
düz ortasıdır.
İki dünya dairəsinin xətti ondan meydana gəldi,
Adəmin mənlik və könül dairəsi də
ondan meydana gəldi...241
Göründüyü kimi, üzdəki xal yaradılışı simvollaşdıran nöqtədir; varlığın mərkəzidir; bütün varlığın mənası on(d)a konsentrasiya olunur; iki dünya (mülk və mələkut // maddi və mənəvi) ondan yaranır; öz varlığında yaradılışı modelləşdirən Adəm/İnsan/Mikrokosm özü bu xal/nöqtədən yaranır. Beləliklə, xal yaradıcı başlanğıcı simvollaşdıran işarə, ilahi sirr rəmzidir.
“Xal” sözü çox zaman “xətti-xal” ifadəsinin tərkibində olur. Xətt (tük) – yazı deməkdir. Bu da öz növbəsində həmin ifadəni “xal ilə yazılmış ilahi sirr” anlamına gətirir. Bunu şeirdə işlənmiş “Bir xalı əlifdi, bir xalı beydi”misrası birbaşa təsdiq edir. “Əlif” və “bey” birlikdə “əlifba” (yazı) anlamına gəlir. Demək, Kərəm Əslinin üzündəki xallarla yazılmış yazını oxumalı və bununla da Haqq aşığı olduğunu sübut etməlidir.
– Əslinin üzündəki xallar kosmoloji kodla da nişan/işarədir. Bunlar Əslinin etnokosmik identifikasiya nişanlarıdır. İslamda qadın üzü naməhrəmə haramdır. Kərəm Əslinin ilahi nişanlısıdır. Bu halda həmin intim tanınma nişanları Kərəmə qabaqcadan məlum olmalıdır. Demək, Kərəm həqiqi nişanlıdırsa, bu halda Yer Ana/Hüsniyə xanımın keçirdiyi üçüncü sınaqda xalları tanımalı və özünün Həqiqi Nişanlı olduğunu təsdiq etməlidir.
– Süjetüstündə Əslinin üzündə 15 xal var. Xalların sayının 15 olmasını dastanın İstanbul variantının birinci bəndi aydın şəkildə təsdiq edir:
Dostları ilə paylaş: |