Birincisi, o, marginal olsa da, bir oğuzlu kimi kosmik varlıqdır. Bir kosmoslu isə Xaosa – ölülər diyarına adlamaq üçün hökmən mərasimi ölüm keçirməlidir.
İkincisi, o, marginal olsa da, kafirlərlə vuruşmaqla özünü onlara düşmən kimi tanıtmışdır. Demək, Çoban, Xaosa onu kafirlərin tanıdığı obrazda (Çoban cildində) adlaya bilməz.
– Çoban bu səbəblərdən mərasimdə həm ölür, həm də cildini dəyişir.
– Cilddəyişmə Quzu/Qoyun yeməklə həyata keçirilir. Ritualda yeyilən heyvan totemdir. Totem heyvanın ətinin ritualda yeyilməsi ritual müddətində həmin heyvana çevrilmə deməkdir. Demək, quzunun ətindən yeyən Çoban da Qazan kimi cildini dəyişir.
– Çobanın mərasimi ölümünü Qazan həyata keçirir. Çobanın ağaca bağlanması onun ağacda əsir edilməsi, başqa sözlə, ağacda dəfn edilməsi deməkdir.
– Çobanın Qazana aşpazlıq etməyə söz verməsi onun Xaosa həm də Aşpaz-Qoyun obrazında adlaması deməkdir.
– Bütün bunlar Çobanın trikster/marginal obrazını təsdiq edir: görkəmi – quzu/qoyun, vəzifəsi – aşpaz, silahı – ağac/kötük.
– S.Qarayevin də aşkarlamalarını nəzərə alsaq, Qaraca Çobanın bir marginal kimi obrazı yalnız bu atributlarla məhdudlaşmır. Müəllifə görə, Çobanın Dərbənddə kafirlərlə ilk qarşılaşmasında onun kafirlərin alaca atını öz keçisinə, iri nizələrini öz qızıl (qırmızı) dəyənəyinə bənzətməsi Çobanın bir trikster obraz kimi keçiyə mindiyini, silahının qırmızı dəyənək olduğunu göstərir.
– Qırmızı keçid rəngi, keçi mediativ daşıyıcı/nəqliyyatdır. Bütün bunlar göstərir ki, Qaraca Çoban obrazının semantikası gələcək tədqiqatlarda “trikster/marginal arxetipi” müstəvisində öyrənilməlidir.
– Qazan və Çobanın Xaosa adlamasında Quzu/Qoyun xüsusi konseptdir. Onlar quzunun ətindən yeməklə təkcə cildlərini dəyişmirlər. Quzu/Qoyun həm də onları Xaosa götürəcək mediativ daşıyıcıdır. Azərbaycan eposunda Qoyunun daşıyıcı/mediator funksiyası ardıcıl məna cərgəsi yaratmışdır. Təpəgözün mağarasında əsir olan Basat Qoçun dərisinə girməklə çölə qaça bilir. O, beləliklə, Xaosdan Kosmosa Qoç/Qoyun cildində, başqa sözlə, Qoyunun mediatorluğu ilə daşına bilir. Azərbaycan nağıllarında quyunun dibinə enmiş qəhrəman burada həmişə iki qoça rast gəlir. Bunlardan biri ağ, o biri qara qoçdur. Əgər qəhrəman ağ qoça minə bilərsə – işıqlı dünyaya, qara qoça minərsə – qaranlıq dünyaya gedəcək. Bu, ağ və qara qoçların qəhrəmanı (uyğun olaraq) işıqlı və qaranlıq dünyalara aparan mediator/daşıyıcılar olduğunu göstərir. Demək, Quzu/Qoyun Xaosa adlamaq istəyən Qazan və Çoban üçün də eyni funksiyanı – mediator/daşıyıcı vəzifəsini yerinə yetirir. Bu halda Məlikməmməd kimi qoçun belinə minməklə, Basat kimi onun dərisinə bürünmək elə eyni məna cərgəsini yaradır. Diqqət edək:
a) Məlikməmməd qara Qoça minməklə Xaos dünyasına adlayır.
b) Basat Qoçun dərisinə girməklə ona çevrilir və Kosmosa Qoç cildində adlayır;
c) Qazan Quzunun ətini yeməklə ona çevrilir və Xaosa Quzu cildində adlayır.
ç) Çoban Quzunun ətini yeməklə ona çevrilir və Xaosa Quzu cildində adlayır.
e) Lakin Çoban həm də Məlikməmməd kimi Quzunu minməklə Xaosa adlayır. S.Qarayevin müşahidəsindən göründüyü kimi, Çoban at yox, keçi minir: Atla Keçinin mifoloji-metaforik eyniliyi (“Altundağı alaca atun nə ögərsən? // Ala başlu keçimçə gəlməz mana”336) Quzunu da daşıyıcı/mediator kimi onlarla bir sıraya qoyur.
ə) Beləliklə, həm daşıyıcı/mediator, həm də onunla davranış formulu Azərbaycan eposunda variantlaşır.
f) Daşıyıcı/mediator Qoç, Quzu və Keçi ola bilər. Bu üç obrazın invariantı Qoyundur.
g) Davranış formuluna görə, Qoyun minilə, dərisinə girilə və yeyilə bilər. Qoyun/Qoç/Keçi minildiyi halda – mediator/daşıyıcı, Quyun/Qoç dərisinə girildiyi halda – cilddəyişmə ilə mediasiya, Qoyun/Quzu yeyildiyi halda – yenə də cilddəyişmə/çevrilmə ilə mediasiyadır.
– Qazanla Çoban statusdəyişmə ritualından sonra yola düşürlər: “İkisi bilə yola girdi”337.
– Epos Qazanla Çobanın Xaos yolunu təsvir etmir. Onlar Xaosa necə keçirlər, yol boyu hansı keçid/maneələrlə üzləşirlər, bu barədə epos bir kəlmə də bilgi vermir. Biz onlarla bir də Xaosda qarşılaşırıq: “Bu məhəldə, sultanım, Salur Qazanlam Qaraca çoban çapar yetdi”338. Bu iki məlumat arasında sanki epik təsvir boşluğu var:
Dostları ilə paylaş: |