ORONİMLƏR
Ötüken uyğurlarının yazılı abidələrində aşağıdakı oronimlər işlənmişdir:
Kömür tağ. Bu oronim ŞU (8) və Terxin abidələrində (22) təxminən eyni sözlərdən təşkil olunmuş mətn içərisində çıxış etmişdir: Kögürde, Kömür tağda, Yar ügüzde üç tuğluğ türk bodun... - Köqürde, Kömür dağda, Yar ügüzdə üç tuğlu türk xalqı...
Bu toponim Qobinin şimal-qərbində Kara kum ilə Ötükən arasında mövcud olan bir dağın adıdır. Bu oronimin apelyativi olan kömür leksemi şəffaf məzmuna malikdir və türk dünyasının müxtəlif bölgələrində bu leksemlə meydana gələn oronimlərə təsadüf edilir. Məsələn, Azərbaycan toponimiyasında Kömür dağ adlı bir neçə coğrafi obyekt, oronim qeydə alınmışdır (12, s. 301). Bu ononimlər vulkan mənşəli dağ süxurları qara rəngdə olduğuna və kömürə bənzədiyinə görə bu adla adlandırılmışdır.
Kömür leksemi eyni zamanda qədim türk dilində dağ başında dar yarğanlıq, uçurum yer mənasını bildirmişdir (94, s. 26).
Yoğaru yarış oronimi Tonyukuk abidəsində rast gəldiyimiz Yarış yazının (Ton.9) bir hissəsinin, yuxarı tərəfinin adıdır. ŞU abidəsində basmıllar və karlukların yurdu yağmalandıqdan sonra Yoğaru yarış adlanan düzənlikdə bir daha ağır itki vermələri təsvir edilməkdədir (Ş-U cənub 31). Bu oronimin tərkibindəki yazı coğrafi termini çöl, səhra mənasını ifadə edir və türk dünyasının çeşidli bölgələrindəki oronimlərin tərkibində çıxış edir. Məs.: Azərbaycan respublikası ərazisində Qara yazı, Yazı düzü (12, s. 257). Bu oronimin tərkibindəki yoğaru komponenti də bir çox türk oronimlərinin tərkibində gözə çarpır, aşağı coğrafi terminin antonimi kimi çıxış edir. Məs, Başqırdıstanda: Yuqarı Karqa, Yuqarı Yuldaşeva; Tatarıstanda: Yuqarı Tarlau, Yuqarı avıl çişmesə, Dağıstanda Yuxarı yaraq, Türkmənistanda Yekarı Sumba, Yekarı muqal, Yekarı Topyatan, Qırğızıstanda Yokorku Ak bulak və s. (99, s. 66). Azərbaycan respublikasında yuxarı coğrafi termini ilə formalaşan 69 oronim və oykonim qeydə alınmışdır (12, s. 269—276). Yoğaru yarış oronimi ehtimal ki, uyğur xaqanlığının qərb sərhədlərinə yaxın bir bölgədə yerləşirdi.
Dostları ilə paylaş: |