§ 16.7. Namusun daşınma və qorunma funksiyaları:
Uruz “qoruyucu” kimi
Süjetə diqqət edək:
– Burla xatun ağlaya-ağlaya oğlunun yanına gəlir və ona Şöklü Məliyin şərtini çatdırır: “Sənin ətündən, oğul-a, yeyəyinmi? Yoxsa, sası dinlü kafərin döşəginə girəyinmi? Ağan Qazanın namusını sındırayınmı? Necədəyin, oğul, hey?!” – dedi”344
– Uruz qəzəblənir: “Qoy bəni, qadın ana, çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər, qırq bəg qızının öginə ilətsünlər. Anlar bir yedigində sən iki yegil! Səni kafərlər bilməsünlər, tuymasınlar. Ta ki, sası dinlü kafərin döşəginə varmıyasan. Sağrağın sürmiyəsən. Atam Qazan namusını sımayasan. Saqın!” – dedi”345.
Bu dialoqda kosmoloji semantika ilə bağlı çox incə məna qatları var. Onlara diqqət edək:
– Burla əgər oğlunun ətində yeyərsə – oğulun ölümü, yeməzsə – atanın ölümü gerçəkləşəcək. O, Uruzun ətindən yeyəcəksə, yəni Uruz öləcəksə, bu halda Qazanın namusu qorunacaq. Bu da öz növbəsində Qazanın öz kosmik statusunu bərpa etmək imkanı, başqa sözlə, Xaosdan Kosmosa Diri/Xan/Alp/İgid statusunda qayıtması deməkdir. O, Uruzun ətindən yeməyəcəksə, yəni Uruz ölməyəcəksə, bu halda Qazanın namusu sınacaq, başqa sözlə, Qazan öz əvvəlki statuslarını bərpa edə bilməyib, kosmoloji dəyərlər baxımından ölü statusunda qalacaq.
– Bu Həyat-Ölüm invariantının Ata-Oğul paradiqmasıdır.
– Atanın həyatı oğulun ölümündən, Oğulun həyatı atanın ölümündən keçir.
– Uruz öz ölümünə qərar verir. Bu, Qazanın namusunun qorunması deməkdir. Bu eyni zamanda o deməkdir ki, Qazanın dirilməsi, Oğuz kosmosunun bərpası mütləq şəkildə Uruzun ölümünü tələb edir.
– Beləliklə, Oğuz kosmosunun bərpasının ritual sxeminə görə, Uruz qurban verilməlidir.
Dostları ilə paylaş: |