b)Sartr: mütləq azadlıq və mütləq məsuliyyət. Sartr üçün insan mövcudluğunun fizioloji əsaslarına neqativ münasibət səciyyəvidir. Onun məşhur romanlarından birinin “Ögümə” adlanması da təsadüfi deyil. Romanda XVIII əsrdə yaşamış görkəmli xadimin bioqrafiyasını yazarkən həyatın mənasızlığını anlayan insanın gündəliyi əksini tapır. Ətraf gerçəkliyi dəyişmək gücündə olmadığı üçün o ögümə hissini yaşayır; finalda qəhrəman belə bir nəticəyə gəlir ki, mövcudluğu düşünülmüş etməyin yeganə üsulu yaradıcılıqdır. Bu səbəbdən də o roman yazmalıdır. Sartrın fikrincə yaradıcılıq hansısa mənaya malik olan yeganə məsuliyyətdir. Çünki, məhz yaradıcılıq insanı təbii, maddi varlıqdan yüksəyə qaldırır. Təbiət mürtəce, aqressivdir. İnsan varlığının fizioloji əsasları (biz qida haqqında düşünürük, qidanın həzm olunmasından asılıyıq və s.) insanı alçaldır. Sartr onu insan şəxsiyyətindən mötərizə xaricinə çıxarır. Düşünən mövcudluğunun orqanizminin fizioloji funksiyalarından (bir qayda olaraq qeyri-estetik və alçaldıcı) asılı olması fikri ögümə yaradır. Təbiətin tələblərinə tabe olan insan öz unikallığını itirir. Çünki bütün insanların təbii tələbatları oxşardır. Əgər yalnız fizioloji tələbatlar ardınca qaçarsa bütün insanlar bir-birindən fərqlənməyəcək.